Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1237/2025 23.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X5 qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqaviləyə əsasən Ağdaş rayonu, Cücük kəndində icarəyə götürdüyü ümumilikdə 20,0437 ha torpaq sahəsi üçün illik icarə haqqı üzrə qalıq 4500 manat 32 qəpik olmaqla əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 225 manat 01 qəpik məbləğində faiz borcu, Müqavilənin 4.3-cü maddəsinə əsasən hesablanmış 76 manat 50 qəpik cərimə məbləği olmaqla, cəmi 4.801 manat 83 qəpik borcun və ödənilmiş 68 manat 10 qəpik dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh fərdi sahibkar Cavabdeh arasında Ağdaş rayonu, Cücük kəndində yerləşən 20.0437 ha torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2021-ci il tarixli, 3M-2225 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh 20.0437 ha torpaq sahəsini iddiaçıdan təhvil almışdır. Həmin müqavilələrə əsasən ümumilikdə 20.0437 ha üçün xx.xx.2025- ci il tarixinə qədər ödənilməli olan icarə haqqı 8.000 manat 32 qəpik müəyyən edilmişdir. Müqaviləyə əsasən cavabdeh məhsulun qiyməti müqabilində əvvəlcədən avans qaydasında 50 % hissəsini ödəməyi, icarənin qalan hissəssini hər bir icarə ilinin sonuna kimi ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh Müqavilə üzrə borc məbləğini tam həcmdə ödəməmişdir. Tərəflərindən 3.000 manat məbləğində vəsait cavabdehin xeyrinə güzəşt edilmişdir. Müqavilə üzrə qalıq borc məbləği 4.500 manat 32 qəpik təşkil edir. İddiaçı cavabdehlə olan işgüzar münasibətini nəzərə alaraq cavabdehə icarə haqqının ödənişi üçün möhlət vermişdir. Lakin cavabdeh müəyyən edilmiş müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci tarixində rəsmi xəbərnaməli pretenziya bildirişi göndərilmişdir. Cavabdeh müqavilə üzrə pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz tətbiq edilməklə 225 manat 01 qəpik məbləğində faiz borcu hesablanmışdır. Cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq o Müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən Müqavilənin 4.3-cü maddəsinə əsasən, icarəçi (cavabdeh) icarə haqqı məbləğinin ödənişini gecikdirdiyi təqdirdə, icarəçi icarəyə verənə icarə haqqının ödənişinin gecikdirildiyi hər bir təqvim günü üçün icarə haqqı məbləğinin 0.1 % həcmində dəbbə pulu ödəməlidir. İddiaçı müqaviləyə əsasən qalıq borc məbləğindən əlavə 76 manat 50 qəpik dəbbə pulu tətbiq edilməsini zəruri hesab edir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə göndərərək, 3000 manat 32 qəpik əsas borc, 225 manat 01 qəpik faiz borcu və 76 manat 50 qəpik cərimə olmaqla, cəmi 3301 manat 83 qəpik məbləğində borcun və ödənilmiş 68 manat 10 qəpik dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 xx.xx.2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında iştirak etmiş və iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, icarə haqqı aylıq 150 manat, illik isə 3000 manat təşkil edir. 3 illik icarə haqqını tələb edirlər. İddiaçının nümayəndəsi X2 məhkəməyə elektron qaydada ərizə göndərərək, məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş və izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, torpaq yararsız idi, o, İddiaçı MMC ilə danışaraq təsərrüfatı olduğunu və torpağı yaxşılaşdıracağını bildirmişdir. Onlar da bununla razılaşaraq torpağı ona icarəyə vermişlər. İddiaçı MMC-nin nümayəndəsi onunla müqavilə bağladı ki, torpağı kənd təsərrüfatı şöbəsindən özün al. Kənd təsərrüfatı şöbəsi isə torpaq sahəsinin yarasız olduğunu və o torpağa görə pul verə bilməyəcəklərini bildirmişdilər. İddiaçı MMC ilə danışaraq müqaviləni yenidən yararsız torpaq kimi bağlanılmasını istəsə də, ancaq nəticə olmamışdır. Həmin torpaq yarasız olsa da, şirkət torpağı yararlı torpaq olaraq verib. Torpaq yararsız olduğundan heç bir məhsul verməyib. Borcu qəbul edir, borc yarı bölünsə, əkin-biçin olmasa belə, o, o pulu 4-5 aya ödəyəcəkdir. Torpağn 4 hektarını yaxşılaşdırmışdır. 20 ilə yaxındır ki, torpaq ondadır. Torpaq yarasız olduğundan icarə haqqının məbləğinin azaldılması ilə də bağlı da 3-4 dəfə şirkət nümayəndəsi ilə görüşmüşdür. Şirkət nümayəndəsi isə ona borcundan 1000 manat məbləğində ödəniş edilsə rəhbərliyə müraciət edib ona köməklik edə biləcəyini bildirmişdir. Borcu güzəşt edib 3000 manat edilsə 3 aya kimi tam şəkildə ödəyə bilər. Borcdan iddiaçıya 1500 manat məbləğində ödəniş etmişdir. Cavabdeh hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdaş rayonu, Cücük kəndində yerləşən 20.0437 ha torpaq sahəsi İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən- İddiaçı MMC Ağdaş rayonu, Cücük kəndində yerləşən 20.0437 ha torpaq sahəsini icarəyə verməyi, icarəçi- Cavabdeh isə icarəyəverənə icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə obyekti üzrə illik icarə haqqı bir ha torpaq sahəsi üçün 150 manat olmaqla 3000 manat müəyyən edilmişdir. İcarəçi illik icarə haqqının məbləğini ümumi icarə müddətində cəmi icarə obyektinin sahəsinə müvafiq olaraq hesablanmaqla hər təqvim ili üzrə 1500 manat avans qaydasında əvvəlcədən hər bir icarə ilinin başlanğıcından 1 ay ərzində hər bir icarə ili üçün, qalan 1500 manat tam həcmdə hər bir icarə ilinin sonuna kimi ödəməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən icarəçi Müqavilənin 4.1-ci bəndində göstərilən icarə haqqı məbləğinin ödənişini gecikdirdiyi təqdirdə icarəyə verən tələb edərsə, icarəçi icarəyə verənə icarə haqqının ödənişinin gecikdirdiyi hər bir təqvim günü üçün icarə haqqı məbləğinin 0.1 % həcmində dəbbə pulu ödəməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 4500 manat 32 qəpik əsas borc, 76 manat 50 qəpik cərimə, 225 manat 01 qəpik gecikdirilmiş faiz borcu olmaqla, cəmi 4801 manat 83 qəpik məbləğində borcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 708.1-ci maddəsinə əsasən icarəyə verən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu Məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən Cavabdeh icarə haqqı üzrə ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməsininə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini tam icra etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən edilməli, 3000 manat 32 qəpik əsas borc, 181 manat 88 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu və 76 manat 50 qəpik cərimə olmaqla, cəmi 3258 manat 70 qəpik məbləğində borc və ödənilmiş 68 manat 10 qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan icarə müqaviləsindən görünür ki, tərəflər arasında müqavilə xx.xx.2021-ci ildə 3 illik müddətə bağlanmış və müqavilə müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. İddiaçı maliyyə arayışından da göründüyü kimi cavabdehin xx.xx.2025ci il tarixədək olan borcunun hesabatını aparmışdır. İddiaçı müqavilə müddəti bitdiyi tarixdən yəni, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan borcu tələb edə bilər. Göründüyü kimi 9 ay 21 gün müddət keçmişdir. Məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 9 ay 21 günlük olan məbləğ 181 manat 88 qəpik təşkil edir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 68 manat 10 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 3000 manat 32 qəpik əsas borc, 181 manat 88 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu və 76 manat 50 qəpik cərimə olmaqla, cəmi 3258 manat 70 qəpik məbləğində borc və ödənilmiş 68 manat 10 qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1237/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1237/2025
23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver