Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1012/2025 03.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli 10-MCR-1-676-24/1 saylı kredit müqaviləsi üzrə 8735.74 manat əsas borc, 580.58 manat faiz borcu və 4.74 manat cərimə borcu olmaqla cəmi 9321.06 manat borcun, xx.xx.2024cü il tarixli 10-MCR-1-676-24/2 saylı kredit müqaviləsi üzrə 341.16 manat əsas borc, 0.24 manat faiz borcu olmaqla cəmi 341.4 manat borcun və 116.62 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Gəncə” filialından 120 ay müddətinə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2024-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2024-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli 10-MCR-1-676- 24/1 saylı kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 23% olmaqla 36 ay müddətinə 9500 manat məbləğində kredit götürmüşdür. xx.xx.2024-cü il tarixli 10-MCR-1-676-24/2 saylı kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 25% olmaqla 24 ay müddətinə 500 manat məbləğində kredit götürmüşdür 2025-ci ilin fevralın 20-dək Cavabdeh1 banka xx.xx.2024-cü il tarixli 10- MCR-1-676-24/1 saylı kredit müqaviləsi üzrə 8735.74 manat əsas borc, 580.58 manat faiz borcu və 9.48 manat cərimə borcu olmaqla cəmi 9325.8 manat borcu vardır. Cavabdeh1 xx.xx.2024-cü il tarixli 10-MCR-1-676-24/1 saylı kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 9.48 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 4.74 manat məbləğində tələb olunur 2025-ci ilin fevralın 20-dək Cavabdeh1 banka xx.xx.2024-cü il tarixli 10-MCR-1-676-24/2 saylı kredit müqaviləsi üzrə 341.16 manat əsas borc, 0.24 manat faiz borcu olmaqla cəmi 341.4 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 aprel 2025-ci il tarixli, e-2-2(115)- 1012/2025 nömrəli bildirişlər göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdehlər tərəfindən iddiaçının tələbinə dair etirazlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit limitinin ayrılmasına dair müqavilə, kredit verilməsinə dair müqavilə, kart vasitəsilə kredit xətti ayrılmasına dair müqavilə, zaminlik müqaviləsi, kassa məxaric qəbzi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Gəncə” filialından 120 ay müddətinə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 10-MCR-1-676-24/1 saylı kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 23% olmaqla 36 ay müddətinə 9500 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 10-MCR-1-676-24/2 saylı kart vasitəsilə kredit xətti ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 25% olmaqla 24 ay müddətinə 500 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, 20 fevral 2025-ci il tarixinədək Cavabdeh1 banka xx.xx.2024-cü il tarixli 10-MCR-1-676-24/1 saylı kredit müqaviləsi üzrə 8735.74 manat əsas borc, 580.58 manat faiz borcu və 9.48 manat cərimə borcu olmaqla cəmi 9325.8 manat borcu vardır. Cavabdeh1 banka xx.xx.2024-cü il tarixli 10-MCR-1-676-24/2 saylı kredit müqaviləsi üzrə 341.16 manat əsas borc, 0.24 manat faiz borcu olmaqla cəmi 341.4 manat borcu vardır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit verilməsinə dair razılaşmaya əsasən öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ kassa-məxaric qəbzi ilə cavabdehə verilmişdir. Lakin cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş cədvəllərinə əsasən aylıq ödənilməli kredit məbləğlərini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. xx.xx.2024-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. İş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh1 xx.xx.2024-cü il tarixli 10-MCR-1-676-24/1 saylı kredit müqaviləsi üzrə 8735.74 manat əsas borc, 580.58 manat faiz borcu, xx.xx.2024-cü il tarixli 10-MCR-1-676-24/2 saylı kredit müqaviləsi üzrə 341.16 manat əsas borc, 0.24 manat faiz borcu olduğu təsdiq edilir. Eyni zamanda zaminlik müqaviləsi üzrə zamin Cavabdeh2 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyündən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixli 10-MCR-1-676-24/1 saylı kredit müqaviləsi üzrə 4.74 manat cərimənin tutulması hissəsinə münasibətdə tərəflərin mənafelərini nəzərə alıb cərimə məbləğinin tam təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, həmin məbləğ cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən məhkəməyə ərizə verilməsi üçün 116.62 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı həmin məbləği tələb etdiyindən və iddia tələbi tam təmin edildiyindən ödənilmiş 116.62 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli 10-MCR-1-676-24/1 saylı kredit müqaviləsi üzrə 8735.74 manat əsas borc, 580.58 manat faiz borcu və 4.74 manat cərimə borcu olmaqla cəmi 9321.06 manat borc, xx.xx.2024-cü il tarixli 10-MCR-1-676-24/2 saylı kredit müqaviləsi üzrə 341.16 manat əsas borc, 0.24 manat faiz borcu olmaqla cəmi 341.4 manat borc olmaqla, ümumilikdə 9662,46 manat borc və 116.62 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-1012/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1012/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver