Məhkəmə qərarları › İş №e-2-2(115)-12/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-12/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-12/2024 19.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək 14096,34 manat əsas, 3087,31 manat faiz, 1212,26 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3247,72 manat faiz borcunun və ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə edilən 45 manat dövlət rusumunun, cəmi 21643,63 manat pul vəsaitinin Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin evin boşaldılaraq alıçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 439 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 14500 manat kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuş, tərəflər arasında ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmiş və banka borcu yaranmışdır. Həmçinin Cavabdeh1 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və fiziki şəxsə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Cavabdehin ərizəsi əsasında bununla bağlı yeni müqavilələr hazırlanmışdır. Ancaq Cavabdeh1 bu günədək bankla fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restrukturizasiya və ipoteka müqavilələri imzalamamış və bu səbəbdən yenidən bank aşağıdakı borcun cavabdehdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 aprel 2015-ci il tarixli 439 saylı kredit müqaviləsindən görünür ki, ona illik faiz dərəcəsi 6% оlmaqla 36 ay müddətinə 14500 məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 29 aprel 2015-ci il tarixli 453 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 89.9 kv.m, yaşayış sahəsi 45.8 kv.m, yardımçı sahəsi 44.1 kv.m olan 2 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 60000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsi 2-ci dalan 4 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 14098,34 manat məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 439 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 14096,34 manat əsas bоrcu, 3087,31 manat faiz bоrcu, 1212,26 manat cərimə borcu və 3247,72 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 21643,63 manat məbləğində borcu var. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5454-9/5659 saylı rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin təqribən bazar dəyəri 80000 manat, likvid dəyəri isə 72000 manat təşkil edir. Tədqiqatın dəyəri isə 100 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 29 aprel 2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona illik faiz dərəcəsi 6% оlmaqla 36 ay müddətinə 14500 məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və yüklülük qeydiyyata alınmışdır. İddiaçı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Həmçinin problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışda da Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 14098,34 manat məbləğində kredit borcunun olması qeyd edilmiş və həmin məbləğin restrukturizasiya olunması təklif olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya 14096,34 manat kredit borcu vardır. İddiaçı verdiyi kredit məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, eyni zamanda iddianın faiz və cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh1 krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və 28 sentyabr 2019-cu il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə olan 14098,34 manat məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin restrukturizasiya olunması təklif olunmuş əsas kredit borcundan başqa, müqavilə müddətinə hesablanmış faiz borcu, cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsi təmin edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış 14096,34 manat kredit borcu cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 72000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra 1 ay sonra Cavabdeh2 fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 45 manat dövlət rüsumu ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 45 manat dövlət rüsumu cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 132,29 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı 100 manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 aprel 2015-ci il tarixli 439 saylı kredit müqaviləsi üzrə 14096 (on dörd min doxsan altı) manat 34 (otuz dörd) qəpik əsas borcu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın, fərdi yaşayış evinin ilkin satış qiyməti 72000 (yetmiş iki min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra 1 ay sonra Cavabdeh2 fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. İş üzrə məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Cavabdeh1 132 (bir yüz otuz iki) manat 29 (iyirmi doqquz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar