Məhkəmə qərarları › İş №e-2-2(113)-995/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-995/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-995/2024 21.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada DC00133623-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,288.16 manat əsas borc, 131.29 manat faiz borcu, 68.83 manat cərimə borcu olmaqla, cəmi 6,488.28 manat borcun; DC00133623-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3,091.82 manat əsas borc, 51.57 manat faiz borcu, 17.37 manat cərimə borcu olmaqla, cəmi 3,160.76 manat borcun; mediasiya prosesi üzrə ödənilmiş 100 manat məbləğində xidmət haqqıvə iddia ərizəsinin məhkəməyə verilməsi üçün 17 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.0.1 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC- 00133623LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: xx.xx.2021-ci il tarixli DC00133623-01 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 20,000 (iyirmi min) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir; - xx.xx.2021-ci il tarixli DC00133623-03 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 8,871 (səkkiz min yeddi yüz yetmiş bir) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borcalan Cavabdeh1 MMC Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh2 arasında: - DC00133623-01 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2023-cü il tarixli DG**********28 saylı zaminlik müqaviləsi bağlanmış; - DC00133623-03 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********494 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 134 və 165 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Hazırda Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri: - DC00133623-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,288.16 (altı min iki yüz səksən səkkiz manat on altı qəpik) manat əsas borc, 131.29 (bir yüz otuz bir Manat 29 qəpik) manat faiz borcu, 68.83 (altmış səkkiz manat səksən üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,488.28 (altı min dörd yüz səksən səkkiz manat iyirmi səkkiz qəpik) manat təşkil edir, gecikmə günlərinin sayı: 165 gün; - DC00133623-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3,091.82 (üç min doxsan bir manat səksən iki qəpik) manat əsas borc, 51.57 (əlli bir manat əlli yeddi qəpik) manat faiz borcu, 17.37 (on yeddi manat otuz yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,160.76 (üç min yüz altmış manat yetmiş altı qəpik) manat təşkil edir, gecikmə günlərinin sayı: 134 gün. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 100 (bir yüz) manat məbləğində xidmət haqqı və və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 17 manat dövlət rüsumu ödəmişdir. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X3 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi E.Əliyev məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.

5. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

7. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixli Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.0.1 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır.

9. xx.xx.2021-ci il tarixli DC00133623-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə 20000 manat, illik 17 % dərəcəsi ilə xx.xx.2023-cü il tarixədək kredit verilmişdir. Kredit əməliyyat xərclərinin ödənilməsi məqsədilə verilmişdir. 10.xx.xx.2021-ci il tarixli DC00133623-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə 8871 manat, illik 17 % dərəcəsi ilə xx.xx.2023-cü il tarixədək kredit verilmişdir. Kredit əməliyyat xərclərinin ödənilməsi məqsədilə verilmişdir.

11. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli DG**********494 nömrəli zaminlik müqaviləsinə əsasən bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında müqavilənin 2.1-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 12.Müqavilənin 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmeti Cavabdeh1 MMC-yə verilmiş 8871 manat, illik 17 % dərəcəsi ilə 24 ay müddətinə verilmiş kreditdir. 13.İddiaçı və Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2021-ci il tarixli DG**********28 nömrəli zaminlik müqaviləsinə əsasən bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında müqavilənin 2.1-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 14.Müqavilənin 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmeti Cavabdeh1 MMC-yə verilmiş 20000 manat, illik 17 % dərəcəsi ilə 24 ay müddətinə verilmiş kreditdir. 15.İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PB/BPŞ-OUT-01581-2023/1 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin DC00133623-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6288,16 manat əsas borcu, 131,29 manat faiz borcu, 68,83 manat cərimə borcu olmaqla, ümumilikdə borcu 6488,28 manat; DC00133623-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3091,82 manat əsas borc, 51,57 manat faiz borcu, cərimə borcu 17,37 manat olmaqla, ümumilikdə borcu 3160,76 manat təşkil edir. 16.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

19. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

22. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

23. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

24. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

25. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

26. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış DC00133623-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 68,83 manat, DC00133623-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17,37 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.

27. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

28. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

29. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada DC00133623-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6288,16 manat əsas borc, 131,29 manat faiz borcu, 68,83 manat cərimə borcu olmaqla, ümumilikdə borcu 6488,28 manat; DC00133623-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3091,82 manat əsas borc, 51,57 manat faiz borcu, cərimə borcu 17,37 manat olmaqla, ümumilikdə borcu 3160,76 manat tutularaq iddiaçıya ödənilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 117 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DC00133623-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6288,16 manat əsas borc, 131,29 manat faiz borcu, 68,83 manat cərimə borcu; DC00133623-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3091,82 manat əsas borc, 51,57 manat faiz borcu, 17,37 manat cərimə borcu, ödənilmiş 117 manat dövlət rüsumu, ümumilikdə 9766,04 (doqquz min yeddi yüz altmış altı manat dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar