Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-123/2021 18.03.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qaz istehlakına görə hesablanmış 1991,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin ərizə verərək, iddianın təmini tədbiri olaraq məhkəmədə mahiyyəti üzrə işə baxılanadək Gəncə şəhəri, Abbas Abbaszadə küçəsi, 95A-da yerləşən abonent kodu **********00000 olan çörək sexinə təbii qazın verilməsinin dayandırılmasını cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e2-2(115)-995/2020 saylı qərardadı ilə ərizə təmin edilərək, Gəncə şəhəri, Abbas Abbaszadə küçəsi, 95A ünvanında yerləşən çörək sexinə (abonent kodu **********00000) təbii qazın verilməsinin dayandırılması Cavabdehnə qadağan edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən onun istifadə etdiyi qaz sayğacı yoxlamadan keçirilmişdir. Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, SS № 29/1640-00379 saylı aktla müəyyən edilmişdir ki, sayğacın üzərində olan elektron göstərici batareyanın istismar müddətinin keçməsi səbəbindən işləməmişdir. Bu yoxlama sənədi əsasında ******* saylı, xx xxxxxx 2020-ci il tarixli akt tərtib edilərək guya istehlak olunmuş qazın itkisinə yol verilməsini əsas gətirərək ziyan müəyyənləşdirilmiş və bu aktlar əsasında ona xx.xx.2020-ci il tarixli tələbnamə, göndərərək dəymiş ziyan kimi 1.991,20 manat mbləğində pulun ondan tələb edilməsi göstərilmişdir. Fiziki şəxs olaraq vöen əsasında sahibkarlıq fəaliyəti ilə məşğul olmaqla çörəkbişirmə fəaliyyəti ilə məşğuldur. Hər dəfə qaz istehlakına dair hesablaşmalar Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğac üzərində olan göstəricilər əsasında aparılmışdır. Hesab edir ki, qaz sayğacının üzərində olan həm mexaniki, həm də elektron sayğac göstəriciləri arasında fərq müəyyən edilmədiyindən və belə bir nasazlığın yoxlama zamanı aşkar edilmədiyindən qaz istehlakında, hansısa ziyan hesablanması tam əsassızdır. Eləcə də, “Qazdan istifadə qaydaları”na əsasən fiziki şəxslərin istifadəsində olan qaz sayğaclarının düz işləməsinə görə cavabdehliyi qaz paylayıcı daşıyır. Əgər sayğacda hansısa nasazlıq vardısa, bunu qazpaylayıcı vaxtında aradan qaldırmalı idi. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, qaz sayğacı qeyri-əhali sayğacıdır. xx.xx.2020-ci il tarixində akt tərtib edilmişdir ki, mexaniki göstərici işləyir lakin, elektron göstərici işləmir. 1991 manat dəymiş zərər hesablanmışdır. Bəli, xx xxxxxx 2020ci il tarixli aktı İddiaçı aktı imzalamış, ancaq borcla razılaşmamışdır. Nə iddiaçı, nə də onun işçiləri tərəfindən sayğaca müdaxilə edilməmişdir. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB məsuliyyət daşıyır. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, sayğacda olan batareya daşı işləmədiyinə görə mexaniki hissədən keçən qaz elektron hissədə qeydə alınmamışdır. Ona görə də, dəymiş ziyanın həcmi hesablanaraq, iddiaçıya 1991 manat 20 qəpik borc hesablanmışdır. İddiaçı təqsiri ondan ibarətdir ki, sərfiyyat elektron göstəricidən keçmədikdən sonra pul ödəməmişdir. İddiaçı aktı imzalamaqla sayğacda aşkar edilmiş qüsurla razılaşmışdır. Sayğac çörək bişirmə sexindən kənardadır. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi İddiaçı özü daşıyır. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx xxxx 2019-cu il tarixdə tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı oğluna məxsus Gəncə şəhərində yerləşən çörək sexini keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş Gəncə RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, fiziki şəxs İddiaçı məxsus istixanaya aid 75097068 №li sayğacın korrektorunun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 124689 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. İş materiallarına əlavə olunmuş dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Gəncə şəhəri, Abbas Abbaszadə 95A-da yerləşən fiziki şəxs İddiaçı oğluna (abonent kodu **********00000) məxsus çörək sexinə aid G-16 markalı sayğacın korrektorunun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 124689 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Nəticədə 9956 m3 yəni, 1991 manat 20 qəpik məbləğində ziyan hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli abonentin saldosundan görünür ki, fiziki şəxs İddiaçı 2020-ci ilin avqust ayına qalıq və aktlar üzrə borcu 1991 manat 20 qəpik təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının hesabına daxil edilmiş 1991 manat 20 qəpik qaz sayğacında aşkar edilmiş qüsur nəticəsində cavabdeh tərəfindən hesablanmış dəymiş ziyan məbləğidir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçı İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya dəymiş ziyanın həcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Məhkəmə cavabdeh tərəfin etirazı ilə razılaşmayaraq qeyd edir ki, silinməsi tələb edilən borc məbləği qaz sayğacından keçən istehlak edilmiş qazın dəyəri olsa idi, cavabdeh yuxarıda sadalanan qaydaların 5.2-ci bəndinə uyğun olaraq iddiaçıya sayğacın göstəricilərinə əsasən hesablanmış bildiriş təqdim edərdi. Cavabdeh isə iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş ziyanın həcmini hesablayaraq, dəymiş ziyanın əvəzi kimi borc olaraq iddiaçının hesabına 1991 manat 20 qəpik məbləğində borc daxil etməklə qazdan istifadə qaydalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********00000) hesablamış 1991 manat 20 qəpik məbləğində dəymiş ziyanın əvəzi olaraq borc Cavabdeh tərəfindən silinməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00000) hesablamış 1991 manat 20 qəpik məbləğində dəymiş ziyanın əvəzi olaraq borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-123/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-123/2021
18.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver