Məhkəmə qərarları › İş №e-2-2(115)-107/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-107/2022

13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-107/2022 13.10.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanmaya görə 25800 manat, maddi ziyana görə 8700 manat, əldən çıxmış faydaya görə 5000 manat, mənəvi ziyana görə 10000 manat, cəmi 49500 manat məbləğində pulun və iddia ərizəsi və mediasiya üçün ödənilmiş 238.50 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı vəkili Vəkil1 iddia tələbinini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ümumilikdə 49000 manat məbləğində pulun, iddia ərizəsi və mediasiya üçün ödənilmiş 238.50 manat məbləğin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli qeyriyaşayış obyektini (Nizami k\t şimal hissəsində yerləşən Gözəllik mərkəzi) 21 may 2021-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh 5 il müddətinə icarəyə götürmüşdür. İcarəyə götürdüyü obyekt təmirsiz olmuş, aralarında olan razılaşmaya əsasən icarə haqqı olan 700 manat pulun üç ayını qabaqcadan ödədikdən sonra iddiaçı obyekti icarəyə götürməli və obyektin təmirini özünə uyğun etməli idi. Beləliklə, cavabdehə 2100 manat ödədikdən sonra obyekti icarəyə götürmüş və təmir işlərinə başlamışdır. xx.xx.2021-ci il tarixdə Gözəllik Mərkəzinin “MOONBROWS” adı ilə açılışı olmuşdur. Bundan sonra onun Pərviz adlı şəxslə “MOON” sözü ilə bağlı çəkişmələri başladı. Bu çəkişmədən fayda götürmək istəyən cavabdeh Pərviz adlı şəxslə Gözəllik Mərkəzinə gələrək ondan reklamın sökülməsini tələb etdi, hətta bunu etmədiyi təqdirdə ona problemlər yaşadacağı ilə hədələdi. Bundan sonra Cavabdeh artıq hazır, müştəri toplamış obyekti Pərvizin həyat yoldaşı X1. Bundan sonra Aytən Məhərrəmova ona bildiriş göndərərək sözügedən obyekti 07 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığını və obyekti istədiyi kimi istifadə etmək hüququna malik olduğunu, həmçinin obyekti aylıq minimum 2500 manata icarəyə verdiyini, onunla razılaşdığı halda 10 gün icarə müqaviləsinin bağlanmasını təklif etmiş, bu məbləğlə razılaşmadığı halda xx.xx.2021-ci il tarixinə boşaldaraq təhvil verməyi xahiş etmiş, əks halda bununla bağlı məhkəməyə müraciət edəcəyəni bildirmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli icarə müvailəsindən irəli gələn öhdəliklər əsasında, yəni hər ay 700 manat ödəmək şərti ilə 5 il müddətinə ona icarə verdiyi obyekti onun tərəfindən əsaslı təmir-tikinti işləri görüldükdən, həmçinin sosial şəbəkələrdə “Hazır icarədə olan obyekt satılır” adı ilə alıcı taparaq obyekti satmaqla əsassız varlanmışdır. Həmçinin cavabdeh xx.xx.2021-ci il tarixli icarə müvailəsini pozaraq ona əlavə maddi və mənəvi ziyan vurmuşdur. Beləliklə,o obyektin təmir-tikinti üçün, həmçinin dekor və sair qurğulara (reklama) görə və çəkilmiş məcburi xərclərər görə aşağıdakı cədvəldə göstərilən məbləğdə xərc çəkmişdir: Mərkəzin açılışı üçün-4000 manat, remont üçün əlmuzdlu ustalar: 4000 manat, qapılar 4 ədəd 4x250 manat 1000 manat, qapıların quraşdırılması 4x50 manat 200 manat, təmit-tikinti materialı 7000 manat, hamam-tualetin yenidən quraşdırılması 200 manat, çöl reklamı 5000 manat, Lüstr quraşdırma 300 manat, pərdələr 1200 manat, jaluz 400 manat, icarə haqqı 700 manat, generator 1600 manat, benzin 45 gün x 50 manat 2000 manat, su maşını 10x 30 manat 300 manat, kanalizasiya çəni 1 əd 500 manat, kanalizasiya maşını 10x 30 manat 300 manat, 6 işçiyə 250 manat əmək haqqı 6x250x2ay 3000 manat, əşyaları daşıyan fəhlələrə hər 100 manatx5 gün 500 manat. Bundan başqa, o hər ay 2500 manat dəyərində qazanc əldə edirdi. Cavabdehin ucbatından mərkəz iki ay işləmədiyinə görə 5000 manat fayda əldən çıxmışdır. Həmçinin cavabdeh etdiyi qanunsuz hərəkətlərinə görə o bir sahibkar kimi, küllü miqdarda ziyan çəxmişdir. Cavabdeh ona çəkdirdiyi istirablara görə də 10000 manat miqdarında mənəvi ziyan ödəməlidir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, obyekti tərk edərkən qapıları, pərdələri və bir sıra əşyaları götürmüşdür. Obyekt satılarkən onu almaq üçün yetərli pul vəsaiti olmadığından almaq barədə cavabdehə müraciət eləməmişdir. İddiaçı vəkili Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Belə ki, İddiaçı ilə obyekti alan arasında mübahisə olduğuna görə qərəzli şəkildə həmin obyekti almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli icarə müvailəsindən irəli gələn öhdəliklər əsasında, yəni hər ay 700 manat ödəmək şərti ilə 5 il müddətinə ona icarə verdiyi obyekti onun tərəfindən əsaslı təmir-tikinti işləri görüldükdən, həmçinin sosial şəbəkələrdə hazır icarədə olan obyekt satılır adı ilə alıcı taparaq obyekti satmaqla əsassız varlanmışdır. Həmçinin cavabdeh xx.xx.2021-ci il tarixli icarə müvailəsini pozaraq iddiaçıya əlavə maddi və mənəvi ziyan vurmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, obyekti icarəyə verərkən onu satacağı barədə iddiaçıya bildirmiş və hətta icarə müqaviləsi bağlanan zaman bu barədə təklif etmişdir. İcarəyə verilmiş obyekt əvvəllər mağaza və çay evi kimi istifadə edilib. İddiaçı obyektin təmiri ilə bağlı aldığı əşyaları söküb aparmış və digər təmir xərcləri ilə bağlı onunla heç bir razılaşma olmamışdır. xx.xx.2021-ci il tarixdə obyekti satmışdır. Bu zaman onunla iddiaçı arasında heç bir narazılıq olmamışdır. Münaqişə iddiaçı ilə yeni mülkiyyətçi arasında obyektinin adına görə olmuşdur. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Mübahisəli obyekt icarəyə verilən zaman təmirli vəziyyətdə olmuşdur. Həmçinin hazırkı idda əsl cavabdehə qarşı qaldırlmamışdır. Belə ki, obyekt satıldığından onun mülkiyyətçisi dəyişmiş və iddia da yeni mülkiyyətçiyə qarşı qaldırılmalı idi. Ona görə də iddia tələbini qəbul edilmir və obyekt tam qanuni olaraq satılmışdır. Məhkəmə iclaslarında aşağıda göstərilən şahidlərin ifadələri dinlənilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirmişdir ki, Aytən xanımın sifarişi əsasında açılışı təşkil etmişdir və açılışla bağlı bütün kompleks sistemi üzərinə götürmüşdür. Göstərilən xidmətlərə görə İddiaçı tərəfindən ona 4300 manat ödəniş olunmuşdur. Şahid qismində ifadə verən X3 bildirmişdir ki, Aytən xanım ona iş təklifi etmişdi. Təxminən 2021-ci ilin may ayında obyektə əsaslı təmir işləri aparılmış və təmirdən sonra işə başlamışdılar. Lakin, işlədikləri müddətdə obyektdə adla bağlı mübahisə yaranmışdır və işlədikləri obyektin satılması səbəbindən başqa yerə köçmüşdürlər. Həmin obyektdə təxminən iki ay işləmişdir və ona əmək haqqı verilmişdir. Şahid qismində ifadə verən X6 bildirmişdir ki, obyekt şəraitsiz olmuşdur və Aytən xanım həmin obyekti təmir etdirmişdir. Aytən xanımla müqavilə bağlamışdır və əmək haqqı almışdır. Açılışdan bir ay sonra Cavabdeh obyekti satdığını bildirmiş və sonradan kommunal xətləri kəsildiyindən oranı tərk etmək məcburiyyətində qalmışdırlar. Aylıq ödənişi 500 manat olmuşdur. İşlə bağlı danışığa gələndə obyekt şəraitsiz olmuşdur. Şahid qismində ifadə verən X7 bildirmişdir ki, Aytən xanımın işlətdiyi obyektdə dırnaq ustası işləmişdir. O obyektə gedəndə hazır vəziyyətdə olmuşdur. Təmir işlərinin kim tərəfindən aparılması barədə məlumatı yoxdur. Cavabdeh obyektin sahibi kimi tanıyır və onlar işlədikləri vaxt üç nəfər obyektə daxil olaraq Aytən xanımla mübahisə etmişdirlər. Gördüyü işə görə haqq almşdır. Şahid qismində ifadə verən X13 bildirmişdir ki, Aytən xanımın işlətdiyi obyektdə bərbər işləmişdir. O, işə başlayanda bina hazır vəziyyətdə olmuşdur. Lakin, obyektə verilən elektrin enerjisi kəsildikdən sonra işləri dayanmışdır. Açılışda iştirak etmişdir və açılışdan bir ay sonra obyektlə bağlı ada görə mübahisə yaranmışdır. Şahid qismində ifadə verən X17 bildirmişdir ki, mübahisəli obyekt onun vasitəçiliyi ilə satılmışdır. Sonra iddiaçı ilə ad üstündə mübahisə yaranmışdır. Obyet beş il öncə satışa çıxarılmışdırr. Şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, həmin ərazinin sahə rəisidir və mübahisəli obyektin təmir olunması və orada görülən işlər barədə məlumatı olmuşdur. Şahid qismində ifadə verən X10 bildirmişdir ki, bir dəfə orada olubdur və tərəflərə razılığa gəlmələrini təklif edibdir. Şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, həmin obyekti onu qızı almışdır. Belə ki, Cavabdeh ilə münasibətləri olmuş və onun obyekti satmaq niyyəti olduğunu bildirdiyindən həmin obyekti almışdırlar. Obyekt alınmamışdan qabaq icarədə olmuşdur və ad üstündə mübahisə yaranmışdır, lakin razılıq əldə edilməmişdir. Reklama görə qızı və icarədar arasında mübahisə olmuşdur. Şahid qismində ifadə verən X4 bildirmişdir ki, Aytən xanımın işlətdiyi obyektdə reklam işini görmüşdür. Obyektin adını və lövhələrini yerləşdirmişdir. Ona ümumilikdə 5000 manat pul ödənilib. İşlərin görülməsi ilə bağlı müqavilə olmamışdır. Reklam sonradan sökülmüşdür. Şahid qismində ifadə verən X8 bildirmişdir ki, obyektin birinci mərtəbəsində tavan işləri, divarların yenidən təmiri və rənglənməsi, sanitar qovşaqda kafel-metlax, pilləkənin rənglənməsi, ayrı-ayrı otaqların alçipanla yığılması işlərini görmüşdür və görülən işlərə görə 800 manat pul almışdır. Şahid qismində ifadə verən X14 bildirmişdir ki, Aytən xanımın işlətdiyi obyektdə elektrik və santexnik işlərini görmüşdür. Ümumilikdə 760 manat haqq almışdır. Elektrik avadanlıqları və təxminən 100 metr elektrik xətti alınmışdır. Həmin obyektdə iş görülməmişdən əvvəl də elektrik xətti olmuşdur. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh ilə icarəçi İddiaçı arasında Gəncə şəhəri, Həsən Əliyev küçəsi, Nizami k/t şimal hissəsi(Gözəllik Mərkəzi) 96 kv.m obyektin aylıq 700 manat icarə haqqı olmaqla 5 il müddətinə icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Gəncə şəhəri 5 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh ümumi sahəsi 159.7 kv/m olan qeyri-yaşayış binasını X1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma bu cür varlanmaya haqq qazandıran və ya müqavilə əsası olmayan halda baş verir. Buraya hüquqi əsasın əvvəllər mövcud olduğu lakin sonradan aradan qalxdığı hallar da daxildir. Hazırkı mübahisə üzrə də, tərəflər arasında bağlanmış müqavilədə icarəyə götürən tərəfindən binanın yaxşılaşdırılması nəzərdə tutulmamışdır. Tərəflər arasında müqavilə mövcud olsa da icarə obyekti üçüncü şəxsə satıldığndan xitamverici şərait yaranmış icarəyə verən N.Quliev ilə icarəyə götürən İddiaçı arasında müqavilə münasibətləri faktiki olaraq aradan qalxmışdır. Bununla da Mülki Məcəllənin 1091.2-ci maddəsinin ikinci cümləsində göstərilən hal baş vermişdir. Məhkəmə qeyd onu da qeyd edir ki, cavabdeh mülkiyyətində olan qeyri-yaşayış binasını xx.xx.2021-ci il tarixdə müqavilə əsasında beş il müddətinə iddiaçının istifadəsinə verdiyindən iddiaçı həmin obyektdən uzun müddət istifadə edəcəyinə ümid edərək binada normal fəaliyyət göstərmək üçün müəyyən işlər görməklə vəsait xərcləmişdir. Cavabdeh binanı xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş müqavilə əsasında başqa şəxsə satmışdır. Yeni mülkiyyətçi ilə razılaşma baş tutmadığından İddiaçı həmin binanı tərk etməli olmuşdur. İddiaçı binadan çıxarkən ayrılması mümkün olan əşyaları götürmüş, ayrılması mümkün olmayan yaxşılaşdırmalar binada qalmışdır. Göründüyü kimi Cavabdeh əmlakında İddiaçı çəkmiş olduğu xərclər hesabına yaxşılaşma baş vermişdir. Odur ki, binanı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Çəkilən xərclərin müəyyən olunmasına gəldikdə isə binada İddiaçı tərəfindən müəyyən işlərin aparılması işin mübahisəsiz halıdır. İşlərinin hansı həcmdə və dəyərdə aparılmasını müəyyən etmək üçün məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmişdir. Tərəflərin bildirdiklərinə görə, həmin ərəfədə binanın yeni mülkiyyətçisi tərəfindən binada yenidən təmir işləri aparıldığından əvvəl görülən işlərin üzəri örtülmüş və ya onların mövcudluğu qalmamışdır. Bu səbəbdən obyektə baxış keçirilməsinə lüzum olmamışdır. Tərəflərin və şahidlərin ifadələri ilə müəyyən olunur ki, binada iddiaçı tərəfindən təmir və bərpa işləri i görülmüşdür. Bir halda ki, işlər görülmüşdür, İş görüldüyü təqdirdə materiallardan istifadə olunma mütləqdir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli. 186 nömrəli ödəniş sənədindən görünür ki, alçipan və ona aid digər materiallara görə 3550 manat, həmin tarixli 450 nömrəli ödəniş sənədində boyalara üçün ödənilən 410 manat, xx.xx.2021-ci i tarixli ******* nömrəli qaimə fakturada kafellərə görə 1050 manatın, metlaxlara görə 210 manatın xərclənməsi təsdiqini tapır. Beləliklə müəyyən olunur ki, iddiaçı aparılan işlərə görə 5220 manatlıq mal-material alınmış, 760 və 800 manat ustalara ödənilən haqq olmaqla ümumilikdə 6780 manat xərc çəkilmişdir. Cavabdehin icarə haqqı kimi 3 aya görə aldığı 2100 manatın binanın üçüncü şəxsə satılmasından sonrakı aya aid olan 700 manat hissəsi də əsassız varlanma hesab olunur. Çünki bina başqa şəxsə satıldığından əvvəlki icarə müqaviləsinin əsasları aradan qalxmışdır. Belə olan halda üçüncü ayın icarə haqqı kimi alınan 700 manat əsassız əldə edilmiş sayılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsassız varlanmaya görə 7480 manat və 200 manat mediasiya xərci, 38.50 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Reklam və açılış üçün çəkilmiş xərclərin cavabdehdən tələb olunması əsassızdır. Məhkəmə zərərin ödənilməsi ilə bağlı qeyd edir ki, zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Buna görə də şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Hazırkı mübahisə üzrə Cavabdeh öz mülkiyyətində olan əmlakı satmışdır. Burada hər hansı bir qanunazidd hərəkətə yol verməmişdir. Odur ki, tələb həm maddi, həm də mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi üzrə əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 7500 manat və 200 manat mediasiya xərci, 38.50 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat və 200 manat mediasiya xərci, 38,50 (otuz səkkiz manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar