Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1148/2025 07.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu, ipoteka) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 34109,91 manat əsas borc, 3195,86 manat faiz və 181,28 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 37487,05 manat məbləğində borcun və ödənilmiş 202,46 manat dövlət rüsumunun, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi ünvanında yerləşən ümumi sahəsi 69.27 kv.m sahədən ibarət olan 3 otaqlı 172 saylı evin 175 saylı mənzili açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə yönəldilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-nin “MXD” filialından illik 30%-lə 120 ay müddətinə 150000 manat məbləğində kredit limiti verilmişdir. xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC”dən illik 20%-lə 36 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi ray.,Binəqədi şosesi ünvanında yerləşən ümumi sahəsi 69.27 kv.m sahədən ibarət olan 3 otaqlı 172 saylı evin 175 saylı mənzili 23 iyun 2023-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü etmiş, Cavabdeh1 ilə 23 iyun 2023-cü il tarixli zaminlik müqavilələri bağlanılmışdır. İpoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır. 13 fevral 2025-ci il tarixədək Cavabdeh2 23 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 34109,91 manat əsas, 3195,86 manat faiz və 725.11 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 38030.88 manat borcu vardır. Cavabdeh2 banka 23 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 725.11 manat təşkil etməsinə baxmayaraq, 181,28 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir.
II. Tərəflərin mövqeyi
3. İddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil izahat verərək, borcu ödəyəcəkləri üçün ekspert rəyi ilə razı olduqlarını, lakin buna baxmayaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
5. Digər cavabder Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
II. Sübutların tədqiqi
6. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 23 iyun 2023-cü il tarixli 6-MCR- 1-419-23 saylı kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh2 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2,50% olmaqla 150.000 manat məbləğində kredit limiti açılmışdır.
7. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 23 iyun 2023-cü il tarixli 6-MCR- 1-419-23/1 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh2 biznes məqsədilə 36 ay müddətinə, faktiki aylıq faiz dərəcəsi 1.67% olmaqla, 50000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 12-ci bəndində əsasən bu Razılaşma 23 iyun 2023-cü il tarixli 6-MCR-1-419-23 saylı kredit limitinin ayrılması üzrə Razılaşma əsasında rəsmiləşdirilir və onun ayrılmaz tərkib hissəsi hesab olunur.
8. 23 iyun 2023-cü il tarixli məxaric qəbzindən görünür ki, 15000 manat məbləğində pul Cavabdeh2 tərəfindən bankın kassasından təhvil alınmışdır.
9. 25 iyun 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 15000 manat məbləğində pul Cavabdeh2 hesabına köçürülmüşdür.
10. 20 iyul 2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, 4468 manat məbləğində pul Cavabdeh2 tərəfindən bankın kassasından təhvil alınmışdır.
11. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 23 iyun 2023-cü il tarixli 6-MCR- 1-419-23/1 saylı kredit verilməsinə dair razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş xx.xx.2023-cü il, son ödəniş tarixi isə xx.xx.2026-cı il olmaqla 50000 manat kredit məbləği və 16894,40 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
12. Cavabdeh1 Bəhrəm oğlu ilə İddiaçı ASC arasında bağlanmış 23 iyun 2023-cü il tarixli Z/10725/23 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti 23 iyun 2023-cü il tarixli 6-MCR-1-419-23 saylı kredit limitinin ayrılmasına dair müqavilə bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir (1.1). Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayırıldığı vəsaitdir (1.2). Bu Müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 150000 AZN (və ya müvafiq valyuta ekvivalentində) təşkil edən kredit limiti məbləği (qeyd edilən məbləğ Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş Kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanan razılaşmalara əsasən Borcalanın Kreditordan aldığı kredit məbləğindən ibarətdir) (2.1.1); 120 (bir yüz iyirmi) ay təşkil edən kredit limitini qaytarılma müddəti (2.1.2); Kredit limiti üzrə aylıq 2.50 (iki tam yüzdə əlli) faizdən çox olmamaqla hesablanacaq məbləğ (2.1.3); Kredit limiti üzrə ödənişlər gecikdirildiyi halda gündəlik 0.20 (sıfır tam yüzdə iyirmi) faizdən çox olmayan gecikdirilmiş ödənişin borc məbləğinə cərimə kimi hesablanacaq məbləğ (2.1.4).
13. 13 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 34109,91 manat əsas, 3195,86 manat faiz faiz, 725,11 manat cərimə borcu olmaqla, cəmi 38030,88 manat borcu vardır.
14. 13 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borcun 5 gün müddətində tam ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
15. 23 iyun 2023-cü il tarixli, DA/00859/23 saylı ipoteka müqaviləsindən görünür ki, İpoteka Qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı aşağidəki tərəflər arasında Bakı şəhərində bağlanmış xx.xx.2023 tarixli, 6-MCR-1-419-23 saylı kredit limitinin ayrılmasına dair müqavilə (bundan sonra - Kredit Müqaviləsi) əsasən yaranmış Öhdəliyin təminatı kimi ipoteka Saxlayana (ipoteka saxlayan həm də Kreditordur) ipotekaya verir. (1.1). ipotekaya verilən əmlakın təsvirkCavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən Menzil ipotekası. Ümumi sahə: 69.27(m2), yaşayış sahəsi:46.73 (m2) yaşayış otaqların sayı 3. ipoteka Qoyanın bu Müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 09,06.2023-ci il tarixli, **********54-05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışla təsdiq edilir (2.1). İpoteka predmetinin bazar dəyəri müqavilənin 2.2-ci bəndinə əsasən 155.000 manat müəyyən edilmişdir.
16. 03.07.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 175 saylı mənzil İddiaçı ASC-nin xeyrinə 23 iyun 2023-cü il tarixli 6-MCR-1-419- 23/1 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 4489 nömrəli vərəqində qeydiyyata alınmışdır.
17. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB-305-0925 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyəri 194000 manat, likvid dəyəri 174600 manat təşkil edir.
III. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
17. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
20. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol
Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı
Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı
... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
IV. Məhkəmənin mövqeyi
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
21. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
22. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
23. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
24. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh2 13 fevral 2025-ci il tarixdə göndərilmişdir.
25. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
26. Belə olan halda, iddiaçının 13 fevral 2025-ci il tarixdə Cavabdeh2 pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubda qeyd edilən xx.xx.2025-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 13 fevral 2025-ci il tarixə olan borc məbləğini tələb edir.
27. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
28. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh2 məxsus AZ23NİCB**********0001A41040 nömrəli bank hesabından xx.xx.2023-xx.xx.2025ci il tarixlərini əhatə edən çıxarışdan görünür ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmiş, lakin 13 fevral 2025-ci il tarixdən sonra (iddia irəli sürülərkən istinad olunan maliyyə arayışının tarixi) ödənişlər olmamışdır.
29. 13 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 34109,91 manat əsas, 3195,86 manat faiz faiz, 725,11 manat cərimə borcu olmaqla, cəmi 38030,88 manat borcu vardır.
30. Belə olan halda məhkəmə hesab edir ki, 23 iyun 2023-cü il tarixli 6-MCR-1- 419-23/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 13 fevral 2025-ci il tarixə tutulmalı əsas borc 34109,91 manat, faiz borcu isə 3195,86 manat faiz müəyyən edilməlidir.
31. 13 fevral 2025-ci il tarixli bildirişlərdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 borcun ipoteka predmetinə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildirişlər qeydə alınması üçün xx.xx.2025-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə göndərilmiş bildirişlər qeydə alınmışdır.
32. Kredit müqaviləsi üzrə Cavabdeh2nun üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh2 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş avtomobillərə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.
33. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
34. Məhkəmə hesab edir ki, qanunda birbaşa imperativ tələb kimi nəzərdə tutulduğu üçün iddia tələbində bu barədə tələb olmasa belə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.
35. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB-305-0925 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 172 ünvanında yerləşən 175 saylı mənzilin bazar dəyəri 194000 manat, likvid dəyəri 174600 manat təşkil edir.
36. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 172 ünvanında yerləşən 175 saylı mənzilin ilkin satış qiyməti 174600 manat müəyyən edilməlidir.
37. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz. Belə ki, məhkəmə tərəfindən onsuz da ümumilikdə 37487,05 manat borc məbləğinin tutulması qət olunmuşdur və ipotek predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ ümumi qaydada cavabdehlərdən müştərək qaydada tutulacaqdır.
38. Məhkəmə zaminə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
39. İddia ərizəsində iddiaçı 23 iyun 2023-cü il tarixli kredit müqaviləsi 181,28 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
40. Məhkəmə hesab edir ki, 181,28 manat məbləğində dəbbə pulu (penya) ağlabatan və ədalətlidir və buna görə də cərimə olaraq 181,29 manat məbləğində pul (əsas borcun 0,53 % həddində) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
41. İddiaçı eləcə də 202,46 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat və 36 manat xidmət haqqı olmaqla, ümumilikdə 253,46 manat məbləğində pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
42. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 202,46 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
43. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 202,46 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat və 36 manat xidmət haqqı olmaqla, ümumilikdə 253,46 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
46. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23 iyun 2023-cü il tarixli 6-MCR-1-419-23/1 saylı kredit müqaviləsi üzrə 34109,91 manat əsas borc, 3195,86 manat faiz borcu, 181,28 manat cərimə borcu olmaqla, ümumilikdə 37487,05 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tələb Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi ünvanında yerləşən ümumi sahəsi 69.27 kv.m sahədən ibarət olan 3 otaqlı 172 saylı evin 175 saylı mənzilinə yönəldilməli, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi ünvanında yerləşən ümumi sahəsi 69.27 kv.m sahədən ibarət olan 3 otaqlı 172 saylı evin 175 saylı mənzilin ilkin satış qiyməti 174600 manat müəyyən edilməli və ipotekaya qoyulmuş əmlak açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 37487,05 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, qalan məbləğ Cavabdeh2 qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir.
47. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 23 iyun 2023-cü il tarixli 6-MCR-1-419-23/1 saylı kredit müqaviləsi üzrə 34109,91 manat əsas borc, 3195,86 manat faiz borcu, 181,28 manat cərimə borcu olmaqla, ümumilikdə 37487,05 (otuz yeddi min dörd yüz səksən yeddi manat beş qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi ünvanında yerləşən ümumi sahəsi 69.27 kv.m sahədən ibarət olan 3 otaqlı 172 saylı evin 175 saylı mənzilinə yönəldilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi ünvanında yerləşən ümumi sahəsi 69.27 kv.m sahədən ibarət olan 3 otaqlı 172 saylı evin 175 saylı mənzilin ilkin satış qiyməti 174600 (bir yüz yetmiş dörd min altı yüz) manat müəyyən edilsin. İpotekaya qoyulmuş əmlak açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 37487,05 (otuz yeddi min dörd yüz səksən yeddi manat beş qəpik) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, qalan məbləğ Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 202,46 (iki yüz iki manat qırx altı qəpik) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 (on beş) manat və 36 (otuz altı) manat xidmət haqqı olmaqla, ümumilikdə 253,46 (iki yüz əlli üç manat qırx altı qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli