Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1130/2024 19.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 26295.29 manat əsas, 2426.5 manat faiz, 104.31 manat cərimə borcu olmaqla ümumilikdə 29456,10 manat məbləğində borcun, ödənilmiş 178.37 manat dövlət rüsumunun tutularaq ödənilməsi, ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətindəki **-ZA-*** dövlət qeydiyyat nişanlı «TRAİLER» markalı yarımqoşquya və **-LK-*** dövlət qeydiyyat nişanlı «MAN» yük markalı avtomobilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və işdə olan sənədlərə hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 29-MCR-1-1268-22 saylı kredit limitinin ayrılmasına dair müqavilədən görünür ki, ona aylıq 2,50% olmaqla 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh4 biznes məqsədilə 24 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla 30000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Z/14281/22, Z/14282/22, Z/14283/22 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli 29-MCR-1-1268-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə və onu əsasında bağlanan razılaşmalara əsasən borcalanın kreditor qarşısında öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli A/00441/22 saylı və A/00442/22 saylı ipoteka müqavilələrindən görünür ki, Cavabdeh3 borcalanın kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə **-LK-*** dövlət qeydiyyat nişanlı «MAN» yük markalı avtomobil və **-ZA-*** dövlət qeydiyyat nişanlı «TRAİLER» markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında göstərdi ki, iddiaçı ilə müqavilə bağlayaraq kredit götürmüşdür. İlk dəfə 15000 manat pul götürmüş, borcunu ödəyib qurtarmışdır. Daha sonra isə 30000 manat kredit götürmüşdür. Krediti atası onun adından götürmüşdür. Atası rəhmətə getdiyi üçün borcu ödəyə bilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, onun 30000 manat götürülən kreditdən məlumatı yoxdur. İki il bundan qabaq zamin durmuşdur. Özünə pul lazım olduğu üçün banka müraciət etmiş, 30000 manat kreditə zamin olduğunu bildirmişlər və ona kredit verməmişlər. O isə 15000 manata zamin olduğunu və həmin borcun da ödənildiyini bilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, ilk dəfə kredit götürüləndə zamin durmuşdur. Həmin vaxt ona izah edilməmişdir ki, o kredit xəttinə zamin durur. O, 2023-cü ilin may ayında bağlanan müqaviləyə imza etməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh4 ilə İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən aylıq 2,50% olmaqla 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh4 xx.xx.2023-cü il tarixdə biznes məqsədilə 24 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla 30000 manat məbləğində kredit verilmişdir. Bankla Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmış, həmçinin borcalanın kredit xətti müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 ilə Bank arasında ipoteka müqavilələri bağlanmış, **-LK-*** dövlət qeydiyyat nişanlı «MAN» yük markalı avtomobil və **-ZA-*** dövlət qeydiyyat nişanlı «TRAİLER» markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı zamin olaraq xəbərdarlıq məktublarını, həmçinin ipoteka ilə yüklü edilmiş əmlaklara tutma yönəldiləcəyi ilə bağlı bildirişləri Cavabdeh3 adına və onu ünvanına göndərmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun ipoteka predmetinə tutmanın yönəldilməsi qaydasından bəhs edən 36 və 36.1-ci maddələrinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Göründüyü kimi ipoteka qoyan Cavabdeh3 xx.xx.2023-cü il tarixdə öldüyünə görə ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildirişlərin ipoteka qoyana təqdim edilməməsi mübahisəsizdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia qaldırılmamışdan əvvəl ipoteka qoyan Cavabdeh3 vəfat etdiyindən, iddiaçı ilk növbədə həmin şəxsin vərəsələrini müəyyən edərək vərəsələrlə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qaydaya əməl etməli və sonra iddia ilə məhkəməyə müraciət etməli idi. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə müraciət edilməzdən əvvəl ölmüş ipoteka qoyanın vərəsələri ilə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qaydaya əməl edilmədiyini və bu qaydanı tətbiq etmək imkanının itirilmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1130/2024
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1130/2024
19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver