Məhkəmə qərarları › İş №e-2-2(115)-109/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-109/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-109/2024 06.09.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 553068,14 ABŞ dolları ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 131353,68 ABŞ dolları, 494244,61 ABŞ dolları ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 10502,70 ABŞ dolları, 317774,02 ABŞ dolları ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 14211,56 ABŞ dolları, ümumilikdə 156067,94 ABŞ dollarının, mediasiya xərci əvəzi 410 manatın və 145,32 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 may 2015-ci il tarixində “X4 Azərbaycan” QSC ilə Cavabdeh2 arasında 41531/01 saylı kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh2 20 iyun 2019-cu il tarixinədək, 49 ay müddətinə 562352,90 USD məbləğində kredit xətti ayrılmışdır. 27 may 2015-ci il tarixdə "xxxx" QSC ilə Cavabdeh2 arasında 41531/01 kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 1 nömrəli kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh2 27 may 2019-cu il tarixədək, kreditdən istifadəyə görə illik 12.50% olmaqla 562352,90 USD məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən (kredit xəttinin açılması barədə) irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə həmçinin Cavabdeh1 ilə Bank arasında 20 may 2015-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar Bank məhkəməyə müraciət etmişdir. İşə baxan Gəncə Apellyasiya Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(104)-9/2023 saylı qətnaməsi ilə cavabdehlərdən cəmi 380399,48 ABŞ dolları və 106,50 manatın tutulması qət etmişdir. Göründüyü kimi, cavabdehin xx.xx.2023-cü il tarixə əsas borc üzrə 317774,55 ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdehlər xx.xx.2023-cü ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “Yapı Krеdi Bank Azərbaycan» QSC ilə Cavabdeh2 arasında bağlanmış 20 may 2015-ci il tarixli 41531/01 saylı kredit xəttinin açılması barədə müqavilədən görünür ki, Cavabdeh2 20 iyun 2019-cu il tarixinədək, 49 ay müddətinə 562352,90 USD məbləğində kredit xətti ayrılmışdır. İş materiallarında olan 27 may 2015-ci il tarixli 1 nömrəli kredit sazişindən görünür ki, Cavabdeh2 27 may 2019-cu il tarixədək, kreditdən istifadəyə görə illik 12.51 % olmaqla 562352,90 USD məbləğində kredit verilmişdir. İş materiallarında olan 20 may 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan arayışda qeyd edilmişdir ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcdan qalan 553068,14 ABŞ dolları ödənilməsinin 1710 gün gecikdirilməsinə görə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dəymiş zərər məbləği 131353,68 ABŞ dolları, 494244,61 ABŞ dolları ödənilməsinin 153 gün gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dəymiş zərər məbləği 10502,70 ABŞ dolları, 317774,02 ABŞ dolları ödənilməsinin 322 gün gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dəymiş zərər məbləği 14211,56 ABŞ dolları məbləği təşkil edir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli 2(044)-61/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2, Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 553068.14 ABŞ dolları əsas kredit borcu, 68306.74 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 100 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 621474.88 ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə, 16.50 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 60 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2023-cü il tarixli 2(104)-9/2023 saylı qətnaməsi ilə iddiaçı “X4 Azərbaycan” QSC-nin və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-61/2017 saylı qətnaməsi tamamilə ləğv edilmiş və yeni qətnamə qəbul edilmişdir. İddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 317,774.55 ABŞ dolları, faiz borcu üzrə 62.324,93 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, cəmi 380399.48 (üç yüz səksən min üç yüz doxsan doqquz dollar qırx səkkiz sent) ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə, 16.50 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 60 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2024-cü il tarixli 3-16-16/2-9/2489/2024 saylı məhkəməmühasibatlıq rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “X4 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********99914 saylı kredit müqaviləsi üzrə banka olan, ekspert qarşısında qoyulmuş suallarda göstərilən əsas borc, yəni 553068,14 ABŞ dollarına xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 %-lə hesablanmış əldən çıxmış fayda borcu 129586,94 ABŞ dolları məbləğində, 553068,14 ABŞ dollarına xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədə illik 5 %-lə hresablanmış əldən çıxmış fayda borcu 87569,12 ABŞ dolları məbləğində, 494244,61 ABŞ dollarına xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 %-lə hesablanmış əldən çıxmış fayda borcu 10296,76 ABŞ dolları məbləğində və 317774,02 ABŞ dollarına xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 %-lə hesablanmış əldən çıxmış fayda borcu 13990,88 ABŞ dolları məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasmın Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edir ki, beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Məhkəmə qeyd edir ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında 27 may 2015-ci il tarixdə bağlanmış kredit sazişinə əsasən Cavabdeh2 27 may 2019-cu il tarixədək, kreditdən istifadəyə görə illik 12.51 % olmaqla 562352,90 USD məbləğində kredit verilmişdir. Əsas kredit borcu, faiz borcu və cərimə borcundan ibarət borcu kreditora qaytarmadığı üçün məhkəmədə iddia qaldırılmış, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə əsas kredit borcu, faiz borcu və cərimə borcundan ibarət borcun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Əsas kredit borcunun ödənilməsinin gecikdirilməsi nəticəsində iddiaçı əldən çıxmış faydanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə alınmış məhkəmə mühasibatlıq ekspertizasının rəyini nəzərə alaraq tərəflər arasında bağlanmış kredit sazişinə əsasən 553068 ABŞ dolları 14 sentin ödənilməsinin gecikdirilməsi nəticəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5%-lə hesablanmış əldən çıxmış fayda borcu 87569 ABŞ dolları 12 sentin, 494244 ABŞ dolları 61 sentin ödənilməsinin gecikdirilməsi nəticəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək illik 5%-lə hesablanmış əldən çıxmış fayda borcu 10296 ABŞ dolları 76 sent, 317774 ABŞ dolları 02 sentin ödənilməsinin gecikdirilməsi nəticəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5%-lə hesablanmış əldən çıxmış fayda borcu 13990 ABŞ dolları 88 sent, ümumilikdə 111856 ABŞ dolları 76 sentin tutularaq iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı illik 5%-lə hesablanmış əldən çıxmış faydanın kredit mübahisəsi üzrə işə baxılıb yekun məhkəmə aktı çıxarıldığı vaxtdan, yəni 20 noyabr 2017-ci il tarixdən hesablanmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, kredit sazişi 27 may 2015-ci il tarixdən bağlanmış və 27 may 2019-cu il tarixədək qüvvədə olmuşdur. Kreditor sazişin qüvvədə olduğu müddətdə daha böyük məbləğ tələb edə bilərdi. Ona görə də əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsində illik 5%-lə hesablanmış əldən çıxmış fayda borcu məhz kredit sazişinin müddətinin bitməsindən hesablanmalı və tutulmalıdır. Məhkəmə, eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o kredit sazişi üzrə alınmış kreditə görə zamin olduğundan, əldən çıxmış fayda üçün də məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Ona görə də ümumilikdə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5%-lə hesablanmış 111856 ABŞ dolları 76 sent əldən çıxmış fayda cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Gəncə 2 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 410 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi üçün 145,32 manat dövlət rüsumu ödəmişdir. Ona görə də ödənilmiş 410 manat məbləğində mediasiya xərci və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 70,16 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı mediasiyaya dair xərc ödədiyindən dövlət rüsumunun müəyyən hissəsini ödəməkdən azad edilmişdir, ona görə də 410 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə mühasibatlıq-ekspertizasının keçirilməsi ilə bağlı 200 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 20 may 2015-ci il tarixli 41531/01 saylı kredit xəttinin açılması barədə müqaviləyə dair 27 may 2015-ci il tarixli 1 nömrəli kredit sazişinə əsasən 553068 ABŞ dolları 14 sentin ödənilməsinin gecikdirilməsi nəticəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5%-lə hesablanmış əldən çıxmış fayda borcu 87569 ABŞ dolları 12 sent, 494244 ABŞ dolları 61 sentin ödənilməsinin gecikdirilməsi nəticəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5%-lə hesablanmış əldən çıxmış fayda borcu 10296 ABŞ dolları 76 sent, 317774 ABŞ dolları 02 sentin ödənilməsinin gecikdirilməsi nəticəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5%-lə hesablanmış əldən çıxmış fayda borcu 13990 ABŞ dolları 88 sent, ümumilikdə 111856 (bir yüz on bir min səkkiz yüz əlli altı) ABŞ dolları 76 (yetmiş altı) sent ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə borc, 410 (dörd yüz on) manat mediasiya xərci, 70 (yetmiş) manat 16 (on altı) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 410 (dörd yüz on) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar