Məhkəmə qərarları › İş №e-2-2(115)-1038/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1038/2021

26.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1038/2021 26.10.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Gəncə Kommersiaya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı3 və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 Cavabdeh ASC-yə qarşı pul tələbinə dair ərizəsinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən e t d i: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək 11.09.2003-cü ildən bu günədək malik olduğu səhmlərə görə ödənilməyən ödənişlərin cavabdehdən alınaraq ödənilməsi, həmin ödənişlərin nə qədər olmasını hesablamaq mümkün olmadıqda isə kompensasiya olaraq 150 000 manatın alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı3 və vəkili Nümayəndə məhkəmə iclaslarında ayrı-ayrılıqda izahat verərək iddia tələbini müdafiə etdiklərini bildirmişlər. Cavabdeh Rasifoğlu” ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının ərizəsinin və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-3.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. 106-3.2-ci maddəsinə əsasən səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. 107-1.3-cü maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir. 107-1.6-cı maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 iyun 2017-ci il tarixli qərarında qeyd etmişdir ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir. Qeyd edilən şərhdən görünür ki, səhmlərdən ödənişlərin edilməsi ilə bağlı məsələlərdə şəxslərin bilavasitə, yəni birbaşa olaraq məhkəməyə müraciət etməsi yolverilməz sayılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Məhkəmə hesab edir ki, mənfəətin bölüşdürülməsi məsələsinə hazırkı mübahisənin məhkəməyə qədər həll edən orqan olan səhmdarlarının ümumi yığıncağı mövcuddur. İddiaçılar mənfəətin bölüşdürülməsi məsələsinə baxılmasını ilk növbədə hüquqi şəxsin həmim orqanından tələb etməlidirlər. Hazırkı iş üzrə iddiaçılar cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək divident şəkilində müəyyən məbləğdə pul tələb etmişlər. Yuxarıda qeyd olunan hüquq normalarının tələbindən göründüyü kimi səhmdar cəmiyyətin səlahiyyətli orqanının qərarı olmadan mənfəətin bölüşdürülməsi həyata keçirilə bilməz. Hər bir il üzrə mənfəətin bölüşdürülməsi barədə səhmdarlarının ümumi yığıncağına müraciət olunması, həmin müraciətlərə baxılması barədə ümumi yığıncağın qərarları və yaxud baxılmamasını təsdiq edən faktlar mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, qeyd etmək lazımdır ki, bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Məsələn: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2ci hissəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər, Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə görə əgər qanunla müəyyən kateqoriya iqtisadi kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra iqtisad məhkəməsinin həllinə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 Cavabdeh ASC-yə qarşı pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar