Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1127/2025 19.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Birgə Müəssisəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 31388 (otuz bir min üç yüz səksən səkkiz) manat borcun və ödənilmiş 186 (yüz səksən altı) manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Birgə Müəssisəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" Birgə Müəssisəsi arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən sürücü ekspeditor vəzifəsinə işə qəbul edilmişdir, vəzifəsi isə anbardan malları (DSP, MDF, PVC) və digər malları qəbul edib təyinat nöqtəsinə çatdırmaqla təhvil verməli və malın dəyər məbləğinin ödənilməsini müştəridən tələb etməlidir. Cavabdeh işlədiyi müddətdə müəssisənin satış müdirinin inam və ehtimadını qazanaraq anbardan qaimə əsasında qəbul etdiyi malları təyinatı üzrə müştəriyə çatdırsa da malın dəyərini müəssisənin bank hesabına ödənilməsi bir çox hallarda gecikdirilmiş və yaxud da ödənişi həyata keçirilməmişdir. Belə ki, cavabdeh vəzifəsindən sui istifadə edərək malları təhvil verdiyi müştərilərlə əlbir olub, öz şəxsi münasibətlərini üstün tutaraq müştəridən malın pulunu nağd şəkildə alaraq özünün şəxsi mənafeyi üçün istifadə etmiş və nəticədə müəssisəyə xeyli miqdarda maddi ziyan vurmuşdur. Borcun yaranması ilə bağlı cavabdeh müəssisəyə dəvət edilərək onun səhlənkarlığı üzündən müəssisəyə vurulmuş maddi zərərin səbəbini və həmin borcun qısa bir zamanda ödənilməsini təmin etmək məqsədilə ondan yazılı izahat tələb edilmiş və hansı müddətdə ödəməsinə dair akt tərtib edilmişdir. xx.xx.2022, xx.xx.2022-ci il tarixli razılaşma və üzləşmə aktlarında da borcun etirafı öz əksini tapmışdır. Bununla bağlı 10 oktyabr 2022-ci il tarixdə borcun etirafı ilə bağlı Cavabdeh iştirakı ilə akt tərtib edilmiş və cavabdeh müəssisə rəhbərliyindən xahiş etmişdir ki, onun səhlənkarlığı üzündən yaranmış 46238 manat borcun 3000 manatını 15 oktyabr 2022-ci ilədək, qalan 43238 manat borcunu isə 20 dekabr 2022-ci ilədək tam ödəməsinə vaxt verilsin. Eyni zamanda cavabdehin verdiyi yazılı izahatında borcunu etiraf edərək malları müştəriyə təhvil verərkən özünün şəxsi maraqları məqsədilə müştərilərə güzəştə getmişdir, hansı ki onun vəzifə səlahiyyətlərinə uyğun deyildi. Hətta borcunu söz verdiyi müddətdə ödəməsi üçün ərizə ilə müəssisə rəhbərliyinə müraciət edib bildirmişdir ki, o, müvəqqəti olaraq işdən kənarlaşdırılsın ki, (işdə qalmaq şərti ilə), vaxt itkisi olmasın. Lakin, borcluya qarşı müəssisə rəhbərliyi tərəfindən atılan humanist addımlara baxmayaraq, bu günədək müəssisəyə olan borcundan 14850 manat ödəməklə kifayətlənmiş və nəticədə 31388 manat qalıq borcun ödənilməsindən yayınır. İddiaçının cavabdehə qarşı haqlı iradlarına, yəni tərtib edilmiş birgə akta imza ataraq, imzasına hörmətsizlik etdiyini, yazdığı izahatında könüllü olaraq borcunu etiraf etməsini və verdiyi sözə görə vaxtında borcunu ödəmədiyi halda məsuliyyət daşıdığını və törətdiyi əməlinə görə peşimançılıq hissi keçirməməsini açıq-aşkar nümayiş etdirərək üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən qəti olaraq imtina edir. Borclu müxtəlif bəhanələr gətirilərək cəmi 400 manat ödəməklə kifayətlənmiş və tələb etmişdir ki, o işdən azad edilsin ki, borcu ödəsin, yoxsa ödəməyəcək. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 18-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyriəmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Həmin qərarın 26-cı bəndində qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır, birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. Subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə münahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin ç bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, "xxxx" Birgə Müəssisəsi ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, o sürücü-ekspeditor vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 256/22 saylı əmrdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən işdən kənarlaşdırılmışdır. İş materiallarından görünür ki, "xxxx" Birgə Müəssisəsi ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, həmin tarixdən işdən kənarlaşdırıldığı xx.xx.2022-ci il tarixədək Cavabdeh sürücü-ekspeditor olaraq "xxxx" Birgə Müəssisəsində çalışmışdır. İddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh müəssisədə əmək fəaliyyəti göstərdiyi dövrdə müəssisəsyə vurduğu ziyanın, yəni işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsini tələb etmişdir. İşçi ilə işəgötürən arasında da bağlanmış mövcud borcun etirafı barədə akt, razılaşma aktı, ərizələr məhz cavabdehin həmin müəssisənin işçisi olduğu, yəni işdən kənarlaşdırıldığı vaxtdan əvvəl tərtib edilmiş və imzalanmışdır. Cavabdeh həmin müəssisədən işdən çıxması isə iş materialları ilə müəyyən edilmir. Qeyd edilən halları nəzərə alan məhkəmə qeyd edir ki, əmək funksiyasının həyata keçirilməsi ilə bağlı yaranan mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid etmişdir. Hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Ona görə də iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyatı üzrə umumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin qərardadından şikayət verildiyi təqdirdə şikayətə vəkilin orderi əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Yuxarıda qeyd edilən Plenum qərarının 9-cu bəndinə əsasən digər qərardadlardan fərqli olaraq Azərbaycan Respublikası MPM-nin 403-1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə müvafiq izah elektron qaydada işdə iştirak edən şəxslərə təqdim olunmalıdır. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" Birgə Müəssisəsinə izah edilsin ki, aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edə bilər. Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 184,16 (bir yüz səksən dörd manat on altı qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Birgə Müəssisəsinə (qəbzin nömrəsi:**********) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1127/2025
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1127/2025
19.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver