Məhkəmə qərarları › İş №e-2-2(113)-98/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-98/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-98/2025 03.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi, faiz və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində bağlanmış borc müqavilələri üzrə yaranmış 750000 manat əsas borcun, 107175 manat faiz borcunun və ödənilmiş 1148 dövlət rüsumunun (410 manat mediasiya ödənişi daxil olmaqla), ümumilikdə 858 323 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-yə(əvvəlki adı "xxxx" ASC) ilə təsisçisi Cavabdeh arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində üç ədəd borc müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilələrə uyğun olaraq, borcverən qismində çıxış edən İddiaçı ASC tərəfindən borcalana (Cavabdeh) xx.xx.2021-ci il tarixli müqavilə üzrə 200 000 (iki yüz min) AZN, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 250 000 (iki yüz əlli min) AZN və xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 300 000 (üç yüz min) AZN məbləğlərində olmaqla, ümumilikdə 750 000 (yeddi yüz əlli min) AZN məbləğində borc pul verilmişdir. xx.xx.2021-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş borc məbləği (200 000 AZN) borc alanın VÖEN-ə bağlı bank hesabına köçürülmüşdür. Qeyd edilən müqavilə üzrə illik 12.5% hesablanması nəzərdə tutulmuşdur. Müqavilənin 2.2.1-ci bəndinə əsasən isə borc alanın borc məbləğini xx.xx.2025-ci il tarixədək geri qaytarması öhdəliyi nəzərdə tutulmuşdur. Qeyd edilən müqavilə üzrə borc alan tərəfindən borc verənə hazırki tarixə qədər heç bir ödəniş (əsas yaxud faiz borcu) həyata keçirilməmişdir. Müqavilə üzrə hazırki tarixə mövcud olan borc məbləği faiz borcu ilə birlikdə 248 014 AZN təşkil edir. xx.xx.2021ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş borc məbləği (250 000 AZN) borc alanın VÖEN-ə bağlı bank hesabına köçürülmüşdür. Qeyd edilən müqavilə üzrə illik 12.5% hesablanması nəzərdə tutulmuşdur. Müqavilənin 2.2.1-ci bəndinə əsasən isə borcalanın borc məbləğini xx.xx.2025-ci il tarixədək geri qaytarması öhdəliyi nəzərdə tutulmuşdur. Qeyd edilən müqavilə üzrə borc alan tərəfindən borc verənə hazırki tarixə qədər heç bir ödəniş (əsas yaxud faiz borcu) həyata keçirilməmişdir. Müqavilə üzrə hazırki tarixə mövcud olan borc məbləği faiz borcu ilə birlikdə 309 161 AZN təşkil edir. xx.xx.2022-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş borc məbləği (300 000 AZN) borc alanın VÖEN-ə bağlı bank hesabına köçürülmüşdür. Müqavilənin 2.2.1-ci bəndinə əsasən isə borc alanın borc məbləğini xx.xx.2023-cü il tarixədək geri qaytarması öhdəliyi nəzərdə tutulmuşdur. Qeyd edilən müqavilə üzrə borc alan tərəfindən borc verənə hazırki tarixə qədər heç bir ödəniş (əsas yaxud faiz borcu) həyata keçirilməmişdir və borcun qaytarılması müddəti bitmişdir. Yuxarıda qeyd edilən hallara və faktlara uyğun olaraq, hal-hazırda borclu Cavabdeh borc verən İddiaçı ASC-yə 857175 AZN məbləğində borcu mövcuddur. Qeyd edilən borc məbləği əsas borcdan (750 000 AZN) və faiz borcundan (107.175 AZN) ibarətdir. Qeyd edilən borc müqavilələrinin birinin müddəti bitmiş digər iki müqavilənin isə müddəti bitməmişdir. Bununla belə kifayət qədər etibarlı məlumat və sənədlərə əsaslanaraq borcalanın hazırki maliyyə vəziyyəti kifayət qədər pisləşmişdir və borcun qaytarılmaması ehtimalı çox yüksəkdir. Ona məxsus əmlakların böyük qismi bank və digər maliyyə təşkilatlarının xeyrinə yüklüdür və qeyd edilən təşkilatlar tərəfindən Cavabdeh qarşı hüquqi prosedurlar başladılaraq məhkəmə və hüquqmühafizə orqanlarına müraciətlər edilmişdir. Bu baxımdan Mülki Məcəllənin 742-ci maddəsinin tələblərinə əsasən, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsasların olması, həmçinin borcalanın borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsasların olması borcverənin müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb etməsinə əsas verir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh xx.xx.2023cü il tarixində poçt vasitəsilə pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunu qarşı tərəf şəxsən qəbul etmişdir. Pretenziya məktubu ilə tanış olduqdan sonra cavabdeh müraciət edərək bildirmişdir ki, onun bu borcu ödəməsi üçün heç bir maddi imkanı yoxdur və bununla bağlı məhkəməyə müraciət etməyinə etiraz etmir. Məsələnin məhkəmə müstəvisində həll olunacağına qərar verildikdən sonra isə bu məsələ ilə bağlı qarşı tərəfə ilkin olaraq xx.xx.2023-cü il tarixində (xx.xx.2023-cü il tarixində çatdırılıb) mediasiya prosesində iştirak ilə bağlı təklif göndərilmişdir. Bundan sonra, işlə bağlı mediatorun təyin edilməsi və mediasiya prosesinin keçirilməsi ilə əlaqədar olaraq Bakı 4 saylı mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2023-cü il tarixində bununla bağlı mediasiya prosesi keçirilmişdir. Mediasiya sessiyasında cavabdeh şəxsən iştirak etmişdir. Mediasiya sessiyası zamanı bir daha cavabdeh bu borc məbləğlərini aldığını qəbul etmişdir. Lakin, o, bu məbləğlərin digər hansısa məbləğlərlə əvəzləşdirilməli olmasını bildirmiş və bu hesabla onun şirkətə borcunun olmadığını iddia etmişdir. Mediasiya sessiyasının sonunda barışıq əldə edilə bilməməsi səbəbindən mediasiya təşkilatı tərəfindən İddiaçı ASC-yə “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış təqdim olunmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə İsmayılov Cəmaləddin arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 12/13 saylı borc müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən «Borc verən» 200.000 Manat məbləğində pul vəsaitini borc alana verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdəsinə götürür.

9. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləği xx.xx.2025-ci il tarixinə kimi borc verənə tam həcmdə geri qaytarılmalıdır.

10. Müqavilənin 2.2.2-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd edilmiş məbləğə illik 12,5% həddində faiz hesablanır. Faiz hesbalanması gündəlik qaydada hesablanır.

11. İddiaçı ASC ilə X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 12/23 saylı borc müqaviləsinə əsasən:

12. Müqavilənin 1.1-ci bəndinə əsasən «Borc verən» 250.000 Manat məbləğində pul vəsaitini borc alana verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdəsinə götürür.

13. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləği xx.xx.2025-ci il tarixinə kimi borc verənə tam həcmdə geri qaytarılmalıdır.

14. Müqavilənin 2.2.2-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd edilmiş məbləğə illik 12,5% həddində faiz hesablanır. Faiz hesbalanması gündəlik qaydada hesablanır.

15. İddiaçı ilə İsmayılov Cəmaləddin arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx/xx- 2022 saylı borc müqaviləsinə əsasən:

16. Müqavilənin 1.1-ci bəndinə əsasən «Borc verən» 300.000 Manat məbləğində pul vəsaitini 2022-ci ilin avqust ayının souna qədər borc alana verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdəsinə götürür.

17. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləği xx.xx.2023-cü il tarixinə kimi borc verənə tam həcmdə geri qaytarılmalıdır.

18. Müqavilənin 2.2.2-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd edilmiş məbləğə illik 0% həddində faiz hesablanır. Faiz hesbalanması gündəlik qaydada hesablanır.

19. 14.12.2021-ci il tarixli ödəniş tapşırığına əsasən xx.xx.2021-ci il tarixli müqavilə üzrə cavabdehin hesabına 200.000 manat məbləğində, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən cavabdehin hesbaına xx.xx.2021-ci il tarixli müqavilə üzrə 250.000 manat məbləğində,xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 40.000 manat məbləğində, xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarına əsasən cavabdehin hesabına xx.xx.2022-ci il tarixli müqavilə üzrə 260000 manat məbləğində pul vəsaitləri köçürülmüşdür.

20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1235/2024 saylı qərardadı ilə AzeSteelCompany” ASC ilə Cavabdeh arasında bağlanmış 12/13 saylı xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə hər-hansı ödənişlər həyata keçirilib – keçirilməməsinin və qeyd olunan müqavilə üzrə pretenziya məktubunun cavabdehə çatdırıldığı xx.xx.2023-cü il tarixə müqavilə üzrə əsas və faiz borcu, 12/23 saylı xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə hər-hansı ödənişlər həyata keçirilib – keçirilməməsinin və qeyd olunan müqavilənin şərtləri nəzərə alınaraq pretenziya məktubunun cavabdehə çatdırıldığı xx.xx.2023-cü il tarixə müqavilə üzrə əsas və faiz borcu məbləğinin və xx/xx-2022 saylı xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə hərhansı ödənişlər həyata keçirilib –keçirilməməsinin və qeyd olunan müqavilənin şərtləri nəzərə alınaraq müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə əsas borc məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

21. Azərbaycan Respublikası ƏN MEM-in xx.xx.2024-cü il tarixli, 9/3620 saylı rəyinə əsasən 37.000,00 manat məbləğində ödəniş nəzərə alınmamaqla rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021 -ci il tarixli, 12/13 saylı borc müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh "xxxx" ASC-ə (İddiaçı ASC) xx.xx.2021-ci il tarixli, 12/13 saylı borc müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) 249.027,78 manat məbləğində əsas və faiz borcu, 37000 manat məbləğində ödəniş nəzərə alınmaqla rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021 -ci il tarixli, 12/13 saylı borc müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh "xxxx" ASC-ə (İddiaçı ASC) xx.xx.2021-ci il tarixli, 12/13 saylı borc müqaviləsi üzrə 20.11,2023-cü il tarixə (sualda göstərilən tarix) 204.313,54 manat məbləğində əsas və faiz borcu, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021 -ci il tarixli, 12/23 saylı borc müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh "xxxx" ASC-ə (İddiaçı ASC) xx.xx.2021-ci il tarixli, 12/23 saylı borc müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) 310.416,67 manat məbləğində əsas və faiz borcu və Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 20/05- 2022 saylı borc müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-ə xx.xx.2022-ci il tarixli, xx/xx-2022 saylı borc müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) 300.000,00 manat məbləğində əsas borcu müəyyən edilmişdir.

22. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir.

23. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqavilələrindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

27. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

28. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

30. Məhkəmə işin ədaləti və obyektiv həlli məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və göründüyü kimi eksper rəyi ilə müəyyən edilən məbləğlər iddia tələbindən az olduğundan məhkəmə hesab edir ki, ekspert rəyi əsas götürülməlidir.

31. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin borc müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli 12/13 saylı borc müqaviləsi üzrə 163.000 manat əsas borc, 41.313,54 manat faiz borcu, xx.xx.2021-ci il tarixli 12/23 saylı borc müqaviləsi üzrə 250.000 manat əsas borc, 60.416,67 manat faiz borcu, xx.xx.2022-ci il tarixli xx/xx-2022 saylı borc müqaviləsi üzrə 300.000 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

32. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 1148 manat dövlət rüsumu/mediasiya xərci ödənilmişdir.

33. Azərbaycan Respublikası MPM-in:

34. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

36. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 1104,73 manat dövlət rüsumu/mediasiya xərcinin əvəzi qismində pul vəsaiti və 200 manat məbləğində ekspertiza xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh xx.xx.2021-ci il tarixli 12/13 saylı borc müqaviləsi üzrə 163.000 manat əsas borc, 41.313,54 manat faiz borcu, xx.xx.2021-ci il tarixli 12/23 saylı borc müqaviləsi üzrə 250.000 manat əsas borc, 60.416,67 manat faiz borcu, xx.xx.2022-ci il tarixli xx/xx-2022 saylı borc müqaviləsi üzrə 300.000 manat əsas borc və dövlət rüsumunun/mediasiya xərcinin əvəzi olaraq 1104,73 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar