Məhkəmə qərarları › İş №e-2-2(115)-1184/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1184/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1184/2024 24.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 006R********** saylı krеdit razılaşması üzrə 14810,62 manat krеdit bоrcu, 1985,43 manat faiz bоrcu və 1069,05 manat cərimə borcu olmaqla, cəmi 17865 manat 10 qəpik məbləğində bоrcun, ödənilmiş 143,6 manat dövlət rüsumunun cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 006L**********24 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 006R********** saylı krеdit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh4 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Krеdit bоrcundan 5189,38 manat ödəmiş, onun 14810,62 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 213 gün üçün hesablanmış faiz borcu 1985,43 manat, cərimə borcu isə 1069,05 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh4 izahatında göstərmişdir ki, bankla müqavilə bağlayaraq sahibkarlıq fəaliyyəti ilə əlaqədar kredit götürmüşdür. Digər cavabdehlər də ona zamin olmuşdur. İşində yaranan çətinliklərlə əlaqədar mağazanı bağlamış, taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır, bu barədə iddiaçıya bildirmişdir. 3 ay ödəniş edə bilsə də daha sonra ödəniş edə bilməmişdir. Təzə qafik açılmasını təklif etsə də razılıq əldə edə bilməmişdir. İddiaçıdan dəfələrlə kredit götürüb ödənişlərini etmişdir, lakin sonuncu dəfə 20000 manat kredit götürsə də onu tam ödəyə bilməmişdir. Təxmini olaraq 7000 manat ödəniş etimşdir. İddia tələbində qeyd edilən qədər borcu qala bilər. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 27 may 2022-ci il tarixli 006L**********24 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, 120 ay müddətinə, faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 500000 manat məbləğində krеdit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 31 oktyabr 2022ci il tarixli 006R********** saylı krеdit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasından görünür ki, ona 36 ay müddətinə illik faiz dərəcəsi 21% olmaqla 20000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 09 mart 2023-cü il tarixli 006S**********02 nömrəli qoşulma barədə sazişlə Cavabdeh1, 09 mart 2023-cü il tarixli 006S**********02 nömrəli qoşulma barədə sazişlə Cavabdeh3, 09 mart 2023-cü il tarixli 006S**********01 nömrəli qoşulma barədə sazişlə Cavabdeh2 tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh4 kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə banka 14810 manat 62 qəpik əsas, 1985 manat 43 qəpik faiz və 1069 manat 05 qəpik cərimə borcu olmaqla, ümumilikdə 17865 manat 10 qəpik bоrcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında 27 may 2022-ci il tarixdə bağlanmış uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə, faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 500000 manat məbləğində krеdit xətti açılmışdır. Daha sonra İddiaçı QSC ilə Cavabdeh4 arasında 31 oktyabr 2022-ci il tarixli 006R********** saylı krеdit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması bağlanmış, razılaşmaya əsasən ona 36 ay müddətinə illik faiz dərəcəsi 21% olmaqla 20000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İddiaçı iddia tələbində cavabdehlərdən 14810 manat 62 qəpik əsas borc və 1985 manat 43 qəpik faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə bildirir ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarından görünür ki, iddiaçı əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini cavabdehlərə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda ifadə etmişdir. Həmin xəbərdarlıq məktubunda faiz borcunun 1228 manat 30 qəpik təşkil etməsi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən məbləğdə əsas borc, xəbərdarlıq məktubunda göstərilən məbləğdə faiz borcunun tutulması qanuni və əsaslıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1069 manat 05 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, onlar uzunmüddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarında, qeyd edilən kredit məbləğinin, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh4 kredit razılaşması üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Zaminliklə təmin edilmiş pul öhdəliyi icra edilmədiyindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4 ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, tərəflər arasında bağlanmış kredit sazişi üzrə yaranmış 14810 manat 62 qəpik kredit borcu, 1228 manat 30 qəpik faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 16338 manat 92 qəpik məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 143,60 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 139,02 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 31 oktyabr 2022-ci il tarixli 006R********** saylı kredit sazişi üzrə yaranmış 14810 manat 62 qəpik kredit borcu, 1228 manat 30 qəpik faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 16338 (on altı min üç yüz otuz səkkiz) manat 92 (doxsan iki) qəpik məbləğində pul və ödənilmiş 139 (bir yüz otuz doqquz) manat 02 (iki) qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar