Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1150/2025 16.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 025A********** saylı kredit razılaşması üzrə 10247,03 manat kredit bоrcu, 931,21 manat faiz bоrcu və 323,25 manat cərimə olmaqla, cəmi 11501,49 manat, xx.xx.2023-cü il tarixli 025R********** saylı kredit razılaşması üzrə 5871,65 manat kredit bоrcu, 507,16 manat faiz bоrcu və 139,25 manat cərimə olmaqla, cəmi 6518,06 manat, ümumilikdə 18019,55 manat məbləğində bоrcun və ödənilmiş 144,06 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.8333% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 025A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 14752,97 manat ödəniş etmiş və оnun iddiaçıya 10247,03 manat kredit bоrcu qalmışdır. Kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 153 gün üçün hesablanmış faiz borcu 931,21 manat, cərimə 323,25 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Bundan başqa, İddiaçı QSC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 025L**********32 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 150000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 025R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Krеdit bоrcundan 4128,35 manat ödəmiş, onun 5871,65 manat kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 119 gün üçün hesablanmış faiz borcu 507,16 manat, cərimə borcu 139,25 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə baxışının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, 10 ildən çoxdur ki, bankla əməkdaşlıq edir, həmişə borcunu vaxtında ödəmişdir. Hazırda maddi vəziyyəti ilə bağlı borcunu ödəyə bilmir. Bankla 4 ay 280 manatdan ödəniş etməyi ilə bağlı razılaşmışdır, lakin onu da ödəyə bilməmişdir. Əsas borcla bağlı narazılığı yoxdur. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 025A********** saylı kredit müqaviləsindən görünür ki, fərdi mikro kredit məqsədilə ona aylıq faiz dərəcəsi 1.8333% olmaqla 36 ay müddətinə 25000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 025G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, o kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 025L**********32 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən və ona qoşulma haqqında sazişlərdən görünür ki, ona sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə kreditin faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 120 ay müddətinə 150000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh2 tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 025R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, ona illik faiz dərəcəsi 23% olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan arayışda qeyd edilmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli tarixli kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə banka 10247,03 manat əsas borc, 931,21 manat faiz borcu, 323,25 manat cərimə borcu olmaqla, cəmi 11501,49 manat məbləğində borcu var. İş materiallarında olan arayışda qeyd edilmişdir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə banka 5871,65 manat əsas borc, 507,16 manat faiz borcu, 139,25 manat cərimə borcu olmaqla, cəmi 6518,06 manat məbləğində borcu var. İş materiallarında olan xəbərdarlıq məktubunun surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona fərdi mikro kredit məqsədilə aylıq faiz dərəcəsi 1.8333% olmaqla 36 ay müddətinə 25000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixdə uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən ona sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə kreditin faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 120 ay müddətinə 150000 manat məbləğində kredit xətti açılmışdır. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən ona illik faiz dərəcəsi 23% olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğlərini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşmaları ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya xx.xx.2022-ci il tarixli krеdit razılaşması üzrə 10247 manat 03 qəpik krеdit bоrcu, 931 manat 21 qəpik faiz bоrcu və 323 manat 25 qəpik cərimə borcu, xx.xx.2023-cü il tarixli krеdit razılaşması üzrə 5871 manat 65 qəpik krеdit bоrcu, 507 manat 16 qəpik faiz bоrcu və 139 manat 25 qəpik cərimə borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti, kreditə hesablanmış faizləri və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o uzunmüddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit razılaşmaları üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, xx.xx.2022-ci il tarixli krеdit razılaşması üzrə 10247 manat 03 qəpik krеdit bоrcu, 931 manat 21 qəpik faiz bоrcu və 323 manat 25 qəpik cərimə borcu olmaqla cəmi 11501 manat 49 qəpik borc, xx.xx.2023-cü il tarixli krеdit razılaşması üzrə 5871 manat 65 qəpik krеdit bоrcu, 507 manat 16 qəpik faiz bоrcu və 139 manat 25 qəpik cərimə borcu olmaqla cəmi 6518 manat 06 qəpik borc, ümumilikdə 18019 manat 55 qəpik məbləğində bоrc cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 114,06 manat dövlət rüsumu ödənmişdir. Lakin iddiaçı iddia tələbində tutulmalı olan dövlət rüsumunu 144,06 manat göstərmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 114 manat 06 qəpik dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 025A********** saylı krеdit razılaşması üzrə 10247 manat 03 qəpik krеdit bоrcu, 931 manat 21 qəpik faiz bоrcu və 323 manat 25 qəpik cərimə borcu olmaqla cəmi 11501 manat 49 qəpik borc, xx.xx.2023-cü il tarixli 025R********** saylı krеdit razılaşması üzrə 5871 manat 65 qəpik krеdit bоrcu, 507 manat 16 qəpik faiz bоrcu və 139 manat 25 qəpik cərimə borcu olmaqla cəmi 6518 manat 06 qəpik borc, ümumilikdə 18019 (on səkkiz min on doqquz) manat 55 (əlli beş) qəpik məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 114 (bir yüz on dörd) manat 06 (altı) qəpik məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1150/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1150/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver