Məhkəmə qərarları › İş №e-2-2(115)-1310/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1310/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1310/2023 21.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh DCLT00370228-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34070 manat 74 qəpik əsas borc, 7027 manat 74 qəpik faiz borcu, 4986 manat 23 qəpik cərimə borcu olmaqla, cəmi 46084 manat 71 qəpik məbləğində borcun, DCL00370228-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 manat əsas borc, 11286 manat 11 qəpik faiz borcu, 6666 manat 67 qəpik cərimə borcu olmaqla, cəmi 117952 manat 78 qəpik məbləğində borcun tutulması, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 55 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/10650 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsinin imzalayaraq borcluwww.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri qəbul edir. X8 toplusu çərçivəsində DCLT00370228-04 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2023-cü tarixədək illik faiz dərəcəsi 24%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 33.5% olmaqla 34372 manat məbləğində tütün məhsullarının alışı və bununla bağlı ƏDVnin ödənilməsi məqsədi ilə 41040AZNSK********** saylı hesaba bağlı plastik kart üzrə kredit xətti açılmış, DCL00370228-05 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 32% olmaqla, 100000 manat məbləğində mal alışı məqsədilə kredit xətti açılmışdır. Lakin borcalan DCLT00370228-04 saylı kredit üzrə öhdəliklərini 265 gün, DCL00370228-05 saylı kredit üzrə öhdəliklərini 287 gün gecikdirərək kredit üzrə öhdəlilərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCLT00370228-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34070 manat 74 qəpik əsas borc, 7027 manat 74 qəpik faiz borcu, 4986 manat 23 qəpik cərimə borcu olmaqla, cəmi 46084 manat 71 qəpik təşkil edir. DCL00370228-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 manat əsas borc, 11286 manat 11 qəpik faiz borcu, 6666 manat 67 qəpik cərimə borcu olmaqla, cəmi 117952 manat 78 qəpik təşkil edir. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X3 4cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda X4 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh DCLT00370228-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34070 manat 74 qəpik əsas borc, 7027 manat 74 qəpik faiz borcu, 6041 manat 01 qəpik cərimə borcu olmaqla, cəmi 47139 manat 49 qəpik məbləğində borcun, DCL00370228-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 manat əsas borc, 11286 manat 11 qəpik faiz borcu, 9511 manat 11 qəpik cərimə borcu olmaqla, cəmi 120797 manat 22 qəpik məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 58 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 məhkəməyə elektron qaydada ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmənin iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, 34070 manat 74 qəpik manatlıq ilk krediti siqaret satışı ilə məşğul olmaq üçün almışdır, daha sonra 100000 manatlıq kredit götürmüşdür. "Araz" Marketin Qazax filialını açsa da, məhsulların qiyməti çox baha olduğundan market yalnız ay yarım fəaliyyət göstərə bilib. Borcunu qəbul edir. Marketə vitrinlər, avadanlıqlar alıb. "xxxx" ASC-nin ona borcunu ödəyə bilməsi üçün köməklik etməsini xahiş edir. Cavabdehin nümayəndəsi X2 məhkəmə baxış iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında borcun ödənilməsi barədə razılığa gələ bilməyiblər. Borc doğru qeyd olunmuşdur. Məhkəmə cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli OnGTC/SE/10650 saylı Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə razılaşmadan görünür ki, borclu həmin razılıq ərizəsini imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022ci il tarixli DCLT00370228-04 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faktiki faiz dərəcəsi 24%, illik nominal faiz dərəcəsi 24%, illik cərimə faizi 33,5%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33,5 % olmaqla, 34372 manat məbləğində nağdsız qaydada "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022ci il tarixli DCL00370228-05 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik nominal faiz dərəcəsi 17%, illik faktiki faiz dərəsi 19,21%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100000 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. İş materiallarında olan 20 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə DCLT00370228-04 saylı kredit müqaviləsinə əsasən 34070 manat 74 qəpik əsas borc, 7027 manat 74 qəpik faiz borcu, 6041 manat 01 qəpik cərimə borcu olmaqla, cəmi 47139 manat 49 qəpik məbləğində borcu vardır. Cavabdeh DCL00370228-05 saylı kredit müqaviləsinə əsasən 100000 manat əsas borc, 11286 manat 11 qəpik faiz borcu, 9511 manat 11 qəpik cərimə borcu olmaqla, cəmi 129797 manat 22 qəpik məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. MŞG/MT033/2023-02625 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi "xxxx" ASC-nin nümayəndəsi X5 və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişdir. Hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. "xxxx" ASC ikin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsində həmin hissədə azad edildiyinə görə və 58 manat məbləğində dövlət rüsumu ödədiyini nəzərə alaraq iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 391 manat 09 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli DCLT00370228- 04 saylı kredit razılaşması üzrə 34070 manat 74 qəpik əsas borc, 7027 manat 74 qəpik faiz borcu, 1703 manat 50 qəpik cərimə borcu olmaqla, cəmi 42801 manat 98 qəpik məbləğində borc, xx.xx.2022-ci il tarixli DCL00370228-05 saylı kredit razılaşması üzrə 100000 manat əsas borc, 11286 manat 11 qəpik faiz borcu, 5000 manat cərimə borcu olmaqla, cəmi 116286 manat 11 qəpik məbləğində borc olmaqla, ümumilikdə 159088 manat 09 qəpik məbləğində borc, ödənilmiş 400 manat mediasiya xərci və 58 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, ödənilməli olan 391 manat 09 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, əsas borcun 5 faizi məbləğində, yəni xx.xx.2022-ci il tarixli DCLT00370228-04 saylı kredit razılaşması üzrə 1703 manat 50 qəpik məbləğində, xx.xx.2022-ci il tarixli DCL00370228-05 saylı kredit razılaşması üzrə isə 5000 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli DCLT00370228-04 saylı kredit razılaşması üzrə 34070 manat 74 qəpik əsas borc, 7027 manat 74 qəpik faiz borcu, 1703 manat 50 qəpik cərimə borcu olmaqla, cəmi 42801 manat 98 qəpik məbləğində borc, xx.xx.2022-ci il tarixli DCL00370228-05 saylı kredit razılaşması üzrə 100000 manat əsas borc, 11286 manat 11 qəpik faiz borcu, 5000 manat cərimə borcu olmaqla, cəmi 116286 manat 11 qəpik məbləğində borc olmaqla, ümumilikdə 159088 manat 09 qəpik məbləğində borc, ödənilmiş 400 manat mediasiya xərci və 58 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Ödənilməli olan 391 manat 09 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar