Məhkəmə qərarları › İş №e-2-2(115)-106/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-106/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-106/2023 20.02.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11 mart 2022-ci il tarixli SHMMK-1774 saylı kredit müqaviləsi üzrə 3291,12 manat əsas borc, 742,38 manat faiz borcu, 1200 manat dəbbə pulu olmaqla cəmi 5233,5 manat pulun və ödənilmiş 100 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 11 mart 2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən illik 23 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 6000 manat cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. İddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair 18 yanvar 2023-cü il tarixdə ərizə göndərərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11 mart 2022-ci il tarixli SHMMK-1774 saylı kredit müqaviləsi üzrə 2491,12 manat əsas borc, 841,53 manat faiz borcu, 1200 manat dəbbə pulu olmaqla cəmi 4532,65 manat pulun və ödənilmiş 100 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair 20 fevral 2023-cü il tarixdə ərizə göndərərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11 mart 2022-ci il tarixli SHMMK-1774 saylı kredit müqaviləsi üzrə 2091,12 manat əsas borc, 888,23 manat faiz borcu, 1200 manat dəbbə pulu olmaqla cəmi 4179,35 manat pulun və ödənilmiş 100 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatında göstərdi ki, vergi orqanı Cavabdeh1 hesabının üzərinə həbs qoymuşdur. Bununla əlaqədar olaraq cavabdeh tərəfindən ödənilən pulların kredit borcundan silinməsi mümkün olmamışdır. Cavabdehin vergi borcu ödənildikdən sonra isə hesabın üzərindən həbs götürülmüş və ödənilən məbləğ kredit borcundan silinmişdir. Həmin məbləğ isə əsas borc məbləğindən silinmişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə 11 mart 2022-ci il tarixdə kredit müqaviləsi bağlamış və 6000 manat kredit götürmüşdür. Ödəniş qrafikinə əsasən hər ay 397,30 manat olmaqla xx.xx.2023-cü il tarixədək ödəniş etməli idi. Hər ay vaxtlı-vaxtında ödənişlərini etmiş, kredit borcunun ödənilməsini həyata keçirmişdir. Kredit borcunun ödənilməsinə isə davam etməkdədir. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 11 mart 2022-ci il tarixdə bağlanmış SHMMK-1774 saylı kredit müqaviləsinə əsasən borcalana illik 23 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 6000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 11 mart 2022-ci il tarixdə bağlanmış SHMMK-1774 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, borc alan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdək hər ay 397,30 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 396 manat, xx.xx.2022-ci il tarixdə 380 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022ci il tarixdə 388 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 400 manat ödəniş etmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən təqdim edilən qəbzlərdən görünür ki, o, Milliön elektron ödəmə sistemləri və eManat ödəmə sistemləri vasitəsilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 396 manat, xx.xx.2022-ci il tarixdə 380 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 388 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 400 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, 11 mart 2022-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən borcalana illik 23 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 6000 manat kredit verilmiş, borc alan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdək hər ay 397,30 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. Borcalan ödəniş qrafiki üzrə hər ay elektron ödəmə sistemləri vasitəsilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənişlər etmiş və aylıq ödənişləri etməkdə davam edir. İddiaçı borcalan tərəfindən bankın hesabına ödənilən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək kredit ödənişlərinin cavabdehin hesabı üzərinə vergi orqanı tərəfindən həbs qoyulması səbəbindən kredit borcundan silinməsinin mümkün olmadığını bildirmiş, borc alan tərəfindən kredit ödənişlərinin vaxtlı-vaxrında qərəzli olaraq ödənilmədiyi qənaətinə gəlmişdir. Lakin məhkəmə qeyd edir ki, borc alan hər ay ödəniş qrafiki üzrə ödənişləri həyata keçirmişdir, bankın hesabına ödənilən məbləğin hər hansı bir səbəbdən kredit borcundan vaxtında silinməməsi, həmin məbləğin ümumilikdə kredit borcundan sonradan silinməsi borcalanın kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınması kimi qiymətləndirilə bilməz. Bundan başqa məhkəmə bildirir ki, müəyyən səbəblərdən vaxtında ödənilmiş aylıq ödənişlərin kredit borcundan vaxtında silinməsi mümkün olmasa da 1625,78 manat pul vəsaiti ümumi şəkildə xx.xx.2022-ci il tarixdə kredit borcundan silinmişdir. Həmçinin iddiaçı kredit müqaviləsinin bitmə müddətinədək hesablanmış əsas və faiz borcunu cavbdehdən tələb etsə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdək müəyyən edilmiş və borcalan kredit borcunu hər ay ödəniş qrafikinə əsasən ödəməkdə davam edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. Bundan başqa iş materiallarında olan Gəncə şəhər 1 saylı mediasiya təşkilatı tərəfindən verilmiş arayışda tərəflərin mediasiya sessiyasında iştirak etdiyi və iddiaçı tərəfindən 100 manat mediasiya xərcinin ödənildiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar