Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1074/2022 21.07.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC rəhbəri X4 ilə onun arasında bağlanmış 001 saylı, xx.xx.2020-ci il tarixli müqavilə əsasında Cavabdeh MMC tərəfindən müqavilədə nəzərdə tutulan 5000 (beş min) manat əmək haqqının, 550 (beş yüz əlli) manat texnikanın aparılma xərclərinin, texnikaya aid 2 ədəd akkumulyatorlarının götürülməsi nəticəsində vurulmuş 400 (dörd yüz) manat dəyərində maddi ziyanın və Cavabdeh MMC-nin öhdəlikləri pozaraq ona vaxt və vurduğu zərər nəticəsində yeni işlə işləyə bilməyərək məhrum olduğu 4000 (dörd min) manatın və məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun – cəmi 9980 (doqquz min doqquz yüz səksən) manatın "xxxx" MMC-dən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 5000(beş min) manat pulun icarə haqqı olaraq "xxxx" MMC-dən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC rəhbəri X4 ilə Xaçmaz rayonunda yol tikintisində yolun hamarlaşdırılması işlərini görmək üçün hər ay yanacaq və digər xərcləri ödənilməklə bir ədəd ona məxsus B10M0010-1E model buldozerin idarəedicisi özü olmaqla icarəyə götürülməsi ilə əlaqədar Cavabdeh MMC (VÖEN: **********) ilə onun arasında xx.xx.2020-ci il tarixli, 001 saylı icarə müqaviləsi bağlanmış və müqavilə bağlanan gündən işə başlamışdır. Ondan başqa həmin yerdə digər kənd bir neçə kənd təsərrüfatı texnikalarının sahibləri ilə müqavilələr bağlayıb iş gördürmüşlər. Onların arasında X1 şəxsi texnikası ilə qreder operatoru və X2 şəxsi texnikası ilə fəhlələri daşımaq işi ilə məşğul olmuşlar. Qeyd olunan müqaviləyə olunmuş xx.xx.2020-ci il tarixli 1 saylı əlavəyə əsasən qiymətlərin razılaşma protokolu tərtib olunmuş və icarəyə götürən qismində çıxış edən Cavabdeh MMC-nin 5000 (beş min) manat icarə haqqı ödəyəcəyi razılaşdırılmışdır. Eyni zamanda həmin müqavilənin 11.1-ci bəndində müqavilənin imzalandığı gündən qüvvədə olduğu göstərilir və müqavilə imzalanan tarixdən texnika təyin olunmuş şəkildə fəaliyyətə başlamışdır. Həmçinin aralarında bağlanmış müqavilənin 6.1-ci bəndində texnikanın işə başladığı gündən ilk 15 gün sonra icarəyə götürən tərəfindən avans ödəniləcəyi qeyd olunmuşdur. Dəfələrlə şifahi və yazılı surətdə Cavabdeh MMC rəhbərliyinə, direktor X3 müqavilədə nəzərdə tutulan öhdəliyini yerinə yetirməsini – yəni icarəyə verilmiş texnikanın icarə haqqının ödənilməsini xahiş etsə də müxtəlif bəhanələr gətirərək ödəməkdən bu günə kimi yayınmaqdadırlar. O, əziyyətlə qazandığı zəhməti ilə ailəsini dolandıran kəndli adamdır. Sakit insan olmadığından istifadə edib zəhmət haqqının Cavabdeh MMC rəhbərliyi tərəfindən mənimsənilməsi nə vicdanla, nə də qanunla heç bir halda yolverilməzdir. Texnikanın iş görüləcək ərazidən aparılması xərcləri də 550 (beş yüz əlli) manat olaraq hesablanmışdır ki, bu da onun üzərimdə qalmaqdadır. Müqavilə öhdəliklərinin pozulmasına sübut olan bir hal da odur ki, texnikanın Cavabdeh MMC təhlükəsizlik saxlanma şərtlərinə əməl etməmiş və o yalnız rayonlar arası gediş-gəliş bərpa olunandan sonra texnikanı orada yolun qırağında axtarıb tapmışdır və həmin vaxt texnikanın 2 ədəd 400 (dörd yüz) manat dəyərində akkumulyatorunun da üstündən götürüldüyünün şahidi olmuşdur. Beləliklə Cavabdeh MMC həm texnikanın təhlükəsiz saxlanması şərtlərini pozmuş, həm də müqavilə öhdəlikləri üzrə gördüyü iş üzrə əmək haqqımı verməkdən yayınmışdır. Karantin rejimində əksər iş yerlərinin bağlı olmasını nəzərə alaraq onu da qeyd edirəm ki, Cavabdeh MMC-dən zəhmət haqqını ala bilmədiyi üçün karantin rejimində ailəsinin maddi təminatında çox böyük problemlərlə üzləşmişdir. Eyni zamanda texnikanın özündə olmayaraq Cavabdeh MMC tərəfindən saxlanması səbəbindən təklif olunmuş yeni işi işləyə bilməmişdir və 4000 (dörd min) manat gəlirindən məhrum olmuşdur. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbini kommersiya iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - 07 fevral 2020-ci il tarixli 001 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən-İddiaçı Azərbaycan Respublikası, Xaçmaz rayon ərazisində yol tikintisində işləmək üçün 1 ədəd (B10M 0010-1E) markalı Buldozeri razılaşdırılmış qiymətdə icarəyə götürənin-"xxxx" MMC-nin istifadəsinə verir. İcarəyə götürən isə müqavilənin şərtlərinə əsasən müəyyən edilmiş icarə haqqını icarəyə verənə ayda bir dəfə ödəməyi öhdəsinə götürür. -Həmin müqavilənin 6.1-ci bəndinə əsasən icarə haqqı müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə müəyyən edilir və texnika işə başladığı gündən 15 gün sonra ilk olaraq avans ödəniləniləcəkdir. 07 fevral 2020-ci il tarixli qiymətlərin razılaşdırma protokolundan görünür ki, icarəyə götürənin-"xxxx" MMC 5000 (beş min) manat icarə haqqı ödəyəcəyi razılaşdırılmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 07 fevral 2020-ci il tarixli 001 nömrəli icarə müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikası, Xaçmaz rayon ərazisində yol tikintisində işləmək üçün 1 ədəd (B10M 0010-1E) markalı Buldozeri razılaşdırılmış qiymətdə "xxxx" MMC-nin istifadəsinə verməyi, icarəyə götürən isə müqavilənin şərtlərinə əsasən müəyyən edilmiş icarə haqqını icarəyə verənə ayda bir dəfə ödəməyi öhdəsinə götürsə də, müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 5000 (beş min) manat icarə haqqı və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Həmçinin iddia tələbinin texnikanın aparılma xərci olaraq 550 (beş yüz əlli) manat, texnikaya aid 2 ədəd akkumulyatorlarının götürülməsi nəticəsində vurulmuş 400 (dörd yüz) manat dəyərində maddi ziyanın və əldə çıxmış faydaya görə 4000 (dörd min) manatın ödənilməsi hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, bu hallar sübutlarla öz təsdiqini tapmır. İddianın bu hissələri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 5000 (beş min) manat icarə haqqı və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-1074/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1074/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver