Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-980/2025 21.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik, ipoteka) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 378920-1-38812 saylı “Əlavə Razılaşma”ya əsasən xx.xx.2024-cü il tarixə Banka 35.471,62 manat məbləğində əsas borc, 2.713,54 manat məbləğində faiz borcu, ümumilikdə isə 38.185,16 manat məbləğində pulun, həmçinin, 204,56 manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 36 (otuz altı) manat xidmət haqqının müştərək qaydada Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdehlərdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin ilkin satış qiymətinin 50250 (əlli min iki yüz əlli) manat məbləğində müəyyən etməklə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv ünvanında yerləşən, 0.013 ha sahədə inşa edilən, sahəsi 69.2 kv.m olan 39F saylı fərdi yaşayış evinə (yeni qaydalarla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 59-cu Lökbatan küçəsi, 25 saylı fərdi yaşayış evi) yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank və ya iddiaçı) ilə Cavabdeh2 (VÖEN **********) (bundan sonra mətndə Cavabdeh2 MMC və ya cavabdeh) arasında bağlanmış 17 oktyabr 2023-cü il tarixli KGL- 378920-1saylı “Kredit-Qarantiya üzrə Ümumi Borclanma limitinə dair müqavilə”yə və xx.xx.2023-cü il tarixli, 378920-1-38812 saylı “Əlavə Razılaşma” ya əsasən Cavabdeh2 MMC-yə dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə illik 15 (on beş) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 40.000 (qırx min) manat məbləğində bərpa olunmayan kredit xətti açılmışdır. Eyni zamanda, kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 (bundan sonra mətndə Cavabdeh3 və ya cavabdeh) 17 oktyabr 2023-cü il tarixli, 167444-7-3565 saylı və Cavabdeh1 (bundan sonra mətndə Cavabdeh1 və ya cavabdeh) 17 oktyabr 2023-cü il tarixli, 167800-7-3564 saylı “Zaminlik müqavilələri” əsasında Cavabdeh2 MMC-nin Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Bank ilə Cavabdeh1 arasında bağlanmış 17 oktyabr 2023-cü il tarixli, 167800-NEDVİJ-3566 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən kredit müqaviləsi üzrə Cavabdeh2 MMCnin öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ona tam mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv ünvanında yerləşən, 0.013 ha sahədə inşa edilən, sahəsi 69.2 kv.m olan 39F saylı fərdi yaşayış evi (yeni qaydalarla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 59-cu Lökbatan küçəsi, 25 saylı fərdi yaşayış evi) Bank qarşısında ipoteka ilə yüklü etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
4. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, digər cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.5-ci maddəsinə əsasən Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Bank "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2023-cü il tarixli, KGL-378920-1 saylı “Kredit-Qarantiya üzrə Ümumi Borclanma limitinə” dair Müqavilə imzalanmışdır.
10. Bank "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh2 MMC (borcalan) və Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 167800-NEDVİJ-3566 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan xx.xx.2023-cü il tarixli, KGL-378920-1 saylı “Kredit-Qarantiya üzrə Ümumi Borclanma limitinə” dair Müqaviləsi və Əlavə razılaşmalar üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 1-ci massivdə 0.0130 ha torpaq sahəsi və onun üzərində yerləşən 69.20 kv.m sahəsi olan 39F saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
11. Bundan başqa Bank "xxxx" ASC ilə Cavabdeh1 (zamin) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 167800-7-3564 saylı və Cavabdeh3 (zamin) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 167444-7-3565 saylı Zaminlik Müqavilələrinə əsasən, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2023-cü il tarixli, KGL-378920-1 saylı “Kredit-Qarantiya üzrə Ümumi Borclanma limitinə” dair Müqaviləsi və Əlavə razılaşmalar üzrə borcalanın (Cavabdeh2 MMC) öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşlər.
12. Daha sonra Bank "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 378920-1-38812 saylı əlavə razılaşmaya əsasən bank borc alana 40.000 manat məbləğində krediti illik 15 (on beş) faizlə 36 (otuz altı) ay müddətinə verir, borcalan isə müəyyən edilmiş müddətdə krediti qaytarmağı, kredit üzrə hesablanmış faizləri ödəməyi, haelə müqavilə və bu Əlavə Razılaşmada nəzərdə tutulmuş digər öhdəlikləri icra etməyi öhdəsinə götürmüşdür.
13. Müqavilələr tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
15. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
17. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
18. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
19. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir.
20. İş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixə Cavabdeh2 MMC-nin banka əsas borc məbləği 35.471,62 manat, faiz borcu 2.713,54 manat, cəmi 38.185,16 manat təşkil edir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəyə əsasən Cavabdeh2 MMC-nin iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə (maliyyə arayışında borcun tələb olunduğu tarix) olan əsas borcu 36.938,93 manat, faiz borcu isə 2.631,9 manat müəyyən olunmuşdur.
22. Göründüyü kimi, cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməmiş borcu vardır.
23. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz bildirməmiş və qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər.
24. Bütün qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsas və faiz borcun tələb edilməsi hissəsində qismən təmin edilməli, əsas borc üzrə 35.471,62 manat, faiz borcu üzrə 2.631,9 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
26. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli hesabata əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv ünvanında yerləşən 39F nömrəli, 1 mərtəbəli fərdi yaşayış evinin bazar qiyməti 80.000, likvid qiyməti 70000 manat müəyyən edilmişdir.
27. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Bakı Şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv ünvanında yerləşən 0,0130 ha torpaq sahəsi və onun üzərində yerləşən 69.20 kv.m sahəsi olan 39F saylı fərdi yaşayış evinə (Yeni qaydalarla: Bakı Şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 59-cu Lökbatan küçəsi, 25 saylı fərdi yaşayış ev) ilkin satış qiymətinin 70.000 (yetmiş min manat) müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir.
28. Məhkəmə həmçinin qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 204,31 manat məbləğində pul da cavabdehlərdən tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
29. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 15 manat və xidmət haqqının əvəzi olaraq 36 manat məbləğində pul Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
30. Məhkəmə həmçinin qeyd edir ki, işdən də, göründüyü kimi Məhkəməmühasibatlıq Ekspertizasının keçirilməsi xərci 100 manat təşkil edir. Ona görə də, 100 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.
31. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli 378920-1-38812 saylı Əlavə Razılaşmaya əsasən, əsas borc üzrə 35.471 (otuz beş min dörd yüz yetmiş bir) manat, 62 (altmış iki) qəpik, faiz borcu üzrə 2.631 (iki min altı yüz otuz bir) manat, 90 (doxsan) qəpik olmaqla, cəmi 38.103 (otuz səkkiz min yüz üç) manat, 52 (əlli iki) qəpik məbləğində pul Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Bakı Şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv ünvanında yerləşən 0,0130 ha torpaq sahəsi və onun üzərində yerləşən 69.20 kv.m sahəsi olan 39F saylı fərdi yaşayış evinə (Yeni qaydalarla: Bakı Şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 59-cu Lökbatan küçəsi, 25 saylı fərdi yaşayış ev) ilkin satış qiymətinin 70.000 (yetmiş min manat) müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Dövlət rüsumunun əvəzi olaraq 204 (iki yüz dörd) manat 56 (əlli altı) qəpik məbləğində pul Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 15 (on beş) manat və xidmət haqqının əvəzi olaraq 36 (otuz altı) manat məbləğində pul Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov