Məhkəmə qərarları › İş №e-2-2(115)-1323/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1323/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1323/2025 28.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedcisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 (X3) 15000 (on beş min) manat məbləğində əsas borc, 1383.34 (bir min üç yüz səksən üç manat otuz dörd qəpik) manat məbləğində faiz borcu, 1261.08 (bir min iki yüz altmış bir manat səkkiz qəpik) manat məbləğində cərimə borcu, 5520.32 (beş min beş yüz iyirmi manat otuz iki qəpik) manat məbləğində Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 23164.74 (iyirmi üç min bir yüz altmış dörd manat yetmiş dörd qəpik) manat borcun LPO İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh1 14999.50 (on dörd min doqquz yüz doxsan doqquz manat əlli qəpik) manat məbləğində əsas borc, 1398.73 (bir min üç yüz doxsan səkkiz manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu, 1201.58 (bir min iki yüz bir manat əlli səkkiz qəpik) manat məbləğində cərimə borcu, 5457.92 (beş min dörd yüz əlli yeddi manat doxsan iki qəpik) manat məbləğində Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla cəmi 23057.73 (iyirmi üç min əlli yeddi manat yetmiş üç qəpik) manat borcun LPO İddiaçı ASC--nin xeyrinə tutulması, mübahisənin məhkəmə yollu ilə həll edilməsi üçün ödənilmiş 228,67 (iki yüz iyirmi səkkiz manat altmış yeddi qəpik) manat dövlət rüsumunun LPO İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 (X5) məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Səməd Vurğun küçəsi, 87-də yerləşən fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birgə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğlərin cavabdehlərdən LPO İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılaraq, ləğv prosesində olan LPO İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 (X3) arasında xx.xx.2014-cü il tarixdə 04 nömrəli Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə 03 nömrəli Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 (X5) məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Səməd Vurğun küçəsi, 87-də yerləşən fərdi yaşayış evi 0,06 ha torpaq sahəsi ilə birgə ipotekaya qoyulmuşdur. Cavabdeh3 (X5) ilə Bank arasında bağlanmış “04 İ” nömrəli, “22” yanvar 2015-ci il tarixli ipoteka müqaviləsinin 4.1-ci bəndinə əsasən ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra fərdi yaşayış evi 0,06 ha torpaq sahəsi ilə birgə ipoteka ilə yüklü edilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli, RX serialı ******* saylı çıxarış verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalanlar müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2017-ci il tarixli, 592 və 593 nömrəli, 19 aprel 2017ci il tarixli, saylı 731 və 732 saylı və xx.xx.2025-ci il tarixli, 12-5/2-R-21-8335/2025 və 12- 5/2-E-21- 8336/2025 nömrəli bidirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilələrinin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, məhkəmə gedişatında Cavabdeh3 tərəfindən 800 manat və 600 manat olmaqla 2 dəfə ödəniş edilib. Bundan sonra da hər ay davamlı şəkildə 800 manat məbləğində ödəniş edəcəyini bildirib. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqavilələri, maliyyə arayışı, ipoteka müqaviləsi, çıxarış, problemli kreditlərin kompensasiyası ilə bağlı sənədlər və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 (X3) arasında xx.xx.2014-cü il tarixdə 04 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə 03 nömrəli Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh2 (X3) arasında bağlanmış xx.xx.2014-cü il tarixdə 04 nömrəli və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixdə 03 nömrəli kredit müqavilələrinə əsasən öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqavilələrində qeyd olunan məbləğlər cavabdehlərə verilmişdir. Lakin cavabdehlər kredit müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş cədvəllərinə əsasən aylıq ödənilməli kredit məbləğlərini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Cavabdeh1 və Cavabdeh2 iddiaçıdan götürmüş olduğu kreditlər “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüşdür. Həmin kredit məbləği kompensasiya olunaraq Cavabdeh1 qalıq borcu 14999.50 manat, Cavabdeh2 (X3) qalıq borcu 15000 manat olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, yalnız əsas bоrc məbləği cavabdehlərdəm tutularaq iddiaçı banka ödənilməlidir. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış faiz və cərimə borcununun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən qeyd olunan Fərmanın tələblərinə əməl edilməsinə və cavabdehin Fərmanın tələblərinə uyğun yeni müqavilənin bağlanmasından imtina olunmasına dair iş materiallarında sübut mövcud deyildir. Fərmanın tələblərinə uyğun hərəkətlərin edilməsinə dair iddiaçının iradə ifadəsini əks etdirən onun tərəfindən cavabdehə müraciətini təsdiq edən sübutlar belə mövcud deyildir. İddiaçı hərəkətsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləmiş və sonra məhkəməyə müraciət etmişdir ki, sonuncunun hərəkətləri məhkəmə tərəfindən qərəzli qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış faiz və cərimə borcunun ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış Cavabdeh2 5520.32 manat, Cavabdeh1 5457.92 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış Cavabdeh2 5520.32 manat, Cavabdeh1 5457.92 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində əsaslıdır. İşin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, məhkəmə icraatı gedişində cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilmişdir. Odur ki, cavabdehlər tərəfindən ödənilmiş olan həmin məbləğlər əsas borcdan çıxılmalıdır. Belə olan halda, Cavabdeh2 14300 manat məbləğində əsas borc, Cavabdeh1 14299.50 manat əsas borc məbləği tutulmalıdır. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın Cavabdeh3 (X5) məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Səməd Vurğun küçəsi, 87-də yerləşən fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki Cavabdeh3 (X5) məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Səməd Vurğun küçəsi, 87-də yerləşən fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. xx.xx.2017-ci il tarixli, 592 və 593 nömrəli, 19 aprel 2017-ci il tarixli, saylı 731 və 732 saylı və xx.xx.2025-ci il tarixli, 12-5/2-R-21-8335/2025 və 12-5/2-E-21- 8336/2025 nömrəli bildirişlərdən görünür ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedcisi Əmanətlərin Sığortalanması Fondu ipotekaqoyan Cavabdeh3 (X5) kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, əsas borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyə əsasən ipoteka predmeti Cavabdeh3 (X5) məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Səməd Vurğun küçəsi, 87-də yerləşən fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə birlikdə bazar dəyəri 130000 manat, likvid dəyəri 117000 manat təşkil etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, tələb üzrə tutma mülkiyyət hüququ üzrə Cavabdeh3 (X5) məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Səməd Vurğun küçəsi, 87-də yerləşən fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 117000 manat həddində müəyyən edilməlidir. Həmçinin məhkəmə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ünvanlanmış iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edir ki, həmin ərizə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinin məzmununa görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Həmin ərizə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinin tələblərinə görə, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov və s.) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Həmin Məcəllənin 512-ci maddəsinə əsasən birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur. Göründüyü kimi, tələb hüquqlarına bir qayda olaraq iddia müddəti şamil edilir. Bu müddətin tətbiqi tələb hüququnun özünü aradan qaldırmasa da, həmin tələbin məhkəmə qərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alır. Başqa sözlə, iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla, tələbin məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Nəzərə alınmalıdır ki, iddia müddətinin keçməsi iddiaçı (və onun tələb hüququnun varlığı) baxımından bir dəyişiklik yaratmır. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Hər hansı borclu (cavabdehlərdən biri) bu hüququndan istifadə (özünü müdafiə) etmədikdə tələbin bu səbəbdən rəddi üçün əsas yaranmır, dolayısı ilə o, üzərinə götürdüyü öhdəliyə görə ümumi qaydada məsuliyyət daşıyır. 52. Qeyd edilənlər ona dəlalət edir ki, iddia müddətinin keçməsindən istifadə etmək hər borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir. Belə olan halda, bir neçə cavabdehə qarşı yönəlmiş iddia üzrə iddia müddətinin tətbiqi və ya hesablanması məsələsi hər cavabdehə münasibətdə fərdi olaraq yoxlanılmalı və həll edilməlidir. İddia müddəti birgə borclular üçün ortaq müdafiə vasitəsi deyil. Bu imkandan sadəcə müddətin tətbiqi haqqında ərizə vermiş cavabdeh yararlana bilər. Odur ki, cavabdehlərdən birinin iddia müddətini tətbiq etməsi, bu barədə ərizə verməmiş cavabdehə qarşı iddianın rədd edilməsinə əsas ola bilməz. Göründüyü kimi iddia müddətinin tətbiqi barədə ərizəni ipoteka qoyan vermişdir. Yuxarıda sadalananlara əsasən belə qənaətə gəlmək olar ki, ipoteka qoyan əsas tələbə münasibətdə iddia müddətinin tətbiq barədə ərizə verə bilməz. Əlavə tələb olan ipoteka müqaviləsinə münasibətdə isə iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun MM-in 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 11 fevral tarixli qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən MM-in 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Belə ki, əgər əsas tələblər üzrə iddia müddəti ötürülmüşdürsə və məhkəmə MM-in 375.2-ci maddəsinə uyğun olaraq, cavabdehin müvafiq ərizəsinə əsasən həmin əsas tələblər üzrə iddia müddətini tətbiq edərək bu iddia tələblərini rədd etmişdirsə, MM-in 376cı maddəsinə uyğun olaraq, sözügedən tələblərin təminatına dair tələblər, yəni aksessor tələblər üzrə də iddia müddəti ötürülmüş hesab olunur. Əks halda, yəni əgər əsas tələblər üzrə məhkəmə cavabdehin müvafiq ərizəsi əsasında iddia müddətini tətbiq edərək bu iddia tələblərini rədd etməmişdirsə, sözügedən tələblərin təminatına dair tələblər, yəni aksessor tələblər (girov və s.) üzrə də iddia müddəti ötürülmüş hesab oluna bilməz. Odur ki, iddia müddətinin tətbiqi barədə ərizə ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu tərəfindən deyil, ipoteka qoyan tərəfindən verilmişdir. Belə olan halda əsas tələblə bağlı mahiyyəti üzrə işə baxıldığından ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsi üzrə iddia müddətinin tətbiq edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Eyni zamanda Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 208,73 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedcisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. 19,94 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün təyin edilmiş məhkəmə ekspertizası üzrə 300 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 14300 manat məbləğində əsas borc, 5520.32 manat məbləğində Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 19820,32 manat borc, Cavabdeh1 14299.50 manat məbləğində əsas borc, 5457.92 manat məbləğində Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 19757.42 manat borc tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 208,73 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma mülkiyyət hüququ üzrə Cavabdeh3 (X5) məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Səməd Vurğun küçəsi, 87-də yerləşən fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birgə yönəldilsin. Fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 117000 manat həddində müəyyən edilsin. Həmin fərdi yaşayış evi açıq hərraclar vasitəsilə satılsın. Fərdi yaşayış evi satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılsın. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği borclarına müvafiq olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh3 və digər şəxslər fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılaraq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 300 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Ödənilmiş 19,94 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar