Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1081/2023 05.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 006R********** saylı krеdit razılaşması üzrə 21346.31 manat məbləğində krеdit bоrcu, 5074.09 manat məbləğində faiz bоrcu və 12066.93 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 38487 manat 33 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş borcun 210 manat mediasiya xərcinin, 5.46 manat dövlət rüumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Şəmkir rayonu, Dəllər Cırdaxan kəndi, Nizami Gəncəvi küçəsində mülkiyyətdə olan 0.29 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 216.3 kv.m ümumi sahədən ibarət 55 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 38487 manat 33 qəpik məbləğində bоrcun, 210 manat mediasiya xərcinin, 5.46 manat dövlət rüumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 ümumimüştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Şəmkir rayonu, Dəllər Cırdaxan kəndi, Nizami Gəncəvi küçəsində mülkiyyətdə olan 0.29 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 216.3 kv.m ümumi sahədən ibarət 55 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh6, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun itirilməsi, onların həmin yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh6 "xxxx" QSC ilə bağladığı xx.xx.2013cü il tarixli 34L000000202 saylı krеdit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli, 34L000000202S saylı sazişlə krеdit xətti müqaviləsinin müddəti və məbləği müvafiq olaraq 172 ay və 500000 ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh6 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 006R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 006R**********S saylı, xx.xx.2021-ci il tarixli 006R**********SA saylı, xx.xx.2021-ci il tarixli 006R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh6 götürdüyü krеdit bоrcundan 28653.69 manat ödəmiş, onun 21346.31 manat məbləğində kredit borcu qalmışdır. xx.xx.2023-cü il tarixə 308 gün üçün hesablanmış faiz borcu 5074.09 manat, cərimə 12066.93 manat təşkil edir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh6 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər- ipoteka qoyan və zamin Hüseynov Hüseyn (Həsən) İbrahim oğlu və bank arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 3M-46 reyestr nömrəli ipoteka müqaviləsi əsasında ona məxsus Şəmkir rayonu, Dəllər Cırdaxan kəndi, Nizami Gəncəvi küçəsində mülkiyyətdə olan 0.29 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 216.3 kv.m ümumi sahədən ibarət 55 nömrəli fərdi yaşayış evinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçıya və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2013-cü il tarixli 34L000000202 saylı krеdit xətti müqaviləsinə əsasən AccеssBank» QSC tərəfindən Cavabdeh6 120 ay müddətinə 50000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. xx.xx.2018-ci il tarixli, 34L000000202S saylı sazişlə krеdit xətti müqaviləsinin müddəti və məbləği müvafiq olaraq 172 ay və 500000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli 006R********** saylı krеdit razılaşmasından görünür ki, borcverən– "xxxx" QSC borcalan – Cavabdeh6 50 000 manat məbləğində aylıq 1.5833% ödəmək şərti ilə kredit verməyi, borcalan - Cavabdeh6 isə 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdəsinə götürür. xx.xx.2020-ci il tarixli 006R**********S saylı, xx.xx.2021-ci il tarixli 006R**********SA saylı, xx.xx.2021-ci il tarixli 006R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, X1 mülkiyyətində olan Şəmkir rayonu, Dəllər Cırdaxan kəndi, Nizami Gəncəvi küçəsində mülkiyyətdə olan 0.29 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 216.3 kv.m ümumi sahədən ibarət 55 nömrəli fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX ******* nömrəli çıxarışın surətlərindən görünür ki, X1 mülkiyyətində olan Şəmkir rayonu, Dəllər Cırdaxan kəndi, Nizami Gəncəvi küçəsində mülkiyyətdə olan 0.29 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 216.3 kv.m ümumi sahədən ibarət 55 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. Borcun təminatı olaraq X2 ilə xx.xx.2017-ci il tarixli, Cavabdeh6 ilə xx.xx.2017-ci il tarixli, Cavabdeh3 ilə xx.xx.2019-cu il tarixli, Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixli, Cavabdeh4 ilə xx.xx.2020-ci il tarixli, Cavabdeh5 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2023-ci il tarixli MŞS/1-00033 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh6 xx.xx.2020-ci il tarixli 006R********** saylı kredit razılaşması üzrə banka olan borcu 21346,31 manat əsas borc, 5074,09 manat faiz borcu, 12066,93 manat cərimə olmaqla, cəmi borc 38487,33 manat təşkil edir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər yaranmış borcla bağlı xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarili “Adın, ata adının və soyadın dəyişdirilməsi” haqqında şəhadətnamədən görünür ki, X2 ad və soyadını Cavabdeh1 olaraq dəyişdirmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair 21 sentyabr 2023-cü il tarixli UNİ/S 258-524/23 nömrəli ekspertiza rəyində "xxxx" MMC tərəfindən Cavabdeh1 mülkiyyətində olan Şəmkir rayonu, Dəllər Cırdaxan kəndi, Nizami Gəncəvi küçəsində mülkiyyətdə olan 0.29 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 216.3 kv.m ümumi sahədən ibarət 55 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 72 260 manat, likvid dəyəri isə 50 000 manat müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.2013-cü il tarixli 34L000000202 saylı krеdit xətti müqaviləsinə əsasən AccеssBank» QSC tərəfindən Cavabdeh6 120 ay müddətinə 50000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. xx.xx.2020-ci il tarixli 006R********** saylı krеdit razılaşmasının şərtlərinə əsasən Cavabdeh6 50 000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq ipoteka və zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdehlər tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2023-cü il tarixli 02/2023 nömrəli qərardadında qeyd edilmişdir ki, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Həmin Məcəllənin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 800 manat məbləğində tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 21346,31 manat əsas borc, 5074,09 manat faiz borcu və 800 manat cərimə olmaqla, cəmi 27220,4 manat borc və 210 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 50 000 manat olan Cavabdeh1 mülkiyyətində olan Şəmkir rayonu, Dəllər Cırdaxan kəndi, Nizami Gəncəvi küçəsində mülkiyyətdə olan 0.29 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 216.3 kv.m ümumi sahədən ibarət 55 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. İpoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlər çıxarılmaqla həmin fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 21346,31 manat əsas borc, 5074,09 manat faiz borcu və 800 manat cərimə olmaqla, cəmi 27220,4 manat borc və 210 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 50 000 manat olan Cavabdeh1 mülkiyyətində olan Şəmkir rayonu, Dəllər Cırdaxan kəndi, Nizami Gəncəvi küçəsində mülkiyyətdə olan 0.29 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 216.3 kv.m ümumi sahədən ibarət 55 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlər çıxarılmaqla həmin fərdi yaşayış evi boşaldılsın. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq „Uniprice“ MMC-nin hesabına (VÖEN **********, AZ77AİİB400600C**********218, Bank: „Kapital Bank“ ASC Bravo 3 filialı, VÖEN **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) saylı hesaba ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 171,66 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər.
Sədrlik edən: Kənan Vəliyev