Məhkəmə qərarları › İş №e-2-2(115)-1075/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1075/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1075/2022 16.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Həsənova Sevil Qara qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Həsənova Sevil Qara qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh Həsənova Sevil Qara qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK-00035-06/19A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə ödənilməmiş 13400.54 (on üç min dörd yüz manat əlli dörd qəpik) manat əsas borc, 5362.06 (beş min üç yüz altmış iki manat altı qəpik) manat faiz borcu, 1953.52 (min doqquz yüz əlli üç manat əlli iki qəpik) manat dəbbə borcu, cəmi borc 20716.12 (iyirmi min yeddi yüz on altı manat on iki qəpik) manat və iddia qaldırılması üçün ödənilmiş 210 manat mediasiya xərcinin cavabdehlər Həsənova Sevil Qara qızı, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh Həsənova Sevil Qara qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK-00035-06/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədi ilə 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 15.000 (on beş min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh5 kreditorla xx.xx.2019-cu il tarixli MKZ-00035-06/19A saylı zaminlik müqaviləsi bağlayaraq cavabdeh Həsənova Sevil Qara qızının həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh4 kreditorla xx.xx.2019-cu il tarixli MKZ2-00035-06/19A saylı zaminlik müqaviləsi bağlayaraq cavabdeh Həsənova Sevil Qara qızının həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh2 kreditorla xx.xx.2019-cu il tarixli MKZ3-00035-06/19A saylı zaminlik müqaviləsi bağlayaraq cavabdeh Həsənova Sevil Qara qızının həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh3 kreditorla xx.xx.2019-cu il tarixli MKZ4-00035-06/19A saylı zaminlik müqaviləsi bağlayaraq cavabdeh Həsənova Sevil Qara qızının həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh Həsənova Sevil Qara qızı kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Həm borclu, həm də zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə hesablanmış və ödənilməmiş 13400.54 manat əsas borc, 5362.06 manat faiz borcu, 1953.52 manat dəbbə borcu vardır. Beləliklə cavabdehlərin xx.xx.2022-ci il tarixinə cəmi borcu 20716.12 manat təşkil edir. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdehlər Həsənova Sevil Qara qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli MK-00035-06/19A saylı kredit müqaviləsindən görünür ki, borverən- Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti borcalan- Həsənova Sevil Qara qızına dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədi ilə illik 23 faiz ödəmək şərti ilə 15.000 (on beş min) manat məbləğində kredit verməyi, borcalan isə 24 ay müddətinə kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli MKZ3-00035-06/19A saylı zaminlik müqavilələrindən görünür ki, əsas müqavilənin təminatı kimi Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 ilə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2021-ci il tarixli, GNCF-2021/369 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Ödəniş tapşırığından görünür ki, cavabdeh Həsənova Sevil Qara qızının xx.xx.2019-cu il tarixli MK-00035-06/19A saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə hesablanmış və ödənilməmiş 13400.54 manat əsas borc, 5362.06 manat faiz borcu, 1953.52 manat dəbbə pulu olmaqla cəmi borcu 20716.12 manat təşkil edir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 04 aprel 2022-ci il tarixli, 00764 nömrəli arayışının surətindən görünür ki, ilkin mediasiya zamanı 200 manat xərc çəkilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Həsənova Sevil Qara qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK-00035- 06/19A saylı kredit müqaviləsinin şərtlərinə görə Həsənova Sevil Qara qızına 15 000 manat məbləğində kredit verilmişdir, borcun təminatı olaraq Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 ilə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2019-cu il tarixli MKZ3- 00035-06/19A saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdehlər tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Həmin Məcəllənin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 300(üç yüz) manat məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh Həsənova Sevil Qara qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK-00035-06/19A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə ödənilməmiş 13400.54 (on üç min dörd yüz manat əlli dörd qəpik) manat əsas borc, 5362.06 (beş min üç yüz altmış iki manat altı qəpik) manat faiz borcu, 300 (üç yüz) manat dəbbə borcu, cəmi borc 19.062,6 (on doqquz min altmış iki manat altmış qəpik) manat və iddia qaldırılması üçün ödənilmiş 200 manat mediasiya xərcinin cavabdehlər Həsənova Sevil Qara qızı, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Bank "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bank "xxxx" ASC ilə cavabdeh Həsənova Sevil Qara qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK-00035-06/19A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixə ödənilməmiş 13400.54 (on üç min dörd yüz manat əlli dörd qəpik) manat əsas borc, 5362.06 (beş min üç yüz altmış iki manat altı qəpik) manat faiz borcu, 300 (üç yüz) manat dəbbə borcu, cəmi borc 19.062,6 (on doqquz min altmış iki manat altmış qəpik) manat və iddia qaldırılması üçün ödənilmiş 200 manat mediasiya xərcinin cavabdehlər Həsənova Sevil Qara qızı, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Bank "xxxx" ASC xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar