Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(113)-9896/2025 12.03.2026 BAKI KOMMERSIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” Şirkətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: pul tələbi) Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) vəkil2 iştirakları ilə, İddiaçı “xxxx” Şirkətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “xxxx” Şirkəti cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı xxxx tərəfindən ödənilmiş real zərər qismində 25 070.69 manat, pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət qismində 438 manat faiz, qüsurlu mallara görə məcburi tətbiq edilmiş 24199.44 manat endirim, işgüzar nüfuzuna dəymiş zərərə görə 70000 manat, hüquqi yardıma və leqallaşdırma xidmətlərinə görə isə ödədiyi toplam 8280 manat olmaqla ümumilikdə 127.988.13 manat pul vəsaitinin, əlavə olaraq isə dövlət rüsumu qismində ödənilmiş 418 manat vəsaitin cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xxxx şirkəti X8 qeydiyyatdan keçmiş və hazırda həmin ölkədəki X14 Saif Zonası, Bina Z-2, Ofis 58 ünvanında fəaliyyət göstərən təchizatçı şirkətdir. İddiaçı xarici brendlərə məxsus elektronika məhsullarının Azərbaycanda fəaliyyət göstərən yerli brendlərə sifariş əsasında topdan satışını həyata keçirir. Müvafiq kommersiya münasibətlərinin predmeti olan əmtəələrin müxtəlif ölkələrdən təyinat yerinə daşınmasını isə İddiaçının hesabına ekspeditor qismində fəaliyyət göstərən ayrı-ayrı şirkətlər həyata keçirir. İddiaçının Azərbaycanda ticarət dövriyyəsinin həcminə görə ən böyük sifarişçilərindən biri Paşa Holdinqə daxil olan şirkətlərdən biri olan “xxxx” MMC, yəni UMİCO brendidir. İddiaçı UMİCO ilə aralarındakı ##.##.2023-cü il tarixli № HK****** nömrəli müqavilə əsasında hazırki günədək vaxtaşırı sifarişlər alır və “xxxx” MMC-yə xidmət göstərir. İddiaçı və “xxxx” MMC arasında formalaşmış biznes praktikasına əsasən iddiaçı 2024-cü ilin sonlarında “xxxx” MMC-dən aldığı sifariş əsasında X11 notbuklar gətirməli idi. Bu tranzaksiya üzrə daşımaları ekspeditor şirkət qismində cavabdeh Cavabdeh MMC həyata keçirməli idi. Məlumat üçün bildirir ki, cavabdeh Cavabdeh MMC dünyanın 50-dən çox ölkəsində təmsil olunan Amerika mərkəzli LAM Şirkətlər Qrupunun Azərbaycandakı törəmə müəssisəsidir. Cavabdeh müvafiq əmtəələrin Azərbaycana daşınması prosesinin X5 limanından keçən hissəsinə LAM Şirkətlər qrupunun Amerikadakı ofisi “X4 Solutions USA” vasitəsilə nəzarət edirdi. Bu mərhələdə cavabdeh iddiaçının mallarının daşınması üçün daşıyıcı hava yolu şirkətini“X1”dan “Lutfhansa”ya dəyişdirmişdir. № *** MIA ******** nömrəli daşıma sənədinə (Air Waybill) əsasən, LAM Şirkətlər Qrupuna məxsus “X4 Solutions USA” şirkəti müvafiq yükləri paketləyərək daşıyıcı havayolu şirkətinin (Lutfhansa) karqo bölümünə yerləşdirmiş və X2 qismində “xxxx” MMC-ni göstərmişdir. Mallar Bakıya çatdırılmış, lakin “xxxx” MMC-in nümayəndələri sifariş üzrə malların qəbulu zamanı aparılan yoxlamalarda ümumilikdə 14 ədəd notbukun qüsurlu (əzilmiş və zədələnmiş) olduğu müəyyən edilmişdir. “xxxx” MMC qüsurlu icraya dair iddiaçıya bildiriş göndərmiş və dəymiş ziyanı iddiaçıdan tələb etmişdir. İddiaçı müvafiq Bildirişə və “Tullantıların təhvil verilməsinə dair” Akta əsasən qüsurlu notbuklar üçün “xxxx” MMC-ə 25070.69 manat məbləğində dəymiş real ziyanı ödəmiş, habelə ## #### 2025-ci il tarixli *** nömrəli Üzləşmə Aktından göründüyü kimi iddiaçı ekspeditorun səhvinə görə müştərisini itirməmək üçün qüsurlu gəlmiş malların ekvivalentinə yaxın, yəni 24199.44 manat məbləğində endirim verməyə məcbur olmuşdur. İddiaçı da öz növbəsində ekspeditoru Cavabdeh MMC-ə qüsurlu icra barədə məlumat vermiş, çatdırılmadakı qüsurlara görə “xxxx” MMC-yə ödədiyi 25070.69 manat məbləğində vəsaiti, qüsurlara görə “xxxx” MMC-yə verilmiş 24199.44 manat endirim məbləğini, habelə “xxxx” MMC qarşısında itirdiyi işgüzar nüfuzuna görə 70000 manat məbləğində təzminat ödəməyi tələb etmişdir. Lakin iddiaçının tələbi hazırki günədək təmin edilməmişdir. Cavabdeh daşıyıcı şirkəti seçərkən lazımi vicdanlılıq göstərmədiyindən daşıyıcının təqsiri üzündən dəymiş ziyana görə iddiaçı qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 852-ci maddəsinə əsasən, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. Ekspeditor yük göndərənin göstərişlərindən bütün kənara çıxmalar üçün, habelə daşıyıcıların təqsiri üçün də onun qarşısında məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir. Cavabdeh iddiaçının lazımi vicdanlılıq göstərməyərək mallarının daşınması üçün daşıyıcı hava yolu şirkətini “X1”dan “Lutfhansa”ya dəyişdirmişdir. İddiaçının təsisçisi və direktoru Musa Allahverdiyev və cavabdeh Cavabdeh MMC-nin satış meneceri Əzizə Quliyeva (Ş.V AA2009422) arasında keçən dioloqun səsyazıları bu baxımdan olduqca əhəmiyyətlidir. Səsyazıların müxtəsər stenqoramı diqqətə çatdırıır: Musa: Bu yükdən əlavə iki dəfə 150 və 250 dənə notbuk gəlibdir Bakıya, Silk Way ilə gətirmişik, bir dənəsi belə...belə deyək də heç kim şikayət eləmədi. Əzizə: Mən bilsəydim ki, bu viddə yük gələcək, deyərdim ki, bir həftə gec gəlsin, amma salamat gəlsin. Əzizə: Musa bəy mən sizi başa düşürəm, çünki belə bir hallar baş veribdir, mənə indi burdakı nümayəndə dedi, “Lutfhansa” birinci dəfə deyil bizim başımıza bu oyunu açır, biz ilkik bu şirkətdə, amma başqabaşqa insanların başına bu oyunları açıb. Tərəflər arasındakı danışıqların məzmunundan və daşıma keyfiyyətindən aydın görünür ki, cavabdeh daşıyıcı şirkəti vicdanlılığın tələb etdiyi lazımı ehtiyatlılıq və diqqət yetirmədən seçmiş, daşıyıcını Lutfhansaya dəyişməyin potensial təhlükələri barədə iddiaçını məlumatlandırmamışdır. Cavabdehin ekspeditor qismində məsuliyyətsiz və vicdansız xidməti faəliyyəti nəticəsində iddiaçı “xxxx” MMC-yə zədələnmiş 14 notbuk üçün 25070.69 manat məbləğində dəymiş real ziyan ödəməyə və qüsura görə 24199.44 manat məbləğində əlavə endirim də tətbiq etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinin 1-ci bəndinə əsasən, başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Əlavə olaraq iddiaçı bu hadisəyə qədər yerli bazarda olduqca nüfuzlu bir təchizatçı kimi ad çıxarmışdı. Təəssüf ki, cavabdehin lazımi vicdanlılıq göstərmədən seçdiyi yanlış daşıma şirkəti təchizat zəncirində iddiaçıya ciddi nüfuz itkisi yaratdı. X17 (2015). ISO 9001:2015 Keyfiyyət idarəetmə sistemlərinə dair müvafiq tələbləri diktə edir ki, davamlı keyfiyyət yalnız qüsursuzluğun qorunması ilə mümkündür. Təchizatçının bir dəfə belə səhvə yol verməsi onun “etibarlı tərəfdaş” imicini ciddi şəkildə zədələyə bilər. Həmçinin, elmi ədəbiyyata istinad etsək, Kahneman, D., & Tversky, A. (1979). Prospect nəzəriyyəsinə görə, insanlar mənfi təcrübəni müsbət təcrübədən daha güclü yadda saxlayır və paylaşırlar. Nəticə etibarilə, iddiaçı işgüzar nüfuzuna dəymiş zərərə görə də cavabdehdən kompensasiya ödənilməsini tələb edir. İddiaçı onun işgüzar nüfuzuna dəymiş zərərin pulla ifadəsini 70000 manat ekvivalentində görür. Müvafiq mübahisə üzrə iddiaçı hüquqlarının məhkəmə müdafiəsi üçün ## #### 2025-ci il tarixində “xxxx” Hüquq Şirkəti ilə R№ HX-*** nömrəli Müqavilə bağlamışdır. Müqavilə üzrə iddiaçı 5100 manat ekvivalentində hüquqi yardım almış, vəkillə təmin olunmuşdur. İddiaçı pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdiyi 5100 manat məbləğində xərci cavabdehdən tələb edir. Həmçinin iddiaçı qeyri-rezident hüquqi şəxs olduğundan ona Azərbaycan Respublikası məhkəmələrinə müraciət üçün hüquqi şəxsin təsis sənədlərinin və vəkilə verilmiş etibarnamənin leqallaşdırılması tələbi var. İddiaçı müvafiq leqallaşdırma işini həyata keçirmək üçün xərclədiyi 8600 AED, yəni 3180 manat məbləğində vəsaiti cavabdehdən geri tələb edir. Əlavə olaraq İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə müvafiq olaraq məhkəmə üçün ödədiyi 418 manat dövlət rüsumunu cavabdehdən geri tələb edir.
3. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi elektron kabinet vasitəsi ilə iddia tələbinə etiraz göndərərək qeyd etmişdir ki, iddia əsassız və qanunsuz olduğundan təmin edilməməli və rədd edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı 2024-cü ilin sonlarında “xxxx” MMCdən aldığı sifariş əsasında ABŞ-dən gətirməli olduğu notbukların böyük hissəsini çatdırsa da, bir qisminin qüsurlu olması barədə sifarişçi tərəfindən iddiaçıya müvafiq bildiriş göndərilmiş və həmin malların dəyərinin geri qaytarılması tələb olunmuşdur. Bu tələbin icrası çərçivəsində iddiaçı sifarişçiyə dəymiş ziyanı ödəmiş və endirim verməyə məcbur olmuşdur. İddiaçıya görə, bu tranzaksiya üzrə daşımaları ekspeditor şirkət qismində cavabdeh həyata keçirməli idi. Lakin, bu iddianın hansı sənədə (müqavilə, razılaşma və s.) əsaslandığı ərizədə qeyd edilməmiş və bununla bağlı, o cümlədən cavabdehə daşıma xərcinin ödənişini sübut edən hər hansı təsdiqedici sənəd iddiaya əlavə olunmamışdır. Yalnız iddia ərizəsinin mətnində cavabdehin satış meneceri Əzizə Quliyevanın səs yazısından müxtəsər stenoqram olduğu bildirilən bir çıxarış əks etdirilmişdir ki, bu da iddia olunan daşıma öhdəliyinin mövcudluğuna dair hər hansı sübutetmə əhəmiyyətinə malik deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələblərinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.3-cü maddəsində isə qeyd olunur ki, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Mülki Məcəllənin bir digər mühüm tələbinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür (maddə 850.1). Bildirir ki, cavabdehin nizamnamə kapitalında 100% pay fiziki şəxsə məxsusdur və bu baxımdan, iddiaçının iddiasının əksinə olaraq, LAM Şirkətlər Qrupunun Azərbaycandakı törəmə müəssisəsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olur. Başqa sözlə, cavabdehin, iddia ərizəsində qeyd olunduğu kimi, müvafiq əmtəələrin Azərbaycana daşınması prosesinin X5 keçən hissəsinə LAM Şirkətlər qrupunun Amerikadakı ofisi “X4 Solutions USA” vasitəsilə nəzarət etməsinin hər hansı hüquqi əsasının mövcud olmaması səbəbindən realizəsi sadəcə mümkün deyildi. Bu nəticəyə iddia ərizəsindəki bir qeydin məzmunundan da aydın şəkildə gəlmək mümkündür: “№ *** MIA ******** nömrəli daşıma sənədinə (Air Waybill) əsasən, LAM Şirkətlər Qrupuna məxsus “X4 Solutions USA” şirkəti müvafiq yükləri paketləyərək daşıyıcı havayolu şirkətinin (Lutfhansa) karqo bölümünə yerləşdirmiş və X2 qismində “xxxx” MMC-ni göstərmişdir.”. Göründüyü kimi, iddiaçı böyük ehtimalla, daşıma xidmətlərini “X4 Solutions USA” şirkətinə həvalə etmişdir. Cavabdehin satış meneceri Əzizə Quliyevanın prosesdə iştirakını isə cavabdehin özünün iştirakı kimi qiymətləndirmişdir. Halbuki, Əzizə Quliyevanın məsələnin mahiyyəti ilə bağlı cavabdehə verdiyi məlumatdan da göründüyü kimi, əslində o bu prosesə əvvəlki iş yerində rəhbəri olmuş şəxsin xahişi ilə, şəxsi təşəbbüsü əsasında, daşıma sahəsindəki təcrübəsini iddiaçı ilə bölüşmək üçün və ən əsası da, artıq Mallar göndərildikdən sonra qoşulmuşdur. Əzizə xanımın bildirdiyinə görə, Malların, Sifarişçi tərəfindən iddiaçıya göndərilmiş müvafiq bildirişdə göstərilən qüsurlarının yaranma səbəblərini müəyyənləşdirmək məqsədilə iddiaçı, LAM USA İnternational Transport LLC ilə müxtəlif yazışmalar aparsa da, bir nəticə əldə etməmişdir. İddiaçının Əzizə Quliyevaya verdiyi məlumata görə, daşıma İncoterms 2010: CİP Baku şərtləri əsasında həyata keçirilmişdir ki, həmin şərtlərə əsasən, daşınan mallar satıcı tərəfindən sığortalanmalıdır, uyğun olaraq, iddiaçı zərərə görə sığorta ödənişi almaq hüququna malik olmuşdur. Sadəcə, bu hüququnu reallaşdıra bilmədiyi üçün cavabdehə qarşı hazırkı iddia tələbini irəli sürmüşdür. Bildirirlər ki, cavabdehin satış meneceri olmuş Əzizə Quliyeva 2025-ci ilin sentyabr ayında cavabdehdəki işindən ayrılmışdır. Yuxarıda qeyd olunanları, o cümlədən iddiaçının Ə.Quliyeva ilə apardığı danışıqlarla bağlı iddiasının əsasını Əzizə xanımı məhkəməyə dəvət edib izahatını almaqla öyrənmək mümkündür. Lakin hər bir halda fikrincə, iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə münasibəti mövcud olmadığından, Ə.Quliyevanın mövqeyinin cavabdehin müvafiq öhdəliyinin mövcudluğu məsələsinə aidiyyəti olmayacaqdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, malların daşınmasını cavabdeh həyata keçirməmiş və bununla bağlı iddiaçı ilə aralarında hər hansı rəsmi razılaşma (saziş, müqavilə və s.) olmadığı üçün onların zədələnməsinə, yaranmış qüsurlara, sıradan çıxmasına və ya hər hansı formada məhv olmasına görə də cavabdeh iddiaçı qarşısında heç bir məsuliyyət daşımır. Bu baxımdan, iddiaçının işgüzar nüfuzuna dəymiş zərərə görə tələb etdiyi pul məbləği də daxil olmaqla, ümumiyyətlə, heç bir tələbinin hüquqi əsası mövcud olmadığından, iddia təmin edilməməli, rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq, e-*-*(***)-****/**** nömrəli mülki iş üzrə iddiaçı İddiaçı İzafət oğlunun cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddiasını təmin edilməməsini və rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı “xxxx” Şirkətinin nümayəndəsi (vəkili) İddiaçı İzafət oğlu elektron kabinet vasitəsi ilə ərizə (məlumat) göndərərək qeyd etmişdir ki, cavabdeh iddia tələbinə münasibətdə öz etirazında bildirir ki, o, LAM Şirkətlər qrupunun Azərbaycandakı törəmə müəssisəsi deyil, çünki cavabdehin 100% təsis payı LAM Şirkətlər qrupuna deyil, bir fiziki şəxsə məxsusdur. Lakin məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olur. Yəni göründüyü kimi mülki qanunvericiliyə əsasən törəmə təsərrüfat cəmiyyəti üçün təsis payı tələbi mütləq şərt deyil, əksinə əsas və törəmə müəssisə arasındakı münasibətlər müqavilə münasibətləri müstəvisində də ola bilər. Əlavə olaraq, LAM Şirkətlər qrupunun internet səhifəsində cavabdeh LAM Şirkətlər qrupunun Azərbaycandakı törəmə müəssisəsi kimi təqdim edilir. Həmçinin cavabdehin kommersiya hüquqi şəxslərinin dövlət reyestrindəki hüquqi ünvanı LAM Şirkətlər qrupunun Azərbaycandakı törəmə müəssisəsinin ünvanı ilə yəni ünvan 1 (həm də İSR X6 faktiki ünvanıdır) eynidir. Yoxlama Linkləri: 1. https://www.taxes.gov.az/az/page/kommersiya-qurumlarinindovletreyestri-melumatlarinin verilmesi 2. https://lam-world.com/wpcontent/uploads/2025/09/AZERBAIJAN.pdf vurğulamaq olduqca əhəmiyyətlidir ki, həm cavabdeh, həm də LAM Şirkətlər qrupu aşağıdakı eyni əmtəə nişanı altında fəaliyyət göstərir. Yuxarıda sadalan faktiki hallar və sübutlar birmənalı diktə edir ki, cavabdeh LAM Şirkətlər Qrupunun Azərbaycandakı törəmə müəssisəsidir. Cavabdeh iddia tələbinə münasibətdə öz etirazında bildirir ki, iddiaçı ilə cavabdeh arasında Müqavilə mövcud deyil, əgər olsaydı iddiaçı onu öz iddia ərizəsinə əlavə edərdi. Lakin Məhkəmənin nəzərinə çatdırır ki, tərəflər arasındakı müqavilə münasibətlərinin mövcud olduğu 2024-cü ilin sonu və 2025-ci ilin yanvar-fevral aylarını əhatə edən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Qanunvericiliyində nəqliyyatekspedisiya müqaviləsinin sadə yazılı formada və yaxud elektron sənəd formasında bağlanması tələbi mövcud olmayıb. Həmin dövrdə belə bir tələb mövcud olmadığından hal-hazırkı məhkəmə çəkişməsində cavabdeh iddiaçı ilə arasında yazılı müqavilənin olmadığına istinad edə bilməz, çünki Müqavilə şifahi formada bağlanıb və cavabdeh onu qüsurlu icra edib. Nəqliyyatekspedisiya müqaviləsinin sadə yazılı formada bağlanmasına dair tələblərin gətirildiyi qanunvericilik aktı (“Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” AR Qanunu) ## ###### 2025-ci ildə qəbul edilib, yəni həmin Qanunun müddəaları və tələbləri hazırki məhkəmə işinə tətbiq edilə bilməz. Tərəflər arasında Müqavilə münasibətlərinin mövcudluğunu № *** MIA ******** nömrəli daşıma sənədi və (yeni lokal qanunvericilik aktındakı adlandırma ilə “yük-nəqliyyat sənədi”; beynəlxalq nəqliyyat hüququndakı adlandırma ilə “Air Waybill”), tərəflərin səlahiyyətli nümayəndələri arasındakı yazışma və audiyazılar sübut edir. Cavabdeh iddia tələbinə münasibətdə öz etirazında bildirir ki, iddiaçının cavabdehə daşıma xərcinin ödənişini sübut edən hər hansı təsdiqedici sənədi mövcud deyildir. Lakin Məhkəmənin nəzərinə çatdırırlar ki, nəqliyyat-ekspedisiya fəaliyyəti də hüquqi təbiəti etibarilə bir xidmət müqaviləsidir. Xidmət (podrat) müqavilələri üzrə işgüzar praktika belə formalaşıb ki, ödəniş əksi müqavilədə razılaşdırılmayıbsa, sifariş üzrə işlər yerinə yetirildikdən sonra ödənilir (M.M.769-ci maddə). Belə ki müqavilənin predmeti olan müvafiq yüklərin tranzit daşınmasına (Türkiyə üzərindən) görə ##.##.2025-ci il tarixində LAM Şirkətlər qrupunun Türkiyədəki törəmə şirkətlərindən “LAM GLOBAL TAŞIMACILIK ÇÖZÜMLERİ A.Ş.” tərəfindən xxxx şirkətinə № LB************** nömrəli invoys (elektron faktura-qaimə) vurulmuşdur. Beynəlxalq praktikada LAM Şirkətlər qrupu kimi transmilli şirkətlər üçün müqavilə tərəfi və yaxud icra edən tərəf ilə ödənişi qəbul edən tərəflərin fərqli olması olduqca normaldır, çünki həmin şirkətlər vergi yükünü azaltmaq üçün maliyyə əməliyyatları üzrə cari dövrdə ən aşağı və yaxud güzəştli vergi dərəcəsi tətbiq edən yurisdiksiyadakı törəmə şirkəti və yaxud likvidliyi nisbətən daha aşağı olan törəmə şirkəti seçirlər, amma hər bir halda yekun benefisiar eynidir. Cavabdeh iddia tələbinə münasibətdə öz etirazında bildirir ki, Əzizə Quliyeva şəxsi təşəbbüsü əsasında yükdaşımalar sahəsindəki öz təcrübəsini iddiaçı ilə bölüşmək üçün müstəqil şəkildə iddiaçıya xidmət göstərib və onun iştirakı cavabdehin iştirakı kimi qiymətləndirilməməlidir. Lakin məhkəmənin nəzərinə çatdırır ki, Əzizə Quliyevanın müvafiq yükdaşıma əməliyyatları baş verərkən və hətta ondan sonrakı 9 ay boyunca (2025-ci ilin sentyabr ayınadək) cavabdehin satış meneceri olması işin mübahisəsiz halıdır. Əzizə Quliyeva iddiaçı ilə yazışmalarında cavabdehin loqosu və brend adı olan iş vizitkartını vermişdir. Bu fakt özlüyündə iddiaçıya xidmət göstərərkən öz adından deyil, cavabdehin adından xidmət göstərdiyini təsdiq edir. Cavabdehin arqumenti hər bir halda əsassızdır, çünki hətta elə güman edilsə ki, Əzizə Quliyeva cavabdehin adından sui-istifadə edərək özü müstəqil xidmət göstərib, yükləri bir ölkədən başqa bir ölkəyə daşıtdırıb və yaxud daşıyıcı ilə danışıqlar aparıb, o halda niyə xidmətlər üçün elektron faktura-qaiməni Əzizə Quliyeva deyil, LAM Şirkətlər qrupunun Türkiyədəki törəmə şirkəti kəsib. Cavabdehin argumentindən bu nəticəyə gəlmək olar ki, ya cavabdeh Əzizə Quliyevanı qurban verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır, ya da invoys göndərən “LAM GLOBAL TAŞIMACILIK ÇÖZÜMLERİ A.Ş.”-in benefisiar mülkiyyətçisi Əzizə Quliyevadır. Cavabdehin arqumentinə münasibətdə həmçinin bildirməyi zəruri hesab edir ki, hətta arqument doğru olsaydı belə, cavabdehin məsuliyyəti öz işçisi Əzizə Quliyevanın fəaliyyətini də ehtiva edir. Cavabdeh öz işçilərinin hərəkətlərinə görə də qanunla məsuliyyət daşıyır. Belə ki, Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Yuxarıda sadalananları nəzərə alaraq bildirir ki, cavabdehin etirazında istinad etdiyi faktiki hallar və digər əsaslar həqiqəti əks etdirmir, həmçinin cavabdehin iddiaçıya dəymiş zərərə münasibətdə tam mülki məsuliyyətini istisna etmir.
5. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi elektron kabinet vasitəsi ilə məlumat (ərizə) göndərərək qeyd etmişdir ki, iddiaçı İddiaçı İzafət oğlu Bakı Kommersiya Məhkəməsinə cavabdeh Cavabdeh MMC-nin ##.##.2026-cı il tarixli etirazına mülahizə təqdim etmişdir. Təəssüf ki, ##.##.2026-cı il tarixli məhkəmə iclasında hakimin İddiaçıdan müqavilə, qaimə və digər sənədləri tələb etməsinə baxmayaraq, iddiaçı məhkəməyə iddia ərizəsində olduğu kimi, bu dəfə də cavabdehə heç bir hüquqi aidiyyəti olmayan mövqeyin ifadə olunduğu şəxsi mülahizəsini təqdim etmişdir. Belə ki, əvvəla, cavabdehin nizamnamə kapitalında 100% pay fiziki şəxsə məxsusdur və iddiaçının mülahizəsində istinad etdiyi mənbələr cavabdehin LAM Şirkətlər Qrupunun Azərbaycandakı törəmə müəssisəsi olmasına dəlalət etmir. Bu hala dünya təcrübəsində ümumi əməkdaşlıq layihələri çərçivəsində, məsələn, françayzinq müqaviləsinin və s. icrası prosesində geniş rast gəlinir. Eyni zamanda bildirir ki, LAM Şirkətlər Qrupu ilə cavabdeh arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 67.1-ci maddəsi ilə nəzərdə tutulan qaydada sonuncunun qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanını təsbit edən hər hansı müqavilə də mövcud deyildir. Əgər iddiaçı belə bir sənəd əldə edə bilirsə, buyurub məhkəməyə təqdim edə bilər. Nəhayət, belə bir müqavilə mövcud olmuş olsa idi belə, bu, iddiaçının mübahisə predmeti olan tapşırığının mütləq olaraq cavabdeh tərəfindən icra edilməli olması barədə heç bir təsdiqedici əhəmiyyətə malik olmayacaqdı, belə ki, cavabdehə ümumiyyətlə belə bir sifariş (mübahisə predmeti olan) verilməmişdir. Yuxarıdakı mövqeləri əsaslandırmaq üçün cavabdehin 2025-ci ildə üçüncü redaksiyada təsdiq olunmuş Nizamnaməsini iddiaçının mülahizəsinə hazırkı münasibətiə əlavə edir. Nizamnamənin məzmunundan da konkret olaraq göründüyü kimi, cavabdeh heç bir hüquqi şəxsin törəmə müəssisəsi qismində dövlət qeydiyyatına alınmamış, müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərir. Onu vəkalətnamə olmadan, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında təmsil etmək səlahiyyəti, eləcə də adından mülki-hüquqi müqavilələr bağlamaq səlahiyyəti isə təkbaşçı icra orqanı olan direktora həvalə edilmişdir. Mübahisə predmeti olan daşıma həyata keçirilərkən cavabdehin direktoru Qanuni nümayəndə olmuş və hazırda da həmin vəzifədə fəaliyyətini davam etdirir. Məhkəməyə təqdim olunması üçün iddiaçıya verilmiş vaxt ərzində o, Qanuni nümayəndəla bağlanmış hər hansı müqaviləni təqdim edə bilməmişdir. Bu isə bir daha cavabdehin mübahisə predmeti olan daşımaya hər hansı aidiyyətinin olmaması barədə iddia ərizəsinə verdiyi etirazdakı mövqeyini sübut edir. Mübahisə predmeti olan daşımanın icrası üçün müqavilə tələbinin mövcudluğu barədə cavabdehin etirazındakı mövqeyinə iddiaçının münasibətinə gəldikdə isə bildirir ki, burada da yanaşma təəssüf ki, düzgün əsaslandırılmamış, cavabdehin etirazda istinad etdiyi qanunla bağlı təhrifetməyə yol verilmişdir. Belə ki, cavabdeh öz etirazında iddiaçının mülahizəsində iddia etdiyi kimi, “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” ## ###### 2025-ci il tarixli qanuna deyil, həmin qanunun 2-ci maddəsində də göstərildiyi kimi, onun qəbul edilməsi üçün əsas normativ aktlardan biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarına istinad etmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələblərinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.3-cü maddəsində isə qeyd olunur ki, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Mülki Məcəllənin bir digər mühüm tələbinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür (maddə 850.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı müraciətinə dair” ## #### 2025-ci il tarixli Qərardadında da ifadə olunmuş hüquqi mövqeyə görə, məlumdur ki, öhdəlik münasibətlərinin yaranmasının ən mühüm əsası kimi müqavilə institutu çıxış edir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu norma tərəflər üçün müqavilə üzrə nəzərdə tutulan hüquq və öhdəliklərin (kreditorun tələb hüququnun, borclunun bu tələbi yerinə yetirmək vəzifəsinin) məhz müqavilənin bağlandığı andan etibarən yarandığını ifadə edir. Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il # #### tarixli Qərarında da göstərilmişdir ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bildirir ki, cavabdeh öz xidmətlərini daim müqavilə əsasında təklif edir və real olaraq xidmət göstərdiyi bütün kontragentlərlə müqavilələri və müvafiq ödəniş sənədləri mövcuddur. Zərurət olarsa, məhkəməyə təsdiqedici nümunələr təqdim oluna bilər. Cavabdehin satış meneceri olmuş Əzizə Quliyevanın mübahisə predmeti olan daşımanın icrası prosesindəki rolu ilə bağlı iddialara etirazda ətraflı şəkildə aydınlıq gətirildiyindən, təkrarçılığa yol verməyi məqsədəuyğun hesab etmir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, mübahisə predmeti olan məhsulların daşınmasını cavabdeh həyata keçirməmiş və bununla bağlı iddiaçı ilə aralarında hər hansı rəsmi razılaşma (saziş, müqavilə və s.) olmadığı üçün onların zədələnməsinə, yaranmış qüsurlara, sıradan çıxmasına və ya hər hansı formada məhv olmasına görə də cavabdeh iddiaçı qarşısında heç bir məsuliyyət daşımır. Bu baxımdan, iddiaçının işgüzar nüfuzuna dəymiş zərərə görə tələb etdiyi pul məbləği də daxil olmaqla, ümumiyyətlə, heç bir tələbinin hüquqi əsası mövcud olmadığından, iddia təmin edilməməli, rədd edilməlidir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) vəkil2 iddia tələbinə verilmiş etirazı müdafiə edib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Lisenziya Şəhadətnaməsinin surətindən görünür ki, # ### 1995-ci ildə Şarjada verilmiş 1995-ci il tarixli * nömrəli Əmirlik fərmanına əsasən “AZP TYRADİNG FZE” şirkətinə ## ######## 2025-ci il tarixdə ümumi ticarətlə məşğul olması üçün X10 ## ######## 2026-cı il tarixədək lisenziya verilmişdir.
10. Cavabdeh MMC-nin (3-cü redaksiya) Nizamnaməsindən görünür ki, MMC-nin təsisçisi Türkiyə Respublikasının vətəndaşı X3r, Cəmiyyətin nizamnamə kapitalı 100 manat həcmdədir və hər biri 1 manat olmaqla 100 paydan ibarətdir və 100 % pul şəklində qoyulmuşdur.
11. CD-R diskən görünür ki, həmin diskdə - 10 fayl mövcuddur. Həmin fayllara məhkəmə araşdırması zamanı baxış keçirilmiş və müəyyən edilmişdir ki, “Əzizə adlı xanımla – Musa adlı şəxs arasında qüsurlu mallarla bağlı danışıqlar aparılır, həmçinin Musa adlı şəxs malların qüsurlu olmasına görə ödədikləri pulu tələb edir. Bundan əlavə adı çəkilməyən şəxs Əzizə xanıma müraciət edərək – qarşı tərəfin malı götürmədiyini, anbarda qaldığını, lam olaraq daxili daşımanı ya şirkətin özünə götürməsini, ya da ki, şirkətə deməlidir ki, onların şəkillərini çəkib onlara atsın. Digər yazıda Əzizə xanım deyir – bizim özümüzün SİLKWAY şirkəti ilə əməkdaşlığımız var, bizə özəl tariflər veriblər, çox uyğun qiymətlərə, sadəcə sizin yükünüz elə bir vaxtda gəldi ki, SİLKWAY şirkəti bizə 7 günə gətirəcəyini bildirdiyindən, onlarla gətirməmişlər. Sonrakı səs yazısında – bilsəydik ki, yük belə gələcək, deyərdik ki, gec gəlsin ama sağ-salamat gəlsin. Sonrakı səs yazısında Əzizə xanım Musa bəyə deyir ki – siz orda yazın ki, bizim malın predmarkı pozulub, çünki malın karobkası olmasa, biz malı sata bilmərik. Sonrakı səs yazısında – Əzizə xanımn Musa bəyə - indi biz neyləyə bilərik, dünya şirkətidi, biz nə edə bilərik ki, mallar qüsurlu gələcək, mən özümdə getdim ora şəkilləri çəkdim və onlara dedim ki, ödənəcəkdir. Əzizə xanım – mən yenə çalışacam ki, pulu tez versinlər. Yəni hər dəqiqə danışıram ki, əlimdən gələni edim” kimi səs yazıları aparılmışdır.
12. “xxxx” MMC tərəfindən “AZP TYRADİNG FZE” şirkətinə ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, malların satışı və şirkətə təhvil verilməsinə dair ## ###### 2023-cü il tarixli müqavilə üzrə təqdim ediləcək malların dəyəri 124530,86 ABŞ dolları məbləğində vəsait “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixdə ödənilmişdir. Lakin ##.##.2025-ci il tarixdə şirkətə siyahı üzrə təhvil verilmiş ümumi dəyəri 25070,69 manat (14474,47 USD) olan 14 ədəd malın qüsurlu olması aşkar edildiyindən, müqavilənin 6.2-ci bəndinə müvafiq olaraq məlumat verilmiş və həmin qüsurlu mallar üzrə ödənilmiş vəsaitin geri ödənilməsi xahiş edilmişdir.
13. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Tullantıları İdarəetmə Mərkəzi” MMC-nin iqtisadçısı və “xxxx” MMC-nin direktoru tərəfindən tərtib edilmiş tullantıların təhvil verilməsi haqqında ##.##.2025-ci il tarixli aktdan görünür ki, istifadəyə yararsız zavod qüsuru olan və ümumi dəyəri 25070,69 manat təşkil edən 14 ədəd, ümumi həcmi 1 kub/metr olan noutbuk “Tullantıları İdarəetmə Mərkəzi” MMC-nin poliqonuna təhvil verilmiş və məhv edilmişdir.
14. “xxxx” MMC ilə “AZP TYRADİNG FZE” şirkəti arasında imzalanmış ## ###### 2025-ci il – ## #### 2025-ci il tarix aralığı üçün ## #### 2025-ci il tarixli, *** nömrəli üzləşmə aktından görünür ki, tərəflər arasında olan ##.##.2023-cü il tarixli, HK230822 * nömrəli müqaviləyə əsasən yekun saldo 24199,44 manat müəyyən edilmişdir.
15. Direktor İddiaçı İzafət oğlu şəxsində “RİGHTVVELLTON” MMC (İcraçı) ilə xxxx direktoru X10 (Sifarişçi) arasında imzalanmış ##.##.2025-cu il tarixli xidmətlərin göstərilməsinə dair müqavilədən görünür ki, icraçı sifarişçiyə təchizat zəncirində, öhdəlik hüququna dair mübahisə üzrə müvafiq bütün instansiya məhkəməsində təmsilçilik üzrə hüquqi yardım göstərməyi, bunun müqabilində isə sifarişçi müqavilənin 4-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş xidmət haqqını (3000 USD – təqribən 5100 AZN) icraçıya ödəməyi öz öhdəsinə götürürmüşlər.
16. İddia tələbindən göründüyü kimi, tərəflər arasındakı mübahisə hava (aviasiya) daşıması ilə bağlıdır. İddiaçı X8 qeydiyyatdan keçmiş hüquqi şəxsdir, cavabdeh isə Azərbaycan Respublikasına aid hüquqi şəxsdir.
17. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisə subyektləri və onlar arasındakı mübahisənin mahiyyəti nəzərə alınmaqla ilk növbədə mübahisəyə hansı hüququnun tətbiq edilməli olması aydınlaşdırılmalıdır.
18. Bu zaman nəzərə alınmalıdır ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının qanununun 25.1-ci maddəsinə görə, müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: ...25.1.10. daşıma müqaviləsində - daşıyıcının;...
19. Mübahisə tərəfləri arasında tətbiq edilməli hüquq barədə razılığın mövcudluğu müəyyən edilmir. İddiaya görə, qüsurlu icra edilən daşımanı məhz cavabdeh həyata keçirmişdir. Cavabdeh hüquqi şəxs isə Azərbaycan Respublikasında təsis olunmuşdur. Bu o deməkdir ki, hazırki mübahisəyə məhz Azərbaycan hüququ tətbiq edilməlidir.
20. “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanununun 48.1-ci maddəsinə görə, hava daşımaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılan sərnişin və ya yük daşıma müqavilələri əsasında həyata keçirilir. Hava daşımaları üzrə sərnişin və ya yük daşıma müqavilələrinin rəsmiləşdirilməsi, daşıma sənədlərinin forması və tərtib edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
21. İddiaçının zərərə məruz qaldığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və Sənədlərin tərtib edilməsi” qaydasının 3.3.2ci bəndinə görə, yükün hava daşıması haqqında müqaviləyə əsasən daşıyıcı yükgöndərən, tərəfindən ona həvalə edilmiş yükü haqq müqabilində olduğu yerdən təyinat məntəqəsinə çatdırmağı və yükün alınması üçün səlahiyyəti olan şəxsə təhvil verməyi, yükgöndərən yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə müəyyən edilmiş tariflə onun daşınmasına görə ödəniş aparmağı öhdəsinə götürür.
22. Həmin qaydanın 3.3.3-cü bəndinə əsasən, hava daşıması haqqında hər bir müqavilə və onun şərtləri aviaşirkət (daşıyıcı) və ya vəkil edilmiş agentlər tərəfindən verilən daşıma sənədi ilə təsdiq edilir. Daşıma sənədləri aşağıdakılardır: ...yük daşınarkən — yükgöndərənin verdiyi aviaqaimə və ya daşıyıcının verdiyi yük qəbzi.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
24. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.
27. İşin hallarından da göründüyü kimi iddiaçı, müştərisi “xxxx” MMC-dən aldığı sifariş əsasında həmin şirkət üçün X11 gətirməli notbukların daşınmasını ekspeditor şirkət qismində Amerika mərkəzli LAM Şirkətlər Qrupunun Azərbaycandakı törəmə müəssisəsi olan cavabdeh Cavabdeh MMC-nin həyata keçirməli olduğunu, həmin daşınma prosesinin X5 limanından keçən hissəsinə LAM Şirkətlər qrupunun Amerikadakı ofisinin – “X4 Solutions USA”-nin nəzarət etdiyini, həmin mərhələdə iddiaçı ilə razılaşdırılmadan daşıyıcı hava yolu şirkətinin “X1”dan “Lutfhansa”ya dəyişdirildiyini, nəticədə malların ölkəyə qüsurlu çatdırıldığını və bu səbəbdən zərərə məruz qaldığını iddia etməklə müvafiq iddia tələblərini irəli sürmüşdür.
28. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirməməhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. Bu kontekstdə məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; əvvəla iddiaçı ilə cavabdeh şirkət arasında yük daşınmasına dair müqavilənin bağlanmış olduğu müəyyən edilməmişdir. İddaçının özü də bunu iddia etməmişdir. Əksinə daşınma prosesini LAM Şirkətlər qrupunun Amerikadakı ofisinin – “X4 Solutions USA” şirkətinin həyata keçirdiyini, məhz həmin şirkətinin səhlənkarlığından dolayı (onunla razılaşdırılmadan daşıyıcı hava yolu şirkətinin “X1”dan “Lutfhansa”ya dəyişdirilməsinə görə) mallara zərər dəydiyini iddia etmiş, cavabdehin həmin zərərə görə məsuliyyətini isə cavabdeh hüquqi şəxsin sözügedən Amerika şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olması ilə əsaslandırmışdır.
30. Bununla belə, məhkəmə araşdırması zamanı cavabdehin daşıyıcı şirkətin törəmə cəmiyyəti olduğu müəyyən edilməmişdir. Belə ki, iddiaçı istinad etdiyi bu hala dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
31. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 67.1-ci maddəsinə əsasən, təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olur.
32. “X4 Solutions USA” şirkətinin şirkətinin cavabdeh hüquqi şəxsin nizamnamə kapitalında üstün iştiraka sahib olduğu ümumiyyətlə iddia edilməmiş, onlar arasında bağlanmış müqaviləyə müvafiq olaraq isə həmin cəmiyyətin qəbul edilən qərarları müəyyənləşdirmək imkanına malik olması isə sübuta yetirilməmişdir. Məhkəmənin qənaətinə görə, hüquqi şəxslərin adlarının və logolarının oxşar olması da fərqli qənaətə gəlməyə əsas deyildir.
33. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh hazırkı iddia tələbinə cavab verməli olan subyekt kimi qəbul edilməsi ümumiyyətlə mümkün deyildir. Bu isə, ona yönələn iddianın tamamilə əsassız olduğunu göstərir.
34. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
35. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
36. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
38. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
39. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş ## ##### 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər.
40. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı “xxxx” Şirkətinin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir.
1. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
V. Nəticə:
3. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT E T D İ:
İddiaçı “xxxx” Şirkətinin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid Hətəmzadə