Məhkəmə qərarları › İş №e-2-2(115)-100/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-100/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-100/2025 16.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduiddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, 14 oktyabr 2019-cu il tarixli ***-*******MK141019-02 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 7049,76 manat əsas borc, 2668,92 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və 920,22 manat kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış faiz borcu və iş üzrə ödənilmiş 121,92 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10638,90 manat məbləğində borcun cavabdehlər Cavabdeh2, Qasımova (Allahverdiyeva) Rəqsanə Süleyman qızından və Cavabdeh3 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Bərdə filialı ilə Cavabdeh2 arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli ***-*******MK141019-02 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Qasımova (Allahverdiyeva) Rəqsanə Süleyman qızı və Cavabdeh3 ilə bank arasında 14 oktyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs kredit borcunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və bildirişlə isə yazılı qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər kredit borcunun banka ödənilməsi üçün heç bir tədbir görməmişlər. Məhkəmə iclasında iştirak edən ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbinə uyğun izahat verərək iddia tələbini təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, bankla müqavilə bağlayaraq kredit götürmüş, üç ay ödəniş etdikdən sonra bank bağlanmış, bu səbəbdən ödəniş edə bilməmişdir. Bir ildən sonra Gəncə filialından ona zəng edərək kredit borcunun ödənilməsini tələb etmişlər. Onun isə borcu birdəfəyə bağlamağa imkanı olmadığından hissəhissə ödəmişdir. Borcla razı deyil, hesab edir ki, o borcundan daha çox ödəniş etmişdir. Digər cavabdehlərə isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-*******MK141019-02 saylı kredit müqaviləsindən görünür ki, biznes məqsədilə illik faiz dərəcəsi 26% оlmaqla 24 ay müddətinə 8000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ***-*******MK141019-02/ZM/1 və ***- *******MK141019-02/ZM/2 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 7049,76 manat əsas krеdit bоrcu, 2668,92 manat faiz bоrcu və gecikdirilmiş vaxt üçün faiz borcu 920,22 manat olmaqla, ümumilikdə 10638,90 manat məbləğində bоrcunun olması göstərilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 30 yanvar 2025-ci il tarixli 9/9631 saylı ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 qeyd edilən tarixə İddiaçı ASC-yə olan borcu xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borca görə 7049,62 manat, faiz borcu üzrə 2699,35 manat, xx.xx.2024-cü il tarixə (sualda qeyd edilən tarixə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) əsas borc üzrə 7049,62 manat, faiz borcu üzrə 2074,35 manat, 5%-lə hesablanmış faiz borcu 926,24 manat təşkil edir. Xidmət haqqı 100 manat qeyd edilmişdir. İş materiallarında olan xəbardarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona biznes məqsədilə illik faiz dərəcəsi 26% оlmaqla 24 ay müddətinə 8000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İddiaçı kredit müqaviləsi üzrə 7049,76 manat əsas borc, 2668,92 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və 920,22 manat kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış faiz borcunun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc 7049,62 manat, faiz borcu 2699,35 manat, xx.xx.2024-cü il tarixə (sualda qeyd edilən tarixə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) əsas borc 7049,62 manat, faiz borcu 2074,35 manat, 5%-lə hesablanmış faiz borcu 926,24 manat təşkil etməsi göstərilmişdir. Göründüyü kimi müqavilə müddətinin bitməsinə faiz borcu 2699,35 manat olsa da, sonradan faiz borcu azalmış, bildirişin cavabdehə çatdığı, habelə maliyyə arayışında göstərilən tarixə faiz borcu 2074,35 manat təşkil etmişdir. Ona görə də ekspertiza rəyi ilə müəyyən edilmiş əsas borc olaraq 7049,62 manat, müqavilə müddətinə hesablanmış faiz borcu olaraq 2074,35 manat, iddia tələbində göstərilən 920,22 manat məbləğdə kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış faiz borcu tutulması əsaslıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh1 və Cavabdeh3 mülki məsuliyyətini diqqətə çatdırır ki, Mülki Məcəllənin zaminliyə xitam verilməsi əsaslarının müəyyən olunduğu 477-ci maddəsinin Məcəllənin 24-cü fəslində, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 477-ci maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması zaminliyə müqavilədə göstərilmiş onun verilmə müddəti bitdikdən sonra, kreditor tərəfindən zaminə qarşı iddianın irəli sürülmədiyi halda öhdəliyin icrası vaxtının çatdığı tarixdən bir il ərzində, əsas öhdəliyin icrası müddəti bəlli olmadıqda isə zaminlik müqaviləsinin bağlandığı tarixdən iki il ərzində xitam verilməsini nəzərdə tutmuşdur. Zaminliyə göstərilən müddətlər ərzində xitam verilməsi isə onu göstərir ki, həmin müddət keçdikdən sonra kreditor zaminə qarşı iddia qaldırmaq hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına əsasən, iddia müddətindən fərqli olaraq kəsici müddətin tətbiqi tərəflərin iradəsinin asılı olmamaqla birbaşa məhkəmənin səlahiyyətinə aiddir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi və zaminlik müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Müqavilə üzrə öhdəliyin icra müddətindən və son icra tarixindən bir ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə müraciət etdiyindən məhkəmə hesab edir ki, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kredit borcunun tutulması qanuni və əsaslı sayıla bilməz. Odur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 7049 manat 62 qəpik krеdit bоrcu, 2074 manat 35 qəpik faiz bоrcu və müqavilə müddəti bitdikdən sonra hesablanmış 920 manat 22 qəpik faiz borcu olmaqla cəmi 10044 manat 19 qəpik bоrc Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 121,92 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənlərə əsasən 120,13 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin ekspertiza aparılması ilə bağlı 100 manat xidmət haqqı da cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli ***-*******MK141019-02 nömrəli kredit müqaviləsi üzrə yaranmış 7049 manat 62 qəpik krеdit bоrcu, 2074 manat 35 qəpik faiz bоrcu və müqavilə müddəti bitdikdən sonra hesablanmış 920 manat 22 qəpik faiz borcu olmaqla cəmi 10044 (on min qırx dörd) manat 19 (on doqquz) qəpik bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat 13 (on üç) qəpik dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar