Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1225/2025 15.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı “ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu, zaminliyə xitam) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra mətndə ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, cəmi borcu 19.267,72 (on doqquz min iki yüz altmış yeddi ABŞ dolları 72 sent) ABŞ dolları - bundan 8.932,87 (səkkiz min doqquz yüz otuz iki ABŞ dolları 87 sent) ABŞ dolları əsas, 2.674,27 (iki min altı yüz yetmiş dörd ABŞ dolları 27 sent) ABŞ dolları faiz, 6.362,30 (altı min üç yüz altmış iki ABŞ dolları 30 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.298,28 (bir min iki yüz doxsan səkkiz ABŞ dolları 28 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 188,27 (bir yüz səksən səkkiz manat 27 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 360/34-RB saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “əsas vəsaitin artırılması” məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 11.500 (on bir min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-360/34-RB nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 360/34-RBS saylı Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 11.408,35 (on bir min dörd yüz səkkiz ABŞ dolları 35 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin kredit müqaviləsinə 02 iyun 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 14.948,24 (on dörd min doqquz yüz qırx səkkiz ABŞ dolları 24 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 10.174,19 (on min bir yüz yetmiş dörd ABŞ dolları 19 sent) ABŞ dolları əsas borc, 4.325,16 (dörd min üç yüz iyirmi beş ABŞ dolları 16 sent) ABŞ dolları faiz borcu və 448,89 (dörd yüz qırx səkkiz ABŞ dolları 89 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Ə-41-5940/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh2 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 19.267,72 (on doqquz min iki yüz altmış yeddi ABŞ dolları 72 sent) ABŞ dolları təşkil edir. Bundan 8.932,87 (səkkiz min doqquz yüz otuz iki ABŞ dolları 87 sent) ABŞ dolları əsas, 2.674,27 (iki min altı yüz yetmiş dörd ABŞ dolları 27 sent) ABŞ dolları faiz, 6.362,30 (altı min üç yüz altmış iki ABŞ dolları 30 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.298,28 (bir min iki yüz doxsan səkkiz ABŞ dolları 28 sent) ABŞ dolları faiz borcu təşkil edir. II. Tərəflərin mövqeyi
3. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir.
5. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
II. Sübutların tədqiqi
6. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 360/34- RB saylı kredit müqaviləsinin şərtlərindən görünür ki, Cavabdeh2 illik faiz dərəcəsi 29 faiz olmaqla 36 ay müddətinə 11500 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur.
7. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 11500 ABŞ dolları məbləğində pulu bankın kassasından təhvil almışdır.
8. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 360/34-RB saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, ilk ödəniş xx.xx.2015-ci il, son ödəniş tarixi isə xx.xx.2018-ci il olmaqla 11500 ABŞ dolları kredit məbləği və 5865 ABŞ doları faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
9. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 360/34-RB saylı zaminlik müqaviləsindən görünür ki, “Bank"la “Borclu" arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 360/34-RB saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 29 faiz olmaqla 36 ay müddətinə verilmiş 11500 ABŞ dolları borc məbləğinin və ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi “Zamin" “Borclu’nun öhdəliklərinin yerinə yetirilməsinə görə “Bank" qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür.
10. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 360/34-RB saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 360/34-RBS saylı Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 11.408,35 (on bir min dörd yüz səkkiz ABŞ dolları 35 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunur.
11. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 360/34- RBS saylı Əlavə Sazişin ödəniş cədvəlindən görünür ki, ilk ödəniş xx.xx.2015-ci il, son ödəniş tarixi isə xx.xx.2019-cu il olmaqla 11.408,35 ABŞ dolları kredit məbləği və 8738,84 ABŞ doları faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
12. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 360/34-RB saylı zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli 360/34-RBS saylı Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 11.408,35 (on bir min dörd yüz səkkiz ABŞ dolları 35 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunur.
13. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 360/34-RB saylı kredit müqaviləsinə 02 iyun 2017-ci il tarixli, 02 nömrəli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 14.948,24 (on dörd min doqquz yüz qırx səkkiz ABŞ dolları 24 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 10.174,19 (on min bir yüz yetmiş dörd ABŞ dolları 19 sent) ABŞ dolları əsas borc, 4.325,16 (dörd min üç yüz iyirmi beş ABŞ dolları 16 sent) ABŞ dolları faiz borcu və 448,89 (dörd yüz qırx səkkiz ABŞ dolları 89 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir.
14. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 iyun 2017-ci il tarixli, 02 nömrəli Əlavə Sazişin ödəniş cədvəlindən görünür ki, ilk ödəniş xx.xx.2017-ci il, son ödəniş tarixi isə xx.xx.2022-ci il olmaqla 10.174,19 ABŞ dolları kredit məbləği və 2203,54 ABŞ doları faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
15. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 360/34-RB saylı zaminlik müqaviləsinə 02 iyun 2017-ci il tarixli, 02 nömrəli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 14.948,24 (on dörd min doqquz yüz qırx səkkiz ABŞ dolları 24 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 10.174,19 (on min bir yüz yetmiş dörd ABŞ dolları 19 sent) ABŞ dolları əsas borc, 4.325,16 (dörd min üç yüz iyirmi beş ABŞ dolları 16 sent) ABŞ dolları faiz borcu və 448,89 (dörd yüz qırx səkkiz ABŞ dolları 89 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir.
16. 15 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 11 fevral 2015-ci il tarixli 360/34-RB saylı kredit müqaviləsi üzrə 14 aprel 2025-ci il tarixə banka 8932,87 ABŞ dolları əsas, 2674,27 ABŞ dolları faiz, 6362,30 ABŞ dolları cərimə, 1298,28 ABŞ dolları gecikmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 19267,72 ABŞ dolları borcu vardır.
17. 15 aprel 2025-ci il tarixli bildirişlə müəyyən olunur ki, cavabdehlərə 3 günü ərzində gecikdirilmiş ödəniş məbləğinin (8932,87 ABŞ dolları əsas, 2674,27 ABŞ dolları faiz, 6362,30 ABŞ dolları cərimə, 1298,28 ABŞ dolları gecikmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 19267,72 ABŞ dolları borcun) banka qaytarılması təklif edilmiş, əks təqdirdə banka olan borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
III. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada). Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı
Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
20. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı
Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun Qərarı
Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı
... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
23.Azərbaycan Respublikası Konstitusiyası
Maddə 19. Pul vahidi İ. Azərbaycan Respublikasının pul vahidi manatdır. İİİ. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
10. Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
IV. Məhkəmənin mövqeyi
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
25. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
26. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
27. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
28. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh2 15 aprel 2025-ci il tarixdə göndərilmişdir.
29. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). İş materiallarından görünür ki, tərəflər arasındakı müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixinə kimi əsas və faiz borcu, həmçinin xx.xx.2022-ci il tarixdən 15 aprel 2025-ci il tarixə olan gecikmiş vaxt üçün hesablanmış faiz borcunu tələb edir.
30. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
31. 15 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 11 fevral 2015-ci il tarixli 360/34-RB saylı kredit müqaviləsi üzrə 14 aprel 2025-ci il tarixə banka 8932,87 ABŞ dolları əsas, 2674,27 ABŞ dolları faiz, 6362,30 ABŞ dolları cərimə, 1298,28 ABŞ dolları gecikmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 19267,72 ABŞ dolları borcu vardır.
32. Məhkəməyə təqdim edilən Cavabdeh2 məxsus hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmiş, lakin 15 aprel 2025-ci il tarixdən sonra (iddia irəli sürülərkən istinad olunan maliyyə arayışının tarixi) heç bir ödəniş olmamışdır.
33. Məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə ödəniş qrafikinin məlumatları ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, edilən ödənişlər müqavilənin şərtlərinə və ödəniş qrafikində razılaşdırılmış qaydaya uyğun silinmişdir.
34. İddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini 15 aprel 2025-ci il tarixli bildirişdə ifadə etmiş və müqavilə müddətinin bitdiyi tarixə əsas borcun 8932,87 ABŞ dolları, faiz borcunun isə 2674,27 ABŞ dolları təşkil etməsi qeyd edilmişdir. Tərəflər arasında olan müqavilə xx.xx.2022-ci il tarixdən xitam edilmiş hesab edildiyi üçün iddiaçı məhz həmin tarixədək hesablanmış əsas və faiz borclarını tələb edə bilər.
35. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli 360/34-RB saylı müqavilə üzrə (xx.xx.2015-ci il tarixli 360/34-RBS nömrəli və xx.xx.2017-ci il tarixli 02 №-li Əlavə Sazişlər nəzərə alınmaqla) tutulmalı olan əsas borc 8932,87 ABŞ dolları, faiz borcu 2674,27 ABŞ dolları müəyyən edilməlidir.
36. İddiaçı həmçinin gecikdirilmiş dövr üçün 1298,28 ABŞ dolları məbləğində pulun da tutulmasını da xahiş etmişdir.
37. Məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1298,28 ABŞ dolları pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
38. Məhkəmə zaminə münasibətdə isə qeyd edir ki, Cavabdeh1 qarşı irəli sürülmüş tələb təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
39. Kredit öhdəliyinin icrası vaxtı xx.xx.2022-ci ildə başa çatmış, həmin vaxtdan da bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Qeyd olunan müddət kəsici müddət olduğu üçün məhkəmə hesab edir ki, zaminliyə xitam verilməlidir.
40. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2015-ci il tarixli 360/34-RB saylı müqavilə üzrə (xx.xx.2015-ci il tarixli 360/34-RBS nömrəli və xx.xx.2017-ci il tarixli 02 №-li Əlavə Sazişlər nəzərə alınmaqla) 8932,87 ABŞ dolları əsas borc, 22,08 manat faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1298,28 ABŞ dolları faiz borcu Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməlidir.
41. Zaminliyə xitam verildiyindən cavabdeh (zamin) Cavabdeh1 iddiaçının qarşısında məsuliyyət daşımır.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
42. İddia ərizəsində iddiaçı müqavilə üzrə 6362,30 ABŞ dolları cərimənin də cavabdehlərdən tutulmasını xahiş etmişdir.
43. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onlun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə hesablanmış dəbbə pulu (cərimə,penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (cərimə,penya) azaldılaraq 446,64 ABŞ dolları həddində (əsas borcun 5%-i həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.
44. Buna görə də cərimə olaraq 446,64 ABŞ dolları məbləğində pul Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
45. İddiaçı eləcə də 188,27 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
46. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********69 nömrəli mədaxil qəbzi ilə 188,27 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
47. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
48. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 158,10 manat pul Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməli, ödənilmiş dövlət rüsumun qalan 30,17 manat hissəsi ləğv prosesində olan İddiaçı ASC-nin özünə aid edilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
50. Beləliklə, məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 360/34-RB saylı müqavilə üzrə (xx.xx.2015-ci il tarixli 360/34-RBS nömrəli və xx.xx.2017-ci il tarixli 02 №-li Əlavə Sazişlər nəzərə alınmaqla) 8932,87 ABŞ dolları əsas, 2674,27 ABŞ dolları faiz, 446,64 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1298,28 ABŞ dolları faiz olmaqla, cəmi 13352,06 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
51. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia Cavabdeh2 münasibətdə qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 360/34-RB saylı müqavilə üzrə (xx.xx.2015-ci il tarixli 360/34-RBS nömrəli və xx.xx.2017-ci il tarixli 02 №-li Əlavə Sazişlər nəzərə alınmaqla) 8932,87 ABŞ dolları əsas, 2674,27 ABŞ dolları faiz, 446,64 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1298,28 ABŞ dolları faiz olmaqla, cəmi 13352,06 (on üç min üç yüz əlli iki dollar altı sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 158,10 (bir yüz əlli səkkiz manat on qəpik) manat pul Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumun qalan 30,17 (otuz manat on yeddi qəpik) manat hissəsi ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli