Məhkəmə qərarları › İş №e-2-2(115)-128/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-128/2024

06.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-128/2024 06.03.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 67451,56 manat borcun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 22362,06 manat borcun, ödənilmiş 210 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında 29 may 2014-cü il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh2 30 may 2016-cı iltarixinədək, illik 17% dərəcəsi olmaqla 80000 manat məbləğində pul ayrılmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə Cavabdeh1 ilə Bank arasında 29 may 2014-cü il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar Bank məhkəməyə müraciət etmişdir. İşə baxan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(044)-112/2017 saylı qətnaməsi ilə cavabdehlərdən cəmi 77365,88 manatın tutulması qət etmişdir. Göründüyü kimi, cavabdehin 03 may 2017-ci il tarixə əsas borc üzrə 67451.56 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh 03 may 2017-ci ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və halhazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 67451,56 manat hissəsi ödənilməmiş qalmaqdadır. 03 may 2017-ci ildən 15 noyabr 2023-cü ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla, 22362,06 manat təşkil edir. İddiaçı “X4 Azərbaycan” QSC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 29 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcdan qalan 67451,56 manatın ödənilməsinin 596 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 5587 manat, 4374,70 manatın ödənilməsinin 127 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 77,25 manat, 3692,97 manatın ödənilməsinin 10 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 5,25 manat, 3692,96 manatın ödənilməsinin 1583 gün, gecikdirilməsinə görə dəymiş zərər məbləği 811,73 manat, 3538,12 manatın ödənilməsinin 92 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 45,37 manat, 3488,57 manatın ödənilməsinin 39 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 19,03 manat, ümumilikdə dəymiş zərərin əvəzi kimi 6546,07 manat pulun və ödənilmiş 210 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı “X4 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddia ərizəsində qeyd edilən pulun zamindən də tutulmasını istəyirlər, belə ki, əvvəlki iddiaları üzrə borcun tutulması ilə əlaqədar məhkəmə qətnaməsində hər iki borcludan pulun müştərək qaydada tutulması qət edilmişdir. Lakin cavabdehlər məhkəmə qətnaməsini bu günədək tam icra etməmişlər. Həmiçinin qeyd edilən ipoteka predmeti olan əmlak hərracda satılmış və bankın mülkiyyətinə keçmişdir. Əmlak satıldıqdan sonra cavabdehlərin 4374 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, qeyd edilən qətnamə 2017-ci ildə çıxmışdır. Qətnamədə qeyd edilən ipoteka predmeti olan mənzil qızının mülkiyyətində olmuş, 2017-ci ildə hərraca çıxarılaraq satılmışdır. Ona görə də hesab etmişdir ki, mənzilin satılmağı ilə birlikdə banka olan borc da silinmişdir. Həmiçinin 4 il həbsdə olduğundan hərrac keçirilən zaman prosesdə iştirak etməmiş, mənzil satıldıqdan sonra qızı ailəsi ilə birlikdə evdən çıxmışdır. Pensiyasından bugünədək 1000 manata yaxın pul tutulmuşdur. 5%-lə əlaqədar plenum qərarı 2019-cu ilin noyabrında qəbul edilmişdir, ona görə həmin qərarda nəzərdə tutlan 5% ona tətbiq edilməməlidir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan 29 may 2014-cü il tarixli 37042/01 nömrəli kredit müqaviləsindən görünür ki, “X4 Azərbaycan” QSC ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən borcalana 30 may 2016-cı il tarixədək 24 ay müddətinə illik 17% olmaqla 80000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 29 may 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, 29 may 2014-cü il tarixli 37042/01 nömrəli kredit müqaviləsinin təminatı olaraq “X4 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli 2(044)-112/2017 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 67451,56 manat əsas kredit borcu, 9651,57 manat əsas məbləğə hesablanmış faiz borcu, 200 manat hər gecikdirilmiş günə görə cərimə borcu, 2,75 manat ipoteka qoyulmuş əmlaka tutma yönəldilməsi haqqında bildirişin borcalana göndərilməsi üzrə poçt xərcləri, 30 manat ipoteka qoyulmuş əmlaka tutma yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 77365,88 manat məbləğində pulun alınaraq iddiaçı “X4 Azərbaycan” QSC-yə ödənilməsi, tələbin mülkiyyət hüququ ilə X2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133,2 kv.m, yaşayış sahəsi 84 kv.m, yardımçı sahəsi 49,2 kv.m olan 4 otaqlı 27 saylı mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 120000 manat müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına kredit borcuna yönəldilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay müddətinə cavabdeh X1 həmin evdən çıxarılaraq mənzilin boşaldılması, iş üzrə aparılmış qiymətləndirmənin (ekspertizanın) dəyəri 300 manat pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMCnin nəfinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 30 avqust 2017-ci il tarixli 2(104)-2570/2017 saylı qətnaməsindən görünür ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli 2(044)-112/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(102)-1391/18 saylı qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilməmiş, 30 avqust 2017-ci il tarixli 2(104)-2570/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 15 mart 2018-ci il tarixli 2(044)112/2017 saylı icra vərəqəsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli 2(044)- 112/2017 saylı qətnaməsi icraya yönəldilmişdir. İş materiallarında olan 13 avqust 2018-ci il tarixli 45/08 saylı hərracın yekunları barədə protokoldan görünür ki, X2 məxsus Gəncə şəhəri Kəpəz rayonu Atatürk prospektində yerləşən 120 saylı evin 27 saylı mənzilin ilkin hərrac qiyməti 120000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 102000 manat müəyyən edilmiş və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətə, 76500 manata tələbkar əldə edərək cavabdehlərlə qarşılıqlı mübahisənin həlli üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ******* nömrəli Azərbaycan Respubliaksı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu Atatürk prospekti 120 saylı evin 27 saylı mənzili tam mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixdə “X4 Azərbaycan” QSC-nin adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu Atatürk prospekti 120 saylı evin 27 saylı mənzil boşaldılmış vəziyyətdə təhvil alınmışdır. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra idarəsinin 18 mart 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli protokola əsasən X1 mülkiyyətində olan mənzil hərrac vasitəsilə satıldığından və xx.xx.2019-cu il tarixdə boşaldılaraq alıcıya təhvil verildiyindən “İcra hqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-112/2017 saylı icra sənədinin icraatına xitam verilmişdir. İş materiallarında olan “X4 Azərbaycan” QSC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(044)-414/2019 saylı qərardadına əsasən Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarı ləğv edilmişdir. Qərar ləğv edilməsinə baxmayaraq icra sənədi icra idarəsinə daxil olmamışdır. Ona görə də Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-112/2017 saylı icra sənədinin yenidən icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilməsini xahiş etmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-112/2017 saylı icra sənədi yenidən icra hərəkətlərinin davam etdirilməsi üçün Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarxli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-112/2017 saylı icra sənədi üzrə icraata başlanmış və tələbin könüllü icrası üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin tarixdə bildiriş göndərilmişdir. İş materiallarında olan “X4 Azərbaycan” QSC-nin Gəncə şəhəri üzrə İcra idarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-112/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar Cavabdeh2 və Cavabdeh1 ipoteka predmetlərinin satışından sonra ödənilməmiş 4009,14 manatın tutulması üçün tədbirlərin davam etdirilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 117 nömrəli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək cəza müddətini çəkib və Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan “X4 Azərbaycan” QSC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, qətnamə qanuni qüvvəsini almış, əmlak ilkin olaraq 120000 manat məbləğində hərraca çıxarılmış, alıcı olmadığı üçün ilkin satışdan 15% aşağı olaraq 102000 manata, daha sonra isə 25% aşağı olaraq 76500 manata əldə olunması üçün tələbkara təklif olunmuşdur. Bank öz növbəsində həmin əmlakı 76500 manat məbləğində hərrac protokolu imzalayaraq əldə etmişdir. Hərracın keçirilməsi üçün bank tərəfindən hərrac təşkilatının bank hesabına 3825 manat (hərrac xərci 5%) vəsait köçürülmüşdür. Həmin vəsait əmlakın alış dəyərindən çıxılaraq yerdə qalan vəsait (72675 manat) borca yönəlmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 29 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən (Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qətnaməsinin çıxarıldığı tarixdən) xx.xx.2018-ci il (əmlakın satışından əldə olunmuş vəsaitin borcdan silinməsi tarixinədək) tarixədək 67451,56 manatın 5%-i 5587 manatın, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 4374,70 manatın 5%-i 77,25 manatın, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3692,97 manatın 5%-i 5,25 manatın, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 3692,96 manatın 5%-i 811,73 manatın, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3538,12 manatın 5%-i 45,37 manatın, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3488,57 manatın 5%-i 19,03 manatın borc olaraq hesablanması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin “MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 2009-cu il 9 iyul tarixli Qərarında göstərilmişdir ki: “...Borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır. Bunlar qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplamadır...” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki: "... Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir" (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir". Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verǝn) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. ...” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki: “... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar). Məhkəmə qeyd edir ki, borclu müqavilə üzrə üzərinə götürdyü öhdəliyi yerinə yetirmədiyinə görə kreditor məhkəmədə iddia qaldırmış, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə məbləğləri daxil olmaqla borcun tutulmasını, tutmanın kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini xahiş etmiş və iddiaçının tələbləri birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, yuxarı instansiya məhkəmələri tərəfindən isə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamənin icrası üçün müəyyən icra tədbirləri həyata keçirilmiş, könüllü icra müddəti ərzində tələb icra olunmadığından məcburi icra tədbirləri həyata keçirilmiş və icra sənədi üzrə tələb yönəlmiş mənzil ilkin satış qiyməti 120000 manat olmaqla açıq hərrac vasitəsilə satılması üçün icra şöbəsi tərəfindən ixtisaslaşdırılmış hərrac təşkilatına sifariş verilmişdir. Hərracda alıcı olmadığından ipoteka predmeti “İpoteka haqqında" Qanuna müvafiq olaraq tələbkar-iddiaçıya təklif olunmuşdur. İddiaçı hərrac protokolunu imzalamaqla əmlakı 76500 manata əldə etmiş, həmin əmlak üzərində özünün mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 77365,88 manat borcun 72675 manatı hərracdan əldə edilmiş vəsait hesabına ödənilmiş və ipoteka qoyanın-iddiaçının tələblərinin əhəmiyyətli hissəsi təmin edilmişdir. Hərrac keçirildikdən və əmlak satıldıqdan sonra icra məmuru icra sənədi üzrə icraata xitam vermişdir. Uzun müddət sonra icra sənədi tələbkarın ərizəsi üzrə yenidən icraya yönəldilmişdir. Bundan sonra da qətnamənin icrası ilə bağlı icra tədbirləri davam etdirilmiş və qalan borc (əmlakın satışından əldə edilən vəsait borcdan çıxıldıqdan sonra qalan 4374,70 manat) məbləğ ödənilir və məbləğ zaminin pensiyasından tutulur. Tutmaların aparılması iddiaçı tərəfindən təqdim edilən sənədlərlə də təsdiqini tapır. İddiaçının xx.xx.2023-cü il tarixli maliyyə arayışında isə qalıq borc məbləğinin 3488,57 manat olması qeyd edilmişdir. Göründüyü kimi əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesinə cavabdehlər tərəfindən hər hansı süni əngəl, maneə törədilməmiş, o cümlədən ipoteka predmeti aidiyyəti icra qurumuna təhvil verilmiş, yəni icranın ləngiməsində, zərərin yaranmasında və ya artmasında cavabdehlərin hər hansı təqsiri olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. Bundan başqa iş materiallarında olan Gəncə şəhər 2 saylı mediasiya təşkilatı tərəfindən cavabdehin mediasiya sessiyasında iştirak etmədiyi və iddiaçı tərəfindən 210 manat mediasiya xərcinin ödənildiyi barədə arayış verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar