Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-982/2025 29.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat münasibətləri, görülmüş işlərə görə muzdun ödənilməsi, sübutetmə, hüquqi həqiqət) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 203 196 manat məbləğində pulun və ödənilmiş 493,2 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. cavabdeh 2023-cü ilin mart ayından iddiaçıya Binəqədi rayonu, Xocəsən qəsəbəsində tikinti işləri aparmaq üçün 4 ədəd obyektin sifarişini vermiş, sifarişləri tam şəkildə yerinə yetirməsinə baxmayaraq, iddiaçıya görülmüş işlərin əvəzində külli miqdarda vəsaiti ödəməkdən imtina etmişdir. Göstərilənlə əlaqədar iddiaçı 17 yanvar 2024-cü ildə şikayət ərizəsi ilə Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş, Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi polis kapitanı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə onun icraatında olan Cavabdeh barəsində şikayət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir və iddiaçının məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. 2.2. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar iddiaçıya 18 iyul 2024-cü ildə təqdim edilmişdir. Şikayət ərizəsi ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, cavabdeh Binəqədi rayonu, Xocasən qəsəbəsində qeyri-yaşayış obyektinin tikintilərini aparmaq üçün 2023-cü ilin mart ayından sonra tikinti işləri ilə məşğul olduğu üçün iddiaçı ilə hər bir kv.m 170 manatdan şifahi razılaşmışdır. Araşdırma zamanı cavabdeh etiraf etmişdir ki, o, hər kv.m 170 manatdan olmaqla 2023-cü ilin mart ayından sonra müxtəlif vaxtlarda 4 ədəd obyektin tikintisini aparmağı razılaşdırmışdır. Cavabdeh izahatında təsdiq edir ki, birinci obyektə görə, o, 600 kv.m, hər kv.metri 170 manatdan olmaqla və əlavə işlər də görülməklə 110 000 manata tikilib, ona təhvil verilməsinə razılaşmışdır. Cavabdeh təsdiq etmişdir ki, iddiaçı tikintini 15- 20 gündən sonra ona təhvil vermişdir. 2.3. Həmçinin cavabdeh birinci obyektdə iş qurtarandan sonra 740 kv.m ikinci obyektin tikintisini hər kv.metr üçün 170 manat olmaqla razılaşdırmışdır. Deməli, bu obyektə görə 125 800 manat ödənilməli olmuşdur. Sonra izahatda təsdiq olunur ki, cavabdeh 373 kv.metr sahəsi olan üçüncü obyektin tikintisi hər kv.metr üçün 170 manat olmaqla razılaşdırmışdır. Bu obyektə görə ödənilməli məbləğ 63410 manat təşkil edir. Daha sonra izahatda təsdiq olunur ki, cavabdeh üçüncü obyektin zirzəmisinin üstünün 397 kv.m sahəsinin tikintisinin aparılmasını hər kv.m üçün 170 manat olmaqla razılaşdırmışdır. Bu işə görə də ödənilməli məbləğ 67490 manat təşkil edir. Dörd obyektin tikintisi üçün razılaşdırılmış məbləğ 366 700 manat təşkil edir. 2.4. Həmçinin iddiaçı obyektləri tikərkən cavabdeh üçün əvvəldən razılaşdırılmamış əlavə işlər də görmüşdür. Məsələn birinci obyektin tikintisində razılaşdırılandan əlavə olaraq 5000 manat dəyərində “kazırok” tikilmişdir. Bütün görülən işlərin cəmində cavabdeh 445 000 manat pul verməli idi. Lakin cavabdeh tikinti zamanı verdiyi tikinti materiallarının dəyərini də ödənilmiş məbləğ kimi hesablamaqla cəmi 241 804 manat ödəmişdir. Beləliklə, cəmi borc 203 196 manat təkil edir. Göstərilənlərlə əlaqədar, bütün sübut və sənədlər Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi polis kapitanı X2 apardığı araşdırma nəticəsində toplanmış materialın içindədir. Cavabdehə 07 oktyabr 2024-cü ildə pretenziya məktubu ilə müraciət edilmiş, 203 196 manat borcun 15 təqvim günü müddətində ödənilməsi xahiş edilmişdir. Lakin pretenziya məktubuna cavab verilməmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 1096.1, 1097-ci maddələri göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. 2023-cü ilin aprel ayında cavabdeh iddiaçı ilə görüşərək qeyri-yaşayış sahəsi inşa etdirmək istədiyini, bunun üçün işlərin həcmi (qazıntı, beton, hörgü və s.) və qiyməti ilə maraqlandığını bildirmiş, iddiaçı cavabdehə yer səviyyəsindən (şapdan) hündürlüyü 5 metr olan, içərisinin tam təmirli olması şərtilə 1 kv.m sahənin 200 manata başa gələcəyini qeyd etmişdir. Bu qiymətə işçilərin əmək haqları və materiallar da daxil olmuşdur. Həmin görüşdən 10 gün sonra tərəflər təkrar danışaraq 1 kv.m üçün 182 manat qiymətə razılaşmışlar. İnşası nəzərdə tutulan 600 kv.m ilk qeyri-yaşayış sahəsi üçün iddiaçıya 109 200 manat (600 x 182) ödənilmişdir. Tikintinin gedişi zamanı əlavə 24 kv.m “kazirok” inşa edilməsi zərurəti yaranmış, onun pulu əlavə 4368 manat təşkil etmiş, həmin vəsait iddiaçıya ödənilmişdir. 5.2. Birinci obyektin tikintisi başa çatdıqan sonra cavabdeh iddiaçı ilə görüşərək ümumi sahəsi 378 kv.m olan ikinci bir qeyri-yaşayış sahəsini inşa etdirmək istədiyini bildirmiş, iddiaçıya başqa podratçıların həmin obyekti 1 kv.m üçün 170 manat qiymət təklif etdiklərini qeyd etmiş, iddiaçı həmin qiymətə razılaşmışdır. Beləliklə, 378 kv.m ikinci obyektin tikintisi iddiaçıya həvalə edilmişdir. İş başlayandan tam qurtarana qədər razılaşdırılan məbləğ iddiaçıya tam olaraq ödənilmişdir. Obyektin birinci mərtəbəsi tam inşa edildikdən sonra onun ikinci mərtəbəsinin də inşası iddiaçıya həvalə edilmişdir. İkinci mərtəbə də eyni qiymət şərti ilə inşa edilmiş və ikinci mərtəbənin inşası ilə bağlı bütün xərclər (378 kv.m x 170 manat) iddiaçıya tam olaraq ödənilmişdir. İnşaat zamanı əlavə olaraq 16,8 kv.m “kazirok” inşa edilmiş və onun da dəyəri iddiaçıya ödənilmişdir. 5.3. İkinci obyekt tam hazır olduqdan sonra iddiaçıya üçüncü obyektin inşası üçün tapşırıq verilmiş, bu obyektin də inşası 1 kv.m 170 manatdan razılaşdırılmışdır. Obyektin ümumi sahəsi 734 kv.m, hündürlüyü isə 5 metr təşkil etmişdir. Bu obyektin inşası zamanı iddiaçı tikintidə ciddi pozuntulara yol vermişdir. Belə ki, hələ bünövrə mərhələsində beton dirəklərin bir-birini bağlamaması, sütunların əyri əkildiyi müəyyən olunmuş, iddiaçı qüsurlara yol verildiyini etiraf etmiş və onları aradan qaldıracağına söz vermişdir. Lakin ona mütəmadi pul ödənilməsinə baxmayaraq, iddiaçı bu qüsurları köklü olaraq aradan qaldırmamışdır. Buna baxmayaraq, həmin obyektin inşası üçün razılaşdırılmış məbləğ iddiaçıya tam olaraq ödənilmişdir. Əlavə olaraq, görülən 24 kv.m “kazirok” işlərinin və obyektin yer səviyyəsinin düzlənməsi (şap) işlərinin dəyəri də tam olaraq (15000 manat + 4080 manat) iddiaçıya ödənilmişdir. 5.4. İddiaçıya bütün bu görülən işlərə görə ümumilikdə 386 000 manatdan da artıq vəsait ödənilmişdir. Qeyd edilən vəsaitlər iddiaçıya hissə-hissə ödənilmiş, hər dəfə bu barədə özünə telefon vasitəsilə məlumat verilmiş və onun tərəfindən təsdiqlənmişdir. Ümumiyyətlə, mütəmadi ödənişlər olmasa idi, tikintini davam etdirmək və başa çatdırmaq mümkün olmazdı. Çünki bütün tikinti materialları, işçilik haqları, nəqliyyat xərcləri razılaşdırılan ümumi məbləğ hesabına ödənilmişdir. İddiaçı öz tələbini əsaslandırmaq üçün obyektin hündürlüyünün 5 metr yox, guya 4 metr nəzərdə tutulduğunu, guya 1 metr fərqin ödənilmədiyi barədə əsassız arqumentlərə istinad edir. 5.5. Əvvəla, obyektin nə üçün, hansı məqsədlə inşa edildiyini iş sifarişçisi olaraq cavabdeh bilir və tikinti tapşırığını da sonuncu verir. İddiaçı iş icraçısıdır və ona tapşırılan işi görür. Əgər obyekt 4 metrdən 5 metrə qaldırılıbsa və həmin fərq ödənməmişdirsə, o halda nə üçün ikinci sifariş qəbul edilirdi və hətta bu zaman iddiaçı 1 kv.m sahənin qiymətini 182 manatdan 170 manata endirməyə niyə razı olurdu? İddiaçının bu arqumenti tamamilə əsassızdır. Onun arqumentlərinin tam əsassız olması, böhtan olması işlərin tam başa çatmasından sonra birlikdə müzakirə aparılan zamanı da sübut olunmuşdur. Belə ki, iddiaçı özünün yaxın adamları ilə bu məsələləri müzakirə edəndə ona tapşırılan işlər, ödənilən pullar və razılaşılan qiymət barədə dəlillər deyiləndən sonra onun tərəfindən gələn şəxslər də iddiaçının əsassız tələb irəli sürdüyünü özünə bildirmişlər. İddiaçı cavabdehdən Binəqədi Rayon Polis İdarəsinə də şikayət etmiş, hətta şikayətində göstərmişdir ki, şəxsən bankdan borc götürərək işləri görmüşdür. Polisdə araşdırma aparılarkən cavabdeh iddiaçıya ödədiyi pullarla bağlı sübutları təqdim etdikdə iddiaçı çıxılmaz hala düşmüş və göndərilən pullardan xəbəri olmadığı barədə gülünc arqument gətirmişdir. Hansı bankdan borc alması barədə suala isə iddiaçı cavab tapa bilməmişdir. Tikinti işlərinin getdiyi dövrdə cavabdeh bütün görülən işlərin dəyərini (material xərcləri, nəqliyyat xərcləri və işçilik haqları) iddiaçıya ödəmiş və hər ödəniş barədə iddiaçıya məlumat vermişdir. İddiaçı hər dəfə ödənişləri qəbul edib, bunu təsdiq edib və işlər bu ödənişlərə müvafiq olaraq görülüb. Hətta əlavə görülən işlərin də dəyəri tam olaraq ödənilmişdir.
6. Cavabdeh iddiaya etirazda maddi hüquqi əsas kimi Mülki Məcəllənin 753-cü maddəsinə istinad etmişdir.
II. Tərəflərin mövqeləri:
7. İddiaçı və nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdilər və eyni zamanda göstərdilər ki, cavabdeh məhkəmə iclaslarında 395 000 manat dəyərində işin görüldüyünü etiraf etmiş, lakin həmin işlərin dəyərini ödədiyinə dair hər hansı sübut təqdim etməmişdir.
8. Məhkəmənin suallarına cavab olaraq iddiaçı qeyd etdi ki, cavabdehin qardaşına da 125 000 manat dəyərində iş görülmüş, görülmüş işlərin cəmi dəyəri 500 000 manat dəyərində olmuşdur.
9. Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdilər və eyni zamanda göstərdilər ki, cavabdehə məxsus torpaq sahəsində təqdim olunan layihə əsasında tikinti işlərinin aparılması ilə bağlı şifahi qaydada münasibətlər yaranmışdır. Tərəflər arasında həmçinin qohumluq münasibətləri olmuşdur. Cavabdeh iddiaçıya bildirmişdir ki, təqdim edəcəyi layihə əsasında qeyri-yaşayış sahələrinin tikintisini həyata keçirmək fikrindədir. Şifahi danışıqlara əsasən, iddiaçı öz işçi qüvvəsi və aldığı materiallar ilə tikintini həyata keçirməli, cavabdeh isə hər mərhələ üzrə ödənişləri həyata keçirməli olmuş, ilkin olaraq birinci layihə təqdim edilmiş, ödəniş edilmişdir. Cavabdeh ödənişlər etdikcə iddiaçı işçi qüvvəsi cəlb etmiş, materiallar almış və hər dəfə də hesabat təqdim etmişdir. İşçi qüvvəsinin haqları və materialların dəyəri ödənilmiş, sonra ikinci qeyri-yaşayış sahəsinin tikintisi üçün razılaşma olmuşdur. Yenidən qiymətlər razılaşdırılmış, cavabdeh həm kart, həm də nağd şəkildə ödənişlər etmiş və vatsap yazışmalarında da bu qeyd olunmuşdur. Üçüncü layihə üzrə də sifarişlər verilmiş, işlər görülmüş, bu layihə üzrə sifarişdən kənara çıxmalar olmuşdur. Ümumilikdə cavabdeh tərəfindən iddiaçıya 386 000 manatdan çox ödəniş edilmiş, cavabdeh üçüncü qeyri-yaşayış sahəsinin tikintisində qüsur aşkar etmiş və iddiaçıya irad bildirdikdə iddiaçı qüsurları qismən aradan qaldırılmışdır. İşlər tamamlandıqdan sonra təhvil alınmış, iddiaçı təqdim etdiyi hesabat üzrə bütün vəsaiti cavabdehdən almışdır.
10. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili göstərdi ki, birinci obyektin sahəsi 600 kv.m, ikinci obyektin sahəsi birinci mərtəbəsi 378 kv.m, ikinci mərtəbəsi 370 kv.m olmaqla cəmi 748 kv.m, üçüncü obyektin sahəsi isə 734 kv.m olmuşdur.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: a) Müqavilə üzrə əsas borcun tutulması tələbi ilə bağlı
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi qaydada podrat müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, cavabdeh isə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür.
15. İddiaçı podrat müqaviləsi üzrə 445 000 manat dəyərində iş görüldüyünü, lakin 241 804 manat ödəniş edildiyini bildirərək cavabdehdən görülmüş işlərə görə muzdun – 203 196 manat məbləğində pulun tutulmasını tələb edir.
16. Cavabdeh iddiaya etiraz edərək görülmüş işlərin dəyərinin tam olaraq ödənildiyini bildirir.
17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
19. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).
20. Podrat müqaviləsi üzrə yerinə yetirilmiş iş üçün muzdun ödənilməsindən bəhs edən Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
21. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
22. Hazırda tərəflər arasında görülmüş işlərin həcmi, ödənilmiş muzdun məbləği ilə bağlı mübahisə mövcuddur.
23. İddiaçı iddia ərizəsində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində sahəsi 600 kv.m olan obyektin tikintisi üçün 110 000 manat, 740 kv.m olan obyektin tikintisi üçün 125 800 manat, sahəsi 373 kv.m olan obyektin tikintisi üçün 63410 manat, sahəsi 397 kv.m olan obyektin tikintisi üçün 67490 manat muzdun razılaşdırıldığını (ümumilikdə 366 700 manat), əlavə işlərlə birlikdə 445 000 manat dəyərində işin görüldüyünü bildirir. Cavabdeh isə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində sahəsi 600 kv.m olan obyektin tikintisi üçün 109 200 manat (əlavə olaraq 4368 manatlıq iş görülmüşdür), 734 kv.m olan obyektin tikintisi üçün 124 780 manat (əlavə olaraq 19080 manat iş görülmüşdür), sahəsi 378 kv.m olan obyektin tikintisi üçün 64260 manat, sahəsi 378 kv.m olan obyektin tikintisi üçün 64260 manat muzdun razılaşdırıldığını, əlavə işlərlə birlikdə 386 000 manatdan artıq ödənişin edildiyini bildirir.
24. Məhkəmə tərəfindən görülmüş işlərin həcminin müəyyən edilməsi məqsədilə xx.xx.2025-ci il tarixli qərardad ilə iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəməiqtisad ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmış, 02 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə tikinti-texniki və məhkəmə-iqtisad ekspertizasının aparılmasından imtina olunması barədə məlumatı məhkəməyə daxil olmuşdur. Daha sonra xx.xx.2025-ci il tarixli qərardadla iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmaqla ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin ölçüləri nə qədər təşkil edir (qeyri-yaşayış sahələri ayrı-ayrılıqda göstərilməklə)? Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələri üzrə təmir işləri istisna olmaqla görülmüş işlərin 2023-cü ilə orta bazar dəyəri nə qədər təşkil edir?
25. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli CVN/D 96-603/25 nömrəli rəyinə əsasən, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin ümumi sahəsi 2099 kv.metr təşkil edir (sahəsi 600 kv.m, 372 kv.m, 372 kv.m və 755 kv.m olan obyektlər); Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahələri üzrə təmir işləri istisna olmaqla görülmüş işlərin 2023-cü ilə orta bazar dəyəri 364 458,25 manat təşkil edir.
26. İddiaçı qeyd edilən ekspert rəyini şübhə altına almağa çalışkən 2 arqumentə – işlərin dəyərinin real qiyməti əks etdirməyinə, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Çingiz xan küçəsinə görülmüş işlərin nəzərə alınmadığına istinad etmişdir.
27. Qeyd edilən dəlillərə münasibətdə göstərilməlidir ki, iddiaçı istinad etdiyi 4 obyekt üçün razılaşdırılan məbləğin 366 700 manat olduğunu bildirmiş, əlavə olaraq 5000 manatlıq “kazirok” işinin görüldüyünü qeyd etmişdir. Ekspertin müəyyən etdiyi məbləğ də iddiaçının istinad etdiyi qiymətlərə uyğun olmuşdur. İddiaçı isə 366 700 manat məbləğində işin razılaşdırıldığını, əlavə olaraq 5000 manat manatlıq “kazirok” işinin görüldüyünü göstərsə də, yekun olaraq borcun 445 000 manat təşkil etdiyini göstərmiş, lakin hansı işlərin görüldüyü, ekspertin hansı işləri nəzərə almadığını, razılaşdırılmasını iddia etdiyi məbləğlə (366 700 manat) ekspertin müəyyən etdiyi məbləği (364 458,25 manat) eynilik təşkil etdiyi halda, görülmüş işlərin bazar dəyərinin daha yuxarı olduğuna dair hər hansı konkret fakta istinad edə bilməmişdir.
28. Digər tərəfdən, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Çingiz xan küçəsində görülmüş işlərin nəzərə alınmadığını bildirsə də, nə iddia ərizəsində, nə də polis orqanına müraciət etdiyi zaman Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Çingiz xan küçəsində hər hansı iş görüldüyünü bildirmişdir. İddiaçının qeyd olunan ziddiyyətli mövqeyi ilə bağlı məhkəmə mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi estoppel prinsipi və bununla bağlı qanunvericiliyin tələblərini nəzərdən keçirməyi zəruri hesab edir.
29. Belə ki, Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
30. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
31. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
32. Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).
33. Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
34. Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi polis kapitanı X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı və material üzrə sənədlərdən görünür ki, iddiaçı izahatında göstərmişdir ki, 2023-cü ilin mart ayı Naxçıvan MR-in Şahbuz rayonundan olan İltimasla tanış olmuş, İltimasla uzaq qohum olmasına baxmayaraq, həmin vaxta qədər onunla şəxsi tanışlığı olmamış, İltimas ona Binəqədi rayonu, Xocasən qəsəbəsində 600 kv.metrlik obyekti inşa etdirmək istədiyini bildirmiş, tikintiyə lazım olacaq bütün mal materialın onun tərəfindən təmin olunacağı razılaşdıqdan sonra tikinti üçün həmin obyektin tikintisinə şərik olan Natiq 110 000 manatlıq smeta hazırlamış, işə başlamaq üçün İltimas ilkin olaraq ona 30000 manat verməli olduğu halda, 10000 manat pul vermiş, sonradan İltimas armaturla betonu özünün verəcəyini, onarın dəyərinin ondan çıxacağını bildirmiş, üç ay müddətində görülücək işi İltimasın xahişi ilə əlavə özünün hesabına ustalar gətirməklə bir ay müddətinə yekunlaşdırmış, İltimasla görülən işin haqq-hesabını etmək istədikdə İltimas əlavə tikinti işlərinin olduğunu bildirərək, işlədikcə hesablaşacağını demiş, İltimasa bir yerli, qohum kimi inanıb onunla razılaşmış, bu qaydada İltimas üçün Xocasən qəsəbəsində əlavə üç obyektin tam tikintisini və bir ədəd yarımçıq tikilinin tikintisini həyata keçirmiş, bu qaydada ümimilikdə İltimas üçün 375560 manatlıq iş görmüş, həmin məbləğin 133756 manatı İltimas tərəfindən ona ödənilməmiş, hər dəfə ondan gördüyü işin pulunu istəyəndə bir bəhanə gətirərək pulu ödəməkdən yayındığından Binəqədi RPİ-yə ərizə ilə müraciət etmişdir.
35. Göründüyü kimi, iddiaçı iddia ərizəsində qeyd etmədiyi kimi, Binəqədi Rayon Polis İdarəsinə etdiyi müraciətdə də Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Çingiz xan küçəsində hər hansı işin görüldüyünə istinad etməmiş, hazırda görülmüş işlərin 445 000 manatdan çox olduğunu göstərsə də, polis orqanına verdiyi izahatında ümumilikdə 375560 manat dəyərində iş gördüyünü bildirmişdir.
36. Belə olan halda, məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025ci il tarixli CVN/D 96-603/25 nömrəli rəyini mötəbər hesab etməklə görülmüş işlərin cəmi dəyərinin 364 458,25 manat olduğu qənaətinə gəlir.
37. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilmiş cəmi muzdun məbləği ilə bağlı isə aşağıdakıları qeyd edir.
38. Əvvəla, göstərilməlidir ki, edilmiş ödənişlərə dair məhkəməyə iddiaçı və cavabdeh arasında aparılması işin mübahisəsiz halını təşkil edən vatsap yazışmaları təqdim edilmişdir.
39. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz (N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərar).
40. Məhkəmə qeyd edilən danışıqların podrat münasibəti üzrə iddiaçı və cavabdeh arasında aparıldığını nəzərə alaraq həmin sübutu qəbuledilən hesab edir.
41. 2023-cü ilin iyun ayının 9-dan 2023-cü ilin oktyabr ayının 17-dək aparılan danışıqlardan görünür ki, iddiaçı müxtəlif tarixlərdə cavabdehə ayrı-ayrı bank kartlarının şəklini göndərmiş, cavabdeh dövri olaraq iddiaçıya edilən cəmi ödənişlər barədə məlumat vermiş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə cəmi 376 783 manat ödəniş etdiyini bildirmiş, iddiaçı tərəfindən hər hansı etiraz olmamışdır. Əksinə, 01 sentyabr 2023-cü il tarixdə iddiaçı öz səs yazısı ilə ayın 24-nə 356 673 manat pul ödənildiyini, həmin tarixdən sonra əlavə olaraq 3000 manat ödəniş edildiyini qəbul etmişdir.
42. Beləliklə, 364 458,25 manat məbləğində işin dəyərinin ödənildiyi işin müəyyən olunan halını təşkil edir.
43. İddiaçı isə yalnız 241 804 manat ödənişin edildiyini qəbul etsə də, vatsap yazışmalarına münasibətdə hər hansı tutarlı dəlil irəli sürməmişdir.
44. İşdə iştirak edən şəxslər nəzərə almalıdır ki, mülki məhkəmə icraatında məhkəmənin səlahiyyətləri, prosessual statusu onun üçün obyektiv həqiqətin müəyyənləşdirilməsini qeyri-mümkün edir. Bu mənada məhkəmə icraatının həqiqəti müəyyənləşdirilməsi konstitusion vəzifəsi mülki məhkəmə icraatında “hüquqi həqiqət”in müəyyən edilməsi ilə məhdudlaşır.
45. Konstitusiya Məhkəməsi göstərmişdir ki, ümumiyyətlə, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır (Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərar).
46. Göstərilənlər onu deməyə əsas verir ki, müqavilədən irəli gələn münasibətlərdə tərəflər öhdəliyin icrası ilə bağlı hərəkətlərin lazımi qaydada rəsmiləşdirilməməsi, yazılı sənədlərin, o cümlədən təhvil-qəbul aktlarının tərtib olunmaması, ödənişlərin qeyri-rəsmi edilməsinin riskini daşıyırlar və bu zaman müvafiq sübutlarının olmaması səbəbindən obyektiv həqiqətin müəyyənləşdirilməsi məqsədilə sübutların toplanması və sübutetmə vəzifəsini məhkəməyə həvalə edə bilməzlər. Belə ki, tərəflər mülki məhkəmə icraatında hüquqi həqiqətin müəyyən olunduğunu nəzərə almalıdırlar.
47. Odur ki hazırda iş materiallarında olan sübutlarla 364 458,25 manat dəyərində işin görüldüyü, görülmüş işlər üçün 376 783 manat muzd ödənildiyi təsdiq edildiyindən iddiaçının əlavə olaraq 203 196 manat məbləğində pulun tutulması tələbi təmin edilməməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
48. İddiaçı həmçinin ödənilmiş 493,2 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
49. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
50. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Məhkəmə iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
V. Nəticə:
52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin olunmasın. Ekspertiza xərci olaraq 300 manat İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, bank: "xxxx" ASC Nərimanov filialı, bankın VÖEN-i: **********, M.h.: AZ03NABZ********************, H.h: AZ471BAZ********************, kod: 805711, SWİFT: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova