Məhkəmə qərarları › İş №e-2-2(113)-986/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-986/2024

11.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-986/2024 11.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: elektrik enejisi borcunun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı X4 cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X4 cavabdeh "xxxx" ASC-yə qarşı iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı X3 (abonent kodu 10/25-255), 1431,14 manat məbləğində tələb olunan borcun silinməsi barədə qətnamə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail rayonu, H.Z.Tağıyev 16 ünvanında yerləşən qeyri yaşayış sahəsi (abonent kodu 10/25-255) hal hazırda iddiaçının xüsusi mülkiyyətindədir, lakin həmin obyektə aid elektrik enrjisi sayğacını vəfat etmiş nənəsi X1 adından adına keçirilməsinə cavabdeh tərəfindən imtina edilir, imtinanın səbəbi isə 2000-2002-cı illər aralığında, "xxxx" ASC-nin fəaliyyəti dövründə, elektrik enerjisinin istifadəsinə görə 1431,14 manat məbləğində borcun olmasıdır (cavabdehin məktubu əlavə olunur) və həmin borc tərəfindən ödənilməyənədək sayğacın adına keçirilməyəcəyi bildirilir. Qeyd edilən borcun yaranması səbəbi və mövcudluğu iyirmi il ərzində cavabdeh tərəfindən ona bildirilməmişdir. Həmin borcun müəmmalı olduğuna və yaranmasından iyirmi ildən çox vaxt keçdiyinə görə silinməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə etiraz edərək rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2002-ci ili tarixli hesab fakturaları görmək olmur. 2022-ci ilin dekabr 2023-cü ilin yanvar aralığında, eyni zamnada əvvəlki illərin yanvar aylarında həmin borc məbləği görünmür. 2008-ci ilin dekabr 2009-cu ilin yanvar ayı aralığındakı aktda həmin borc məbləği görünür. Silinməsi tələb edilən məbləğ isə 2008-ci ilin 2009-cu ilin aralığında ortaya çıxmışdır. Lakin, dəqiq olaraq hansı dövrü əhatə etdiyini müəyyən edə bilmirik. Silinməsi tələb olunan borc hərhansı akta görə deyil, çox güman ki, sərfiyyatdır.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla nəzərə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmişdir.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ X4 adına hüquqi qeydiyyata alınmışdır.

9. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-13/2-2/17-N-8171-5/2023 saylı məktubunda qeyd olunmuşdur ki, 10/25-255 saylı abunə kodunda 2000-2002-ci il tarixlərində "xxxx" ASC-nin fəaliyyəti dövründə elektrik enerjisindən istifadə zamanı yaranmış 1431,14 manat dəyərində borc ödənilmədiyi üçün xx.xx.2002-ci il tarixində ödənişi tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Ödəniş tələb edilmədiyi üçün hər ay qeyri-yaşayış sahəsinə təqdim edilən bildirişdə öz əksini tapmır. Bu borcun ödənişi yalnız abunə kodunda ad dəyişikliyin edilməsi və borcun olmaması barədə arayış alınan zaman tələb olunduğu bildirilmişdir.

10. Rəsulbəyova Tamilləyə məxsus abuna haqqında məlumatdan göründüyü kimi 1431,14 manat qalıq borcu qaldığı qeyd olunmuşdur.

11. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

12. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

13. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC mübahisəli borcun hesablanması üçün iddiaçının təqsirinin olmasına dair hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şifahi olaraq bildirilsə də ki, silinməsi tələb olunan borc sərfiyyatla bağlı yazılmış məbləğdir, lakin həmin borcun dəqiq olaraq hansı dövrü əhatə etməsini, həmin dövrdə hesablanmış borcun ödənilməsinə dair hesab-fakturaların iddiaçıya göndərilməsini təsdiq edən sənədlər cavabdeh tərəfindən təqdim edilməmişdir.

14. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın:

17. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

18. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur.

19. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.

20. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

21. Qeyd olunanlardan da göründüyü kimi cavabdeh qurum yaranmış borc məbləğini hansı illəri əhatə etməsinə və buna dair hesab-faktura məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

23. Yuxarıda sadalanan halları məhkəmə nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli.

V. Nəticə:

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı X4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu 10/25-255) hesablanmış 1431,14 manat borc məbləği silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar