Məhkəmə qərarları › İş №e-2-2(113)-994/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-994/2025

03.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-994/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: səhmdar cəmiyyəti, nizamnamə, korporativ mübahisə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin nizamnaməsinin, "xxxx" ASC-nin 2021-2022-2023-2024cü il Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrinin surətinin, "xxxx"ASC-nin 2020-2021- 2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqaviləsinin şərtləri ilə birlikdə surətlərinin, "xxxx"ASC-nin Emissiya prospektinin surətinin, "xxxx"ASC-nin 2020-2021-2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətlərinin, "xxxx"ASC-nin əsas vəsaitlərinin, bina və tikililərinin kimlər tərəfindən nə səbəbdən sökülüb dağıdılması barədə olan sənədlərin surətlərini, "xxxx"ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın, "xxxx" ASC tərəfindən təqdim ediləcək sənədlər surət olduğundan onların hər səhifəsinə “əsli ilə düzdür” ştampı və ya möhür vurulmaqla təsdiqlənərək "xxxx"ASC tərəfindən iddiaçıya təqdim edilməsi və 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunu əvəzinin iddiaçıya ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli depo hesabından çıxarışa əsasən Cavabdeh ASC-nin səhmdarıdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh ASCdən ASC-nin nizamnaməsinin, ASC-nin 2021-2022-2023- 2024-cü il Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrinin surətinin, ASC-nin 2020-2021-2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqaviləsinin şərtləri ilə birlikdə surətlərinin, ASCnin emissiya prospektinin surətinin, ASC-nin 2020-2021-2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətlərinin, ASC-nin əsas vəsaitlərinin, bina və tikililərinin kimlər tərəfindən nə səbəbdən sökülüb dağıdılması barədə olan sənədlərin surətlərinin, ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın, eyni zamanda təqdim ediləcək sənədlər surət olduğundan onların hər səhifəsinə “əsli ilə düzdür” ştampı və ya möhür vurulmaqla mənə təqdim edilməsi xahiş edilmişdir. "xxxx" ASC-yə müraciətini poçt vasitəsilə göndərməyinə baxmayaraq cavabdeh müraciəti qəbul etməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixdə onlayn kargüzarlıq vasitəsilə "xxxx" ASC-yə yenidən müraciət edilmişdir. Cavabdeh ASC-yə müraciət edilməsinə baxmayaraq səhmdar cəmiyyəti müraciətiə cavab verməmiş və qanunvericiliyə əsasən səhmdar cəmiyyətinin ona təqdim etməli olduğu müraciətdə səhmdar cəmiyyətindən tələb etdiyi sənədlər iddiaçıya təqdim edilməmişdir. "xxxx" ASC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsi və Azərbaycan Respublikası Konstitusiyası ilə verilən bir sıra hüquqları, o cümlədən Mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ASC-nin səhmdarı olsa da, cavabdehdən verilməsini tələb etdiyi sənədlər ASC-də yoxdur, bu səbəbdən onların təqdim edilməsi mümkün deyildir. Bundan əlavə, ASC 2021, 2022, 2023-cü illərdə ümumi yığıncaq keçirmədiyi üçün inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. İddiaçı ümumi yığıncağın protokollarının surətlərinin verilməsini tələb etsə də, həmin illərdə ümumiyyətlə ümumi yığıncağın keçirilməsi barədə hər hansı sübutu (iclasın vaxtı və yeri barədə bildiriş, elan və sairə) təqdim edə bilmir. ASC-nin mülkiyyətində hər hansı əmlak yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Kommersiya Qurumlarının dövlət reyestrindən çıxarışa əsasən cavabdeh ASC xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

7. xx.xx.2024-cü il tarixli depo hesabından çıxarışdan görünür ki, "xxxx" ASC (emitent) tərəfindən ******* ədəd adi adlı səhm buraxılmış, iddiaçı ASC-nin 5757 ədəd səhmə malik olan səhmdarıdır.

8. ASC-nin Nizamnaməsinin (2024-cü il tarixli sonuncu redaksiyası) 5.1-ci bəndinə əsasən ASC-nin fəaliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmaq səhmdarların hüquqlarıdır.

9. Nizamnanənin 5.6-cı bəndinə əsasən cəmiyyətin fəaliyyətinə dair məlumat almaq hər bir səhmdarın hüququdur.

10. ASC-nin 2015-ci il tarixli qiymətli kağız sahiblərinin reyestrinə əsasən ASC-nin səhmdarlarının sayı 403 nəfərdir.

11. ASC-nin 2019-cu il tarixli qiymətli kağız sahiblərinin reyestrinə əsasən ASC-nin səhmdarlarının sayı 395 nəfərdir.

12. ASC-nin 2024-cü il tarixli qiymətli kağız sahiblərinin reyestrinə əsasən ASC tərəfindən ******* ədəd adi adlı səhm buraxılmışdır.

13. ASC-nin xx.xx.2024-cü il tarixli X2 əsasən ASC-nin Hesablama Komissiyasının, Müşahidə Şurasının üzvləri seçilmiş, cəmiyyətin yeni hüquqi ünvanı müəyyən edilmiş, yeni redaksiyada nizamnamə təsdiq edilmişdir.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-9290/2025 nömrəli məktubdan görünür ki, "xxxx" ASC-nin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmiş, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi departamenti xx.xx.2003-cü il tarixli, 337 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin "Magistral neft kəmərləri" X1 İstehsalat Xidməti Bazasının əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-10034/2025 nömrəli məktubdan görünür ki, "xxxx" ASC-nin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak, həmçinin ASC-nin hüquqi ünvanı olan ünvan 1miş daşınmaz əmlak aşkar edilməmiş, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi departamenti xx.xx.2003-cü il tarixli, 337 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin "Magistral neft kəmərləri" X1 İstehsalat Xidməti Bazasının əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. ASC-nin emissiya prospekti və digər tələb olunan sənədlər cəmiyyət özəlləşdirilərkən idarəetmə orqanlarına təqdim edilmişdir.

16. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(008)- 1225/2021 saylı qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 6000 (altı min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir.

17. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(008)- 1214/2024 saylı qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir.

18. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

21. 98.1-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır.

22. 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər.

23. 106-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir.

24. 106-1.3.2-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin hüquqlarıdır.

25. 106-2.3-cü maddəsinə əsasən səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir.

26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh ASC xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış, depo hesabından çıxarışdan görünür ki, "xxxx" ASC (emitent) tərəfindən ******* ədəd adi adlı səhm buraxılmış, iddiaçı ASC-nin 5757 ədəd adi adlı səhmə malik olan səhmdarıdır.

27. Materiallardan görünür ki, iddiaçı səhmdarı olduğu ASC-dən iddia ərizəsində göstərilən sənədlərin (nizamnamə, qiymətli kağız mülkiyyətçilərinin reyestindən çıxarış, emissiya prospekti, ümumi yığıncağın protokolları, ASC-nin mülkiyyətində olan əmlaklara dair məlumat) surətlərinin ona verilməsi ilə bağlı bir neçə dəfə cavabdeh ASC-yə müraciətlər etsə də, həmin sənədlər ona təqdim edilməmiş, müraciətləri ümumiyyətlə cavablandırılmamışdır.

28. Məhkəmə iddianı ASC-nin Emissiya prospektinin surətinin təqdim edilməsi hissəsində əsaslı hesab edir.

29. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən investisiya qiymətli kağızlarının kütləvi təklifi emissiya prospekti və ya informasiya memorandumu ilə müşayiət olunur. Emitent və ya investisiya qiymətli kağızlarını təklif edən şəxs investisiya qiymətli kağızlarının tənzimlənən bazarda ticarətə buraxılması üçün emissiya prospekti və ya informasiya memorandumu tərtib etməlidir.

30. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən investisiya qiymətli kağızlarının emissiya prospekti və informasiya memorandumu emitentin ünvanında, investisiya qiymətli kağızlarının satış yerlərində olmalıdır və tanışlıq üçün emitent və ya yerləşdirməni həyata keçirən investisiya şirkəti tərəfindən heç bir ödəniş tələb edilmədən təqdim edilməlidir.

31. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublarına əsasən “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi departamenti xx.xx.2003-cü il tarixli, 337 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin "Magistral neft kəmərləri" X1 İstehsalat Xidməti Bazasının əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. ASC-nin emissiya prospekti və digər tələb olunan sənədlər cəmiyyət özəlləşdirilərkən idarəetmə orqanlarına təqdim edilmişdir.

32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, iddiaçıya səmdarı olduğu ASC-nin emissiya prospektinin təsdiq edilmiş surətinin verilməsi öhdəliyi cavabdeh ASC-yə həvalə edilməlidir.

33. Bundan əlavə, iddiaçının vəsatəti əsasında göndərilmiş məhkəmənin müvafiq sorğularına əsasən iddiaçı tərəfindən verilməsi tələb edilən sənədlərin bir qismi, ASC-nin 2024-cü il tarixli qiymətli kağız sahiblərinin reyestri, 2024-cü ilin yekunlarına dair ümumi yığıncağın protokolu, ASC-nin nizamnamələri (əvvəlki və yeni redaksiyada), habelə nizamnamələrə edilmiş əlavə və dəyişikliklər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmişdir.

34. Təqdim edilmiş həmin sənədlərin surətləri cavabdeh tərəfindən ASC-nin möhürü vurulmaqla təsdiq edilmiş, məhkəmə icraatı gedişində iddiaçıya rəsmi qaydada təqdim edilmiş, iddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasındakı izahatında artıq həmin sənədlərin ona təqdim edilməsi ilə bağlı hər hansı tələbinin olmadığını göstərmişdir.

35. Bu səbəbdən məhkəmə hesab edir ki, ASC-nin nizamnaməsinin, ASC-nin 2024cü il tarixli qiymətli kağız sahiblərinin reyestrinin, 2024-cü ilin yekunlarına dair ümumi yığıncağın protokolunun surətinin verilməsi barədə iddia tələbi təmin edilməməlidir.

36. Məhkəmə iddianı cavabdeh ASC-nin 2021, 2022, 2023-cü illər üzrə qiymətli kağız sahiblərinin reyestrinin surətlərinin verilməsi hissəsində əsassız hesab edir.

37. Belə ki, ASC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında həmin illərdə ASC-nin səhm və səhmdarları ilə bağlı hər hansı dəyişiklik olmaması səbəbindən qeyd olunan illər üzrə qiymətli kağız sahiblərinin reyestrlərinin olmadığını bildirmiş, iddiaçı tərəfindən məhkəməyə verilməsini tələb etdiyi həmin sənədlərin mövcudluğu barədə hər hansı sübut təqdim edilməmişdir.

38. Bu səbəbdən məhkəmə iddianı qeyd edilən sənədlərin verilməsi hissəsində əsassız hesab edir.

39. Məhkəmə iddianı cavabdeh ASC-nin 2020-2021-2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqaviləsinin şərtləri ilə birlikdə surətlərinin, ASC-nin əsas vəsaitlərinin, bina və tikililərinin kimlər tərəfindən nə səbəbdən sökülüb dağıdılması barədə olan sənədlərin surətlərinin, ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın təqdim edilməsi hissəsində də əsassız hesab edir.

40. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli məktublardan görünür ki, ASC-nin mülkiyyətində hər hansı əmlak mövcud deyildir.

41. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olduğu üçün təmin edilə bilməz.

42. Məhkəmə iddianı qalan, ASC-nin 2020, 2021, 2022, 2023-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətlərinin təqdim edilməsi hissəsində də əsassız hesab edir.

43. Belə ki, ASC həmin illərdə səhmdarların ümumi yığıncağının iclaslarının keçirilmədiyini bildirmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdə də həmin illərə dair ümumi yığıncağının iclaslarının protokolları aşkar edilməmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsini tələb etdiyi həmin sənədlərin mövcud olması, habelə həmin illərdə ümumiyyətlə ümumi yığıncağın keçirilməsi barədə hər hansı sübut (yığıncağın vaxtı və yeri barədə bildiriş, elan və sairə) məhkəməyə təqdim edilməmişdir.

44. Cavabdeh tərəfindən təqdim edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(008)-1225/2021 saylı qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 6000 (altı min) manat məbləğində inzibati qaydada cərimə edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(008)-1214/2024 saylı qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir.

45. Göründüyü kimi, ASC 2020 və 2022-ci illərin yekunlarına dair ümumi yığıncağın iclaslarınının protokollarını təqdim edə bilmədiyi üçün inzibati qaydada məsuliyyətə də cəlb edilmişdir.

46. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya səmdarı olduğu ASC-nin emissiya prospektinin təsdiq edilmiş surətinin verilməsi öhdəliyi cavabdeh ASC-yə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC-nin emissiya prospektinin təsdiq edilmiş surətinin verilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Cavabdeh "xxxx" ASC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar