Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1161/2024 29.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Vəkil2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi, 7134,34 manat borc məbləği və ödənilmiş 92 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Cəmiyyətin müqavilə üzrə öhdəliklərini icra etməsinə, yəni razılaşdırlmış malların qarşı tərəfə təqdim edilməsinə baxmayaraq, cavabdeh qəbul etdiyi öhdəliyini tam icra etməmiş, müqavilə üzrə yaranmış 7134,34 manat miqdarında qalıq borcunun ödənişini təmin etməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından və cavabdehin cəmiyyətə ünvanladığı ərizədən görünür ki, o 7334,34 manat miqdarında borucunun olmasını etiraf etmişdir. İddia ərizəsinə əlavə edilmiş borclunun hərəkətlərindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə cavabdehin borcuna cəmi 200 manat ödəniş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, o İddiaçı MMC-nin rəhbəri olan Vüqar müəllimlə dost olmuşdur, Vüqar müəllim ondan cəmiyyətə kömək etməsini, yəni onların mallarını bazara tanıtmasını xahiş etmişdir. Çünki onun bir çox mağaza sahibkarları ilə tanışlığı var idi. O da İddiaçı MMC-yə kömək etməyə başlamışdır. Mağazalara, yeməkxanalara İddiaçı MMC-nin mallarını aparıb, satmağı xahiş etmişdir. Beləcə İddiaçı MMC-nin məhsullarını bazara tanıtmışdır. Razılıqları belə olmuşdur ki, İddiaçı MMC ona satılan məhsulun qazancının 10 faizini verəcəkdi. Bundan sonra İddiaçı MMC-nin öz işçiləri o mal verdiyi mağazalarla ondan gizli danışıb malları özləri vermişlər. Rəsmi olaraq ona göndərilən qaimələrin hamısını ödəmişdir. Təxmini olaraq 8000 manatdan çox borcu qalmışdı. Ərizəyə imza çəkərək borcunun qalmasını etiraf etmişdir, lakin bundan sonra təxminən 2000 manat ödəniş etmişdir. Ödənişlərlə bağlı onda çeklər olmalıdır. Ödənişləri ona göndərilən bank kartına köçürmüşdür. Həmin kartın kimə məxsus olduğunu bilməmiş, kartın nömrəsini Vidadi adlı şəxs göndərmişdir. Bəlkə çeklərin üzərində həmin şəxsin adı qeyd edilmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2019cu il tarixli malların alqı-satqısına dair 18/091 saylı müqavilədən görünür ki, satıcı istehsal, idxal və ya digər formada tcarət predmeti olan malları (meyvə şirələri və spirtli içkilər) müqavilədə müəyyən olunmuş şərtlərlə alıcıya satmağı, alıcı isə malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli borcun etirafı ərizəsində qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh 7334,34 manat borcu yaranmışdır. Cavabdeh borcu etiraf etmiş və xx.xx.2021-ci il tarixinə qədər İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan üzləşmə aktında qeyd edilmişdir ki, Cavabdeh cəmiyyətə 7334,34 manat borcunun olması tərəflərin imzası ilə təsdiq olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 07 yanvar 2019-cu il tarixli malların alqı-satqısına dair müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı istehsal, idxal və ya digər formada tcarət predmeti olan malları (meyvə şirələri və spirtli içkilər) müqavilədə müəyyən olunmuş şərtlərlə alıcıya satmağı, alıcı isə malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, alıcı isə üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş, onu iddiaçıya 7134,34 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Cavabdeh borcun etirafı ilə bağlı ərizəni imzaladıqdan sonra təxminən 2000 manat pul ödədiyini məhkəməyə bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Tərəflər arasında borcun etirafı ilə bağlı ərizə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş, alıcı 7334,34 manat borcu etiraf edərək xx.xx.2021-ci il tarixinə qədər ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdən sonra yalnız 200 manat ödəniş edilməsi müəyyən edilir. Məhkəmə, eyni zamanda iddianın müqavilnin ləğv edilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İddiaçı tərəfindən müqavilənin ləğvi ilə bağlı iradə ifadəsi iddia ərizəsinin cavabdehə çatdırılması ilə bildirilmişdir. Həmin tarixdən müqavilə ləğv edilmiş hesab edildiyindən müqavilənin ləğvi ilə bağlı iddia tələbi təmin edilə bilməz. Odur ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 07 yanvar 2019-ci il tarixli malların alqı-satqısına dair müqavilə üzrə yaranmış 7134,34 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 95 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 91 manat 34 qəpik dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2019-ci il tarixli 18/091 saylı malların alqı-satqısına dair müqavilə üzrə yaranmış 7134 (yeddi min yüz otuz dörd) manat 34 (otuz dörd) qəpik məbləğində borc və ödənilmiş 91 (doxsan bir) manat 34 (otuz dörd) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1161/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1161/2024
29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver