Məhkəmə qərarları › İş №e-2-2(115)-1141/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1141/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1141/2022 10.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 Firmasına və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 Firmasına və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 22.952,92 (iyirmi iki min doqquz yüz əlli iki manat 92 qəpik) manat-bundan 14.499,49 (on dörd min dörd yüz doxsan doqquz manat 49 qəpik) manat əsas, 2.041,65 (iki min qırx bir manat 65 qəpik) manat faiz, 2.827,95 (iki min səkkiz yüz iyirmi yeddi manat 95 qəpik) manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.583,83 (üç min səkkiz yüz səksən üç manat 83 qəpik) manat faiz borcu, ipoteka predmetlərinə tutmaların qeydiyyata alınması üçün istifadə olunan 30 (otuz) manat, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 (yüz) manat məbləğində xərc Cavabdeh1 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsində yerləşən 74 saylı fərdi yaşayış evinə yönəlməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-nə 60 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 200.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2006-cı il tarixli MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsində yerləşən 74 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh2 arasında 07 aprel 2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********590 saylı xx.xx.2021-ci il tarixli, **********982 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehə xx.xx.2014-cü il tarixli, 101/15 saylı kredit müqaviləsi üzrə borcu üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. xx.xx.2021-ci il tarixinə Cavabdeh1 MMC-nin kredit üzrə cəmi borcu 22.952,92 manat təşkil edir. Bundan 14.499,49 manat əsas, 2.041,65 manat faiz, 2.827,95 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.583,83 manat faiz borcu təşkil edir. Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia irəli sürərkən iddia müddətini ötürmüşdür. 3 ildən çox müddət keçməsinə baxmayaraq ona xəbərdarlıq edilməmiş və qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edilməmişdir. İddiaçıya və cavabdehlər Cavabdeh1 Firmasına və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, iddiaçının və cavabdehin nümayəndəsi və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2011-ci il tarixli, 24 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalan Cavabdeh1 Firmasına 200 000 manat məbləğində illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 Firması isə 60 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. **********590 saylı xx.xx.2021-ci il tarixli, **********982 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin surətindən görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixli, 24 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsində yerləşən 74 saylı fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsində yerləşən 74 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2011-ci il tarixli, 24 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin banka olan borcu 14.499,49 manat əsas, 2.041,65 manat faiz, 2.827,95 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.583,83 manat faiz borcu olmaqla, kredit üzrə cəmi borcu 22.952,92 manat təşkil edir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02- 98/22 nömrəli ekpertiza rəyində “Məhkəmə Ekspertzası Xidmətləri“ MMC tərəfindən ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsində yerləşən 74 saylı fərdi yaşayış evinin bazar dəyəri 83 000 manat, likvid dəyəri isə 74 000 manat kimi qeyd edilmişdir. İşin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. Hazırkı tələb üzrə iddia müddətinin ötürülməsi halı mövcuddur. Belə ki, kredit müqaviləsi xx.xx.2011-ci il tarixdə bağlanmış və müqavilədə öhdəliyin icrası müddəti 5 il müəyyən edilmişdir. Qeyd edilən 5 illik müddət xx.xx.2016-cı il tarixdə bitmişdir. İddiaçı isə 23 may 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddəti ötürülmüşdür. Müddətin ötməsini istisna edən hallar mövcud deyildir. İddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilməsin. İş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq “Məhkəmə Ekspertzası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ**********0000001944, VÖEN**********, AZ90AİİB******************** saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar