Məhkəmə qərarları › İş №e-2-2(113)-998/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-998/2025

25.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-998/2025 25.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Azərbaycan X9" QSC-yə (Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: mülkiyyətə dəymiş zərərin tutulması) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Azərbaycan X9" QSC-yə (Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 QSC tərəfindən İddiaçı mülkiyyətində olan 513.8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisəsinin, içərəsində olan avadanlıqlarla, yəni xammal üçün 2 ədəd Soyuducu Kamera 54 kv.metrlik, hazir məhsul üçün 2 ədəd Soyuducu Kamera 58 metrlik, duzlama üçün 15 ədəd vanna, don acmaq üçün 5 ədəd stelaj, 20 ədəd barel (bocka), qablasdirmaq üçün 10 ədəd dəmir stol (fasovka), balıqların qurudulması üçün 10 ədəd kamera, yük daşınması üçün 5 ədəd araba, 1 ədəd tərəzi, havalandirma sistemi, ofis mebelləri, 4 ədəd komputer dəsti, 2 ədəd CANON printerləri, 7 ədəd GREE kondisonerləri, 2 ədəd SONY televizorları, o cümlədən ofis binasının tam həcmdə əvvəlki vəziyyətində bərpa edilərək iddiaçıya təhvil verilməsi, onun qanuni istifadəsində olan 0.06192 ha ölçüdə olan torpaq sahəsindən istifadəsinə törədilən maneələrin və süni məhdudiyyətlərin aradan qaldırılması və iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında, 0.06192 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 513.8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisə (balıq hisləmə sexi), dövlət mülkiyyətində olan əmlak kimi özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada İddiaçı mülkiyyətinə özgəninkiləşdirilmişdir, yəni Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ona satılmışdır. Sonradan iddiaçı yuxarıda göstərilən əmlak kompleksinə dair hüquqməyyənedici sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı BakıƏrazi İdarəsinə təqdim etmişdir. Həmin sənədlərə əsasən İddiaçı 0.06192 ha torpaq sahəsi üzərində istifadə hüququ, ümumi sahəsi 513.8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisə (balıq hisləmə sexi), üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq bu barədə ona **********61-12301 reyestr nömrəli çıxarış verilmişdir. Əvvəllər həmin müəssisədə istehsalat prosesi normal getsə də, sonrakı illərdə həmin ərazidə yerləşən Cavabdeh QSC-nin tərkibində olan X7 tərfindən törədilən müxtəlif maneçiliklər və əngəlləmələr nəticəsində müəssisənin fəaliyyəti dayandırılmışdır və bu günə qədər də istehsalın bərpası mümklün olmamışdır. Belə ki, cavabdehin və onun tabeliyində olan X2 rəhbərliyinin mühafizə xidmətinə verdiyi göstərişə əsasən müəssisənin mülkiyyətçisi İddiaçı son illərdə ümumiyyətlə öz obyektinə buraxılmır. İddiaçının bu məsələ ilə bağlı Cavabdeh QSC-nin rəhbərliyi və yaxud nümayəndəsi ilə görüşmək cəhdləri, onun qəbul edilməməsi səbəbindən, heç bir nəticə verməmişdir. Həmin müddət ərzində cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan 513.8 kv.m ölçüdə olan əmlak kompleksi, içərəsində olan avadanlıqlarla, yəni xammal üçün 2 ədəd Soyuducu Kamera 54 kv.metrlik, hazir məhsul üçün 2 ədəd Soyuducu Kamera 58 metrlik, duzlama üçün 15 ədəd vanna, don acmaq üçün 5 ədəd stelaj, 20 ədəd barel ( bocka), qablasdirmaq üçün 10 ədəd dəmir stol (fasovka), balıqların qurudulması üçün 10 ədəd kamera, yük daşınması üçün 5 ədəd araba, 1 ədəd tərəzi, havalandirma sistemi, ofis mebelləri, 4 ədəd komputer dəsti, 2 ədəd CANON printerləri, 7 ədəd GREE kondisonerləri, 2 ədəd SONY televizorları, o cümlədən ofis binası tamamilə dağıdılaraq məhv edilmişdir. İddiaçının X9 QSC -nin rəhbərliyi ilə əmlak kompleksinin tam həcmdə avadanlıqlarlı ilə birlikdə əvvəlki vəziyyətdə bərpa edilməsinin təmin edilməsi ilə bağlı danışıqların aparılması ilə əlaqədar çoxsaylı cəhdləri heç bir nəticə vermədiyinə görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmişdır. Beləliklə, yuxarıda göstərilənlərdən göründüyü kimi X9 QSC-nin iddiaçının mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin məhv etməsi ilə bağlı hərəkətləri mülki hüquq pozuntusundan (deliktdən) irəli gəlmişdir. Belə ki, cavabdeh təqsirli, qanunazidd (mülki qanunvericiliyin normaları pozan) hərəkətlərlə İddiaçı birbaşa xüsusilə külli miqdarda zərər vurmaqla özü əsassız varlanmışdır. Azərbaycan Respublikası Konstitutsiyanın 29-cu maddəsinə uyğun olaraq hər kəsin mulkiyyət huququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qanunvericilikdən də göründüyü kimi cavabdehin İddiaçı mülkiyyətində olan əmlak kompleksini məhv etməsi delikt nəticəsində baş verdiyinə görə, X9 QSC tərəfindən, 513.8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisə (balıq hisləmə sexi), onun içərəsində olan avadanlıqlarla tam həcmdə əvvəlki vəziyyətində bərpa edilməsi təmin edilməli və iddiaçının qanuni istifadəsində olan 0.06192 ha ölçüdə olan torpaq sahəsindən istifadəsinə maneələr və süni məhdudiyyətlər aradan qaldırılmalı və iddia ərizəsinin məhkəmədə baxılması üçün dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti ondan tutulmalıdır. Hesab edirəm ki, iddiaçıya xüsusilə külli miqdarda vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi təmin edilməli, zərərin vurulması üçün məsuliyyət daşıyan cavabdehin üzərinə hazırki işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək, yəni əmlak kompleksi kimi müəssisə, onun içərəsində olan avadanlıqlarla tam həcmdə əvvəlki vəziyyətində bərpa edilməsi barədə öhdəlik qoymalıdır.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X9 QSC tərəfindən, İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 513.8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisənin qəsdən məhv edilməsi nəticəsində vurulmuş zərərin əvəzi qismində 2.569.000 (iki milyon beş yüz altmış doqquz min) manat, avadanlıqların məhv edilməsi nəticəsində 191.450 (yüz doxsan bir min dörd yüz əlli) manat və əldən çıxmış fayda qismində 120.000 (yüz iyirmi min) manat, iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 2.230 manat, qiymətləndirmə hesabatının verilməsi üçün ödənilmiş 300 manat, cəmi 2.882.980 (iki milyon, səkkiz yüz səksən iki min, doqquz yüz səksən) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X9 QSC-yə qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 513.8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisənin, içərəsində olan avadanlıqlarla, yəni xammal üçün 54 kv.metrlik 2 ədəd Soyuducu Kamera, hazir məhsul üçün 58 metrlik 2 ədəd Soyuducu Kamera, 15 ədəd duzlama üçün vanna, 5 ədəd don acmaq üçün stelaj, 20 ədəd barel (bocka), 10 ədəd qablasdirmaq üçün dəmir stol (fasovka), 10 ədəd balıqların qurudulması üçün kamera, 5 ədəd yük daşınması üçün araba, 1 ədəd tərəzi, havalandirma sistemi, ofis mebelləri, 4 ədəd komputer dəsti, 2 ədəd CANON printerləri, 7 ədəd GREE kondisonerləri, 2 ədəd SONY televizorları, o cümlədən ofis binasının tam həcmdə əvvəlki vəziyyətində bərpa edilərək iddiaçıya təhvil verilməsi, onun qanuni sahibliyində olan 0.06192 ha ölçüdəki torpaq sahəsindən istifadəsinə maneələrin və süni məhdudiyyətlərin aradan qaldırılması, həmin torpaq sahəsinə sərbəst surətdə gediş-gəlişin təmin edilməsi və iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair mülki iş üzrə iddia tələbinin dəyişdirilməsinə zərurət yaranmışdır. Belə ki, hal-hazırda İddiaçı mülkiyyətində olan 513.8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisə, içərəsində olan avadanlıqlarla birlikdə, X9 QSC tərəfindən, iddiaçıya xüsusilə külli miqdarda ziyan vurmaqla qəsdən məhv edilmiş və müəssisənin yerində müxtəlif təyinatlı tikililər inşa etdirilmişdir. Cavabdehin inşa etdirdiyi həmin tikililərin onun hesabına sökülüb yerində 513.8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisənin bərpa edilməsi mümkün olmayacaq və yaxud çox böyük çətinliklərlə mümkün olacaq. Bunlarla əlaqədar hesab edir ki, iddiaçıya, daşımaz və daşınar əmlakların məhv edilməsi ilə bağlı, vurulmuş 2.880.450 manat məbləğində zərərin əvəzi cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin, və onun avadanlıqlarının bazar dəyərinin müəyyən edilməsi barədə hesabatına əsasən, əmlaklarının qəsdən məhv edilməsi nəticəsində iddiaçıya 2.760.450 manat, yəni əmlak kompleksi kimi müəssisənin (balıq hislətmə sexi) 1 kv.m - 5000 manat X 513.8 kv.m = 2.569.000 manat, avadanlıqların dəyəri: Soyuducu Kamera (54 kv.m) xammal üçün 1 ədədi 14.000 manat x 2 ədəd = 28.000 manat; Soyuducu Kamera (58 kv.m) hazir məhsul üçün 1 ədədi 16.000 manat x 2 ədəd = 32.000 manat; Vanna duzlama üçün 1 ədədi 400 manat x 15 ədəd = 6.000 manat; Tərəcə (Stelaj) don acmaq üçün 1 ədədi 700 manat x 5 ədəd = 3.500 manat; Barel (bocka) 1 ədədi 200 manat x 20 ədəd = 4.000 manat; Dəmir stol qablasdirmaq üçün (fasovka) 1 ədədi 200 manat x 10 ədəd = 2.000 manat; Ofis mebeli 1 dəst 2000 manat; Komputer 1 dəst 400 manat x 4 = 1600 manat; Printer 1 ədədi 150 manat x 2 ədəd = 300 manat; Kondisoner 1 ədədi 700 manat x 7 ədəd = 4900 manat; Televizor 1 ədədi 300 manat x 2 ədəd = 600 manat; Havalandirma sistemi 35.000 manat; Balıqların qurudulması üçün kamera 1 ədədi 7000 manat x 10 ədəd = 70.000 manat; Araba yük daşınması üçün 1 ədədi 200 manat x 5 ədəd = 1.000 manat; Tərəzi 1 ədəd 550 manat, cəmi 191,450 manat məbləğində real zərər vurulmuşdur. Bundan başqa 2014-cü il tarixdən əmlaklarının qəsdən məhv edilməsi nəticəsində, onlardan istfadə edə bilmədiyinə və əmlak kompleksini icarəyə verə bilmədiyinə görə iddiaçıya 10 il müddətində x 120 ay =120.000 manat manat mələğində əldən çıxmış fayda qismində zərər vurulmuşdur. Beləliklə cavabdeh tərəfindən əmlaklarının qəsdən məhv edilməsi nəticəsində iddiaçıya 513.8 kv.m tikililərin sökülməsi ilə bağlı 2.569.000 (iki milyon beş yüz altmış doqquz min) manat və avadanlıqların məhv edilməsi nəticəsində 191,450 (yüz doxsan bir min dörd yüz əlli) manat və əldən çıxmış fayda qismində 120.000 (yüz iyirmi min) manat, cəmi 2.880.450 (iki milyon səkkiz yüz səksən min dörd yüz əlli) manat məbləğində zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə müvafiq olaraq, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericilikdən də göründüyü kimi cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 513.8 kv.m ölçüdəki daşınmaz əmlaklarının qəsdən məhv edilməsi nəticəsində vurulmuş zərərin əvəzi qismində 2.569.000 (iki milyon beş yüz altmış doqquz min) manat, avadanlıqların məhv edilməsi nəticəsində 191,450 (yüz doxsan bir min dörd yüz əlli) manat və əldən çıxmış fayda qismində 120.000 (yüz iyirmi min) manat, cəmi 2.880.450 (iki milyon səkkiz yüz səksən min dörd yüz əlli) manat, iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 2.130 manat, qiymətləndirmə hesabatı üçün ödənilmiş 300 manat, cəmi 2.882.880 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

5. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 'Azərbaycan X9" QSC (ASCO) tərəfindən A. Həsənovun mülkiyyətində olan 513.8 kv.m ölçüdə əmlak kompleksi kimi müəssisənin, içərisində olan avadanlıqlarla, yəni xammal üçün 2 ədəd soyuducu kamera (54 kv.metrlik), hazır məhsul üçün 2 ədəd soyuducu kamera (58 metrlik), duzlama üçün 15 ədəd vanna, don açmaq üçün 5 ədəd stelaj, 20 ədəd barel (bocka), qablaşdırmaq üçün 10 ədəd dəmir stol (fasovka), balıqların qurudulması üçün 10 ədəd kamera, yük daşınması üçün 5 ədəd araba, 1 ədəd tərəzi, havalandırma sistemi, ofis mebelləri, 4 ədəd kompüter dəsti, 2 ədəd CANON printeri, 7 ədəd “GREE" kondisioneri, 2 ədəd “SONY" televizoru, o cümlədən ofis binasının tam həcmdə əvvəlki vəziyyətində bərpa edilərək iddiaçıya təhvil verilməsi, onun qanuni istifadəsində olan 0.06192 ha ölçüdə torpaq sahəsindən istifadəsinə törədilən maneələrin və süni məhdudiyyətlərin aradan qaldırılması və iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək 'Azərbaycan X9” QSC tərəfindən İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 513.8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisənin qəsdən məhv edilməsi nəticəsində vurulmuş zərərin əvəzi qismində 2.569.000 manat, avadanlıqların məhv edilməsi nəticəsində 191.450 manat və əldən çıxmış fayda qismində 120.000 manat, iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 2.230 manat, qiymətləndirmə hesabatının verilməsi üçün ödənilmiş 300 manat daxil olmaqla, cəmi 2.882.980 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk öncə iddianın əsassız olması ilə bağlı aşağıdakı vacib məqamları bir daha qeyd edirlər: •Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan torpaqlar dövlət mülkiyyətində olan torpaqlara aiddir və bu torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar sözügedən Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 'Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il 291 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsində göstərilən digər dövlət torpaqlarının (o cümlədən dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan dövlət torpaqlarının) istifadəyə və icarəyə verilməsi səlahiyyəti rayon (şəhər) icra hakimiyyəti orqanlarına aid edilmişdir. BŞlH-nin müvafiq sərəncamları ilə ASCO-nun istifadəsinə ayrılmış torpaqlar da dövlət mülkiyyətində olan torpaqlara aiddir. Yəni iddiaçının tələbi torpağın mülkiyyətçisinə qarşı olmalıdır və mülkiyyətçi tərəfindən müvafiq torpaq ASCO-nun istifadəsinə verilən zaman həmin torpaqda əmlak kompleksi olmamışdır. •Kompensasiya iddiası ilə bağlı yuxarıda qeyd edilənlərə əsasən ASCO-nun istifadəsində olan dövlət mülkiyyətinə məxsus torpaqlar üzərində sərəncam vermək hüququnun ASCO-ya məxsus olmamasını nəzərə alaraq, hazırki iddia üzrə cavabdeh qismində müvafiq dövlət orqanı (orqanları) çıxış etməlidir. İddiaçının söküldüyünü iddia etdiyi daşınmaz əmlakın (tikilinin) kim tərəfindən və hansı şəraitdə sökülməsi barədə ASCO-da hər hansı bir məlumat mövcud deyildir. Yəni, öncə həmin əmlakın ASCO tərəfindən söküldüyü təsdiq edilməlidir ki, bununla bağlı qarşı tərəf sübut təqdim edə bilməmişdir. Həmçinin bu məsələ ilə bağlı tələb də digər tələblə bilavasitə əlaqəli olduğundan ASCO iddiaya cavab verməli olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlarla yanaşı sözügedən tələblər üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı iddia ərizəsində mübahisəli əmlaka xx.xx.2004-cü il tarixində alqı-satqı müqaviləsinə əsasən, mülkiyyət hüququ əldə etdiyini qeyd etmiş, ona məxsus olan əmlakın 2013-cu ildə cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhv olunduğun iddia etmişdir. Qeyd olunan əmlakın cavabdeh tərəfindəm məhv edilməsi ilə bağlı hər hansı bir mötəbər sübut təqdim edilmədiyinə baxmayaraq, deliktin baş vermə tarixi 2013-cü il kimi qəbul edilməlidir və bu tarixdən iddiaçı üçün iddia müddətini axımı başlanır. İddianın mahiyyəti sırf əmlakın məhv edilməsi ilə əlaqədar kompensasiyanın tutulmasıdır ki, belə olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1 - ci maddəsində göstərilən ümumi iddia müddətləri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 - ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin oz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müddət mülki hüquq pozuntusunun (deliktin) törədildiyi tarixdən keçən on illik ümumi iddia müddətindən artıq ola bilməz. Belə ki, ümumi iddia müddəti (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətdir (mütləq müddət) Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. Belə ki, deliktin törədildiyi tarixdən etibarən on il keçmişdirsə, həmin qanunazidd əmələ gorə iddia müddəti ötmüş hesab edilir. Bu müddətin aşılması mümkün sayılmır, axımı sonradan başlamış iddia müddətləri də on ilin tamamında başa çatır. Analoji hüquqi mövqeyə dair Alı Məhkəmənin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini yuxarıda göstərilən qaydada müəyyən edən 3 ulduz nişanı təyin edilmiş qərarı vardır (bax: Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-46/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı).iddiaçı üçün iddia müddətinin axımı ona məxsus əmlakın məhv edildiyi 2013 - cü ildə başlamışdır yəni iddiaçı əmlakın məhv edilməsi ilə ona dəymiş ziyanın tutulmasını 2023 - cü ilə qədər mübahısəndırə bilərdi, lakin 2025 - ci ildə iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etməklə qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına əsasən: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə tərəfindən iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən. məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericiliklə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməmişlər, çünki sərəncamdan məlumatları olmamışdır. Bütün müraciətləri X3muşdur. 2023-cü ilin oktyabr ayında 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur, o isə ərazinin söküldüyünü və əmlak kompleksinin artıq mövcud olmadığını bildirmişdir. 2014-cü il tarixində obyekt tam sökülüb qurtarmışdır. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməyiblər. Həmçinin bildirir ki, şahid ifadəsi ilə də təsdiq olundu ki, iddia tələbi haqlıdır və ərazi X9 tərəfindən sökülmüşdür, bu söküntü işi şahidin gözünün qabağında olmuşdur. İddiaçının mülkiyyət hüququ qəsdən məhv edilmişdir, bu barədə cinayət məcəlləsində də maddə vardır. Burda deliktdən əmələ gələn pozuntu yaranmışdır. Mülkiyyət hüququ ilə bağlı X13 Məhkəməsinin də çoxlu qərarları mövcuddur və bütün dediklərini sübut edərək göstərir ki, mülkiyyət hüquqları müdafiə olunmalıdır. Və mülkiyyət hüququna iddia müddəti tətbiq edilmir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirir ki, iddia tələbi tamamilə əsassız və qanunsuzdur. Ümumiyyətlə iddiaçı özü də obyektin nə vaxt söküldüyünü, kim tərəfindən söküldüyünü dəqiq bildirə bilmir. Həmin ərazi cavabdehə dövlət tərəfindən ayrılıb və onların mülkiyyətləri olmayıb, sadəcə cavabdehin istifadəsinə verilib. Həmin iddiaçıya məxsus obyekt cavabdeh tərəfindən sökülməmişdir, ona görə də iddianı qəbul etmirlər. 2013-2014-cü il tarixlərində əraziyə hasar çəkilmişdir. Həmçinin bildirir ki, şahid ifadəsi dəqiq deyil, o sadəcə eşitdiklərinə əsasən fikir bildirir. Tam olaraq obyektin X5 nümayəndələri tərəfindən sökülməsi ilə bağlı rəsmi fikir bildirməmişdir, ona görə də şahid əslində cavabdehin xeyrinə ifadə vermişdir. Torpaq sahəsi X8 ayrılanda orda heç bir obyekt olmamışdır. Obyektin həmin ərazi onlara ayrıldıqda, yoxsa ondan sonra sökülməsi ilə bağlı dəqiq məlumat yoxdur və obyekt cavabdeh tərəfindən sökülməmişdir. Həmçinin iddiaçı iddia müddətini ötürmüşdür, bütün bunlara əsasən iddia tələbi rədd olunmalıdır.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində olan 513,8 kv.m əmlak kompleksi kimi müəssisə (Balıq hisləmə sexi) (çıxarışın qeydiyyat tarixi: xx.xx.2011; qeydiyyat nömrəsi: **********) üzərində mülkiyyət hüquqları İddiaçı adına qeydiyyata alınmışdır.

10. Əmlakın İntentarlaşdırılması Bürosunun Müəssisə və obyektin Texniki pasportuna əsasən Bakı şəhəri, Xətai rayonu, H.Z.Tağıyev küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi-balıq hisləmə sexinin balans saxlayıcısı və ya mülkiyyətçisi kimi İddiaçı qeyd olunmuşdur.

11. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2013cü il tarixli 307 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 2794 saylı Sərəncamının icrası ilə əlaqədar, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçilyinin xx.xx.2013-cü il tarixli müraciətini nəzərə alaraq, Xətai rayonu, Zığ şosesi, 2962-2938-2939 saylı məhəllələrdə yeni zavod tikintisinin layihələndirilməsi üçün 3,1171 ha torpaq sahəsi Gəmiçiliyin daimi istifadəsinə verilmişdir.

12. AN-İ № ******* nömrəli xx.xx.2004-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən Satıcı "xxxx" ASC-nin direktoru X4 tərəfindən Alıcı İddiaçı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş 000446 nömrəli texniki pasporta əsasən, ümumi sahəsi 522,0 kvadrat metr, əsas sahəsi 247,7 kvadrat metr, köməkçi sahəsi 274,3 kvadrat metr olan və Bakı şəhəri, Xətai rayonu, H.Z.Tağıyev küçəsi 3-də yerləşən Balıq hisləmə sexi 98.000.000 manat qiymətinə satılmışdır.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən inventariaşdırma işləri aparılan zaman qeydiyyatdan keçmiş müvafiq daşınmaz əmlakın söküldüyü və ərazinin digər şəxs tərəfindən istifadə olunduğu aşkar edilmiş, bu səbəbdən texniki baxışa şərait yaradılmamışdır. Bundan əlavə, sökülmüş əmlak kompleksi kimi müəssisənin qeydiyyatının ləğvi ilə bağlı ərizə təqdim olunmalıdır.

14. "Azərbaycan X9" QSC tərəfindən İddiaçı nümayəndəsinin müraciətinə xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, qeyd edilən ünvanda ASCO-ya məxsus və ya istifadəsində olan torpaq sahəsi yoxdur. Eyni zamanda bu mövzu üzrə aidiyyəti məhkəməyə müraciət ediləcəyini nəzərə alaraq, məsələ məhkəmə prosesi çərçivəsində araşdırılacaq və müvafiq qərar veriləcəkdir.

15. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-998/2025 saylı qərardadı ilə 1) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli çıxarışına əsasən ünvan 2 ünvanda yerləşən (artıq sökülmüş) iddiaçıya məxsus əmlak kompleksinin yerləşmiş olduğu torpaq sahəsi hansı koordinatlar daxilində yerləşməsinin, 2) Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 307 saylı Azərbaycan Dövlət X8 torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında” sərəncamada Bakı şəhəri, Xətai rayonu, Zığ Şosessi, 2962-2938-2939 saylı məhəllələrdə yeni zavod tikintisinin layihələndirilməsi üçün nəzərdə tutulan 3,1171 ha torpaq sahəsi hansı koordinatlar daxilində yerləşməsinin, 3) Koordinatlar nəzərə alınmaqla, iddiaçıya məxsus (ünvan 2 ünvanda yerləşən) (hazırda sökülmüş) əmlak kompleksinin inşa edildiyi torpaq sahəsinin, Azərbaycan Dövlət X8 torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında sərəncamda nəzərdə tutulan sahənin hüdudları daxilində yerləşib-yerləşmədiyi müəyyən edilməsi 4) İddiaçıya məxsus olmuş ünvan 2 ünvanda yerləşən (artıq sökülmüş) əmlak kompleksi hazırda "Azərbaycan X9" QSC-nin istifadəsində olan torpaq sahəsi və QSC-nin hasarının hüdudları daxilinə düşübdüşməməsi müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir.

16. Azərbaycan Respublikası ƏN MEM-in xx.xx.2025-ci il tarixli, 9/5850 saylı rəyinə əsasən qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-36809/2025 saylı mütəxəssis rəyinə əsasən, **********61-12301 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçmiş əmlak kompleksi faktiki olaraq mövcud deyil (sökülmüşdür). Torpaq sahəsinin koordinatları əlavə olunur. X: 409981.717, 409839.1821, 409832.9865, 409877.2778, 409871.404, 409942.5661, 409948.9316, Y: 468373.216, 4468174.7758, 4468179.4114, 4468236.244, 4468269.264, 4468368.5834, 4468371.5275. İddiaçıya məxsus əmlak kompleksi (Bakı şəhəri, Xətai rayonu, H.Z.Tağıyev 3B ünvanında yerləşən hazırda sökülmüş) Azərbaycan Dövlət X8 torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında sərəncamda nəzərdə tutulan sahənin hüdudları daxilinə düşür. Sözügedən əmlak kompleksi hazırda "Azərbaycan Dövlət X9" QSC-nin hasarı daxilinə düşür. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə faktiki olaraq 4823.88 kv.m təşkil edir. Sahə Dövlət əmlakı olan "Azərbaycan Dövlət X9" QSC-nin ümumi sahəsinin daxilində yerləşir. Həmçinin sahə daxilində **********61-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisə qeydiyyatdan keçmişdir. Şimal tərəfdən sahənin təqribən 1215.0 kv.m hissəsi qaz kəmərinin, 135.0 kv.m hissəsi isə dəmiryolu xəttinin mühafizəsinə düşür. Həmçinin cənub tərəfdən sahənin təqribən 1830.0 kv.m hissəsi Xəzər Dənizinin 50.0 m-lik mühafizə zolağında yerləşir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-36809/2025 saylı mütəxəssis rəyinə əsasən, X5 Donanmasının bir hissəsinin koordinatları əlavə olunur. X: 410083.616,409957.004, 409908.021, 409835.189, 409803.2, 409876.032, 409787.631, 409812.055, 409816.679, 409906.74, 410021.189. Y: 446348.122, 4468174.728, 4468213.007, 4468120.42, 4468145.58, 4468238.171, 4468307.7, 4468344.4, 4468377.267, 4468371.251, 4468373.05. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 30/2-36809/2025 saylı mütəxəssis rəyinə əsasən, iddiaçıya məxsus əmlak kompleksi (Bakı şəhəri, Xətai rayonu, H.Z.Tağıyev 3B ünvanında yerləşən hazırda sökülmüş) Azərbaycan Dövlət X8 torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında sərəncamda nəzərdə tutulan sahənin hüdudları daxilinə düşür. Sözügedən əmlak kompleksi hazırda "Azərbaycan Dövlət X9" QSC-nin hasarı daxilindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə faktiki olaraq 4823.88 kv.m təşkil edir. Sahə dövlət əmlakı olan "Azərbaycan Dövlət X9" QSC-nin ümumi sahəsinin daxilində yerləşir. Həmçinin sahə daxilində **********61-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisə qeydiyyatdan keçmişdir. Şimal tərəfdən sahənin təqribən 1215.0 kv.m hissəsi qaz kəmərinin, 135.0 kv.m hissəsi isə dəmiryolu xəttinin mühafizəsinə düşür. Həmçinin cənub tərəfdən sahənin təqribən 1830.0 kv.m hissəsi Xəzər Dənizinin 50.0 m-lik mühafizə zolağında yerləşir. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-36809/2025 saylı mütəxəssis rəyinə əsasən, yuxarıda qeyd olunduğu kimi iddiaçıya məxsus əmlak kompleksi (Bakı şəhəri, Xətai rayonu, H.Z. Tağıyev 3B ünvanında yerləşən hazırda sökülmüş) Azərbaycan Dövlət X8 torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında sərəncamda nəzərdə tutulan sahənin hüdudları daxilinə düşür. Sözügedən əmlak kompleksi hazırda "Azərbaycan Dövlət X9" QSC-nin hasarı daxilindədir.

17. Şahid X6 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 1993-cü il tarixindən həmin sözügən ərazidə yaşayır. İddiaçının orda obyekti olduğunu bilirdi və obyekt həmişə işlək vəziyyətdə olmuşdur. X11 obyekt daxil ərazini satın almış və söküntü işləri aparmışdır. O, iddiaçının işçisi olmamış, balıq hisləmə sexində işləməmişdir. İddiaçı ilə adi tanışlıq münasibətləri olmuşdur. 2013-cü ilin əvvəli 2014-cü ilin sonu Aydın Bəşirov tərəfindən söküntü işləri aparılmışdır. Ərazi Aydın Bəşirovun briqadası tərəfindən sökülmüşdür. Sökən şəxslər isə Aydın Bəşirovun fəhlələri idi, orda yaşayan kimdən soruşsan bunu deyirdi. Aydın Bəşirovu şəxsən tanımır, sadəcə adını eşitmişdir. Həmin ərazidə yaşayanlardan, fəhlələrdən və mühafizələrdən eşitdiklərimə əsasən bildirir ki, iddiaçıya məxsus obyekt Aydın Bəşirov tərəfindən sökülmüşdür.

18. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. 178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

23. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

24. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

25. 373.1-ci maddəsinə əsasən Ümumi iddia müddəti on il təşkil edir.

26. 384.0-cı maddəsinə əsasən İddia müddəti aşağıdakılara şamil edilmir:

27. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə.

28. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

31. İddiaçı iddia edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində olan 513,8 kv.m əmlak kompleksi kimi müəssisə (Balıq hisləmə sexi) onun mülkiyyətində olmuşdur. 2011-ci ildən 2013-cü ilə kimi balıq hissləmə sexi fəaliyyətdə olub. Daha sonra 2013-2014-cü illərdə cavabdeh tərəfindən onun mülkiyyətində olan əmlak söküldüyü və sexin daxilində olan avadanlıqlar məhv edildiyi üçün ona dəymiş zərər qismində 2.569.000 manat, avadanlıqların məhv edilməsi nəticəsində 191.450 manat və əldən çıxmış fayda qismində 120.000 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə bildirir ki, iddiaçı cavabdehin torətdiyi delikt nəticəsində mülkiyyətinə dəymiş zərərin əvəzini tələb edir, mülkiyyət hüququndan irəli gələn tələblərə isə iddia müddəti tətbiq edilmir.

32. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirir ki, 2013-cü il tarixində Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Azərbaycan Dövlət X5 istifadəsinə verilmiş torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya məxsus əmlak sökülməmişdir, iddiaçı tərəfindən də bu fakt hər-hansı sübutlar ilə sübuta yetirilməmişdir. Torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün hesab edir ki, cavabdeh qismində Azərbaycan Dövlət X9 ümumiyyətlə olmamalıdır. Bundan əlavə, əmlak 2013-cü ildə sökülmüşdürsə, hazırkı iddiaya ümumi iddia müddəti tətbiq edilməklə də iddia ərizəsi rədd edilməlidir.

33. Məhkəmə araşdırılması və işdə olan sənədlər əsasında müəyyən edildi ki, hazırkı iş üzrə cavabdehin istifadəsinə Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə verilmiş torpaq sahəsində iddiaçıya məxsus 513.8 kv.m ölçüdə balıq hissləmə sexi mövcüd olmuş, həmin əmlak sökülərək məhv edilmişdir. Bu işin mübahisəsiz hallarıdır. Hazırda iddiaçı torpaq sahəsinin məhz cavabdehin istifadəsində olduğu üçün ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, dəymiş zərərin əvəzini tələb edir. Məhkəmə tələbi tamamilə əsassız hesab edir.

34. Məhkəmə əvvəla qeyd edir ki, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin məzmunundan da göründüyü kimi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn maddi zərərin ödənilməsi tələbi məhkəmə tərəfindən o şərtlə təmin edilə bilər ki, mülki qanunvericiliyin normalarını pozan əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi, hüquqazidd əməl ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcud olması, eləcə də əməlin təqsirli olması müəyyən edilsin. Lakin, iddiaçı əmlakın məhz Azərbaycan Dövlət X9 tərəfindən sökülməsini sübuta yetirə bilməmişdir. Belə ki, məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının özü bildirmişdir ki, 2011-ci ildən 2013-cü ilə kimi sexi işlədib və sexin daxilində olan avadanlıqlar işlək vəziyyətdə olub. Lakin, əmlak sökülməmişdən 3 ay əvvəl iş getmədiyi və səhhətində olan probləmlər ilə əlaqədar sexi işlətməmişdir, söküntü zamanı hər-hansı hüquq mühafizə orqanlara və ya hazırkı iş üzrə cavabdehə yazılı qaydada müraciət etməmişdir.

35. İcra Hakimiyyətinin sərəncamından isə görünür ki, torpaq sahəsi cavabdehə xx.xx.2013-cü il tarixində ayrılmışdır. Əmlakın dəqiq olaraq nə vaxt sökülməsi qeyrimüəyyəndir. İddiaçının sökülmüş əmlakın yerləşdiyi torpaq sahəsinin hazırkı iş üzrə cavabdehin istifadəsində olan torpaq sahəsi hüdudlarında olması, əmlakın məhz cavabdeh tərəfindən sökülmüş olması arqumenti hər-hansı sübutlar ilə öz təsdiqini tapmadığı üçün məhkəmə tərəfindən əsaslı hesab edilə bilməz. İddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş şəxsin ifadələrinə gəldikdə isə, məhkəmə qeyd edir ki, şahid də dəqiq olaraq əmlakın nə vaxt və kim tərəfindən söküldüyünü bildirə bilməmiş, söküntü işlərinin şahidi olmuş və sadəcə həmin ərazidə yaşayanlardan, fəhlələrdən və mühafizələrdən eşitdiklərinə əsasən bildirdi ki, iddiaçıya məxsus obyekt Aydın Bəşirov tərəfindən sökülmüşdür.

36. Bundan əlavə iddiaçının ikinci tələbi avadanlıqlara dəymiş zərərlə bağlı olsa da, lakin, qeyd edilən avadanlıqların vaxtı ilə mövcüd olması, iddiaçıya məxsus olması, cavabdeh tərəfindən məhv edilməsi halları da sübuta yetirilməmişdir.

37. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən MM-nin 1096 və 1097-ci maddələrində göstərilən dörd şərt (törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır) üzrə iddianı (əmlakların məhz cavabdeh tərəfindən sökülməsini, məhv edilməsini) sübuta yetirə bilməmişdir.

38. Belə olan halda isə iddia təmin edilə bilməz və tələb edilən zərər məbləği, əldən çıxmış fayda və s. üzrə hüquqi dəyərləndirmənin aparılması zərurəti də aradan qalxmış olur.

39. Son olaraq məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə qismən razılaşaraq qeyd edir ki, bəli, deliktdən irəli gələn tələblərə on illik ümumi iddia müddəti tətbiq edilməlidir. Lakin, hazırkı işdən görünür ki, iddiaçı mülkiyyətinə dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Mülki Məcəllənin 384.0 və 384.0.4-cü maddəsinə əsasən isə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil edilmir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

44. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Məhkəmə xərclərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.

46. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

47. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

48. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

50. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş bütün məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar