Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-983/2025 23.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi, faiz, hüquqi yardım xərci və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən xx.xx.2023-cü il tarixli, NİM 02/2023 saylı borc müqaviləsi üzrə yaranan 48,000.00 (qırx səkkiz min) manat məbləğində borcun, həmçinin borcun müqavilə üzrə nəzərdə tutulmuş müddətdə ödənilməməsinə görə hesablanmış 4,900.00 (dörd min doqquz yüz) manat məbləğində cərimənin, hüquqi yardım üçün ödənilmiş 300.00 (üç yüz) manat məbləğində haqqın və ödənilmiş 250.00 (iki yüzəlli) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 53,450.00 (əlli üç min dörd yüzəlli) manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“İddiaçı”) ilə Cavabdeh MMC (“Cavabdeh”) arasında 19 may 2023-cü il tarixli, NİM 02/2023 saylı borc müqaviləsi (“Müqavilə”) imzalanmışdır. Müqaviləyə əsasən İddiaçı 48,000.00 manat məbləğində pulu cavabdehə borca verir, cavabdeh isə həmin pulu 10 iyun 2023-cü il tarixinədək qaytarmalı idi. Cavabdeh Müqavilə üzrə borcunu ən geci 10 iyun 2023-cü il tarixdə ödəməli idi. Öhdəliyin icra edilməsi müddətindən 1 il yarıma yaxın müddət keçməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, NİM 02/2023 saylı borc müqaviləsi üzrə yaranan 48,000.00 (qırx səkkiz min) manat məbləğində borcun, həmçinin borcun müqavilə üzrə nəzərdə tutulmuş müddətdə ödənilməməsinə görə hesablanmış 4,900.00 (dörd min doqquz yüz) manat məbləğində faizin, hüquqi yardım üçün ödənilmiş 300.00 (üç yüz) manat məbləğində haqqın və ödənilmiş 250.00 (iki yüz əlli) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 53450.00 (əlli üç min dörd yüz əlli) manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NİM 02/2023 saylı borc müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən «Borc verən» 48.000, 00 ( qırx səkkiz min manat, 00 qəpik ) Manat məbləğində pul vəsaitini (sonradan «Borc» adlandırılacaq) «Borc alan»a, maliyyə yardımı kimi, «10» iyun 2023-cu il tarixədək geri qaytarılmaq şərti ilə, borca verir, «Borc alan» isə «Borc»u bu Müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürür.
10. Müqavilənin 2.1.1-ci bəndinə əsasən Bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği müqavilə imzalanan tarixdən 3 (üç) bank günündən gcc olmayaraq «Borc alan»m bank hesabına köçürmək və ya nəğd şəkildə xəzinəsinə daxil etmək.
11. Müqavilənin 2.2.1-ci bəndinə əsasən «Borc» məbləğini «10» iyun 2023-cü il tarixədək geri qaytarmaq. Tərəflərin qarşılıqlı razılığı ilə “Borclun qaytarılma müddəti uzadıla bilər.
12. xx.xx.2023-cü il tarixli 230519 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 48.000 manat məlbəğində borc müqaviləsi üzrə ödəniş edilmişdir.
13. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir.
14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqavilələrindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
21. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin borc müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 48.000 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 48.000 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
22. İddia tələbinin digər hissəsini “borcun müqavilə üzrə nəzərdə tutulmuş müddətdə ödənilməməsinə görə hesablanmış 4,900 (dörd min doqquz yüz) manat məbləğində faizin tutulması təşkil edir.
23. Məhkəmə iddia tələbinin bu hissəsini qismən əsaslı hesab edir. Belə ki, tərəflər arasında faizsız borc məqaniləsi bağlanmışdır. Müqavilə şərtinə əsasən borc məbləği xx.xx.2023-cü il tarixində qaytarılmalı olduğu halda, bugünə kimi qaytarılmamışdır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
25. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc məbləği şərtləşdirilmiş müddətdə (xx.xx.2023-cü il tarixində) qaytarılmadığı üçün, borcun (48.000 manat) ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla (xx.xx.2023-cü il tarixindən qətnamə çıxan xx.xx.2025-ci il tarixinə kimi) 3891 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 300 manat hüquqi xidmət haqqı və 250 manat dövlət rüsumu ödənilmişdir.
28. Azərbaycan Respublikası MPM-in:
29. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
31. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 247 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti və 300 manat vəkil xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli NİM 02/2023 borc müqaviləsi üzrə 48.000 manat, borcun ödənişinin gecikdirilməsinə görə 3891 manat faiz borcu, vəkil xərcinin əvəzi olaraq 300 manat və dövlət rüsumunun əvəzi olaraq 247 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova