Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1101/2024 28.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Şəmkir şəhəri, “Yastı Meşə” ərazisində yerləşən, ümumi sahəsi 1238,02 m2 təşkil edən qeyri-yaşayış binasının icarəyə verilməsi haqqında iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 yanvar 2022-ci il tarixli 22/012 nömrəli müqavilə üzrə 31 avqust 2023-cü il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 9960 manat və 28 iyul 2022-ci il tarixinə qədər tətbiq edilən dəbbə pulu üzrə 815 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 122,33 manat məbləğində dövlət rüsumunun, cəmi 10897,33 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi оnunlа əsаslаndırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında, Şəmkir şəhəri, “Yastı Meşə” ərazisində yerləşən, ümumi sahəsi 1238,02 m2 təşkil edən qeyri-yaşayış binasının icarəyə verilməsi haqqında 01 yanvar 2022-ci il tarixli 22/012 nömrəli müqavilə bağlanmışdır. İcarə müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq icarəyə verilən əmlaka görə başlama tarixi kimi razılaşdırılmış 01 yanvar 2022-ci il tarixindən etibarən müqavilənin qüvvədə olduğu müddətin hər ilinin yanvar, fevral, mart, aprel, noyabr və dekabr ayları üçün ƏDV xaric 1000 manat, müqavilənin qüvvədə olduğu müddətin hər ilinin may, iyun, iyul, avqust, sentyabr və oktyabr ayları üçün ƏDV xaric 3000 manat məbləğində aylıq icarə haqqı müəyyən edilmişdir. İcarə müqaviləsinin 3.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində cavabdeh icarəyə verilən əmlakda istifadə etdiyi su və çirkab sularının axıdılması, məişət tullantılarının daşınması, təbii qaz, elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri və digər kommunal xidmətlərə görə xərclər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə müqaviləsinin 3.5-ci bəndinə əsasən müqavilənin 3.2-ci bəndi ilə cavabdehə aid edilən xərclər müqavilənin 3.1-ci bəndində göstərilən icarə haqqına daxil deyil və onlar cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. İcarə müqaviləsinin 3.8-ci bəndinə əsasən icarə haqqını ödəmək öhdəliyi hər cari ayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq ya hər cari ayın ilk 10 təqvim günü, ya da müvafiq hesab-faktura və ya elektron qaimə-faktura təqdim edildikdən sonra 2 iş günü ərzində həyata keçirilərək, cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə müqaviləsinin 5.2.1ci yarımbəndinə uyğun olaraq icarə haqqı və müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtında ödəmək cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. İcarə müqaviləsinin 7.2-ci bəndinə əsasən cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verərsə, iddiaçı hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i məbləğində cavabdehə dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Bununla belə, icarə müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq cavabdeh tərəfindən icarə müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. İcarə müqaviləsinin 8.6-cı bəndinə əsasən qarşılıqlı razılıq əsasında tərəflər istənilən vaxt müqaviləni ləğv edə bilərlər. Cavabdeh tərəfindən ödəniş öhdəliklərinin davamlı şəkildə icra edilməməsi ilə bağlı gələcəkdə daha böyük həcmdə borc məbləğinin toplanmasının qarşısını almaq niyyəti ilə iddiaçının təşəbbüsü əsasında icarə müqaviləsinə 31 iyul 2022-ci il tarixində xitam verilməsi qərarına gəlinmiş və tərəflər bu məsələ ilə bağlı niyyətlərini 31 iyul 2022-ci il tarixli xitam razılaşması ilə rəsmiləşdirilməsini təmin etmişlər. Sözügedən razılaşmanın 3-cü bəndində 31 iyul 2022-ci il tarixinə cavabdehin icarə müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu ümumi borcunun ƏDV daxil 12960 manat təşkil etməsi öz təsbitini tapır. Həmçinin icarə müqaviləsinin 7.2-ci bəndinə əsasən cavabdehə icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verdiyi üçün 28 iyul 2022-ci il tarixinə qədər tətbiq edilən dəbbə pulu üzrə cavabdeh tərəfindən təmin edilməli olan məbləğin 815 manat təşkil etməsi əks olunur. Tərəflər arasında mövcud olan əməkdaşlıq münasibətlərindən, İddiaçı tərəfindən cavabdehin həyata keçirdiyi kommersiya fəaliyyətinə dəstək olması səbəbindən, həmçinin cavabdeh tərəfindən toplanmış borcun ödənişinin təmin edilməsi ilə bağlı bütün zəruri tədbirləri görəcəyi və bundan sonra ödəniş öhdəliklərinin icrasında hər hansısa ləngimələrə yol verməyəcəyinə dair vədlərindən irəli gələrək, iddiaçı cavabdehin tərəflər arasında icarə müqaviləsinə xitam verilməsinə dair 31 iyul 2022-ci il tarixli xitam razılaşmasını hüquqi qüvvədən salmaq (etibarsız hesab etmək) təklifinə razılıq vermişdir. Bununla bağlı tərəflər arasında icarə müqaviləsinin ləğvinin baş tutmaması və qüvvədə qalması ilə əlaqədar icarə müqaviləsinə bəzi dəyişikliklərin edilməsinə dair 01 noyabr 2022-ci il tarixli əlavə razılaşma imzalanmışdır. Əlavə razılaşma ilə 31 iyul 2022-ci il tarixli xitam razılaşmasının borcun etirafına dair 3-cü bəndi istisna olmaqla, digər bütün şərtləri qüvvədən salınmış hesab edilmişdir. Həmçinin əlavə razılaşmanın 2-ci bəndinə əsasən icarə müqaviləsindən irəli gələn icarə hüquq münasibətləri 01 avqust 2022-ci il – 31 oktyabr 2022-ci tarixləri aralığında faktiki olaraq dayandırılmış hesab edilərək, 01 noyabr 2022-ci il tarixindən etibarən əlavə razılaşmada göstərilən şərtlər nəzərə alınmaqla davam etdirilmişdir. O cümlədən əlavə razılaşmanın 4-cü bəndinə əsasən cavabdehin kommersiya fəaliyyətinə dəstək məqsədilə 01 noyabr 2022-ci il tarixindən 6 ay müddətinə icarə müqaviləsinin 3.1-ci bəndində nəzərdə tutulmuş haqların ödənişinə möhlət verilməklə, həmin müddət ərzində cavabdehdən müvafiq haqların tutulmaması razılaşdırılmışdır. Əlavə olaraq qeyd olunur ki, əlavə razılaşma ilə icarə müqaviləsində müəyyən edilmiş ödəniş şərti dəyişdirilərək, icarə müddətinin 01 may 2023-cü il -31 oktyabr 2023-cü il tarixləri aralığında olan dövrünün hər ayı üçün icarəyə verilən əmlaka görə ƏDV daxil 2500 manat, icarə müddətinin 01 noyabr 2023-cü il tarixindən başlayaraq hər ay üçün icarəyə verilən əmlaka görə ƏDV daxil 1250 manat məbləğində aylıq icarə haqqı müəyyən edilmişdir. Eyni zamanda əlavə razılaşmanın 8-ci bəndinə əsasən cavbdehin icarə müqaviləsi üzrə 31 iyul 2022-ci il tarixinə kimi iddiaçıya ödəməli olduğu 13775 manat məbləğində ümumi borcunun ödənilməsi qaydası və şərtlərinin tərəflər arasında imzalanacaq borcun tənzimi haqqında müvafiq razılaşmada müəyyən ediləcəyi nəzərdə tutulmuşdur. Borc məbləğinin könüllü olaraq ödənilməsini təmin etmək məqsədilə iddiaçı və cavabdeh arasında “Mövcud borcun ödənişinin tənzimlənməsi haqqında” 01 noyabr 2022-ci il tarixli razılaşma imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, cavabdehin 31 iyul 2022-ci il tarixinə icarə müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu ümumi borcu ƏDV daxil 13775.00 manat təşkil edir və cavabdeh tərəfindən müvafiq borc məbləğinin ödənişi 2022-ci ilin noyabr ayından etibarən müvafiq aylar ərzində, hər cari ayın ilk 10 təqvim günü müddətində həyata keçirilərək, 2023-cü ilin iyul ayının sonunadək tam həcmdə təmin edilməlidir. Eyni zamanda razılaşmanın 1-ci bəndində borcun ödəniş qrafiki tərəflər arasında razılaşdırılaraq, hansı aylar üzrə nə qədər məbləğdə borcun ödənişinin təmin edilməsi ətraflı şəkildə qeyd olunmuşdur. Belə ki, razılaşmanın 1-ci bəndində göstərilmiş ödəniş qrafikinə əsasən cavabdeh 2022-ci ilin noyabr ayı üçün 6000 manat, 2022-ci ilin dekabr - 2023-cü ilin aprel ayları aralığında olan dövrün hər ayı üçün 500 manat, 2023-cü ilin may və iyun aylarının hər biri üçün 2000 manat və 2023-cü ilin iyul ayı üçün 1275 manat ödəniş etməklə, ümumi borc məbləğini tam həcmdə təmin etməlidir. Razılaşmanın 2-ci bəndinə əsasən razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş ödənişlərin həyata keçirilməsi cavabdehi icarə müqaviləsi üzrə aylıq icarə haqqı və digər hər hansı ödənişlərin vaxtlı-vaxtında təmin edilməsinə dair öhdəliyin icrasından azad etmir və müvafiq ödənişlər borc məbləğinə əlavə olaraq 01 may 2023-cü il tarixindən başlayaraq, hər ay icarə müqaviləsində nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Razılaşmanın 6-cı bəndinə əsasən iddiaçı razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş borc məbləği üzrə ödənişlərin həyata keçirilməsində cavabdeh tərəfindən yol verilmiş hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i məbləğində dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Razılaşmanın 7-ci bəndinə əsasən cavabdeh bu razılaşma üzrə öhdəliklərinin, habelə icarə müqaviləsi üzrə ödəniş öhdəliklərinin həyata keçirilməsində hər hansı pozuntuya yol verdiyi təqdirdə iddiaçı bu razılaşmanın 6-cı bəndində müəyyən edilmiş tədbirlə məhdudlaşmayaraq, öz seçiminə əsasən icarəyə verilən əmlakdan istifadənin məhdudlaşdırılmasını, yaxud qadağan edilməsini, cavabdehin icarəyə verilən əmlakda yerləşdirdiyi və ya saxladığı əşya, qurğu və avadanlıqlarının girov qismində saxlanılmasını, icarə müqaviləsinin şərtlərinə riayət etməklə həmin müqavilənin ləğv edilməsini, pozulmuş hüquq, maraq və mənafelərinin bərpası məqsədilə məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət olunmasını və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu özündə saxlayır. Razılaşmanın 8-ci bəndinə əsasən borc məbləği, dəbbə pulu, faizlər, habelə onların tutulması üzrə məhkəmə xərclərinin və cavabdehin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində iddiaçıya dəyən digər zərərin əvəzinin ödənilməsi üzrə cavabdeh iddiaçı qarşısında tam həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçı üçün kommersiya baxımından səmərəli olmasa belə, borc məbləğinin ödənilməsi üçün cavabdehə bütün güzəştlər edilmiş və borcu hissə-hissə ödəməklə, cavabdehin öz öhdəliklərini təmin etməsi üçün kifayət qədər vaxt verilmişdir. Lakin iddiaçının tərəflər arasında yaranmış mübahisəni uzunmüddət mövcud olan əməkdaşlıq münasibətləri çərçivəsində könüllü şəkildə həll etməsi səylərinə cavabdeh tərəfindən əməli tədbir şəklində heç bir müsbət yönümlü cavab verilməmiş və iddiaçının səylərinə uyğun olan mütənasib münasibət sərgilənməmişdir. Beləliklə, tərəflərin qarşılıqlı razılığı ilə icarə müqaviləsinə 31 avqust 2023-cü il tarixində xitam verilmişdir. Tərəflər arasında imzalanmış 18 sentyabr 2023-cü il tarixli xitam razılaşmasının 2-ci bəndinə əsasən cavabdeh icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlakın iddiaçıya təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəliklərin icrasını təmin etməlidir. Xitam razılaşmasının 3-cü bəndinə əsasən tərəflər təsdiq edirlər ki, cavabdehin xitam tarixinə icarə müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu ümumi borcu ƏDV daxil 10960 manat təşkil edir. Həmçinin icarə müqaviləsinin 7.2-ci bəndinə əsasən cavabdehə icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verdiyi üçün 28 iyul 2022-ci il tarixinə qədər tətbiq edilən dəbbə pulu üzrə cavabdeh tərəfindən təmin edilməli olan məbləğ 815 manat təşkil edir və həmin məbləğin ödənişi bu bəndin birinci cümləsində nəzərdə tutulmuş borc məbləğinə əlavə olaraq həyata keçirilir. Əlavə olaraq, icarə müqaviləsinin 3.10-cu bəndinə əsasən cavabdeh tərəfindən 1000 manat məbləğində zəmanət depozitinin ödənişi həyata keçirilmişdir və zəmanət depoziti cavabdehin ümumi borcunun (dəbbə pulu üzrə borc nəzərə alınmamaqla) müvafiq hissəsinin ödənilməsinə yönəldilməklə, dəbbə pulu üzrə borc nəzərə alınmadan ümumi borc məbləği zəmanət depoziti həcmində azaldılaraq ƏDV daxil 9960 manat təşkil edir və müvafiq borc məbləği cavabdeh tərəfindən 2023-cü ilin sentyabr – dekabr ayları aralığında olan dövrün hər ayı üçün ümumi borc məbləğindən ƏDV daxil 2490 manat olmaqla, 2023-cü ilin dekabr ayının sonunadək tam həcmdə cavabdeh tərəfindən təmin edilməli idi. Xitam razılaşmasının 4-cü bəndinə görə razılaşmanın 3-cü bəndində nəzərdə tutulmuş ödənişlər 2023-cü ilin sentyabr ayı istisna olmaqla, digər ayların ilk 10 təqvim günü ərzində iddiaçının bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. 2023-cü ilin sentyabr ayı üzrə müvafiq ödənişlər isə həmin ayın sonunadək həyata keçirilməlidir. Xitam razılaşmasının 6-cı bəndinə uyğun olaraq xitam razılaşmasının 3-cü və 4-cü bəndlərində göstərilmiş ödəniş qrafikinə və qaydasına cavabdeh tərəfindən tam riayət edildiyi və yaxud xitam razılaşmasının 5-ci bəndində nəzərdə tutulmuş qaydada cavabdeh tərəfindən borc məbləğindən daha artıq hissələrlə ödəniş etməklə, öhdəliklərin vaxtından əvvəl icrası təmin edildiyi təqdirdə iddiaçı stimullaşdırıcı tədbir qismində xitam razılaşmasının 3-cü bəndində nəzərdə tutulmuş dəbbə pulunun cavabdehə tətbiq edilib-edilməməsi məsələsini yenidən nəzərdən keçirməklə, öz mülahizəsinə əsasən silinməsi barədə qərar qəbul etmək ehtimalını da istisna etməmişdir. Lakin cavabdeh tərəfindən xitam razılaşmasında da göstərilən borcun tənziminə dair tərəflər arasında əldə olunmuş razılığa, o cümlədən ödəniş qrafikinə və şərtlərinə riayət edilməmiş, borcun təmin edilməsi istiqamətində heç bir addım atılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kommersiya mübahisəsinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir şəhəri, “Yastı Meşə” ərazisi 1238,02 m2 qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin mülkiyyətindədir. İş materiallarından olan "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 23 aprel 2020-ci il tarixli TP-23/04/20-121 saylı daşınmaz əmlakın idarəetməyə verilməsi haqqında müqaviləyə və həmin müqaviləyə 2 saylı əlavəyə əsasən mülkiyyətçi obyektləri bu müqavilə müəyyən eilmiş şərtlər daxilində idarə etmək üçün idarə eənə idarəetməyə və icarəyə vermək niyyətindədir. İdarə edən obyekləri və yaxud onu hər hansı bir hissəsini üçüncü şəxslərə icarə, sub-icarə və ya idarəetməyə vermək, yaxud obyektləri birgə istifadə etmək hüququna malikdir. Şəmkir şəhəri, “Yastı Meşə” ərazisi 1238,02 m2 sahəni əhatə edən qeyriyaşayış binası 01 iyun 2020-ci il tarixdən hesablanmaqla müqavilənin qüvvədə olduğu müddət ərzində hər ay üçün ƏDV xaric 1080,51 manat məbləğində aylıq icarə haqqı ödəyəcək. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2022ci il tarixli daşınmaz əmlakın icarəyə verilməsi haqqında 22/012 nömrəli müqaviləyə əsasən Şəmkir şəhəri, “Yastı Meşə” ərazisində yerləşən sahəsi 1238,02 m2 təşkil edən qeyri-yaşayış binası icarəyə verilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə uyğun olaraq icarəyə verilən əmlaka görə başlama tarixi kimi razılaşdırılmış 01 yanvar 2022-ci il tarixindən etibarən müqavilənin qüvvədə olduğu müddətin hər ilinin yanvar, fevral, mart, aprel, noyabr və dekabr ayları üçün ƏDV xaric 1000 manat, müqavilənin qüvvədə olduğu müddətin hər ilinin may, iyun, iyul, avqust, sentyabr və oktyabr ayları üçün ƏDV xaric 3000 manat məbləğində aylıq icarə haqqı müəyyən edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın icarəyə verilməsi haqqında 01 yanvar 2022-ci il tarixli 22/012 nömrəli müqaviləyə xiatm verilməsi barədə 31 iyul 2022-ci il tarixli razılaşmaya əsasən tərəflər icarə müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı razılığa gəlmək niyyətində olmuşlar. Həmin razılaşmanın 3-cü bəndinə əsasən icarəçinin icarəyə verənə ödəməli olduğu ümumi borcun ƏDV daxil 12960 manat, 28 iyul 2022-ci il tarixinə qədər tətbiq edilməli olan dəbbə pulunun 815 manat təşkil etməsi ilə bağlı tərəflər razılaşmışlar. İş materiallarında olan daşınmaz əmlakın icarəyə verilməsi haqqında 01 yanvar 2022-ci il tarixli 22/012 nömrəli müqaviləyə xiatm verilməsi və borcun ödənişinin tənzimlənməsi barədə 18 sentyabr 2023-cü il tarixli razılaşmadan görünür ki, icarə müqaviləsinə 31 avqust 2023-cü il tarixində xitam verilmiş hesab edilmişdir. Həmin razılaşmanın 3-cü bəndinə əsasən icarəsinin xitam tarixinə icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcun ƏDV daxil 10960 manat, 28 iyul 2022-ci il tarixinə qədər tətbiq edilməli olan dəbbə pulunun 815 manat təşkil etməsi ilə bağlı tərəflər razılaşmışlar. İş materiallarında olan daşınmaz əmlakın icarəyə verilməsi haqqında 01 yanvar 2022-ci il tarixli 22/012 nömrəli müqavilənin ləğvinin baş tutmaması və qüvvədə qalması ilə əlaqədar müqaviləyə bəzi dəyişikliklər edilməsi barədə 01 noyabr 2022-ci il tarixli əlavə razılaşmadan görünür ki, tərəflərin qarşılıqlı razılığına əsasən razılaşma borcun etirafına dair razılaşmanın 3-cü bəndi istisna olmaqla digər bütün hissələrdə imzalandığı tarixdən qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın icarəyə verilməsi haqqında 01 yanvar 2022-ci il tarixli, 22/012 nömrəli müqavilə üzrə qalıq borc cədvəlindən görünür ki, 14 may 2024-cü il üçün qalıq borc 9960 manat müəyyənləşdirilmişdir. İş materiallarında olan daşınmaz əmlakın icarəyə verilməsi haqqında 01 yanvar 2022-ci il tarixli, 22/012 nömrəli müqavilə üzrə dəbbə pulu hesablama cədvəlinə əsasən 815 manat cərimə hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 756288 nömrəli qaiməyə əsasən 3080 manat, xx.xx.2022-ci il tarixli 156392 nömrəli qaiməyə əsasən 1180 manat, xx.xx.2022-ci il tarixli 791342 nömrəli qaiməyə əsasən 1180 manat, xx.xx.2022-ci il tarixli 903695 nömrəli qaiməyə əsasən 3540 manat, xx.xx.2022-ci il tarixli 564213 nömrəli qaiməyə əsasən 3540 manat, xx.xx.2022-ci il tarixli 361080 nömrəli qaiməyə əsasən 3540 manat, xx.xx.2023-cü il tarixli 681155 nömrəli qaiməyə əsasən 2500 manat, xx.xx.2023-cü il tarixli 997038 nömrəli qaiməyə əsasən 2500 manat, xx.xx.2023-cü il tarixli 108953 nömrəli qaiməyə əsasən 2500 manat, xx.xx.2023-cü il tarixli 215597 nömrəli qaiməyə əsasən 2500 manat məbləğində elektron qaimələr İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01 yanvar 2022-ci il tarixdə carə müqaviləsi bağlanmış, müqaviləyə əsasən Şəmkir şəhəri, “Yastı Meşə” ərazisində yerləşən sahəsi 1238,02 m2 təşkil edən qeyri-yaşayış binası ona icarəyə verilmişdir. İcarəyə verən icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, icarəçi isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, onun icarəyə verənə 31 avqust 2023-cü il tarixinə 9960 manat ƏDV daxil borcu, 28 iyul 2022-ci il tarixinə 815 manat cərimə borcu qalmışdır. Qeyd edilən məbləğdə icarə haqqı borcu və cərimə borcu olması tərəflər arasında bağlanmış razılaşmalarla təsdiq edimişdir. Buna görə iddiaçı icarə haqqı olan 9960 manat ƏDV daxil ümumi borcu, həmçinin hesablanmış 815 manat cəriməni tələb etməkdə haqlıdır. Müqavilə üzrə 31 avqust 2023-cü il tarixinə yaranmış 9960 manat ƏDV daxil borc, 28 iyul 2022-ci il tarixinə 815 manat cərimə, cəmi 10775 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan **********75 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəməyə verilməsi üçün 122,33 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 122,33 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2022-ci il tarixli 00/012 saylı daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqavilə üzrə 31 avqust 2023-cü il tarixinə yaranmış 9960 manat ƏDV daxil borc, 28 iyul 2022-ci il tarixinə 815 manat cərimə, cəmi 10775 (on min yeddi yüz yetmiş beş) manat məbləğində pul və 122 (bir yüz iyirmi iki) manat 33 (otuz üç) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1101/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1101/2024
28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver