Məhkəmə qərarları › İş №e-2-2(113)-9818/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9818/2025

18.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9818/2025 18.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sübutetmə, hüquqi şəxs adından çıxış edən şəxsin dəyən zərərə görə məsuliyyəti) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 7334,01 (yeddi min otuz dörd manat bir qəpik) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 700 (yeddi yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 93,35 (doxsan üç manat otuz beş qəpik) manat məbləğində pulun əvəzinin tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin keçmiş direktoru Cavabdeh fəaliyyəti dövründə xx.xx.2021-ci il tarixli №03 saylı icarə müqaviləsi üzrə: xx-xx-2021-ci il tarixli, EBBN ******* nömrəli elektron qaimə üzrə 500 manat, - xx-xx-2021ci il tarixli, EBBO 819147 nömrəli elektron qaimə üzrə 500 manat, xx.xx.2022-ci il tarixli, №2 saylı icarə müqaviləsi üzrə - xx-xx-2022-cü il tarixli, EBBQ 443866 nömrəli elektron qaimə üzrə 200 manat, - xx-xx-2022-cü il tarixli, EBBR 886172 nömrəli elektron qaimə üzrə 176 manat, - xx-xx-2022-ci il tarixli, EBBR 885608 nömrəli elektron qaimə üzrə 500 manat, - xx-xx-2022-ci il tarixli, EBBS 994993 nömrəli elektron qaimə üzrə 643,1 manat, xx-xx-2022-ci il tarixli, EBBU 561090 nömrəli elektron qaimə üzrə 1000 manat, - xx-xx- 2022-cİ il tarixli, EBBV 289805 nömrəli elektron qaimə üzrə 383 manat, - xx-xx-2022-ci il tarixli, EBBW 222166 nömrəli elektron qaimə üzrə 1499 manat, xx.xx.2022-ci il tarixli, №2 saylı icarə müqaviləsi üzrə: - xx-xx-2022-ci il tarixli, EBCC 721244 nömrəli elektron qaimə üzrə 1000 manat, - xx-xx-2022-ci il tarixli, EBCC 726854 nömrəli elektron qaimə üzrə 933 manat olmaqla, ümumilikdə 7334,01 (yeddi min otuz dörd manat bir qəpik) manat məbləğində borc yaranmışdır. Qeyd olunur ki, Cavabdeh 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-ə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-ə təqdim edilməsi ilə bağlı Cavabdeh məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr də Cavabdeh fəaliyyət göstərdiyi dövrdə göndərilmişdir. Həmin qaimələrdə göstərilən məbləğlər sonuncu tərəfindən nağd formasında əldə olunmasına baxmayaraq, hazırkı vaxtadək sözügedən icarə ödənişləri ASC-nin hesabına köçürülməmişdir. Buna görə də həmin dövrdə ASC-nin direktoru olmuş Cavabdeh da hazırkı mübahisə üzrə cavabdeh kimi işə cəlb olunmalıdır. Yuxarıda qeyd olunan pul vəsaitinin ödənilməsi ilə bağlı cavabdehə müvafiq pretenziya göndərilməsinə baxmayaraq, heç bir ödəniş edilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 49.3 və 49.4.5-ci maddələrinə istinad edilmişdir.

4. Cavabdeh xx.xx.2025-ci il tarixdə elekton məhkəmə sisteminə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunan maliyyə arayışında qeyd olunan X2 onun İddiaçı ASC-də işlədiyi dövrdə vəfat etmişdir. Tərtib olunmuş e-qaimələr üzrə heç bir borc olmamışdır. Təqdim olunan maliyyə arayışında göstərilən 2022-ci ilin yanvar ayı üzrə kommunal haqqı 200 manat, 2022-ci ilin fevral ayı üzrə kommunal haqqı 176 manat, 2022-ci ilin avqust ayı üzrə kommunal haqqı 933 manat Bakı şəhəri Nəsimi rayon Məhkəməsində ona qarşı qaldırılmış e-2(006)-3866/2025 saylı işdə təkrarən tələb olunur. Sonuncu işdə də maliyyə arayışı "xxxx" MMC tərəfindən tərtib olunub.

5. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

6. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6025 (altı min iyirmi beş) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 700 (yeddi yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 93,35 (doxsan üç manat otuz beş qəpik) manat məbləğində pulun əvəzinin tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeləri:

7. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, icarə müqaviləsini bağlayan icarəçi hal hazırda vəfat etmişdir. Lakin tələbləri təkcə icarə müqaviləsinin nəticələrindən irəli gələn öhdəlik əsasında yaranan borcdan, yəni icarə ödənişlərindən ibarət deyil. Eyni zamanda tələbləri Cavabdeh direktor olduğu dövrdə şirkətə dəyən zərərlə bağlıdır. Cavabdeh bağladığı müqaviləyə əsasən onun icraçı direktor olduğu dövrdə bütün məsuliyyət ona aiddir. 2021ci ilin noyabr ayından 2024-cü ilin iyul ayına qədər Cavabdeh direktor olmuş, yəni direktor təyin olunanda isə hesablarla, çıxarışlarla bağlı hər hansı bir təhvil təslim sənədi təqdim edilməmişdir. Bununla bağlı qarşı tərəfə dəfələrlə pretenziya məktubları göndərilmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Yeni direktor təyin olunuqdan sonra 2024-cü ildə təftiş keçirilmiş və nəticədə məlum olmuşdur ki, şirkət hesabına 7330 manat məbləğində zərər dəyib. Audit isə keçirilməyib. Həmin dövrdə şirkətdə kassa olmayıb. Bununla bağlı zəruri sənədləri iş materiallarına əlavə edəcək.

8. İddiaçının nümayəndəsi və vəkili hazırki məhkəmə iclasında iştirak etməsə də, ərizə ilə müraciət edərək iddianı tam müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

10. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərdiyi elektron ərizəsində iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında qeyd olunan X3 onun İddiaçı ASC-də işlədiyi dövrdə vəfat etmişdir, tərtib edilmiş elektron qaimələr üzrə heç bir borc olmamışdır. Tədqiq olunan sübutlar:

11. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı ASC (X6) ilə icarəçi qismində X2 arasında 01 may 2021-ci il tarixli, 03 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 74 ünvanında yerləşən sahənin 60 kv.m hissəsi icarəyə verilmişdir; 2-ci bəndinə əsasən icarə haqqı hər ay üçün ƏDV daxil 500 manat razılaşdırılmışdır; 5-ci bəndinə əsasən icarə müqaviləsi xx.xx.2021-ci ilə qədər bağlanılmışdır. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.

12. İcarəyə verən qismində İddiaçı ASC (direktor – Cavabdeh) ilə icarəçi qismində X2 arasında 01 aprel 2022-ci il tarixli, 02 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə icarəyə verən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus hissəsindən 120 kv.m hissəsini orada yerləşən və icarəyə verənə məxsus olan əşyalarla icarəçiyə icarəyə verir; 3.1.1-ci bəndinə əsasən aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri-yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 1000 manat məbləğində müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən icarəçi tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş aylıq icarə haqqının tam məbləğdə hesablanması 01 aprel 2022-ci il tarixindən başlanılacaqdır və hər ayın, 2022-ci ilin aprel ayı da daxil olmaqla 01-də axımı başlanan 5 təqvim günü ərzində aylıq icarə haqqının ödənişi “İcarəçi” tərəfindən bu müqavilənin 3-cü bəndində göstərilmiş qaydada “İcarəyə verən”ə nağd və ya bank hesabına köçürməklə ödəyir; 14-cü bəndinə əsasən icarə haqqının müqavilədə nəzərdə tutulan son ödəniş günündən 1 ay ərzində ödənilməməsi, habelə hazırkı icarə müqaviləsinin hər hansı müddəasının icarəçi tərəfindən pozulması, “İcarəçi”nin hazırkı icarə müqaviləsindən birtərəfli imtinası kimi qəbul edilir. Bu təqdirdə icarəyə verən bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görə bilər. İcarə müqaviləsinin vaxtından əvvəl ləğvi “İcarəçi”ni müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərindən, o cümlədən müqavilənin bağlanıldığı bütün müddət üçün ödənilməli olan icarə haqqının ödənilməsi öhdəliyindən azad etmir. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.

13. Eyni zamanda İddiaçı ASC ilə "xxxx" MMC arasında 01 avqust 2024-cü il tarixli, 11/2024 saylı xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin predmetinə görə “İcraçı” ("xxxx" MMC) “Sifarişçi”yə (İddiaçı ASC) 01 noyabr 2021-ci il tarixdən 30 iyun 2024-cü il tarixədək maliyyə-təsərrüfat və kadr işlərinin təftişini həyata keçirməyi və sifarişçinin ilkin mühasibatlıq sənədlərinin düzgün tərtib edilməsinə nəzarət edilməsini, Sifarişçi isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqının, bu müqavilə ilə razılaşdırılmış şərtlərlə ödənilməsini öz öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə xidmət haqqı 4000 manat təşkil edir. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə 01 avqust 2024-cü il tarixindən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir.

14. 10.02.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına 4000 manat pul köçürülmüşdür.

15. İş materiallarında olan sənədlərdən görünür ki, 01 may 2021-ci il tarixli, 03 nömrəli icarə müqaviləsi üzrə 500 manat dəyərində xx.xx.2021-ci il tarixli, EBBN 248034 nömrəli elektron qaimə və 500 manat dəyərində xx.xx.2021-ci il tarixli, EBBO 819147 nömrəli elektron qaimə ödəniş üçün təqdim edilmiş, xx.xx.2022-ci il tarixli, №2 saylı icarə müqaviləsi üzrə - 500 manat dəyərində xx-xx-2022-ci il tarixli, EBBR 885608 nömrəli elektron qaimə, 643,1 manat dəyərində xx-xx-2022-ci il tarixli, EBBS 994993 nömrəli elektron qaimə, 1000 manat dəyərində xx-xx-2022-ci il tarixli, EBBU 561090 nömrəli elektron qaimə, 383 manat dəyərində xx-xx-2022-cİ il tarixli, EBBV 289805 nömrəli elektron qaimə, 1499 manat dəyərində 13-05- 2022-ci il tarixli, EBBW 222166 nömrəli elektron qaimə ödəniş üçün təqdim edilmiş, xx.xx.2022-ci il tarixli, №2 saylı icarə müqaviləsi üzrə: 1000 manat dəyərində xx-xx-2022-ci il tarixli, EBCC 721244 nömrəli elektron qaimə ödəniş üçün təqdim edilmişdir. Ümumilikdə 6025 manat dəyərində e-qaimə ödəniş üçün təqdim edilmişdir.

16. "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışının məzmunundan müəyyən olunur ki, İddiaçı ASC ilə fərdi sahibkar X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə olan kommunal xərclərlə bağlı borc çıxıldıqda (xx-xx-2022-cü il tarixli, EBBQ 443866 nömrəli, xx-xx-2022-cü il tarixli, EBBR 886172 nömrəli, xx-xx-2022-ci il tarixli, EBCC 726854 nömrəli e-qaimələr üzrə), qalıq borc 6025 manat təşkil edir.

17. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

18. xx.xx.2025-ci il tarixli Vəkil Orderindən görünür ki, İddiaçı ASC ilə Vəkil arasında xx.xx.2025-ci il tarixdə hüquqi xidmət müqaviləsi bağlanılmışdır.

19. 02.07.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən “Yusif Allahverdiyev və Partnyorları Vəkil Bürosunun hesabına 700 manat pul köçürülmüşdür.

20. 01 iyul, 29 iyul və 07 avqust və 14 avqust 2024-cü il tarixlərində cavabdehə göndərilən pretenziya məktublarından görünür ki, sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-ə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-ə təqdim edilməsi cavabdehdən tələb edilmişdir.

21. 17.06.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 93,35 manat dövlət rüsumu ödənilmişdir. Müəyyən edilən işin faktiki halları:

22. Cavabdeh 2021-ci ildən 2024-cü ilin iyun ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il il tarixli ümumi yığıncağın qərarı ilə direktor vəzifəsindən azad edilmişdir. İddiaçı ASC ilə fiziki şəxs X2 arasında Bakı şəhəri, Nizami rayonu, Babək pr-ti 74 ünvanda yerləşən əmlakın icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli icarə müqavilələri bağlanmışdır. İddiaçı cavabdehin direktor olduğu dövrlərə təsadüf edən icarədar tərəfindən ödənilmiş icarə haqlarının(və kommunal xidmət haqları) cavabdehə əlbəəl verildiyini və həmin vəsaitin hüquqi şəxsə təhvil verilmədiyini iddia etməklə vurulmuş ziyanın əvəzi olaraq 6025 manat tələb edir. Tələbini isə xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək "xxxx" MMC tərəfindən aparılmış maliyyətəsərrüfat təftişinin nəticələri ilə əsaslandırır. Hansı ki, sonuncu tərəfindən tərtib edilmiş maliyyə arayışına görə icarə müqaviləsi üzrə X1 7334.01 manat icra edilməmiş öhdəliyi vardır. Eyni zamanda iddiaçı bildirir ki, icarədara göndərilmiş elektron qaimələr üzrə ödənişlər kassa olmadığına görə əlbəəl verilmişdir.Cavabdeh isə iddiaya etiraz edərək elektron qaimələr üzrə borcun olmadığını bildirmişdir. Tətbiq edilən maddi hüquq normaları:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir.

25. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.

28. 49.4.5-ci maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halında məsuliyyət daşıyır.

29. 49.5. Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.

30. 107.1-ci maddəsinə əsasən Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: ... 107.1.4. cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək; ...

31. 107.6-cı maddəsinə əsasən Bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. Nizamnamə kapitalında məcmu payı on faiz və ya daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı hər bir vaxt keçirilməlidir. Səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışının keçirilməsi qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

32. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Tətbiq edilən prosessual hüquq normaları:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

34. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

40. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin əsaslandırması:

41. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

42. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

43. İşin müəyyən edilən faktiki hallarına görə iddiaçı əvvəlki direktorun hüquqi şəxsin əmlakını, yəni ödənilən icarə haqlarını mənimsədiyini iddia edir və nəticədə hüquqi şəxsə vurulmuş zərərin ödənilməsini tələb edir.

44. Məhkəmənin mövqeyinə görə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları mötəbər sənədlərlə sübut edə bilmir.

45. Belə ki, iddiaçı tələb olunan məbləğ üzrə hüquqi şəxsin balansında olan kəsirin məhz icarə haqqı olaraq ödənilmiş vəsaitin mənimsənilməsindən irəli gəldiyini, ümumiyyətlə hüquqi şəxsin balansında kəsirin olduğunu və bunun direktorun hüquqa zidd əməlindən qaynaqlandığını mötəbər sübutlarla təsdiq edə bilmir. Çünki bununla bağlı hər hansı audit yoxlaması keçirilməmişdir. Hansı ki, auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Lakin iddiaçı auditor rəyi almamış, müstəqil mühasibin təftişinin nəticəsinə əsaslanmaqla kifayətlənmişdir. Bundan əlavə hüquqi şəxsin balansında kəsirin mövcudluğu sübut olunsa belə, bunun məhz icarə haqlarından mənimsənilən vəsait olmasını audit rəyi olmadan müəyyən etmək mümkün deyildir. Nəticə:

46. Beləliklə məhkəmə hesab edir ki, iddia sübut olunmadığından rədd edilməli və məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar