Məhkəmə qərarları › İş №e-2-2(115)-1209/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1209/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1209/2025 23.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18000 (on səkkiz min) manat əsas borcun və əsas borcun ödənilməsinin gecikdirilməsi səbəbilə yaranmış 435 (dörd yüz otuz beş) manat bank uçot faizinin, dövlət büdcəsinə ödənilmiş 145.30 (yüz qırx beş manat otuz qəpik) manat dövlət rüsumunun, ümumilikdə 18580.30 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli Qobu yolunda onun mülkiyyətində olan lakin anası X2 adına olan “Mircəlal” adlı mağazanı xx.xx.2022-ci il tarixdə Cavabdeh içərisində olan 22700 manat dəyərində ərzaq məhsulu ilə birlikdə icarəyə vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh gələcəkdə həmin mağazanı təhvil verəcəyi zaman ya qeyd olunan məhsulların dəyərinə uyğun olaraq 22700 manat pulu ödəməli və ya həmin dəyərdə məhsulları iddiaçıya təhvil verməli idi. Lakin 2024-cü ilin sonlarından etibarən cavabdeh icarə haqlarını ödəməkdə gecikmələrə yol vermiş, 2025-ci ilin yanvar ayında iddiaçı ilə əlaqə saxlayaraq maddi vəziyyətinin pis olduğunu və mağazanı yenidən işlək vəziyyətə gətirmək üçün əlavə 10000 (on min) manat pul məbləğinin lazım olduğunu bildirmişdir. İddiaçı mağazanın vəziyyətinin düzəlməsi üçün qeyd edilən 10000 manatı elə mağazada cavabdehə borc vermişdir. Bu hadisədən 1 ay keçdikdən sonra cavabdeh yenidən icarə pulunu ödəməmiş və mağazanı təhvil vermək istədiyini bildirmişdir. Bu səbəbdən iddiaçı 10 mart 2025-ci il tarixində cavabdehin də iştirakı ilə mağazada sayım aparmış və müəyyən etmişdir ki, mağazada 14700 manat dəyərində ərzaq məhsulu mövcuddur. Halbuki, ilkin razılaşmaya əsasən cavabdeh 22700 manat pulu və ya bu dəyərdə məhsulu, əlavə olaraq da son dəfə borc olaraq aldığı 10000 manat pulu təhvil verməli idi. Mağazada sayım yekunlaşdıqdan sonra, iddiaçı məhz öncəki danışıqlara əsasən cavabdehdən yerdə qalan 8000 manat dəyərində malların və 10.000 manat ona verdikləri borc məbləğinin geri qaytarmasını tələb etmişdir. Lakin bundan sonra cavabdeh hər dəfə onlara həmin məbləği ödəyəcəyini deyərək müxtəlif bəhanələrlə onları aldatmağa başlamış, sonuncu dəfə onunla əlaqə saxladıqları zaman isə başlarına oyun açacağına bildirərək hədələmişdir. İddiaçı cavabdehin qalan borcunu geri qaytarmayacağı, hər dəfə müxtəlif üsullarla onu aldatdığını müəyyən etdikdə cavabdeh barəsində müvafiq rayon polis idarəsinə şikayət etmək qənaətinə gəlmiş və xx.xx.2025-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək cavabdehin ona məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən "Mircəlal" marketdən ərzaq məhsullarını sataraq pulunu mənimsəməsi və onu hədələməsi barədə məlumat vermişdir. Abşeron RPİ tərəfindən xx.xx.2025-ci il tarixli, HK-1/4593 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda da qeyd edildiyi kimi cavabdeh verdiyi izahatında iddiaçıdan 10000 manat borc pul aldığını, mağazanın təhvili zamanı isə əlavə 8000 manatlıq fərq yarandığını etiraf etmişdir. Abşeron RPİ isə sözügedən qərarda mübahisədə cinayət tərkibinin olmadığını, iddiaçının isə pul tələbini mülki qaydada tələb edə biləcəyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş sonuncu (xx.xx.2024-cü il tarixli) illik bank uçot faizi 7.25-dir. Əsas borc məbləğinə (18.000 manat) münasibətdə faiz borcu 435 (dörd yüz otuz beş) manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, sözügedən mağazanı içərisində 22700 manat dəyərində olan mallar ilə birlikdə cavabdehə təhvil vermiş və aralarında olan razılaşmaya əsasən cavabdeh gələcəkdə həmin mağazanı təhvil verəcəyi zaman ya qeyd olunan məhsulların dəyərinə uyğun olaraq 22700 manat pulu ödəməli və ya həmin dəyərdə məhsulları ona təhvil verməli idi. Eyni zamanda razılaşmışlar ki, cavabdeh ona hər ay sabit 1000 manat icarə haqqı və mağazada ona məxsus olan mallara görə 1400 manat ödəniş etməli idi. Məhkəmə iclasında iştirak edən ddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, tərəflər arasında icarə münasibətləri olub. Mal təhvil verilərkən 22000-23000 manat məbləğində hesablanıb. 2 ildən sonra mağazanın ziyana işlədiyini bildirib və iddiaçıdan 10000 manat borc pul istəyib. İddiaçı 10000 manat məbləğində pul vəsaitini cavabdehə verdikdən 2-3 ay sonra cavabdeh borcu qaytara bilməyəcəyini deyib və mağazadan çıxmaq istəyib. İddiaçı bundan sonra mağazaya gəlib və mağazada 14700 manat məbləğində mal olduğunu öyrənib. Tərəflər akt tərtib ediblər və aktda 10000 manat borcunun 8000 manat kəsirinin olduğunu qeyd ediblər və həmin akt cavabdeh tərəfindən imzalanıb. Daha sonra cavabdeh 3 ay vaxt istəyib 3 ay tamam olduqdan sonra cavabdeh borcu ödəməyəcəyini bildirib və bununla bağlı iddiaçı tərəfindən polisə müraciət olunub. Polis şöbəsində cavabdeh borcunu etiraf edib. Lakin mövcud məsələ cinayət işi olmadığından, mülki iş olduğundan iş məhkəməyə yönəlib. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçıya 3 il ərzində 86 400 manat pul ödəmişdir. Bundan başqa vergi pulunu, kommunal xərcləri, işçi pulunu, mağazanın digər xərclərini o, ödəmişdir. Mağazaya kondisioneri belə ikisi almışdır. Ona 14 000 manat məbləğində ziyan dəymişdir. 7-8 ay ərzində hər ay 2000 manat ziyana düşmüşdür. Ziyana düşsə də, Tacəddin müəllimin ödənişini etmişdir. Cavabdeh məhkəməyə eyni zamanda etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı ilə birlikdə iş şərikliyi münasibətində olmuşlar, həmçinin onlar birgə işləmişlər və bu müddət ərzində işlərin təşkili, idarə olunması və maliyyə əməliyyatlarının əsas yükü onun üzərində olub. O, işlərin başında olmuş, Tacəddin isə əsasən qazancı almış və məsuliyyəti paylaşmaqda iştirak etməmişdir. O, 3 il ərzində Tacəddinə ayda təxminən 2400 manat gəlir təmin etmişdir. Ümumilikdə bu müddətdə ona təxminən 86000 manat gəlir qazandırmışdır. Yəni, onun səyləri və əməyi sayəsində Tacəddin də yaxşı qazanc əldə edib. Hazırda o, sanki heç bir şəriklik münasibətləri olmayıbmış kimi, şərikliyi danır və ona “guya 18.000 manat ziyan vurub” deyə əsassız iddia qaldırır. Əslində, bu işlərdə bütün əziyyəti o, çəkmiş, bütün riskləri o, daşımışdır. İndi isə məsuliyyəti onun üzərinə atmaq istəyir. Halhazırda onun digər borcları da mövcuddur – təxminən 14000 manat, onların bir neçəsi artıq məhkəmədədir. Aylıq maaşı cəmi 400 manatdır, ailəsi və körpə uşağı var. Bu iddia onun üçün ciddi maddi çətinlik yaradır. Tacəddin məhkəməyə bir əl yazması sənəd təqdim edib. Bəli, həmin sənəddəki imza onundur, lakin onu məcburiyyət qarşısında atmışdır. Tacəddinin qohumu, Cümşüd adlı şəxs ona təzyiq göstərib. O imza atmaqdan imtina edəndə demişlər ki, söhbətə baxan gələcək.” Bir qədər narahat olmuş, amma qeyd etmək istəyir ki, bu məsələ məhkəmədə aydın olacaq. Aralarında olan razılığa əsasən mağazanın gəlirlərinə və ziyanlarına hər ikisi cavabdeh olmalıdırlar. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qohumluq münasibətləri vardır. Eyni zamanda da şərikdirlər. 22700 manatlıq malı Cavabdeh təhvil vermişlər. Cavabdeh isə hər ay onlara 2400 manat pul verirdi. Sonra mağazanın ziyana düşəcəyini dedi və borc pul istədi. Mağazanı bu vəziyyətdən çıxarmaq üçün 10000 manat pulu Cavabdeh verdik. Bundan sonrakı ayda 2400 manat versə də sonrakı aylarda borcu ödəyə bilmədi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, yazılı qeyd və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında şifahi formada icarə, borc və birgə fəaliyyətlə bağlı münasibətlər yaranmışdır. Belə ki, həm iddiaçı, həm də cavabdehin məhkəmə iclaslarında verdiyi izahatlarından müəyyən olunur ki, iddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli Qobu yolunda onun mülkiyyətində olan lakin anası X2 adına olan “Mircəlal” adlı mağazanı xx.xx.2022-ci il tarixdə Cavabdeh aylıq icarə haqqı 1000 manat olmaqla icarəyə vermişdir. Eyni zamanda mağaza cavabdehə icarəyə verilərkən içərisində iddiaçıya məxsus 22700 manat dəyərində mal olmuşdur. Bunun qarşılığında isə cavabdeh iddiaçıya aylıq 1400 manat pul ödəmişdir. Tərəflər razılaşmışlar ki, cavabdeh gələcəkdə həmin mağazanı təhvil verəcəyi zaman ya qeyd olunan məhsulların dəyərinə uyğun olaraq 22700 manat pulu ödəməli və ya həmin dəyərdə məhsulları iddiaçıya təhvil verməli idi. 2024-cü ilin sonlarından etibarən cavabdeh ödəmələrdə gecikmələrə yol vermiş, 2025-ci ilin yanvar ayında iddiaçı ilə əlaqə saxlayaraq maddi vəziyyətinin pis olduğunu və mağazanı yenidən işlək vəziyyətə gətirmək üçün əlavə 10000 (on min) manat pul məbləğinin lazım olduğunu bildirmişdir. İddiaçı mağazanın vəziyyətinin düzəlməsi üçün qeyd edilən 10000 manatı elə mağazada cavabdehə borc vermişdir. Lakin yenə də mağazada satışlar yaxşı getməmiş və cavabdeh ödənişləri edə bilmədiyindən mağazanı təhvil vermək məcburiyyətində qalmışdır. Eyni zamanda 10000 manat borc da ödənilməmiş qalmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli qəbzlə müəyyən edilmişdir ki, Cavabdeh 14680 manat dəyərində malı İddiaçı təhvil vermiş və17300 manat borcunun qaldığını etiraf etmişdir. Eyni zamanda bu faktı həm məhkəmə iclasında verdiyi izahatında, həm də məhkəməyə təqdim edilən etiraz ərizəsində də qəbul etmişdir. Lakin o bildirmişdir ki, həmin qəbzə imza atsa da, ona hədə-qorxu gələrək imza etdirmişlər. Lakin cavabdeh həmin halı təsdiq edəcək hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh iddiaçı ilə aralarında şərikli münasibətlərin olmasını bildirsə də, bununla da bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa 03 may 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı Cavabdeh izahatı alınmış, o, Tacəddin tərəfindən əlavə gəlir əldə etmək məqsədi ilə ona 10000 manat pul verildiyini və mağazanın təhvili zamanı 8000 manat qiymət fərqinin yarandığını izahatında bildirmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və cavabdehin imzası ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli qəbzi mötəbər sübut hesab edərək, cavabdehdən 17300 manat məbləğində pulunun tutulması qənaətinə gəlir. İddiaçı iddia ərizəsində əsas borc olaraq 18000 manat tələb etsə də, iddiaçı öz izahatında cavabdehin qəbzdə olan məbləğdə borcunun olduğunu bildirmişdir. Eyni zamanda izahatında qeyd etmişdir ki, cavabdehə müəyyən qədər də güzəştlər etmişdir. Məhkəmə iddia tələbinin 435 manat bank uçot dərəcəsinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə də rədd edilməlidir. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm də iddia tələbinin həcminin artırılması barədə ərizədə borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 435 manat məbləğində borcun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. İddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 9 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarınında qeyd olunur ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-nin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 141,90 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən cavabdehdən tutularaq ona ödənilməli, 3,40 manat ödənilmiş dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 928,70 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17300 manat əsas borc və 141,90 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 3,40 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar