Məhkəmə qərarları › İş №e-2-2(115)-1193/2023

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1193/2023

11.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1193/2023 11.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dividendin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dividendin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 1997-ci ildən bu günədək ödənilməmiş dividentlərin "xxxx" ASC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1997-ci il tarixdən etibarən "xxxx" ASC-nin səhmdarlarından biridir. Lakin bu günədək cəmiyyətin fəaliyyəti ilə bağlı heç bir yığıncağa çağrılmamış və cəmiyyətin illik hesabatını almamışdır. Həmçinin cəmiyyətin bu günədək fəaliyyəti, cəmiyyət tərəfindən aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər, gəlir və xərcləri, hesabat dövrü üzrə maliyyə göstəriciləri, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi, cəmiyyətə məxsus səhmlərin hərəkəti və.s barədə məsələlərla bağlı məlumatsız olmuşdur. Cəmiyyətə ünvaladıqları məktuba verilən cavabdan da görünür ki, 1997-ci ildən 2003 və 2004-cü ilə kimi gəlir ilə işləmiş və səhmdarlara dividentlər müvafiq qaydada hesablanmışdır. 2003-cü ildə səhmdara 3.73 manat, 2004-cü ildə 4.42 manat ümumilikrə 8.15 manat pay düşmüşdür. Qalan illər üzrə isə maliyyə-təssərüfat göstəriciləri qənaətbəxş olmamışdır. Bütün bu göstərilənlər onu deməyə əsas verir ki,cəmiyyət fəaliyyəti ilə bağlı məlumatlar, eləcə də gəlir və xərc məsələsi barədə məlumatları düzgün göstərmir. Belə ki, cəmiyyət yarandığı gündən fəaliyyətini davam etdirmişdir, bu isə cəmiyyətin gəlirli fəaliyyətlə məşğul olduğunu deməyə əsas verir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-3.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. 106-3.2-ci maddəsinə əsasən səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. 106-3.5-ci maddsinə əsasən dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. 107.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 107.1.4. cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmə. 107-1.2-ci maddəsinə əsasən səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). 107-5.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi səhmdar cəmiyyəti nizamnaməsində müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Dividentlərin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Bu qərar 30 gün ərzində icra edilir. Göründüyü kimi dividentin ödənilməsi məsələsinə səhmdar cəmiyyətdə hər bir il üzrə keçirilən ümumi yığıncaqda baxılır. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Səhmdar olaraq divident almaq hüququ olan şəxsin hər bir il üzrə bölüşdürülən dividentin bölüşdürülməsində iştirak etmək, divident verilmədikdə və yaxud verilən dividentdən narazı qaldığı halda ümumi yığıncağının qərarından məhkəməyə şikayət etmək, belə bir yığıncaq keçirilmədiyi halda isə onun keçirilməsini tələb etmək hüququ vardır. Dividentin ödənilməsi vaxtaşırı xarakterli olduğundan qeyd edilənlər hər bir il üzrə ayrı-ayrılıqda həyata keçirilməlidir. İddiaçı əvvəlki illər üzrə ümumi yığıncaqların qərarlarını mübahisələndirmədən, hər bir il üzrə dividenti tələb etmədən 1997-ci ildən bu günə kimi olan dividentin ödənilməsi barədə iddia qaldırdığından onun ərizəsi mübahisənin məhkəməyə qədər həlli qaydalarına əməl etmədən verilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 iyun 2017-ci il tarixli qərarında qeyd etmişdir ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir. Qeyd edilən şərhdən görünür ki, mənfəətin tam və ya qismən bölüşdürülməsi ilə bağlı məsələlərdə şəxslərin bilavasitə, yəni birbaşa olaraq məhkəməyə müraciət etməsi yolverilməz sayılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəlləni 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.6-ci,152,1.6-cı və 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dividendin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar