Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-98/2024 28.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO QSC “Bank Standard” Kommersiya Bankının cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, "xxxx" MMC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh Qanuni Nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı LPO QSC “Bank Standard” Kommersiya Bankının cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, "xxxx" MMC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı LPO QSC “Bank Standard” Kommersiya Bankı (bundan sonra – iddiaçı) cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2015-ci il tarixli, 1xx/xx/3673/15 saylı kredit müqaviləsi üzrə 82226.12 ABŞ dolları məbləğində əsas borc, 67645.14 ABŞ dolları məbləğində faiz borcu, 18061.04 ABŞ dolları məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 11511.36 ABŞ dolları məbləğində faiz məbləği, ümumilikdə isə 179443.66 ABŞ dolları məbləğində pulun, ödənilmiş 195.06 manat dövlət rüsumunun, ipotekanın qeydə alınması üçün ödənilmiş 45 manat pul məbləğinin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilən 400 manat pul məbləğinin iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı ş., Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 21 nömrəli binada 74.82 kv.m ümumi, 50.92 kv.m yaşayış və 23.9 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 26 nömrəli mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılmasına; satıldıqdan sonra boşaldılaraq alıcıya təhvil verilməsi, ipoteka predmeti satıldıqdan sonra kredit müqaviləsi üzrə öhdəliyin lazımınca və tam icra olunmasına kifayət etmədikdə qalan borcun kredit müqaviləsi üzrə cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/3673/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank Cavabdehə illik 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 60 (altmış) ay müddətinə 89 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinə olan xx.xx.2016-cı il tarixli 01 saylı əlavə sazişin 1-ci bəndində kredit müqaviləsinin 3.7-ci bəndinə edilən dəyişiklikliyə əsasən hər təqvim günü üçün günlərin sayına görə 1 ay 30 gün, 1 il isə 360 təqvim günü kimi hesablanır və hər ay borc alan tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylıÖdəniş cədvəlinə əsasən ödənilir. Müqavilənin 9-cu bəndi ləğv olunur. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə və Cavabdeh2 xx.xx.2015-ci il tarixli 1xx/xx/3673/15 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlər. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan Bakı ş., Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 21 nömrəli binada 74.82 kv.m ümumi, 50.92 kv.m yaşayış və 23.9 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 26 nömrəli mənzili xx.xx.2015-ci il tarixli 1xx/xx/3673/15 saylı ipoteka müqaviləsi əsasında (çıxarış nömrəsi: RX0677063, yüklü edilən əmlakın reyestr nömrəsi: **********52-05101-093005 qeydiyyat tarixi: xx.xx.2015; qeydiyyat nömrəsi: **********) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdehlər hazırkı iş üzrə öz üzərlərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsindəBanka 82 226.12 (səksən iki min iki yüz iyirmi altı, 12 sent) ABŞ dolları məbləğində əsas borc, 67 645.14 (altmış yeddi min altı yüz qırx beş, 14 sent) ABŞ dolları məbləğində faiz borcu, 18 061.04 (on səkkiz min altmış bir, 04 sent) ABŞ dolları məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 11 511.36 (on bir min beş yüz on bir, 36 sent) ABŞ dolları məbləğində faiz məbləği, ümumilikdə isə 179 443.66 (yüz yetmiş doqquz min dörd yüz qırx üç, 66 sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Hüseynov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 ipoteka predmetinin ilkin satış qiymətinin təqdim etdikləri mütəxəssis rəyinə uyğun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.
6. Məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 08 iyun 2015-ci il tarixli 1xx/xx/3673/15 nömrəli kredit müqaviləsinə əsasən kreditor borc alana 89000 ABŞ dolları məbləğində kredit açır. Borc alan bu müqavilə ilə müəyyən edilmiş məbləğdə kredit üzrə pul vəsaitlərini qəbul edir və həmin kreditə görə hesablanan faizləri ödəyir.
9. Müqaviləyə 01 saylı xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsəsasən kreditdən istifadəyə görə faizlər hər təqvim günü üçün günlərin sayına görə (1 ay 30, 1 il isə 360 təqvim günü kimi) hesablanır və hər ay borc alan tərəfindən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı ödəniş cədvəlinə əsasən ödənilir. Bank gününü sonu bankda əməliyyatların dayandırıldığı saat hesab olunur. Faizlə borcun yarandığı tarixdən borcun tam ödənildiyi tarixədək hesablanır. Ödəniş bu müqavilənin 2 saylı ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilmədikdə, gecikdirilmiş məbləğ vaxtı keçmiş kredit öhdəliyi hesab edilir və həmin məbləğə bu müqavilə ilə müəyyən edilmiş dəbbə pulu hesablanır.
10. İddiaçı ilə Cavabdeh2 və Qanuni nümayəndə arasında bağlanmış 08 iyun 2015ci il tarixli 1xx/xx/3673/15 saylı zaminlik müqaviləsinə əsasən kreditorla borc alan arasında bağlanmış 08 iyun 2015-ci il tarixli 1xx/xx/3673/15 saylı kredit müqaviləsinə əsasən 89000 ABŞ dolları məbləğində 60 ay müddətinə verilən kredit və ona hesablanmış faizlərin və kredit müqaviləsi və kredit müqaviləsinə olmuş əlavələrdən irəli gələn digər ödənişlərin qatarılmasının təminatı kimi zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən borc alan kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə zamin borc alan ilə birlikdə kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak iddiaçının xeyrinə yüklü edilmişdir.
13. İddiaçı tərəfindən verilmiş 30 mart 2023-cü il tarixli **********35 nömrəli arayışdan görünür ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 08 iyun 2015ci il tarixli 1xx/xx/3673/15 saylı kredit müqaviləsi üzrə 13 mart 2023-cü il tarixinə əsas borcu 82226 ABŞ dolları, 12 sent, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 67645 ABŞ dolları, 14 sent, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 11511 ABŞ dolları, 36 sent, müqavilənin tələbləri əsasında yaranmış ümumi borcu isə 179443 ABŞ dolları, 66 sent təşkil edir.
14. İddiaçı ilə Cavabdeh2 və "xxxx" MMC arasında bağlanmış 08 iyun 2015-ci il tarixli 1xx/xx/3673/15 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla borc alan arasında bağlanmış 08 iyun 2015-ci il tarixli 1xx/xx/3673/15 saylı kredit müqaviləsinə müvafiq olaraq ipoteka saxlayan borc alana 60 ay müddətinə kreditdən istifadəyə görə illik 18 faiz ödəməsi şərtilə 89000 ABŞ dolları məbləğində kredit vermişdir.
15. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borc alanın öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka qoyan Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsində 21 nömrəli binada, 74,82 kv.m ümumi, 50,92 kv.m yaşayış və 23,9 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 26 nömrəli mənzili ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edir.
16. Müqavilənin 2.1-ci bəndinə əsasən ipoteka predmetinin likvid dəyəri “X5” qiymətləndirmə şirkətinin xx.xx.2015-ci il tarixli CEG – 561 saylı aktına əsasən 140500 manat məbləğində müəyyən edilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5914-9/6106 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsində inşa edilmiş 21 nömrəli binada yerləşən 26 nömrəli mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 206000 manat məbləğində, likvid dəyəri isə təqribən 185000 manat məbləğində müəyyən edilmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli 3-16-16/2-9/6110/2023 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iddiaçı və cavabdeh "xxxx" MMC arasında bağlanmış 08 iyun 2015-ci il tarixli 1xx/xx/3673/ saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 18%-lə, müqavilə dövründən sonra illik 5 %-lə faiz borcu hesablanmaqla xx.xx.2020-ci il tarixə əsas borcu 82588,72 ABŞ dolları, faiz borcu 60358,99 ABŞ dolları (illik 18 %-lə), xx.xx.2023-cü il tarixə əsas borcu 82588,72 ABŞ dolları, faiz borcu 60358,99 ABŞ dolları (illik 18%-lə), əldən çıxmış fayda borcu 11413,30 ABŞ dolları (illik 5%-lə) təşkil edir.
19. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
21. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
22. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
23. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
25. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
26. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
27. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
28. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
29. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
30. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
31. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
32. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
33. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
34. Beləliklə, işin hallarından məlum olur ki, tərəflər arasında kredit müqaviləsi və zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq isə Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, bina 21-də yerləşən, ümumi sahəsi 50,92 kv.m. yaşayış və 23,9 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 26 nömrəli mənzil göstərilmişdir. Cavabdehlər kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişdir.
35. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetinə yönəldilməli, qanunvericiliyin tələblərinə uyğun olaraq əmlakın açıq hərracda satışı həyata keçirilməlidir.
36. Məhkəmə hesab edir ki, cavabdehlərdən tutulacaq faiz borcları 08 sentyabr 2023-cü il tarixli ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir.
37. Belə ki, məhkəmə araşdırması zamanı həmin ekspert rəyinin sübut kimi nəzərə alınmaması üçün hər hansı bir əsas müəyyən edilməmişdir.
38. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
39. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
40. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
41. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
42. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
43. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
44. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
45. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
46. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
47. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
48. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
49. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz bankın əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması bankın gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
50. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehlərin özləri tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış borcun tutulması tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də ekspert rəyinə uyğun təmin edilməlidir.
51. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış müvafiq olaraq 18061,04 ABŞ dolları cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
52. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
53. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
54. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
55. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 4000 ABŞ dolları məbləğində müəyyən edilməlidir.
56. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetinə yönəldilməli, qanunvericiliyin təlbələrinə uyğun olaraq əmlakın açıq hərracda satışı həyata keçirilməlidir.
57. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nömrəli ekspert rəyinə uyğun müəyyən edilməlidir.
58. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “X3” MMC tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli 21 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 21 ünvanında yerləşən ümumi sahəsi 74,82 kv.m-dən ibarə 3 otaqlı 26 saylı mənzilin bazar dəyəri 234900 manat təşkil edir.
59. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə münasibətdə isə qeyd olunur ki, həmin rəy məhkəmə eksperti tərəfindən verilmiş, ekspert rəyində ziddiyyətlər mövcud deyil və ekspert tərəfindən aparılmış tədqiqat müfəssəl təsvir olunmuşdur. Ona görə də, həmin rəy mötəbər sübut kimi qiymətləndirilməli və ipoteka predmetinin ilkin satış qiyməti həmin rəy əsasında müəyyən edilməlidir.
60. Belə ki, qiymətləndirmə prosesi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Milli Qiymətləndirmə Standartlarına, X1 və digər qanunvericlik aktlarına uyğun olaraq aparılıb.
61. İddia ərizəsində həmçinin ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra boşaldılaraq alıcıya təhvil verilməsi tələbi də qoyulmuşdur.
62. Məhkəmə hesab edir ki, iddiaçı hazırda həmin tələblə məhkəməyə müraciət etməklə bağlı müvafiq subyektiv hüquqa malik deyildir.
63. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqavilələri üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 82226,12 ABŞ dolları əsas krеdit bоrcu, 60358,99 ABŞ dolları faiz bоrcu, 4000 ABŞ dolları cərimə borcu, illik 5 faizlə hesablanmış 11413,30 ABŞ dolları faiz borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, bina 21-də yerləşən, ümumi sahəsi 50,92 kv.m. yaşayış və 23,9 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 26 nömrəli mənzilə yönəldilməli, həmin ipoteka predmeti ilkin satış qiyməti 185000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı və əldə edilmiş vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait Cavabdeh2 qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 400 manat mediasiya xərci, 195 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat xidmət haqqı cavabdehlərə aid edilməlidir.
66. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat, məhkəmə tikinti-texniki ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, ümumilikdə 300 manat ekspertiza xərci də cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, "xxxx" MMC-dən müştərək qaydada 82226,12 ABŞ dolları əsas borc, 60358,99 ABŞ dolları faiz borcu, 4000 ABŞ dolları dəbbə pulu, borcun gecikdirilməsinə görə illik 5 % olmaqla 11413,30 ABŞ dolları, ümumilikdə 157998,41 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş ümumilikdə 640 manat dövlət rüsumu tutularaq iddiaçı LPO QSC “Bank Standard” Kommersiya Bankına ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, bina 21-də yerləşən, ümumi sahəsi 50,92 kv.m. yaşayış və 23,9 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 26 nömrəli mənzilə yönəldilsin. Həmin ipoteka predmetinin ilkin satış qiyməti 185000 manat müəyyən edilməklə açıq hərracdan satılsın və əldə edilmiş vəsait hesabına ümumilikdə 157998,41 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş ümumilikdə 640 manat dövlət rüsumu tutularaq iddiaçı LPO QSC “Bank Standard” Kommersiya Bankına ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh2 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatları ilə bağlı ümumilikdə 300 manat ekspertiza xərci cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, "xxxx" MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova