Məhkəmə qərarları › İş №e-2-2(115)-1314/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1314/2024

02.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1314/2024 02.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Orucova Vüsalə İsməli qızının katibliyi İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 59672,07 manat borcun və 270 manat dövlət rüsumunun, ümumilikdə 59942,07 (əlli doqquz min doqquz yüz qırx iki manat yeddi qəpik) manat pulun birdəfəlik alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan fiziki şəxsdir, öz vəsaiti hesabına aldığı, hazırda mülkiyyətində olan ekskovator (Daewoo Solar 420LC-V) markalı, **- BA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi vardır. Hüquqi şəxs olan Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli QSZX 53/0522 saylı xidmət müqaviləsinə əsasən hər ay üçün 13000 manat xidmət haqqı ödənilmək şərti ilə mülkiyyətində olan ekskovator (Daewoo Solar 420LC-V) markalı, **-BA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə sifarişçi Cavabdeh MMC-yə xidmət göstərmişdir. Xidmət müqaviləsinə və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavəyə əsasən texnikanın iş saatı 12 saat olmuş və sifarişçi tərəfindən ona hər ay üçün 13000 manat xidmət haqqı ödəniləcək. Xidmət müqaviləsinin şərtlərinə əsasən Cavabdeh MMC müqavilədə göstərilən müddətdə və qaydada göstərdiyi xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüş və ödənişlər 2023-cü ilədək ödənilmiş, lakin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində xidmət müqaviləsinin şərtlərinə uyğun olaraq göstərilən xidmət haqqı tam olaraq ödənilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli QSZX 53/0522 saylı xidmət müqaviləsinə və Cavabdeh MMC-dən alınmış üzləşmə haqqında akta əsasən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində göstərdiyi xidmətlərə görə ona 59672,07 manat borcu yaranmışdır. Ona görə də Cavabdeh MMC-yə dəfələrlə müraciət etmiş, lakin müraciətinə baxmayaraq ona olan borcu ödəməkdən imtina etmişlər. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh MMCdən 59672,07 manat borcun, 270 manat dövlət rüsumunun və 320 manat vəkilə ödənilmiş pulun, cəmi 60262,07 manat pulun birdəfəlik alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək həmin məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MMC-yə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli QSZX 53/0522 saylı xidmət müqaviləsindən görünür ki, “X1” MMC ilə İddiaçı arasında xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən icraçı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən texnikalar vasitəsilə sifariş günlərinə uyğun olaraq sifarişçiyə məxsus iş yerində xidmət göstərməyi, sifarişçi isə göstərdiyi xidmətin müqabilində icraçıya razılaşdırılmış haqq ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli QSZX 53/0522 saylı xidmət müqaviləsinə 1 saylı əlavədən görünür ki, ekskovator (Daewoo Solar 420LC-V) markalı, **-BA-*** dövlət nömrə nişanlı texnikanın bir ay üçün 13000 manat xidmət haqqı müəyyən edilmişdir. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli üzləşmə haqqında aktdan görünür ki, Cavabdeh MMC-nin İddiaçı xx.xx.2023-cü il tarixinə əsas məbləğdən 59672,07 manat borcunun olması hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borcluya borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, “X1” MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən icraçı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən texnikalar vasitəsilə sifariş günlərinə uyğun olaraq sifarişçiyə məxsus iş yerində xidmət göstərməyi, sifarişçi isə göstərdiyi xidmətin müqabilində icraçıya razılaşdırılmış haqq ödəməyi öhdəsinə götürmüşdür. Ekskovator (Daewoo Solar 420LC-V) markalı, **-BA-*** dövlət nömrə nişanlı texnikanın bir ay üçün xidmət haqqı 13000 manat müəyyən edilmişdir. İcraçı xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, sifarişçi isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, onun iddiaçıya 59672,07 manat borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı həmin məbləğdə borcu cavabdehdən tələb etməkdə haqlıdır. İddia təmin edilməli, tərəflər arasında bağlanmış xidmətin müqaviləsi üzrə 59672,07 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 270 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli 18266 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkil haqqı olaraq vəkilin hesabına 320 manat pul köçürülmüşdür. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 270 manat dövlət rüsumu və 320 manat vəkil xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli QSZX 53/0522 saylı xidmət müqaviləsi üzrə 59672 (əlli doqquz min altı yüz yetmiş iki) manat 07 (yeddi) qəpik borc, 270 (iki yüz yetmiş) manat dövlət rüsumu və 320 (üç yüz iyirmi) manat vəkil xidmət haqqı Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar