Məhkəmə qərarları › İş №e-2-2(115)-128/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-128/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-128/2023 06.06.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-nin “Ağstafa” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli BK № 048-MKOS/AZN18 saylı kredit müqaviləsi üzrə banka olan 5 622.29 manat, faiz borcundan 1 209.10 manat, cərimə borcundan 6 735.88 manat olmaqla, cəmi 13 567.27 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 45 manat məbləğində rüsumun, 100 manat məbləğində mediasiya rüsumunun və 30.70 manat dövlət rüsumunun cavabdeh borcalan, ipotekaqoyan Cavabdeh tutularaq «TuranBank ASC»-yə ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus (DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən) Tovuz ray. Aşağı Öysüzlü kəndində mülkiyyətində olan ümumi sahəsi, 235.4 kv.m. olan fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi və həyətdəki tikililərlə birlikdə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, xx.xx.2018-ci il tarixli BK № 048-MKOS/AZN-18 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdeh borcalan, ipotekaqoyan Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Ağstafa filialı ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli BK № 048- MKOS/AZN-18 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 23 % olmaqla 36 ay müddətinə 30 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan (DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən) Tovuz rayonu, Aşağı Öysüzlü kəndində mülkiyyətində olan ümumi sahəsi, 235.4 kv.m. olan fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi və həyətdəki tikililərlə birlikdə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 48 000 manat məbləğində qiymətləndirilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli BK № 048-MKOS/AZN-18 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixinədək əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödəməmişdir. Cavabdeh banka əsas borcundan 5 622.29 manat, faiz borcundan 1 209.10 manat, cərimə borcundan 6 735.88 manat olmaqla, cəmi 13 567.27 manat ödənilməmiş borcu qalmışdır İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2018-ci il tarixli BK № 048- MKOS/AZN-18 saylı kredit müqaviləsindən görünür ki, borcverən- "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan-Cavabdeh 30 000 manat məbləğində illik 23 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan-Cavabdeh isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2018-ci i tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus Tovuz ray. Aşağı Öysüzlü kəndində mülkiyyətində olan ümumi sahəsi, 235.4 kv.m. olan fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi və həyətdəki tikililərlə birlikdə ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Tovuz ray. Aşağı Öysüzlü kəndində mülkiyyətində olan ümumi sahəsi, 235.4 kv.m. olan fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi və həyətdəki tikililərlə birlikdə "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli MŞQ/1-00170 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya zamanı 100 manat mediasiya xərci ödənilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli BK № 048- MKOS/AZN-18 saylı kredit müqavilsinin şərtlərinə əsasən Cavabdeh 30 000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh ilə xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 300 (üç yüz) manat məbləğində tutulmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli BK № 048- MKOS/AZN18 saylı kredit müqaviləsi üzrə 5622,29 (beş min altı yüz iyirmi iki manat iyirmi doqquz qəpik) manat əsas borc, 1209,10 (bir min iki yüz doqquz manat on qəpik) manat faiz borcu, 300(üç yüz) manat cərimə olmaqla, cəmi 7131,39 (yeddi min yüz otuz bir manat otuz doqquz qəpik) manat məbləğində borc və 100 (bir yüz) manat mediasiya xərci tutularaq iddiaçı „TuranBank” ASC-yə ödənilməlidir. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 94 000 manat olan Cavabdeh məxsus Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi, 235.4 kv.m. olan fərdi yaşayış evinə və həyətdəki tikililərlə birlikdə 0.04 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli BK № 048- MKOS/AZN18 saylı kredit müqaviləsi üzrə 5622,29 (beş min altı yüz iyirmi iki manat iyirmi doqquz qəpik) manat əsas borc, 1209,10 (bir min iki yüz doqquz manat on qəpik) manat faiz borcu, 300(üç yüz) manat cərimə olmaqla, cəmi 7131,39(yeddi min yüz otuz bir manat otuz doqquz qəpik) manat məbləğində borc və 100(bir yüz) manat mediasiya xərci tutularaq iddiaçı „TuranBank” ASC-yə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 94 000 manat olan Cavabdeh məxsus Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi, 235.4 kv.m. olan fərdi yaşayış evinə və həyətdəki tikililərlə birlikdə 0.04 ha torpaq sahəsinə yönəldilsin, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İş üzrə 300(üç yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************,VÖEN**********,AZ90AİİB**********0817272114 saylı hesaba ödənilsin. Cavabdeh 91,31 (doxsan bir manat otuz bir qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar