Məhkəmə qərarları › İş №e-2-2(115)-1251/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1251/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1251/2025 29.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" ASC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, 90-KQ saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə ödənilməmiş qalan 3959,55 manat əsas, 1260,8 manat faiz, 420,13 manat cərimə (dəbbə pulu) olmaqla cəmi 5640,48 (beş min altı yüz qırx tam yüzdə qırx səkkiz) manat məbləğində kredit borcunun, 76,41 manat dövlət rüsumunun və 0,80 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 90-KQ saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana dövriyyə vəsaitlərin artırılması və refinans olunması məqsədilə 48 ay müddətinə, illik 22 % dərəcəsi ilə hesablanmaqla, 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. "xxxx" ASC-nin “Bərdə” filialı ətrəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, xx.xx.2025-ci il tarixə cavabdehin Banka 3959,55 manat əsas, 1260,8 manat faiz, 420,13 manat cərimə (dəbbə pulu) olmaqla cəmi 5640,48 (beş min altı yüz qırx tam yüzdə qırx səkkiz) manat borcu yaranmışdır. Göründüyü kimi, cavabdehlər yaranmış borcun ödənilməsi barədə məlumatlandırılmasına baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün hər hansı tədbir görməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər.

İİ. Tərəflərin mövqeyi

3. İddiaçı "xxxx" QSC xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Sübutların tədqiqi

6. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli 90-KQ saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh dövriyyə vəsaitlərin artırılması məqsədilə 48 ay müddətinə, faktiki illik faiz dərəcəsi 22% olmaqla, 5000 manat məbləğində kredit verilmişdir.

7. 13 yanvar 2022-ci il tarixli 90-KQ saylı kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, ilk ödəniş xx.xx.2022-ci il, son ödəniş tarixi isə xx.xx.2026-cı il olmaqla 5000 manat kredit məbləği və 2561,44 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

8. Maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 3959,55 manat əsas, 1260,80 manat faiz, 420,13 manat cərimə borcu vardır.

9. 14 avqust 2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehə yaranmış borcun (3959,55 manat əsas borc və ona uyğun hesablanmış faiz borcu) 3 gün müddətində tam ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. IV. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

11. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı

Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı

Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.

V. Məhkəmənin mövqeyi

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

15. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

16. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh 14 avqust 2024-cü il tarixdə göndərilmişdir.

17. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). Belə olan halda, iddiaçının 14 avqust 2024-cü il tarixdə Cavabdeh pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun Cavabdeh tərəfindən qəbul edildiyi tarixdən 3 gün sonra müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 22 yanvar 2025-ci il tarixə olan borc məbləğini tələb edir.

18. Maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 3959,55 manat əsas, 1260,80 manat faiz, 420,13 manat cərimə borcu vardır.

19. Belə olan halda məhkəmə hesab edir ki, 13 yanvar 2022-ci il tarixli 90-KQ saylı kredit müqaviləsi üzrə tutulmalı əsas borc 3959,55 manat, faiz borcu isə 1260,80 manat müəyyən edilməlidir.

20. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 13 yanvar 2022-ci il tarixli 90-KQ saylı kredit müqaviləsi üzrə 3959,55 manat əsas borc və 1260,80 manat faiz borcu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

21. İddia ərizəsində iddiaçı 420,13 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

22. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə hesablanmış dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (penya) azaldılaraq 197,98 manat həddində (əsas borcun 5%-i həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

23. İddiaçı eləcə də 76,41 manat dövlət rüsumunun və 0,80 manat xidmət haqqının cavabdehdən tutulmasını xahiş etmişdir.

24. 1695343801 nömrəli mədaxil qəbzi ilə 60 manat, ********** nömrəli mədaxil qəbzi ilə 16,41 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

25. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütanasib olaraq 74,18 manat pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, ödənilmiş dövlət rüsumun qalan 2,23 manat hissəsi isə iddiaçı "xxxx" ASC-nin özünə aid edilməlidir.

VI. Məhkəmənin gəldiyi nəticə

26. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli 90-KQ saylı kredit müqaviləsi üzrə 3959,55 manat əsas borc, 1260,80 manat faiz borcu və 197,98 manat cərimə borcu olmaqla, ümumilikdə 5418,33 manat məbləğində pul cavabdеh Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

27. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli 90-KQ saylı kredit müqaviləsi üzrə 3959,55 manat əsas borc, 1260,80 manat faiz borcu və 197,98 manat cərimə borcu olmaqla, ümumilikdə 5418,33 (beş min dörd yüz on səkkiz manat otuz üç qəpik) manat məbləğində pul cavabdеh Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74,18 (yetmiş dörd manat on səkkiz qəpik) manat pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumun qalan 2,23 (iki manat iyirmi üç qəpik) manat hissəsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar