Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9823/2025 27.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (icarə müqaviləsi üzrə borcun ödənilməsi və dəbbə pulu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı Cavabdeh ASC-yə qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 337,609.80 məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 25 oktyabr 2024-cü il tarixdə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə X1 Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində pavilyon icarəsi müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, Əməliyyat Şirkəti pavilyon icarəçisinə ümumilikdə 50 kv. metr olan pavilyon sahəsinə giriş və ondan istifadə etməyə icazə verməyi, pavilyon icarəçisi isə öz növbəsində pavilyondan istifadə müqabilində ƏDV xaric 93,500 manat dəyərində icarə haqqını Müqavilə imzalandıqdan sonra 15 gün ərzində iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, müqavilənin 4.4-cü bəndində icarə haqqının gecikdirilməsi halında, cavabdehin iddiaçıya gecikdirilmiş hər gün üçün ödənişi gecikdirilən məbləğin 1 faizi həcmində cərimə ödəməsi nəzərdə tutulmuşdur. İddiaçı müqavilədən irəli gələn öhdəliklərini tam şəkildə icra edərək müvafiq pavilyon sahəsini cavabdehə qüsursuz şəkildə təhvil verməsinə və cavabdehin ondan istifadə etməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri icra edilməmiş, müqavilə bağlandıqdan sonra hazırki tarixədək heç bir ödəniş etməmişdir. Ödəniş öhdəliyinin icra olunmaması və vurulmuş ziyanla bağlı iddiaçı tərəfindən cavabdehlə şifahi danışıqlar aparılmış, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən gecikdirilmiş öhdəliklərin və şirkətimizə dəymiş zərərin ödənilməsi təmin edilməmişdir. Beləliklə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozulması nəticəsində cavabdehin Əməliyyat Şirkəti qarşısında ümumilikdə 337,609.80 manat məbləğində maliyyə öhdəliyi yaranmışdır.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbimi aşağıdakı kimi, 1.əsas borc: 110330,00 manat 2.dəbbə pulu (cərimə/faiz): 227279,80 manat 3. ümumi məbləğ: 337609,80 manat formasında dəqiqləşdirdiyini bildirmiş və iddia tələbinin bu formada dəqiqləşdirilməsini qəbul etməyi məhkəmədən xahiş etmişdir.
4. 08.12.2025-ci il tarixdə cavabdeh EMİS vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı borcun ümumi 337,609.80 manat olduğunu qeyd etsə də , bu məbləğin formalaşması ilə bağlı: real zərərin hesablanması, iqtisadi əsaslandırılması, faktiki itkilərin sübutları məhkəməyə təqdim edilməmişdir. İddiada göstərilmişdir ki, müqavilənin 4.4-cü bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə hər gün üçün 1% cərimə tətbiq olunur. Bu isə faktiki olaraq borcun qısa müddətdə əsas borcdan dəfələrlə artıq məbləğə çatmasına səbəb olur. Bu baxımdan, iddiaçı tərəfindən tələb edilən cərimə və faizlər ədalətlilik və mütənasiblik prinsiplərini pozur. Məhkəmə təcrübəsində əsas borcdan artıq hesablanmış faiz borcunun tutulmasına yol verilmir. Belə ki, Məhkəmə açıq-aşkar həddindən artıq böyük cərimə və sanksiyaları azaltmaq hüququna malikdir. Mövcud vəziyyətdə iddiaçı tərəfin təqdim etdiyi hesablamalar ədalətsiz zənginləşməyə yönəlmiş xarakter daşıyır. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
II. Tərəflərin mövqeləri:
6. İş üzrə məhkəmə iclası xx.xx.2026-cı il tarixə saat 10:40-a təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışlar.
7. İddiaçı xx.xx.2026-cı il tarixdə EMİS vasitəsi ilə ərizə təqdim edərək nümayəndəsinin ezamiyyətdə olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun qərar qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
9. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Etka Holdingin Azərbaycandakı nümayəndəliyi X2 qoludur. Etka Holding ASC iddiaçı ilə müqavilə bağlasa da ödənişi X4 ödəməli idi. Həmçinin Nümayəndə formal olaraq, bir rəhbər kimi cəlb edilib, orada faktiki rəhbərliyi X4 baş direktoru edib. İddia tələbində 330000 manat göstərilib, ancaq cavabdehin təxmini 100000 manat həddində borcu var, daha doğrusu 93500 manat, bu məbləği ödəməyi düşünürlər. Hesab edir ki, dəbbə pulunun məbləği şişirdilmişdir və əsas borcdan 3 dəfə çoxdur. Sədrlik edənin sualına cavab olaraq cavabdehin nümayəndəsi bildirdi ki, Etka Holding ASC müstəqil hüquqi şəxsdir və müqaviləni iddiaçı ilə özü bağlamışdır. Əsas borcla bağlı mübahisələri yoxdur, ancaq cavabdeh burada qeydiyyatda olsa da, reallığa qaldıqda türk şirkətidir.
III. Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. İddiaçı (əməliyyat şirkəti) ilə Cavabdeh ASC (icarəçi) arasında bağlanmış və hər iki hüquqi şəxsin rəhbərinin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli pavilyon icarəsi müqaviləsinin: Preambulasına əsasən, pavilyon yaşıl zonada Əməliyyat Şirkəti və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxslər tərəfindən quraşdırılan və pavilyon icarəçisinin istifadəsinə təqdim olunan müvəqqəti tikilidir. 2.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən, əməliyyat şirkəti pavilyon icarəçisinə bu müqavilənin 3-cü bəndində qeyd olunmuş pavilyon sahəsini və bununla əlaqəli olan razılaşdırılmış xidmətləri təqdim edir. 3.1- ci bəndinə əsasən, pavilyon icarəçisinə ümumi sahəsi 50 “custom design” kv.m olan pavilyon sahəsinə giriş və istifadə hüququ verilir. Pavilyon sahəsinin ölçüsü, planı və bütün əlaqəli obyektləri bu müqavilənin 1 saylı əlavəsində ətraflı təsvir edilmişdir. 4.1-ci bədninə əsasən, pavilyondan istifadə müqabilində pavilyon icarəçisi əməliyyat şirkətinə əlavə 93500 manat (18% ədv xaric) məbləğində icarə haqqı ödəyir. 4.3-cü bədninə əsasən, müvafiq icarə haqqı pavilyon icarəçisi tərəfindən tam şəkildə müqaviləni hər iki tərəf imzalandıqdan 15 gün ərzində əməliyyat şirkətinin bank hesabına köçürülmə yolu ilə ödənilməlidir. 4.4-cü bəndinə əsasən, pavilyon icarəçisi tərəfindən icarə haqqının ödənilməsi gecikdirildiyi təqdirdə gecikdirilmiş hər gün üçün pavilyon icarəçisi əməliyyat şirkətinə ödənişi gecikdirilən məbləğin 1 faizi məbləğində cərimə ödəyir. 6.1.1–ci bəndinə əsasən, pavilyon icarəçisi tərəfindən icarə haqqının vaxtında ödənilməsini tələb etmək əməliyyat şirkətinin hüququdur. 7.2.1-ci bəndinə əsasən, icarə haqqını və razılaşdırılmış əlavə xidmətlərin dəyərini bu müqavilədə və əlavələrində nəzərdə tutulmuş müddətlərdə ödəmək pavilyon icarəçisinin öhdəliyidir. 15.1-ci bəndinə əsasən, bu müqavilə tərəflərin öz öhdəliklərini tam şəkildə icra edənə kimi qüvvədədir.
12. Müqaviləyə 1 saylı Əlavədən görünür ki, xidmət – 50 kv metr pavilion sahəsinin icarəsi, qiymət 93500 manat, ƏDV 16830 manat olmaqla yekun məbləğ 110330 manat müəyyən edilmişdir.
13. İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli MT2412 seriyalı 12163941 nömrəli elektron qaimədən görünür ki, əsas borc 93500 manat, ƏDV 16830 manat olmaqla, cəmi məbləğ 110330 manat təşkil etmişdir. Elektron qaimənin əsası qismində xx.xx.2024-cü il tarixli 400PP-29 nömrəli müqaviləyə istinad olunmuşdur.
14. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 110300 manat ödənilməmiş və 306 günlük gecikmə mövcuddur. Beləliklə 2025-ci il tarixə olan məlumatlara əsasən, Cavabdeh ASC-nin İddiaçınə qarşı ümumi borc məbləği 337,609.80 təşkil edir.
15. İddiaçı tərəfindən Cavabdeh ASC-yə xx.xx.2025-ci il tarixində elektron qaydada pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, borcla bağlı məsələyə münasibət bildirməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin icarəyə götürdüyü əmlaka dair icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli pavilyon icarəsi müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
18. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.
19. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı (əməliyyat şirkəti) ilə Cavabdeh ASC (icarəçi) arasında bağlanmış və hər iki hüquqi şəxsin rəhbərinin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli pavilyon icarəsi müqaviləsinə əsasən, iddiaçı ümumi sahəsi 50 kv.m olan pavilyon sahəsini icarəçiyə təhvil verməyi, icarəçi isə sahədən (pavilyondan) istifadə qarşılığında razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, müqavilə və ona 1 saylı əlavədən görünür ki, icarə haqqının dəyəri 93500 manat, ƏDV 16830 manat olmaqla ümumilikdə 110330 manat müəyyən edilmişdir. İddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək icarə obyektini cavabdehə təhvil verməsinə baxmayaraq, cavabdeh icarə haqqını ödəməmiş, nəticədə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Hal-hazırda iddiaçı qeyd edilən müqavilə üzrə əsas borcun və cərimənin tutulması tələbi ilə çıxış edir. Cavabdeh iddia tələbini qismən qəbul edərək əsas borca münasibətdə hər hansı bir mübahisənin olmadığını bildirir, lakin cərimə məbləğini həddindən artıq yüksək hesab edir.
20. Məhkəmə xüsusi olaraq qeyd edir ki, estoppel prinsipinin mahiyyətinə əsasən, hüquqda tərəf daha öncə qəbul etdiyi faktları, (hərəkətləri) sonradan inkar etmək və ya mübahisələndirmək, əvvəlki davranışına zidd mövqe tutmaq imkanından məhrum edilir (estopped from denying). Hər hansı bir fakt şəxs tərəfindən təsdiq edilə, eyni zamanda inkar edilə və ya mübahisələndirilə bilməz.
21. AR MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
22. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, cavabdehin icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyini, nəticədə iddiaçıya borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını, eyni zamanda əsas borca münasibətdə tərəflər arasında mübahisə olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi icarə üzrə əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 93500 manat əsas borc, 16830 manad ƏDV olmaqla, cəmi 110330 pul məbləği iddiaçının xeyrinə tutulmalıdır.
23. Məhkəmə cavabdehin nümayəndəsinin izahatında “hazırkı müqavilə üzrə icarə haqqının cavabdehin bağlı olduğu Türkiyə Respublikasında yerləşən hüquqi şəxs tərəfindən ödənilməli olması” barədə bildirdiklərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
24. AR MM-in: 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 44.1-ci maddəsinə əsasən, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
25. Məhkəmə tərəfindən müəyyən olundu ki, AR İN yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən Cavabdeh ASC xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Beləliklə cavabdeh xx.xx.2024-cü il tarixli icarə müqaviləsini bağlayarkən müstəqil hüquqi şəxs kimi mülki hüquq və vəzifələrə malik olmuş, müqaviləni öz adından və öz hüquqi məsuliyyəti çərçivəsində bağlamışdır. Türkiyə Respublikasında qeydiyyatda olan hər hansı hüquqi şəxsin mübahisələndirilən müqaviləyə aidiyyəti məhkəmə tərəfindən müəyyən edilməmişdir.
26. Bundan başqa iddiaçı icarə haqqı üzrə yaranmış borcun gecikdirilmiş hər günü üçün borcun 1 faizi məbləğində cərimənin tutulması tələbi ilə çıxış edir. İddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, müqavilə üzrə ümumilikdə 227279.80 manat məbləğində cərimə hesablanmışdır.
27. Məhkəmə ilkin olaraq qeyd edir ki, dəbbə pulunun növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği, digər növü olan “penya” isə öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərində nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MMin 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.
29. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, dəbbə pulunun məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən qəbul edildiyini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 5516.5 manat məbləğində dəbbə pulu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 628 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə münasibətdə -405.85 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən 93500 manat əsas borc, 16830 manad ƏDV , cəmi 110330 manat əsas borc, 5516.5 manat dəbbə pulu olmaqla ümumilikdə 115846.5 (yüz on beş min səkkiz yüz qırx altı manat əlli qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 405.85 manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov