Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1051/2023 03.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20000 manat maddi ziyanın və ödənilmiş 200 manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək və tam maddi məsiluyyət müqaviləsi bağlanmış, müqavilə əsasında o, satış nümayəndəsi (ekspeditor) vəzifəsinə işə qəbul olunaraq xx.xx.2020-xx.xx.2022-ci il tarixlərdə iddiaçının müəssisəsində fəaliyyət göstərmişidir. Lakin əmək fəaliyyəti zamanı cavabdehin qəsdən yol verdiyi təqsirli hərəkətləri nəticəsində, müəssisəyə 20000 manat dəyərində maddi ziyan vurulmuşdur. Belə ki, iddiaçıya vurulmuş həmin ziyan məbləğinin könüllü ödənilməsi məqsədilə "VİP STATUS” MMC ilə Cavabdeh arasında mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında 15 fevral 2021-ci il tarixli 02152101 saylı müqavilə bağlanmışdır və bununla da cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması faktı və ziyan məbləği etiraf olunaraq təsdiq edilmişdir. Həmin müqavilənin 2-ci və 3-cü bəndlərinə əsasən yuxarıda qeyd olunmuş 20000 manat məbləğin cavabdeh tərəfindən hissə-hissə ödənilməklə hər ay üçün ən azı 2200 manat həcmində 02 sentyabr 2021-ci il tarixinə qədər iddiaçının hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən hazırki tarixə qədər iddiaçıya heç bir ödəniş edilməmişdir. Tərəflərin qarşılıqlı münasibətlərinin olması faktı nəzərə alınaraq iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə cavabdehə borcun könüllü ödənilməsi təklifi irəli sürülmüşdür. Cavabdeh işçi kimi karyerasının əvvəlində olduğunu və onun tərəfindən iddiaçının müəssisəsinə vurduğu ziyanın məbləği etiraf etdiyini və könüllü ödəməkdən imtina etmədiyi iddiaçı tərəfindən nəzərə alaraq cavabdehə borcun hissə-hissə ödənilməsinə icazə verilmişdir və bununla da iddiaçı tərəfindən cavabdehə humanizm göstərilmişdir. İş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh xx.xx.2020- xx.xx.2021-ci il tarixlərdə iddiaçının şirkətində satış təmsilçisi kimi çalışmışdır. İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə Cavabdeh qarşı 20000 manat pul tələbi və 200 manat mediasiya xərclərinin ödənilməsinə xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Cavabdeh öhdəliyinə əsas sübut kimi "VİP STATUS” MMC ilə Cavabdeh ilə mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında 02152101 saylı 15 fevral 2021-ci il tarixli müqavilə bağlanması göstərilmişdir. Lakin iddiaçı məhkəməyə müraciət etdikdən sonra təkrar daxili araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh əlavə olaraq iddiaçıdan pərakəndə satış məqsədilə müxtəlif vaxtlarda öz adına mallar götürmüşdur. Buna sübut kimi bir necə təhvil-qəbul qaimələri məhkəməyə elektron kabinet vasitəsilə təqdim edilib. Bununla da sübut olunur ki, Cavabdeh həmçinin iddiaçıdan müxtəlif vaxtlarda öz məsuliyyətinə istehlak məhsulları qəbul edib və tərəflər arasında həmin mallar üzrə iddiaçıya olan borc məbləği tərəflər arasında dəqiqləşdirilib və bu səbəblə də tərəflər yazılı olaraq mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında 02152101 saylı 15 fevral 2021-ci il tarixli müqavilə bağlamışlar. Yekun olarq işə əlavə olunmuş materiallardan görünür ki, cavabdeh xx.xx.2020- xx.xx.2021-ci il tarixlərdə idiaçının şikətində satış təmsilçisi işləmişdir və cavabdeh bundan müəyyən etibar qazanaraq həmçinin öz adına müxtəlif vaxtlarda istehlak məhsulları qəbul etmişdir və buna görə 20000 manat borc öhdəliyi cavabdeh tərəfindən etiraf edilmişdir və borcun ödənilməsinə 15 fevral 2021-ci il tarixli müqavilə bağlanmışdır. Sonra isə iddiaçı xx.xx.2021-ci il tarixdə **********2 nömrəli VÖEN əldə etməsi müəyyən edilmişdir. Bu səbəblə də MPM-nin 53-cü maddəsinə əsasən iddianın əsası və predmeti dəyişdirilməlidir. Belə ki, iddia tələbi dəyişməz olaraq 20000 manat dəyərində maddi ziyanın tam məbləğinin və 200 manat mediasiya xərclərinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi təşkil edir. Lakin borcun yaranmasının əsasını cavabdehin öz adına istehlak məhsullarının qəbulu təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq MPM-nin 53-cü maddəsinə əsasən iddianın predmeti və əsasının kommersiya mübahisəsi olduğuna uyğun düzəliş verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”-dən görünür ki, Cavabdeh İddiaçındə məşğulluq təsnifatı üzrə satış nümayəndəsi, evdə: əmək müqaviləsi üzrə: satış təmsilçisi vəzifəsi üzrə işə götürülmüşdür. İş materiallarında olan 19 fevral 2021-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”-dən görünür ki, işəgötürən İddiaçı ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a-tərəflərdən birinin təşəbbüsü əsası ilə xx.xx.2021-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan tələbkar "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış 15 fevral 2021-ci il tarixli “Mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında” 02152101 saylı müqavilədən görünür ki, borclu etiraf edir ki, tələbkar və borclu arasında əldə olunmuş razılığa əsasən, dəyərini ödəmək şərti ilə tələbkardan istehlak məhsullarını qəbul etmişdir, lakin əvəzi olaraq tələbkara etməli olduğu ödənişi gecikdirərək öz öhdəliklərini lazımınca icra etməmişdir. Buna görə borclunun tələbkar qarşısında hazırki tarixə ümumu 20000 manat məbləğində ödənilməmiş debitor borcu yaranmışdır. Müqavilənin 2-ci bəndinə əsasən borclu öhdəsinə götürür ki, 20000 manat olan ümumi borc məbləğini bu müqavilənin 3-cü bəndi ilə müəyyən olunmuş qaydada ödəyəcəyinə və hazırki müqavilə müddəti ərzində götürülmüş öhdəliklərin yerinə yetirilməsinə dair öhdəlik götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən borclu ümumi borc məbləğindən ilkin olaraq 15000 manat məbləğini 02 sentyabr 2021-ci il tarixinə qədər hər təqvim ayının 1-ci günündə tələbkarın bank hesabına minumum 2200 manat məbləğində pul vəsaiti köçürür, qalan 4600 manat məbləğini isə ilkin məbləğ ödənildikdən sonra tələbkarın şərtlərinə uyğun olaraq bu müqaviləyə əlavə ediləcək yazılı razılaşma əsasında ödəniləcəyi müəyyən olunmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu yer Tovuz rayonu Əyyublu kəndidir. İş materiallarında olan satış qaimələrindən görünür ki, xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 1017,945 manat, xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 20,750 manat, 160,500 manat, xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 299,690 manat və xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 110,750 manat məbləğində mal təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 18-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Həmin qərarın 26-cı bəndində qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır, birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. Subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə münahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin ç bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin tarixdən əmək müqaviləsinə xitam verildiyi 19 fevral 2021-ci il tarixədək Cavabdeh Cəmiyyətin işçisi olmuşdur. İddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh Cəmiyyətdə əmək fəaliyyəti göstərdiyi dövrdə müəssisəsyə vurduğu ziyanın, yəni işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsini tələb etmişdir. İşçi ilə işəgötürən arasında da bağlanmış mövcud borcun etirafı barədə müqavilə məhz cavabdehin həmin müəssisənin işçisi olduğu vaxt, 15 fevral 2021-ci il tarixdə imzalanmışdır. Qeyd edilən halları nəzərə alan məhkəmə bildirir edir ki, əmək funksiyasının həyata keçirilməsi ilə bağlı yaranan mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddianın predmetini dəyişərək cavabdehin müəssisədən pərakəndə satış məqsədilə müxtəlif vaxtlarda öz adına mallar götürdüyünü, bununla bağlı müəssisəsyə ziyan vurduğunu qeyd edərək ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə təhvil verildiyi iddia edilən malların satış qaimələrindən görünür ki, qeyd edilən qaimənin biri məhz Cavabdeh əmək müqaviləsinə xitam verilməsindən əvvəl tərtib edilmiş, digər qaimələrin isə sonuncunun vergi ödəyicisi kimi qeydiyyata alındığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən əvvəl tərtib edilmişdir. Qeyd edilən qaimələrlə təhvil veriən malların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilməsi, məhz ziyanın da qanuni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı vurulması iş materialları ilə təsdiq olunmur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin qərardadından şikayət verildiyi təqdirdə şikayətə vəkilin orderi əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Yuxarıda qeyd edilən Plenum qərarının 9-cu bəndinə əsasən digər qərardadlardan fərqli olaraq Azərbaycan Respublikası MPM-nin 403-1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə müvafiq izah elektron qaydada işdə iştirak edən şəxslərə təqdim olunmalıdır. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1051/2023
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1051/2023
03.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Malın, işin və xidmətlərin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver