Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-98/2023 15.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddiaçı və cavabdeh arasında xx.xx.2018-ci il tarixində bağlanmış Ofis icarəsi müqaviləsinin ləğv edilməsi, iddiaçı və cavabdeh arasında xx.xx.2018-ci il tarixində bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən, cavabdehdən ödənilməmiş icarə haqqı üzrə 14.479,83 manat məbləğində əsas, 2606,37 manat məbləğində ƏDV və 1.700,00 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 18.786,20 manat məbləğində pulun və 200 manat məbləğində mediasiya xərclərinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı cavabdeh tərəfindən icarə obyektində saxlanılaraq mülkiyyət hüquqlarının məhdudlaşdırıldığı əmlak üzərindəki hüquqlarının bərpa edilməsi və Caspian Plaza İ-ın 2-ci mərtəbəsində yerləşən sahəsi 20 kv.m olan icarə obyektində saxlanılmış əmlakın iddiaçıya geri qaytarılması barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı iddiaçı və cavabdeh arasında xx.xx.2018-ci il tarixində bağlanmış Ofis icarəsi müqaviləsinin ləğv edilməsi, iddiaçı və cavabdeh arasında xx.xx.2018-ci il tarixində bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən, cavabdehdən ödənilməmiş icarə haqqı üzrə 14.479,83 manat məbləğində əsas, 2606,37 manat məbləğində ƏDV və 1.700,00 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 18.786,20 manat məbləğində pulun və 200 manat məbləğində mediasiya xərclərinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra Cavabdeh İddiaçınə qarşı cavabdeh tərəfindən icarə obyektində saxlanılaraq mülkiyyət hüquqlarının məhdudlaşdırıldığı əmlak üzərindəki hüquqlarının bərpa edilməsi və Caspian Plaza İ-ın 2-ci mərtəbəsində yerləşən sahəsi 20 kv.m olan icarə obyektində saxlanılmış əmlakın iddiaçıya geri qaytarılması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində İddiaçı MMC və Cavabdeh arasında bağlanan ofis icarəsinə dair müqavilənin ayrılmaz hissəsi olan, 1 saylı Əlavəsinə əsasən fiziki şəxs Cavabdeh xx.xx.2019-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək 20 kv.m. sahəsinin icarəsinə görə 200 AZN+18% ƏDV aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Daha sonra həmin müqavilənin ayrılmaz hissəsi olan, 11 noyabr 2019-cu il tarixli 2 saylı Əlavəsinə əsasən İcarəçi ilə bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək uzadılır. İcarə müqaviləsinin 16 may 2020-ci il tarixli, 3 saylı Əlavəsinə əsasən İcarəçi üçün 2020-ci ilin May/Avqust ayları üzrə icarə haqqına görə 100% güzəşt tətbiq edilir. Həmin müqavilənin 01 noyabr 2020-ci il tarixli, 4 saylı Əlavəsinə əsasən İcarəçi 50 kv.m. ofis sahəsinə köçdüyünə görə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 900 AZN+18% ƏDV aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş 1 (bir) aylıq olmaq şərti ilə aylıq hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. İcarə müqaviləsinin 4.2-ci maddəsinin (a) bəndinə əsasən, İcarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. Elektron qaimələrin siyahısından görünür ki, cavabdehlə iddiaçı arasında icarə müqavilə münasibətləri mövcud olmuşdur və cavabdeh tərəfindən 886045 saylı, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2020-ci ilin yanvar ayı üçün cəmi 236 manat icarə haqqı ödənilmişdir, 079550 saylı, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2020-ci ilin fevral ayı üçün cəmi 236 manat icarə haqqı ödənilmişdir; Ümumilikdə cavabdeh tərəfindən cəmi 472 manat məbləğində icarə haqqı ödənilmişdir. 377194 saylı, xx.xx.2020-ci il tarixli 2020-ci ilin mart ayı üçün; 149794 saylı, xx.xx.2020-ci il tarixli 2020-ci ilin aprel ayı üçün; 622411 saylı, xx.xx.2021-ci il tarixli 2020-ci ilin sentyabr ayı üçün; 622409 saylı, xx.xx.2021-ci il tarixli 2020-ci ilin oktaybr ayı üçün; 622407 saylı, xx.xx.2021ci il tarixli 2020-ci ilin noyabr ayı üçün; 622406 saylı, xx.xx.2021- ci il tarixli 2020-ci ilin dekabr ayı üçün; 373159 saylı, xx.xx.2021-ci il tarixli 2021-ci ilin fevral ayı üçün; 373224 saylı, xx.xx.2021-ci il tarixli 2021-ci ilin mart ayı üçün; 373222 saylı, xx.xx.2021-ci il tarixli 2021-ci ilin aprel ayı üçün; 373227 saylı, xx.xx.2021-ci il tarixli 2021-ci ilin may ayı üçün; 719486 saylı, xx.xx.2022-ci il tarixli 2021-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları, 2022-ci ilin yanvar, fevral və mart ayları üçün elektron qaimələr üzrə isə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Hazırki müqavilə üzrə Cavabdeh 2020-ci ilin Mart, Aprel, Sentyabr, Oktyabr, Noyabr və Dekabr ayları, 2021-ci ilin Fevral, Mart, Aprel, May, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral və mart ayları olmaqla ümumilikdə 20 ay üçün ödənilməmiş 14.479,83 manat əsas borc, 2606,37 manat ƏDV borcu, cəmi 17086,20 manat (2020-ci il üçün Mart – 200 əsas borc + 36 ƏDV=236 manat; Aprel – 200 əsas borc + 36 ƏDV=236 manat; Sentyabr – 200 əsas borc + 36 ƏDV=236 manat; Oktyabr – 200 əsas borc + 36 ƏDV=236 manat; Noyabr – 900 əsas borc+162 ƏDV=1.062 manat; Dekabr – 900 əsas borc+162 ƏDV=1.062 manat), (2021-ci il üçün Fevral – 179,83 əsas borc+32,37 ƏDV=212,20 manat; Mart – 900 əsas borc+162 ƏDV=1.062 manat; Aprel – 900 əsas borc+162 ƏDV=1.062 manat; May - 900 əsas borc+162 ƏDV=1.062 manat; İyun - 900 əsas borc+162 ƏDV=1.062 manat; İyul- 900 əsas borc+162 ƏDV=1.062 manat; Avqust- 900 əsas borc+162 ƏDV=1.062 manat; Sentyabr - 900 əsas borc+162 ƏDV=1.062 manat; Oktaybr - 900 əsas borc+162 ƏDV=1.062 manat; Noyabr-900 əsas borc+162 ƏDV=1.062 manat; Dekabr - 900 əsas borc+162 ƏDV=1.062 manat) (2022- ci il üçün Yanvar - 900 əsas borc+162 ƏDV=1.062 manat; Fevral- 900 əsas borc+162 ƏDV=1.062 manat; Mart - 900 əsas borc+162 ƏDV=1.062 manat) icarə haqqı borcu mövcuddur. Əlavə olaraq, hazırkı müqavilənin 5.1-ci maddəsinə əsasən, İcarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 0,1% faizini ödəməlidir. Belə ki, Cavabdeh icarə haqqını gecikdirməyə görə 1700 manat cərimə borcu vardır. Bununla bağlı cavabdehlə dəfələrlə görüşləri, şifahi və telefon danışıqları olsa da heç bir nəticəsi olmamışdır. Müqavilənin 7.3-cü bəndinə əsasən İcarəçi Müqavilənin 4.2-ci maddəsində göstərilən öhdəliklərini yerinə yetirməzsə, İcarəyə Verən, öhdəliyin icrası tələbiylə ona yazılı bildiriş göndərib öhdəliyin icrasını tələb edə bilər. İcarəçı yazılı bildiriş qəbul etdiyi tarixdən 10 (on) gün ərzində öhdəliyi icra etməzsə X2 dərhal xitam verə bilər. İddiaçı MMC tərəfindən Cavabdeh “Mediasiya prosesin tətbiqi barədə Təklif” göndərilmişdir. Lakin, Cavabdeh tərəfindən həmin Təklif 10 gün ərzində qəbul edilmədiyindən İddiaçı MMC Mediasiya Şurasına müraciət etmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 02 iyun 2022-ci il tarixli Arayış iddiaçıya verilmiş və mediasiya xidmətinin göstərilməsinə görə İddiaçı MMC tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Eyni zamanda 03 iyun 2022-ci il tarixində İddiaçı MMC tərəfindən Cavabdeh elektron məhkəmə portalı və onlayn kargüzarlıq vasitəsilə Pretenziya məktubu göndərilmiş və 10 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi Cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, zənglərə də cavab verilməmişdir. Buna görə də, İddiaçı MMC məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, müqaviləyə əlavələr tamamilə saxtalaşdırılmışdır. Belə ki, iddianın əsası kimi göstərilən 2020-ci ilin may/avqust ayları üzrə icarə haqqına görə 100% güzəştin tətbiqini nəzərdə tutan 16 may 2020-ci il tarixli 3 saylı Əlavə, icarəçinin 50 kv.metr ofis sahəsinə köçdüyünə görə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək 900 AZN+ 18% ƏDV aylıq icarə haqqın ödənilməsi öhdəliyinin götürülməsinə dair 4 saylı Əlavə Cavabdeh tərəfindən imzalanmamış və möhürlənməmişdir. Həmin sənədlər onun tərəfindən deyil, ona məlum olmayan səlahiyyəti olmayan şəxs və ya şəxslər tərəfindən imzalanmış və möhürlənmişdir. Həmin ərizəyə əlavə edilən Cavabdeh məxsus ümumivətandaşlıq pasportunun notarial qaydada təsdiq edilmiş surətinin 44-cü səhifəsindən də göründüyü kimi, 16 may 2020-ci il və 01 noyabr 2020-ci il tarixlərində o ümumiyyətlə, ölkə ərazisində olmamışdır. Möhür isə ofisdə saxlanıldığından və onun ofisə girişi qanunsuz və özbaşına hərəkətlər nəticəsində məhdudlaşdırıldığından sözügedən Əlavələr onun xəbəri olmadan səlahiyyəti olmayan şəxslər tərəfindən imzalanıb möhürlənmişdir. Həmin sənədlərlə tanış olduqda Cavabdeh imzasına oxşadılmaqla icra edilməsini müəyyən etmişdir. Bundan başqa video və fotoşəkillərdən də göründüyü kimi, sözügedən icarə obyekti 20 kv.m olmaqla tədris, praktik məşğələ, istirahət zonası kimi bir neçə guşəyə bölünmüşdür. Cavabdeh tərəfindən ona heç bir vaxt 50 kv.m sahə verilməmiş və verilməyən sahəyə görə ondan icarə haqqı tələb edə bilməz. Eyni zamanda İddiaçı MMC ilə aralarında bağlanan icarə müqaviləsində icarə haqqı 200 manat göstərilməsinə baxmayaraq Cavabdeh hər ay 800 manat icarə haqqı tələb ediblər. Cavabdeh öz vəsaiti hesabına əldə etdiyi 27 ədəd stul, 5 ədəd stol, 1 ədəd məlumat qeydiyyat masası, 2 ədəd gözləmə zalı üçün nəzərdə tutulmuş stul və masa, 800 AZN dəyərində şüşəli şkaf, 1 ədəd şkaf, 1 ədəd printer, 3 ədəd ütü masası, professional tikiş maşınları və ütü, toplam dəyəri 1000 AZN olan 20 ədəd əl işi tac, 4 ədəd jaliiz pərdə, 5 ədəd lövhə, 4 ədəd saat, 1 ədəd telefon, ümumilikdə dəyəri 8000 manat olan bu əşyalar xx.xx.2018-ci il tarixli müqaviləyə 1 saylı Əlavənin 1,1 bəndinə əsasən icarəçi olaraq ona təqdim edilmiş Plaza İ-in 2-ci mərtəbəsində yerləşən sahəsi 20 kv.m olan icarə obyektində saxlanılaraq İddiaçı MMC tərəfindən Cavabdeh məxsus əmlak üzərində məhdudlaşdırılmış mülkiyyət hüquqları bərpa edilməlidir. Çünki dəfələrlə şifahi şəkildə müraciət etməsinə baxmayaraq, bu günə qədər İddiaçı MMC tərəfindən heç bir müsbət cavab tədbiri görülməmiş, Cavabdeh yuxarıda qeyd edilən əmlakı üzərinə qanunsuz olaraq həbs qoyulmuşdur. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 əvvəl keçirilmiş məhkəmə iclasında ilkin iddia ərizəsini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək və ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək və ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2018-ci il tarixli İcarə müqaviləsindən və müqaviləyə 1 saylı Əlavədən görünür ki, İddiaçı MMC ünvan 1 ünvanında yerləşən “Caspian Plaza İ”-in 2-ci mərtəbəsində yerləşən sahəsi 20 kv.metr olan ofis sahəsini xx.xx.2019-cu il tarixdən-xx.xx.2019-cu il tarixədək Cavabdeh icarəyə verməyi, Cavabdeh isə 200 + 18% ƏDV olan aylıq icarə haqqını İddiaçı MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2019-cu il tarixli 2 saylı Əlavədən görünür ki, İ Plazanın 2-ci mərtəbəsində yerləşən 20 kv.metr ofis sahəsi üçün icarə müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək uzadılmış, Cavabdeh aylıq 200 + 18% ƏDV olan icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli 3 saylı Əlavədən görünür ki, Cavabdeh İ Plazanın 2-ci mərtəbəsində yerləşən 20 kv.metr ofis sahəsi üçün dünyada yayılmış COVİD 19 xəstəliyi ilə bağlı elan olunmuş pandemiya ilə əlaqədar olaraq may/avqust ayları üzrə cəmi icarə haqqına 100% güzəşt tətbiq olunmuşdur. xx.xx.2020-ci il tarixli 4 saylı Əlavədən görünür ki, icarə müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilmiş, icarəçi, İ Plazanın İİ mərtəbəsində yerləşən 20 m2 ofis sahəsindən İ Plaza, İİ mərtəbədə yerləşən 50 m2 ofis sahəsinə köçdü. İcarəçi, 50 m2 ofis sahəsi üçün xx.xx.2020-dən xx.xx.2021-ci il tarixinədək 900 manat + 18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş 1 (bir) aylıq olmaq şərti ilə hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nəğd və ya köçürmə yolu ilə ödənilməlidir. Eyni zamanda göstərilən Əlavə ilə müqavilənin müddəti xx.xx.2021 tarixinədək müəyyən edilmişdir. C01748841 nömrəli pasportun 44-cü səhifəsinin surətindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə ölkə ərazisindən çıxmış, xx.xx.2021-ci il tarixdə ölkə ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/11 saylı ekspert rəyindən görünür ki, əksləri ekspertizaya təqdim edilmiş, işin 179-cu vərəqində olan 16.11.18-ci ildə bağlanmış icarə müqaviləsinə edilmiş dəyişikliklər haqqında 11 noyabr 2019-cu il tarixli 2 nömrəli, işin 180-ci vərəqində olan 16 may 2020-ci il tarixli 3 nömrəli, işin 181-ci vərəqində olan 01 noyabr 2020-ci il tarixli 4 nömrəli “Əlavələrin kserosurətlərinin aşağı sağ hissələrində “F.Ş. Cavabdeh” MMC adından və əvəzinə:”, “F.Ş Cavabdeh” MMC adından və əvəzinə:”, “Fiziki şəxs Cavabdeh adından və əvəzinə:” qrafalarında olan imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Əksləri ekspertizaya təqdim edilmiş, işin 179-cu vərəqində olan 16.11.18 ildə bağlanmış icarə müqaviləsinə edilmiş dəyişikliklər haqqında 11 noyabr 2019-cu il tarixli 2 nömrəli, işin 180-ci vərəqində olan 16 may 2020-ci il tarixli 3 nömrəli, işin 181-ci vərəqində olan 01 noyabr 2020-ci il tarixli 4 nömrəli “Əlavələrin kserosurətlərinin aşağı sağ hissələrində “F.Ş. Cavabdeh” MMC adından və əvəzinə:”, “F.Ş Cavabdeh” MMC adından və əvəzinə:”, “Fiziki şəxs Cavabdeh adından və əvəzinə:” qrafalarında olan imzalarda - imzaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən olunmadı. Əksləri ekspertizaya təqdim edilmiş, işin 179-cu vərəqində olan 16.11.18 ildə bağlanmış icarə müqaviləsinə edilmiş dəyişikliklər haqqında 11 noyabr 2019-cu il tarixli 2 nömrəli, işin 180-ci vərəqində olan 16 may 2020-ci il tarixli 3 nömrəli, işin 181-ci vərəqində olan 01 noyabr 2020-ci il tarixli 4 nömrəli “Əlavələrin kserosurətlərinin aşağı sağ hissələrində “F.Ş. Cavabdeh” MMC adından və əvəzinə:”, “F.Ş Cavabdeh” MMC adından və əvəzinə:”, “Fiziki şəxs Cavabdeh adından və əvəzinə:" qrafalarında olan imzalarda - oxşadılmaqla icra olunma əlamətləri müəyyən edilmədi. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli İcarə müqaviləsi və müqaviləyə 1 saylı Əlavə bağlanmış və müqaviləyə əsasən İddiaçı MMC ünvan 1 ünvanında yerləşən “Caspian Plaza İ”-in 2-ci mərtəbəsində yerləşən sahəsi 20 kv.metr olan ofis sahəsini xx.xx.2019-cu il tarixdənxx.xx.2019-cu il tarixədək Cavabdeh icarəyə verməyi, Cavabdeh isə 200 + 18% ƏDV olan aylıq icarə haqqını İddiaçı MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli İcarə müqaviləsi və müqaviləyə 1 saylı Əlavə bağlanmış bağlanılmış və qeyd olunan müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 200 + 18% ƏDV olan aylıq icarə haqqı ilə sahəsi 20 kv.metr olan ofis sahəsi icarəyə verilmişdir. Məhkəmə ilkin iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə qeyd edir ki, iş üzrə sahəsi 20 kv.metr olan ofis sahəsinin 200 + 18% ƏDV olan aylıq icarə haqqı ilə icarəyə verilməsi ilə bağlı məsələ mübahisələndirilmir, yəni İddiaçı MMC xx.xx.2018-ci il tarixli İcarə müqaviləsi və müqaviləyə 1 saylı Əlavə üzrə öhdəliyini yerinə yetirmişdir. İddiaçı MMC 14.479,83 manat məbləğində əsas, 2606,37 manat məbləğində ƏDV olmaqla ümumilikdə 17086,2 manat məbləğində icarə haqqının ödənilmədiyini iddia edir, Cavabdeh isə müqaviləyə 4 saylı Əlavə bağlanmasını, həmin Əlavəyə əsasən 50 kv.metr ofis sahəsinə köçməsini və 900 + 18% ƏDV olan aylıq icarə haqqını qəbul etmir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi üzrə xx.xx.2020-ci il tarixli 4 saylı Əlavəyə qiymət verilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin qeyd edir ki, digər müqaviləyə Əlavələrlə yanaşı xx.xx.2020-ci il tarixli 4 saylı Əlavədə olan Cavabdeh məxsus imza mübahisələndirildiyindən məhkəmə tərəfindən məhkəmə – xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 4/11 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, 16.11.18-ci ildə bağlanmış icarə müqaviləsinə edilmiş dəyişikliklər haqqında 11 noyabr 2019-cu il tarixli 2 nömrəli, 16 may 2020-ci il tarixli 3 nömrəli, 01 noyabr 2020-ci il tarixli 4 nömrəli “Əlavələrin kserosurətlərinin aşağı sağ hissələrində “F.Ş. Cavabdeh” MMC adından və əvəzinə:”, “F.Ş Cavabdeh” MMC adından və əvəzinə:”, “Fiziki şəxs Cavabdeh adından və əvəzinə:” qrafalarında olan imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 4/11 saylı ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin icarə haqqı borcları ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. Qeyd olunanlardan göründüyü kimi icarə haqqı məbləğinin 900 + 18% ƏDV manat olmasına dair xx.xx.2020-ci il tarixli 4 saylı Əlavə Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən imzalanmışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş C01748841 nömrəli pasportun 44-cü səhifəsinin surətindən görünür ki, iddiaçı 4 saylı Əlavənin imzalandığı xx.xx.2020-ci il tarixdə (xx.xx.2020-ci il tarixdə ölkə ərazisindən çıxmış, xx.xx.2021-ci il tarixdə ölkə ərazisinə daxil olmuşdur) ölkə ərazisində deyil, Ukrayna Respublikasında olmuşdur. Bundan əlavə, İddiaçı MMC tərəfindən həm ekspert rəyi ilə müəyyən edilən halları təkzib edən, həmçinin xx.xx.2020-ci il tarixli 4 saylı Əlavədə göstərilən 50 kv.metr ofis sahəsinin Cavabdeh təhvil verilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ofis sahəsinin icarə haqqına görə borc hesablanarkən xx.xx.2020-ci il tarixli 4 saylı Əlavədə göstərilən icarə haqqı məbləği əsas götürülə bilməz. İlkin iddia ərizəsinin məzmunundan və iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı MMC-yə ofis sahəsinə görə 20 ay (2020-ci ilin mart, aprel, sentyabr, oktyabr, noyabr və dekabr, 2021-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral və mart ayları) üzrə icarə haqqı ödənilməmişdir. Bu hal Cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. İcarə müqaviləsinə əsasən aylıq icarə haqqının məbləği 200 manat + 18% ƏDV = 200 manat + 36 manat (200 x 18%) = 236 manat təşkil edir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən 2021-ci ilin fevral ayı üzrə icarə haqqının məbləği 179,83 manat əsas, 32,37 manat ƏDV olmaqla 212,20 manat hesablanmışdır. Belə olan halda icarə haqqının məbləği, icarə haqqı ödənilməmiş 20 ayın 19 ayı üzrə aylıq 236 manatla hesablanmaqla üzərinə 212,20 manat gəlinməlidir. Bununla da Cavabdeh İddiaçı MMC-yə olan icarə haqqı borcu 4696,2 manat (4484 (19 ay x 236 manat) + 212,20 manat) müəyyən olunur. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh icarə müqaviləsi üzrə öhdəliyini yerinə yetirməməsinə görə İddiaçı MMC-nin qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək mülki hüquqi məsuliyyəti yarandığından 4696,2 manat (3979,83 manat əsas + 716,37 manat ƏDV) icarə haqqı borcu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməklə ilkin iddia göstərilən hissədə qismən təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin müqavilənin 5.1-ci maddəsinə əsasən, İcarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1% faizini ödəməlidir. Buna görə də məhkəmə hesab edir ki, əsas məbləğə mütənasib olmadığından cərimə azaldılmalı və 230 manat dəbbə pulu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-ci maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə ilkin iddianın müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanmış maddələrin tələblərindən göründüyü kimi, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə və yaxud həmin müqavilənin ləğv olunmuş sayılması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız üç şərtdən birinin müvcud olduğu halda ləğv oluna bilər. Onlara aiddir: müqaviləni əhəmiyyətli dərəcədə pozulması (1), Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan (3) hallar. Qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərdən birinin tələbi ilə müqavilə yalnız o halda ləğv oluna bilər ki, əgər digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur və yaxud Məcəllədə nəzərdə tutulmuş qaydada. Məhkəmə tədqiqatı zamanı Cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilmiş (icarə haqlarının ödənilməməsi) və bu hissə ilə bağlı Cavabdeh qarşılıqlı iddia ərizəsində dəlillərini bildirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı Cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edildiyindən ilkin iddia tələbi göstərilən hissədə təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Cavabdeh qarşılıqlı iddia ərizəsində adı çəkilən əşyaların İddiaçı MMC-yə məxsus ofis sahəsində qaldığını və onların qaytarılmasını tələb etsə də, əmlaklara dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir- birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinin əsası kimi istinad olunan hallar sübuta yetirilmədiyindən qarşılıqlı iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İlkin iddia üzrə dövlət rüsumu məbləğinin 146,36 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 26,22 faizini təşkil etdiyini nəzərə aldıqda, dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçıya aid edilməli məbləğ 107,98 manat təşkil edir. İddiaçı MMC tərəfindən ödənilmiş 200 manat mediasiya xərcindən İddiaçı MMC-yə aid edilməli 107,98 manat məbləğ çıxılmaqla qalan 92,02 manat (200-107,98) məbləğ Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində bağlanmış Ofis icarəsi müqaviləsi ləğv edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən, ödənilməmiş icarə haqqı üzrə 3979,83 manat məbləğində əsas, 716,37 manat məbləğində ƏDV, 230 manat məbləğində cərimə, cəmi 4926,2 manat məbləğində pul və mediasiya xərcinə görə 92,02 manat tutularaq İddiaçınə ödənilməli, ilkin iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində bağlanmış Ofis icarəsi müqaviləsi ləğv edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən, ödənilməmiş icarə haqqı üzrə 3979,83 manat məbləğində əsas, 716,37 manat məbləğində ƏDV, 230 manat məbləğində cərimə, cəmi 4926,2 manat məbləğində pul və mediasiya xərcinə görə 92,02 manat Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-98/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-98/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver