Məhkəmə qərarları › İş №e-2-2(115)-1325/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1325/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1325/2025 13.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 025R********** saylı krеdit razılaşması üzrə 16651,60 manat krеdit bоrcu, 2427,35 manat faiz bоrcu və 805,94 manat cərimə borcu olmaqla, ümumilikdə 19884,89 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 149,66 manat məbləğində dövlət rüsumunun cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndində qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır, birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. Subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə münahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. İş materiallarında olan İddiaçı QSC ilə İbrahimova Rüxsarə Rüstəm qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 025L**********02 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən və xx.xx.2023-cü il tarixli 025S**********01 saylı qoşulma barədə sazişdən görünür ki, İbrahimova Rüxsarə Rüstəm qızı sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə kreditin faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh1 və Cavabdeh2 tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan İddiaçı QSC ilə İbrahimova Rüxsarə Rüstəm qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 025R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, ona illik faiz dərəcəsi 23% olmaqla 36 ay müddətinə 25000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan arayışda qeyd edilmişdir ki, İbrahimova Rüxsarə Rüstəm qızının kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə banka 16651,6 manat əsas borcu, 2427,35 manat faiz borcu və 805,94 manat cərimə borcu olmaqla, cəmi 19884,89 manat məbləğində borcu var. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, İbrahimova Rüxsarə Rüstəm qızı xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, idarənin kompyuter uçot bazasının məlumatlarında İbrahimova Rüxsarə Rüstəm qızının adına qeydiyyatda və ya qeydiyyatdan çıxan nəqliyyat vasitəsi yoxdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bərdə rayonu Gərənə kəndində yerləşən 1.3311 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İbrahimova Rüxsarə Rüstəm qızının adına ümumbirgə əsaslarla qeydiyyata alınmışdır. Lakin Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4e-2658 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkilədirilmişdir. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə fərdi sahibkar statusuna malik olan İbrahimova Rüxsarə Rüstəm qızı arasında kredit müqaviləsi bağlanılmış, kredit tərəfə sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə zaminlərdir. Məhkəmədə iddia qaldırılmamışdan əvvəl, xx.xx.2023-cü il tarixdə əsas borclu İbrahimova Rüxsarə Rüstəm qızı ölmüşdür. Cavabdeh2 fərdi sahibkar statusuna malik deyil, o, vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Cavabdeh1 vergi ödəyicisi olan fiziki şəxsdir. İddiaçı borcalan İbrahimova Rüxsarə Rüstəm qızı öldükdən sonra əmlakı ilə bağlı araşdırma aparmış, sonuncunun adına hər hansı əmlak aşkar edilməmişdir. Ona görə də zamin olan cavabdehlərə qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, tələb irəli sürülən cavabdehlərdən biri, Cavabdeh1 vergi ödəyicisi olsa da, iddiaçı bankla həmin cavabdeh arasında yaranan mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmamışdır. Mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş üç meyardan biri, hüquq münasibətlərinin xarakteri uyğun olmadığından hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 31.1.-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırki mübahisə cavabdehlərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyatı üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin qərardadından şikayət verildiyi təqdirdə şikayətə vəkilin orderi əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Yuxarıda qeyd edilən Plenum qərarının 4-cü bəndinə əsasən iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 263, 264, 266-268, 284-3.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə izah edilsin ki, aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edə bilər. Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 149,66 (bir yüz qırx doqquz manat altmış altı qəpik) manat dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə (qəbzin nömrəsi:**********) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar