Məhkəmə qərarları › İş №e-2-2(115)-131/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-131/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-131/2021 07.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 və Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ASC-yə qarşı icarə haqqının ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən icarə haqqı üzrə 2700 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutularaq Komitənin Azərbaycan Respublikası Mərkəzi Bankının əməliyyat idarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ********************4, VÖEN **********, SWİFT bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh ASC arasında ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 38815,4 kv.metr torpaq sahəsi icarəyə verilməsi barədə 28.02.2017-ci il tarixli, 170/205 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtlərinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Beləliklə, cavabdehin dövlət büdcəsinə olan 170/205 nömrəli icarə müqaviləsi üzrə 2700 manat icarə haqqı borcu yaranmışdır. Cavabdehə 28.08.2020-ci il tarixli, **********88 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh icarə borcunu ödəməkdən imtina etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək pandemiya ilə əlaqədar olaraq 2020-ci ilin 1 aprelindən 2021-ci ilin 1 yanvar tarixədək icarə haqları hesablanmadığı və ona görə də iddia tələbinin əsassız olduğundan təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb rədd edilməlidir. İş materiallarında olan: 28.02.2017-ci il tarixli, 170/205 saylı icarə müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi Cavabdeh ASC-yə icarəyə verilmişdir. Şəxsi hesab vərəqəsindən görünür ki, borclu Cavabdeh ASC-yə 2700 manat borc qeyd edilmişdir.Həmin borc 2020-ci ilin aprel-dekabr ayları üzrə doqquz aylıq dövrü əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli, 280 nömrəli qərarına əsasən “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə edilmiş dəyişikliyə əsasən payların (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikası ərazisində koronavirus (COVİD-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə bu Əsasnaməyə uyğun müəyyən edilmiş icarə haqları 2020-ci ilin 1 aprel tarixdən 2021-ci ilin 1 yanvar tarixədək hesablanmır. İş üzrə sənədlərdən göründüyü kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Cavabdeh ASC-yə işçilərin əmək haqqlarının ödənilməsi üçün pul vəsaiti ödənilmişdir. Göründüyü kimi Cavabdeh ASC koronavirus pandemiyasının mənfi təsir etdiyi sahibkarlıq subyekti hesab edilərək onun işçilərinin əmək haqqlarını dövlət büdcəsi hesabına ödənilmişdir. Bir halda ki, səlahiyyətli dövlət orqanı tərəfindən Cavabdeh ASC koronavirus pandemiyası səbəbindən işçilərinin əmək haqqlarının ödəmək imkanı olmayan sahibkarlıq müəssisəsi hesab edilərək ona bu məqsədlə dövlət büdcəsindən yardımlar olunmuşdur, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabineti müvafiq qərarı ilə dövlət torpaq sahələrindən istifadə edən və koronavirus pandemiyasının mənfi təsirinə məruz qalan müəssisələri icarə haqqı ödəməkdən azad etmişdir, belə olan vəziyyətdə Əmlak Məsələləri Dövlət Xidməti həmin sahibkarlıq subyektindən torpaq icarə haqqını tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməli, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ASC-yə qarşı icarə haqqı borcu üzrə 2700 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ASC-yə qarşı icarə haqqı borcu üzrə 2700 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar