Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-987/2025 06.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MKT İstehsalat Kommersiya” MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 170421,78 manat, hesablanmış faiz borcuna görə 12782 manat, ödənilmiş dövlət rüsumuna görə 474 manat olmaqla, ümumilikdə 183678 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixli 069/19 saylı icarə müqaviləsinə əsasən, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 95 ünvanında yerləşən sahəsi 1000 kv.m təşkil edən metal-əritmə sexini cavabdehin icarəsinə verməyi, cavabdeh isə bunun müqabilində ƏDV daxil olmaqla aylıq 23600 manat məbləğində icarə haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.4.5-ci bəndinə əsasən, icarə obyektinin istismarı ilə bağlı kommunal xərclərin (su, qaz, elektrik enerjisi, kanalizasiya və s) iddiaçı tərəfindən təqdim edilmiş hesab-fakturalar əsasında ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən tərəflər arasında mövcud olmuş icarə müqaviləsinin şərtləri pozulmuş və nəticədə elektrik enerjisinin sərfiyyatına görə cavabdehin iddiaçıya 135697,12 manat, suyun sərfiyyatı ilə bağlı 1842 manat, ümumilikdə isə 137539,12 manat borcu yaranmışdır. Eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, M070/19 saylı müqaviləyə əsasən, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 95 ünvanında yerləşən ümumi sahəsi 435,65 kv.m olan 2 mərtəbəli yeməkxana binasını cavabdehin icarəsinə verməyi, cavabdeh isə bunun müqabilində ƏDV daxil olmaqla aylıq 2360 manat məbləğində icarə haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin şərtlərinə uyğun olaraq icarə obyektinin istismarı ilə bağlı kommunal xərclərin (su, qaz, elektrik enerjisi, kanalizasiya və s) iddiaçı tərəfindən təqdim edilmiş hesab-fakturalar əsasında ödənilməsi nəzərdə tutulmuşdur. Nəticədə müqavilə üzrə öhdəliklərin pozulması ilə əlaqədar, yəni icarə haqqının ödənilməməsinə görə cavabdehin iddiaçıya ümumilikdə 32882,66 manat borcu mövcud olmuşdur. Beləliklə, hər iki müqavilə üzrə cavabdehin iddiaçıya ümumilikdə 170421,78 manat borcu yaranmışdır.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehdən M 069/19 saylı müqavilə üzrə 137539,12 manat əsas borc, M 070/19 saylı müqavilə üzrə 32882,66 manat əsas borc, 8521,08 manat faiz borcu, 474 manat dövlət rüsumu olmaqla ümumilikdə 179416,86 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.Fərəcov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, M 070/19 nömrəli icarə müqaviləsinə görə icarəyə verən 3-cü fəsildə qeyd edilən əmlakını icarəçinin istifadəsinə və sahibliyinə verməyi, icarəçi isə həmin əmlakı istifadəsinə qəbul edib əvəzində icarəyə verənə icarə haqqı ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə obyekti olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 95 ünvanında yerləşən və tam mülkiyyət hüququ ilə icarəyə verənə məxsus ümumi sahəsi 435,65 kv.m olan 2 mərtəbəli yeməkxana binasının 1-ci mərtəbəsində yerləşən 271,25 kv.m-lik yeməkxana hissəsi və 2-ci mərtəbəsində yerləşən 164,40 lv.m-lik inzibati hissədir.
10. Müqavilənin 5.4.5-ci bəndinə əsasən icarə obyektinin istismarı ilə bağlı kommunal xərcləri (su, qaz, elektrik enerjisi, kanalizasiya, telefon haqları və s) icarəyə verən tərəfindən təqdim edilmiş hesab-fakturalar əsasında ödəmək icarəçinin vəzifəsidir.
11. Müqavilənin 6.1-ci bəndinə görə icarə obyektinin icarəsinə görə xx.xx.2019-cu il tarixdən başlayaraq icarə müddətində icarəyə verən ƏDV daxil olmaqla 2360 manat məbləğində aylıq icarə haqqı ödəyir.
12. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, M 069/19 nömrəli icarə müqaviləsinə görə icarəyə verən 3-cü fəsildə qeyd edilən əmlakını icarəçinin istifadəsinə və sahibliyinə verməyi, icarəçi isə həmin əmlakı istifadəsinə qəbul edib əvəzində icarəyə verənə icarə haqqı ödəməyi öhdəsinə götürür.
13. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə obyekti olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 95 ünvanında yerləşən və tam mülkiyyət hüququ ilə icarəyə verənə məxsus olan 26680,6 kv.m olan qeyri-yaşayış sahəsinin 1000 kv.m-dən ibarət olan hissəsidir.
14. Müqavilənin 5.4.5-ci bəndinə əsasən icarə obyektinin istismarı ilə bağlı kommunal xərcləri (su, qaz, elektrik enerjisi, kanalizasiya, telefon haqları və s) icarəyə verən tərəfindən təqdim edilmiş hesab-fakturalar əsasında ödəmək icarəçinin vəzifəsdir.
15. Müqavilənin 6.1-ci bəndinə görə icarə obyektinin icarəsinə görə xx.xx.2019-cu il tarixdən başlayaraq icarə müddətində icarəyə verən ƏDV daxil olmaqla 23600 manat məbləğində aylıq icarə haqqı ödəyir.
16. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, M 069/19 nömrəli icarə müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşma ilə xx.xx.2019-cu il tarixli, M 069/19 nömrəli icarə müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.
17. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, M 070/19 nömrəli icarə müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşma ilə xx.xx.2019-cu il tarixli, M 070/19 nömrəli icarə müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.
18. İddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktına görə cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə olan borcu 114263,04 manat təşkil edir.
19. İddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktına görə cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə olan borcu 170421,78 manat təşkil edir.
20. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDH 111127 nömrəli 6293,33 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDH 111129 nömrəli 629,33 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDH 548719 nömrəli 48196,08 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDH 548721 nömrəli 1040 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
21. xx.xx.2023-cü il tarixli hesab-fakturalara görə icarəçinin xx.xx.2023-xx.xx.2023 tarixlərində istifadə etdiyi elektrik enejisi haqqı 48196,08 manat, su və kanalizasiya haqqı 1040 manat və 520 manat təşkil edir.
22. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
25. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
26. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.
27. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir.
28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, M 070/19 nömrəli və xx.xx.2019-cu il tarixli, M 069/19 nömrəli icarə müqavilələri bağlanmış, həmin müqavilələrə tərəflərin qarşılıqlı razılaşmaları əsasında xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.
29. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdehin iddiaçıya xx.xx.2019cu il tarixli, M 069/19 nömrəli müqavilə üzrə 137539,12 manat, xx.xx.2019-cu il tarixli, M 070/19 nömrəli müqavilə üzrə isə 32882,66 manat icarə haqqı borcu yaranmışdır.
30. Göstərilən müqavilələr üzrə qalıq borcların (ümumilikdə 170421,78 manat) qalması tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə də təsdiq edilmişdir.
31. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən M 069/19 nömrəli müqavilə üzrə 137539,12 manat, xx.xx.2019-cu il tarixli, M 070/19 nömrəli müqavilə üzrə isə 32882,66 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
32. İddia ərizəsindən görünür ki, iddiaçı borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində 8521,08 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla, 1 il üçün - 170421,78 manat * 5 %) ödənilməsi tələbini də irəli sürmüşdür.
33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
34. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
35. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
36. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
37. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
38. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
39. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
40. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
41. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
42. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
43. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
44. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz tələbkarın əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
45. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Məhkəmə hesab edir ki, iddia təmin təmin edildiyindən iş üzrə ödənilmiş 474 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli, M 069/19 saylı icarə müqaviləsi üzrə 137539,12 manat əsas borc, xx.xx.2019-cu il tarixli, M 070/19 saylı icarə müqaviləsi üzrə 32882,66 manat əsas borc, 8521,08 manat faiz borcu, 474 manat dövlət rüsumu, ümumilikdə 179416,86 (bir yüz yetmiş doqquz min dörd yüz on altı manat səksən altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova