Məhkəmə qərarları › İş №e-2-2(115)-105/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-105/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-105/2024 12.03.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2015-ci il tarixli üzrə kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 faizlə hesablanmış 854.30 manat əldən çıxmış fayda borcun və 70 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırki İddiaçı ASC) illik 6 faizlə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. 15 avqust 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2015-ci tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə xx.xx.2022-cı il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 854.30 manat əldən çıxmış fayda borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən-İddiaçı ASC borcalan Cavabdeh 15 000 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə illik 5 faizlə hesablanmış 854.30 manat əldən çıxmış fayda borcu vardır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə hərracın keçirilməsi ilə əlaqədar bildirişlər tərəflərə göndərilmiş, xx.xx.2023-cü il tarixli 1736/23 nömrəli məktubdan görünür ki, Cavabdeh məxsus mənzil tələbkar İddiaçı ASC-yə təklif olunmuş, tələbkar ipoteka predmetini 20.374.5 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli açıq hərracın yekunları barədə 189/23 nömrəli protokoldan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-181/2022 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, Bərdə rayon İcra Şöbəsi tərəfindən verilmiş 51310/2023 saylı, xx.xx.2023-cü il tarixli sifariş əsasında hərrac keçirilmiş, Cavabdeh məxsus ünvan 1 ünvanında, 0.042 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 74.6 kv.metr ümumi, 56.4 kv.m metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 9 saylı mənzil 20374.5 manat məbləğində tələbkar İddiaçı ASC tərəfindən alınmışdır. İşin müəyyən edilmiş hallarından məlum olur ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-cı il tarixi qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 14205.44 manat əsas borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın cavabdeh X1 mülkiyyətindəki Bərdə şəhəri, S.Vurğun küçəsində yerləşən 18 nömrəli evin 9 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiyməti 31960 manat həddində müəyyən edilməsi, açıq hıərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılması, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yeterli olmadıqda qalan borc məbləğinin cavabdehlər Cavabdeh Eldar oğlundan və X2 tutularaq İddiaçı ASC-yə ödənilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh Eldar oğlu, X7, X5, X3 mənzildən çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-453/2022 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(104)-181/2022saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-cı il tarixi qətnaməsi qismən, yəni Cavabdeh 14205.44 manat əsas borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, açıq hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsi üçün yeterli olmadıqda cavabdeh X2 müstərək qaydada İddiaçı ASC-yə ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, iddia tələbi həmin hissədə təmin edilməməsi, qətnamə təmin olunan qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Tələbkar xx.xx.2023-cü il tarixli açıq hərracın yekunları barədə 189/23 nömrəli protokolla ipoteka predmeti olan mənzili 20374.5 manat qiymətə əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MMin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilmişdir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 2009-cu il 9 iyul tarixli Qərar). Göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixədək olan əsas borcu, faiz borcunu, əldən çıxmış faydanın əvəzini və cəriməni məhkəmə qaydasında tələb etmiş və bununla bağlı qətnamə çıxarılmış və icra edilmişdir. Hazırkı iddia tələbindən göründüyü kimi iddiaçı məhkəmədə iddia tələbini irəli sürdüyü xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddəti öhdəliyin borclu tərəfindən gecikdirilmiş dövrü sayır. Məhkəmə bununla qeyd edir ki, iddiaçının gecikdirimiş hesab etdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan zaman kəsiyində baş vermiş olan prosseslərdən məlum olduğu kimi öhdəliyin borclunun təqsiri nəticəsində gecikməsi halı baş verməmişdir. Belə ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-453/2022 saylı qətnaməsindən cavabdehlə prossesual hüquqlarından istifadə edərək apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(104)-181/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Bundan sonra qətnamə icra olunmuşdur. Əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsində cavabdeh tərəfindən hər hansı süni əngəllərin, maneələrin törədilməsi, o cümlədən ipoteka predmetini aidiyyəti icra qurumuna təhvil verməməsi, yəni icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olması təsdiqİni tapmamışdır. Belə olan vəziyyətdə borclunun təqsiri istisna olunur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun qərarından göründüyü kimi şəxs, məhkəmə qərarının icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqavilə münasibətlərinə xitam verildiyindən həmin şəxs pul öhdəliyinin icrasına görə MM-in 449.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti daşımır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Qeyd olunanlara əsasən tələb əsaslı sayılmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1 maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İdda tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar