Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1015/2024 26.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Orucova Vüsalə İsməli qızının katibliyi, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh4 ( o həm də Cavabdeh2 icra orqanının rəhbəridir) iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC ilə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh4 arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli MK-00370-14/21A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixə ödənilməmiş 11413,17 manat əsas borc, 716,17 manat faiz borcu və 12,02 manat dəbbə pulu olmaqla, ümumilikdə 12141,36 manat borcun, iddianın qaldırılması üçün ödənilmiş 127 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Oktay oğlundan müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ilə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh4 arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli MK-00370-14/21A saylı əsas kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 120 ay müddətinə maksimal faiz dərəcəsi 35% olmaqla xx.xx.2031-ci il tarixinədək əlavə müqavilələr bağlamaqla 200000 manat məbləğinədək kreditlər verilə bilər. 30 sentyabr 2022-ci il tarixli MK-B0370-14/20A saylı əlavə razılaşmaya əsasən əsas kredit müqaviləsi çərçivəsində bank tərəfindən Cavabdeh2 MMC-nin direktoru Cavabdeh4 24 ay müddətinə illik 22 faiz olmaqla 20000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh4 29 sentyabr 2021-ci il tarixdə iddiaçıyla MKZ-00370-14/21A saylı, Cavabdeh3 29 sentyabr 2021-ci il tarixdə iddiaçıyla MKZ2-00370-14/21A saylı, Cavabdeh1 Oktay oğlu 25 iyun 2023-cü il tarixdə iddiaçıyla MKZ4-00370-14/21A saylı zaminlik müqavilələri bağlayaraq Cavabdeh2 MMC-nin həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşlar.. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahat verərək bildirdi ki, kredit müqaviləsini özü bağlamış, kredit borcunu vaxtlı-vaxtında ödəmişdir. Daha sonra işində yaranan maddi çətinliklərlə bağlı kredit borcunu ödəyə bilməmişdir. Tək iddiaçı ilə deyil, bir neçə bankla kredit müqaviləsi bağlamışdır. İddiaçıya yeni qrafik tərtib edilməsi üçün müraciət etsə də razılıq əldə edə bilməmişdir. Borc məbləği ilə bağlı etirazı yoxdur, yeni qrafik verilərsə borcunu hissə-hissə ödəyə bilər. Digər cavabdelər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli MK-00370-14/21A saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank "xxxx" ASC-nin Əcəmi filialı tərəfindən Cavabdeh2 MMC-nin direktoru Cavabdeh4 120 ay müddətinə, maksimal faiz dərəcəsi 35% olmaqla xx.xx.2031-ci il tarixinədək əlavə müqavilələr bağlamaqla 200000 manat məbləğində kreditlər verilə bilər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli MK-00370-14/21A saylı əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan MK-B0370-14/22A saylı əlavə razılaşmadan görünür ki, Bank "xxxx" ASC-nin Əcəmi filialı tərəfindən Cavabdeh2 MMC-nin direktoru Cavabdeh4 dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədilə, illik faiz dərəcəsi 22% olmaqla, 24 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 29 sentyabr 2021-ci il tarixdə MKZ-00370-14/21A saylı, MKZ2- 00370-14/21A saylı və MKZ4-00370-14/21A saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Oktay oğlu borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixə olan əsas borc 11413,17 manat, faiz borcu 716,17 manat, dəbbə 12,02 manat, cəmi 12141,36 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Bank "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış, Cavabdeh2 MMC-yə 24 ay müddətinə illik faiz dərəcəsi 22% olmaqla 20000 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 11413,17 manat kredit borcu, 716,17 manat faiz borcu və 12,02 manat cərimə borcu vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit məbləğini, kreditə hesablanmış faizləri və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin, həmin məbləğə hesablanmış faiz və cərimə borclarının ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 MMC kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh2 MMC zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Ona görə də kredit müqaviləsi üzrə yaranmış 11413 manat 17 qəpik əsas borc, 716 manat 17 qəpik faiz borcu, 12 manat 02 qəpik cərimə borcu olmaqla, cəmi 12141 manat 36 qəpik məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarında olan 11 mart 2024-cü il tarixli bildiriş məktublarından görünür ki, Bank "xxxx" ASC cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyini xəbərdarlıq etmişdir. Həmin tarixdən kredit müqaviləsinə xitam verildiyindən iddia tələbinin kredit müqaviləsinin ləğvi ilə bağlı tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 127,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 127,40 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 29 sentybar 2021-ci il tarixli MK-00370-14/21A saylı kredit müqaviləsi üzrə yaranmış 11413 manat 17 qəpik əsas borc, 716 manat 17 qəpik faiz borcu və 12 manat 02 qəpik dəbbə pulu olmaqla, cəmi 12141 (on iki min yüz qırx bir) manat 36 (otuz altı) qəpik borc və ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat 40 (qırx) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh2ndən, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1015/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1015/2024
26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver