Məhkəmə qərarları › İş №e-2-2(115)-1116/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1116/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1116/2025 22.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında 17 iyul 2023-cü il tarixində bağlanmış NS-2023/94 №-li alqı-satqı müqaviləsinə əsasən yaranmış 15935,40 manat borc və ödənişin gecikdirildiyi üçün hesablanmış 2629,34 manat gecikdirmə faizi olmaqla, ümumilikdə 18564,74 məbləğində pulun, həmçinin hüquqi yardım göstərilməsi üçün ödənilmiş 1000 manatın və vəkil orderinə ödənilmiş 300 manatın, 150 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında aparılmış danışıqlar nəticəsində, Cavabdeh1 vasitəçiliyi ilə İddiaçı MMC və Cavabdeh2 arasında 17 iyul 2023-cü il tarixli, NS-2023/94 №-li alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, Satıcı hazırki Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrindəki malları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə onları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqaviləyə uyğun olaraq İddiaçı MMC tərəfindən Cavabdeh2 təhvil verilməsi nəzərdə tutulan 1300 ədəd stuldan 501 (beş yüz bir) ədədi biri 35.4 manat olmaqla təqdim edilmişdir. Cavabdeh tərəfindən isə ödənilməli olan 17735,40 manatdan yalnızca 1800 manat hissəsi ödənilmişdir, qalan hissədə heç bir ödəniş edilməmişdir. Nəticədə, 15935,40 ümumi borc məbləği yaranmışdır. Hansı ki, Cavabdeh1 iddia ərizəsinə qoşma olaraq əlavə edilmiş səs yazısında da borcunun olduğunu, yuxarıda qeyd olunmuş halların mövcudluğunu və borcun ödənilməsini yubatdığını etiraf etmişdir. Həmin Müqavilənin 3-cü bəndində qeyd olunur ki, mallara ödəniş (100%) edildikdən sonra 1 iş günü ərzində Satıcı tərəfindən Alıcıya təhvil verilir. AR Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən,“əgər bu Məcəllə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ)”. İddiaçı sözügedən Müqavilədən irəli gələn öhdəlikləri vaxtında və tam keyfiyyətlə icra edərək malları nəzərdə tutulan qaydada cavabdehə təhvil vermişdir. Lakin cavabdeh iddiaçının onu müqavilə üzrə mallarla təmin etməsinə baxmayaraq, müqavilədə qeyd olunan ödənişi ödəməmiş, müqavilədən irəli gələn öhdəliyini icra etməmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənişin gecikdirilməsi xx.xx.2023-cü il tarixindən başlanmışdır və AR Mərkəzi Bankı tərəfindən həmin tarixə uçot faiz dərəcəsi 9% müəyyənləşdirilmişdir. Pul məbləğinin ödənilməsinin gecikdirilməsi (xx.xx.2023-xx.xx.2025 tarixləri aralığında) səbəbilə, yuxarıda qeyd etdiyimiz borc məbləğinin (15 935,40 manat) 9%-i həcmində, yəni 2629,34 manat (iki min altı yüz iyirmi doqquz manat, otuz dörd qəpik) məbləğində cərimə tətbiq olunmuşdur. Nəticədə, 15935,40 manat (on beş min doqquz yüz otuz beş manat, qırx qəpik ) əsas borc və 2629,34 manat (iki min altı yüz iyirmi doqquz manat, otuz dörd qəpik) cərimə olmaqla, tərəflərinə 18 564,74 (on səkkiz min beş yüz altmış dörd manat, yetmiş dörd qəpik) ümumi borc məbləği yaranmışdır. Qeyd edilən faktlar iddiaçının AR Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulan “Mülkiyyət hüququ”nun məhdudlaşdırılmasına səbəb olmaqdadır. Cavabdehin borc məbləğini ödəməkdən uzun müddət yayınması iddiaçıya böyük miqdarda zərər vurmaqla hüquqi şəxsin fəaliyyətini həyata keçirməsinə ciddi maneələr törədir. Nəzərə çatdırırlar ki, cavabdehin qeyd olunan ödəniş gecikdirmələri iddiaçının məcburi dövlət ödənişlərin ödənilməsinin, işçilərin əmək haqqı ilə təmin edilməsinin və kommersiya fəaliyyətinin davamlı şəkildə həyata keçirməsinin axsamasına səbəb olur. İddiaçıya və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, elektron qaimə-faktura, qiymətlərin razılaşdırılması protokolu, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında aparılmış danışıqlar nəticəsində, Cavabdeh1 vasitəçiliyi ilə İddiaçı MMC və Cavabdeh2 arasında 17 iyul 2023-cü il tarixli, NS-2023/94 №-li alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, Satıcı hazırki Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrindəki malları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə onları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq satıcı tərəfindən təqdim olunmuş ödəniş sənədi əsasında alıcı tərəfindən ödəniş 100 faiz avans şəklində köçürmə yolu ilə 3 iş günü ərzində həyata keçirilir. Ödənişin qalan hissəsi mallar təhvil verildikdən sonra 3 iş günü ərzində ödənilməlidir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 15935,40 manat borcu yaranmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müqavilə İddiaçı MMC və Cavabdeh2 arasında bağlansa da işin faktiki halları məhkəmə tərəfindən araşdırılan zaman məlum olmuşdur ki, mallar həmçinin Cavabdeh1 tərəfindən alınmış və o, səs yazısında borcunun olduğunu etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, borc müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə predmeti ilə bağlı telefon danışıqlarını əks etdirən disk iddianın əsaslılığına dəlalət edən mötəbər sübut kimi qəbul edilməlidir. Cavabdehlərin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, təhvil-təslim aktı və səs yazısı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 15935,40 manat borc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 629,34 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm də iddia tələbinin həcminin artırılması barədə ərizədə borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 2629,34 manat məbləğində borcun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. İddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 9 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarınında qeyd olunur ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-nin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsinin məhkəmə iclasında iştirak etməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş 1300 manat pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 137,81 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 12,19 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15935,40 manat borc, həmçinin hüquqi yardım göstərilməsi üçün ödənilmiş 1300 manat və 137,81 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 12,19 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar