Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1352/2025 16.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 may 2023-cü il tarixli RBYF-7058 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 561,67 manat, faiz borcuna görə 44,80 manat, dəbbə borcuna görə 5,67 manat, cəmi 612,14 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıASC-nin Yasamal filialı ilə Cavabdeh2 arasında bağlanmış 23 may 2023-cü il tarixli RBYF-7058 saylı kredit müqaviləsinə əsasən illik 24% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 23 may 2023-cü il tarixdə İddiaçı ASC-nin Yasamal filialı ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin şərtlərinə görə borcalan kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icraedilməsindən qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18 iyun 2025-ci il tarixli e-2-2(115)- 1352/2025 nömrəli bildirişlər göndərilərək, məhkəmə bildirişlərini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdehlər tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RBYF-7058 saylı kredit müqaviləsindən görünür ki, ona əsas vəsaitlərin artırılması məqsədilə illik faiz dərəcəsi 24% olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli RBYF-7058 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə banka 561,67 manat əsas borcu, 44,80 manat faiz borcu, 5,67 manat cərimə borcu olmaqla, cəmi 612,14 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona əsas vəsaitlərin artırılması məqsədilə illik faiz dərəcəsi 24% olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında əsas kredit borcu olaraq 561,67 manat, cərimə borcu üzrə 5,67 manat icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. İddiaçı iddia tələbində cavabdehdən 44,80 manat məbləğində faiz bоrcunun tutulmasını tələb etmişdir. Məhkəmə faiz borcunun tutulması ilə bağlı bildirir ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda ifadə etmişdir. Həmin xəbərdarlıq məktubunda faiz borcunun 43,30 manat təşkil etməsi qeyd edilmişdir ki, ona görə də həmin məbləğdə faiz borcunun tutulması qanuni və əsaslıdır. Məhkəmə, eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh2 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh1 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, kredit müqaviləsi üzrə yaranmış 561,67 manat əsas, 43,30 manat faiz, 5,67 manat cərimə olmaqla cəmi 610,64 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsini məhkəməyə verilməsi üçün 30 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RBYF-7058 saylı krеdit müqaviləsi üzrə 561 manat 67 qəpik əsas borc, 43 manat 30 qəpik faiz borcu, 5 manat 67 qəpik cərimə borcu olmaqla, cəmi 610 (altı yüz on) manat 64 (altmış dord) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1352/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1352/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver